Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İşədüzəltmə agentliklərinin fırıldağı – vətəndaşın şəxsiyyət vəsiqəsi girov saxlanılır
Tarix: 08.01.2019 | Saat: 11:52:00
Bölmə:Araşdırma Sosial | çapa göndər

"Ali təhsilli, yuxarı kurs tələbələri, müraciət edə bilərlər, əməkhaqqı yüksəkdir, işlər ofis daxilidir və iş vaxtı sərbəstdir”. Yəqin, paytaxtda binaların divarlarında, dayanacaqlarda hətta insanların sıx yaşadığı ərazilərdə işıq dirəklərinə vurulan işədüzəltmə agentliklərinin belə reklamlarına rast gəlməyən çox azdır. Bu kimi elanlar sosial şəbəkələr, müxtəlif saytlar vasitəsilə də yayılır. Agentliklər adətən təklif etdikləri iş haqqında telefonla ətraflı məlumat vermirlər, işaxtaranları ofisə dəvət edirlər. Beləliklə qurban öz ayağı ilə bunları axtarır, tapır. İşədüzəltmə mərkəzi iqtisadi vəziyyətini yaxşılaşdırır, işaxtaran aldanır. 

Dayanacaqda gördüyüm bir iş elanı ilə maraqlandım, telefonda ofisə yaxınlaşmalı olduğumu bildirdilər. İşin nə olduğunu israrla soruşmaq istəsəm də ”ofisdaxili işdir” deyib başqa məlumat vermədilər. Onların dediyi vaxtda ofislərinə yaxınlaşdım. Əvvəlcə elə bildim səhv ünvana gəlmişəm. Sanki qapını açanda iş üçün yox, gözəllik müsabiqəsi yarışması keçirilən ünvan olduğunu zənn etdim.

 

Bu ünvan “Tiens” şirkətidir. Mən bu şirkəti 2011-ci ildən tanıyıram. Tələbə olan zaman dayanacaqda yazılmış elandan nömrələrini götürüb zəng etmişdim.

Məndən 300 manatlıq dərman alıb-satmağımı istədilər və özümdən başqa da buraya işçi gətirməyimin vacib olduğunu bildirdilər. Bundan başqa, dedilər ki, qohum-qonşuda xəstələnən kimsə varsa, bizim işçilərimiz həkim qismində gedəcək, şirkətin məhsullarından istifadə etməyi məsləhət görəcəklər. Əldə olunan gəlirin müəyyən faizi sizə çatacaq. Yenə eyni situasiya... Onlar mənə dərman adlarını əzbərləmək, yaxın adamlara satmağımı tövsiyyə elədilər. Və beləlikə satdığım vasitələrdən gələn gəlirin faizinin mənə çatacağını bildirdilər.

Buradan digər işədüzəltmə mərkəzi olan “Caspian Service Company”ya üz tutdum.

Bu mərkəz ilə internet vasitəsi ilə tanış olmuşdum. Qeydiyyat və anket üçün 10 manat pul istədilər. Guya uyğun iş olacağı təqdirdə, dəvət olunacağımı bildirdi. Xanım işəgötürnə bu məbləği sənədlərin yığılmasına sərf olunduğunu deyib özünə belə bəraət qazandırdı. Gözlədiyim vaxt ərzində bir neçə şəxsdən də 10 manatı bu vasitə ilə aldılar.

 

“İşədüzəltmə agentlikləri gəlirlərini işçidən yox, işəgötürəndən almalıdır”

 

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov hafta.az-a açıqlamasında bildirdi ki, əmək qanunvericiliyinə və Azərbaycanın tərəfdaş çıxdığı Beynəlxalq Əməkdaşlıq Konvensiyasına görə, işədüzəltmə büroları göstərdikləri xidmətə görə işçidən qətiyyən pul almamalıdırlar:

“Çox təəssüf ki, bu gün fəaliyyət göstərən özəl işədüzəltmə xidmətlərində bu prinsip pozulur. Yəni işəgötürən işədüzəltmə xidmətinə sifariş verməlidir ki, bu keyfiyyətdə, bu sayda, bu peşələr üzrə mənə işçi tap və işəgötürən həmin işçilərə görə müqavilə əsasında işədüzəltmə bürosuna pul ödəməlidirlər. Bizdə isə tam əksinədir, bu pulu işçidən alırlar, özü də işçinin şəxsiyyət vəsiqəsini girov saxlayırlar, anketə görə kiçik məbləğdə - 10-15 manat pul tələb edilir. İnsanlar dərhal bilməlidir ki, bu fırıldaqçılıqdır. Bu yolverilməz qanun pozuntusudur”.

Sahib Məmmədov çıxış yolu kimi insanların belə işədüzətmə mərkəzlərinə müraciət edərkən diqqətli olmalarını tövsiyə etdi: "Əgər belə hal baş veribsə, vətəndaş aldanıbsa, mütləq şikayət etməlidir. Çox təəssüf ki, vətəndaş 10 manata görə şikayət etmək, məhkəmə davası açdırmaq da istəmir. Çünki məhkəməyə iddia verəcəksə, bu, daha böyük xərc tələb edir və işədüzəltmə firmaları bu vəziyyətdən sui-istifadə edirlər. Onlar bilirlər ki, heç kim 10 manatın arxasınca düşüb axıra qədər gedən deyil”.

 

Universitetlər işədüzəltmə agentlikləri ilə əməkdaşlıq etməli

 

Hazırda bir neçə ildir ki, dövlət qulluğuna ölkəmizdə müsabiqə və müsahibə yolu ilə işə qəbul aparılır. Dövlət qurumlarında boş vakant yerlər müsabiqəyə çıxarılır. Müsabiqəni uğurla keçmiş namizəd müsahibə mərhələsinə buraxılır. Bunu yazmaqda məqsəd odur ki, Dövlət İmtahan Mərkəzi (DİM) bu imtahanı ildə bir neçə dəfə keçirtsə də, təəssüflə deyə bilərəm ki, işsiz gənclər bundan tam yararlana bilmirlər. Səbəb isə bir vakant yerə onlarla namizədin qeydə alınmasıdır. Dövlət qulluğundan əli üzülmüş işsiz gənclər hər nə olur olsun deyib belə yollara əl atırlar. Uduzan tərəf yenə də elə işsiz tərəfdir.

Ali təhsil müəssisələri işə qəbul və işədüzəltmə agentlikləri ilə əməkdaşlıq etməli, məzunların birbaşa ixtisasları üzrə təyinatını həyata keçirilməlidir. Bu təhsil məsələləri üzrə ekspert Kamran Əsədovun qənaətidir. Ekspert hafta.az-a açıqlamasında bildirib ki, bunlar baş vermədiyi halda, işə qəbul prosesi qeyri- şəffaf həyata keçirilir və ortaya xoşagəlməz hadisələr çıxır:

“İlk növbədə qeyd edim ki, bir il fasilədən sonra Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 18 noyabr 2017-ci il tarixdən etibarən dövlət qulluğuna qəbul imtahanları başladı. Əvvəlki illərdən fərqli olaraq DİM dövlət qulluğuna qəbulun formatında dəyişiklik etdi və imtahanlar müəyyən qruplara uyğun olaraq keçirilməyə başladı. İlk keçirilən imtahanın nəticələri o qədər də yüksək olmadı. Təəsüf ki, dövlət qulluğunda işləmək üçün imtahanlarda iştirak edən şəxslərin təxminən 80%-i kənarda qalır. Keçid ballarının aşağı salınmasına baxmayaraq, vəzifəyə uyğun olanlar təxminən 20-30% arası olur. İmtahan iştirakçılarının zəif nəticə göstərməsinin əsas problemi təhsil sistemində və əsas da universitetlərimizdə bilik meyarının çox zəif olmasıdır. Yəni, ali məktəblərdə təhsil əmək bazarının tələblərinə uyğun, müasir tələblər səviyyəsində deyil. Xoşa gəlməz tendensiya odur ki, kifayət qədər yüksək bal toplayan və hətta Prezident təqaüdünə layiq görülən tələbələr olsa da, sonrakı mərhələlərdə məzunlar dövlət qulluğuna qəbul olunmaq üçün komissiyaya müraciət etmirlər, Müraciətin illər ötdükcə azalmasına təsir göstərən bir neçə vacib məqam var: Birincisi işə qəbul imtahanlarında tərtib edilən test tapşırığının çətinliyidir ki, daha çox rəqəm, fakt tipli suallar tərib edilir, iştirakçılar müvəffəqiyyət əldə eddə bilmirlər. İkincisi test imtahanını keçdikdən sonra belə, müsahibə mərhələsində müəyyən məmur təsirinin olması, kənar təsirlərin olması müracət edənlərdə inamı azaldır. Üçüncu bəlkə də ən vacib nüans odur ki, dövlət idarələrində əmək haqqının aşağı iş saatının çox və ağır olmasıdır. Bu gün özəl və xidmət sektorunda daha çox əmək haqqı və gəlir əldə etmək mümkündür. Yəni gənclər baxırlar ki, ticarətdə, biznesdə pul çoxdur, ora can atırlar. Dördüncüsü, dövlət qulluğuna imtahanlarda iştirak etmək üçün tələb olunan imtahan pulu – xidmət haqqının çox olmasıdır. Belə ki, 100 manat verib imtahanda uğursuz nəticə əldə etmək təhlükəsinə görə gənclər iştirak etmək istəmirlər. Halbuki əvvəl bu imtahanlar pulsuz idi və iştirakçıların sayı kifayət qədər çox idi. Başqa bir problem isə bir çox hallarda namizədlərin potensiallarından yuxarı inzibati vəzifəyə maraq göstərməsi və nəticədə həmin vəzifəni tuta bilməməsi ilə şərtlənir. Bəzən namizədin normal təhsil səviyyəsi mövcud olsa da, o, müsahibəyə ciddi hazırlaşmır”.

Ruzbeh Məmməd

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.01.2019
15.01.2019