Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dünyanın yardımsevər və etinasız xalqları
Tarix: 08.01.2019 | Saat: 14:45:00
Bölmə:Maraqlı | çapa göndər

Bu gün dünyamız yaşam standartları baxımından iki qütbə bölünüb: zənginlər və kasıblar cəbhələrinə. Bəs bu iki qütbdəki insanların bir-birinə münasibəti necədir, zəngin kasıba əl tuturmu? Dünyanın ən varlı cəmiyyətlərinin yer aldığı Avropa kasıb Afrikaya nə qəədr kömək göstərir ki, öz gücünə ayaqda dayana bilsin?

Gallup-un 146 ölkədən 150 min respondent arasında sorğu keçirərək hazırladığı 2018-ci il üçün “Ən səxavətli ölkələr” (Most Generous Countries 2018) adlı hesabatında bu suallara aydınlıq gətirilib. Elə BBC də bu müstəvidə öz baxışlarını ortaya qoyub. Bəlli olub ki, dünyanın ən kasıb ölkələrindən sayılan Myanmanın vətəndaşları xeyriyyə təşkilatlarına norveçlilərdən altmış dəfə artıq vəsait ödəyirlərmiş. Hansı ki, Myanmada adambaşına düşən milli gəlirin həcmi 1350, Norveçdə isə 80 min dollardan çoxdur. Başqa bir məqam da ortaya çıxıb. Sən demə dünyanın ən uzun iş saatına malik İndoneziyanın vətəndaşları, ən qısa iş saatına malik ölkələrindən olan Almaniyanın əhalisi ilə müqayisədə daha çox könüllü iş görürlər. Eyni zamanda, Liviya və İraq vətəndaşları tanımadıqları insanlara qarşı daha mehriban olmaları ilə seçilirlər və sair.

Hesabatdakı məqamlara ayrı-ayrılıqda baxaq: Respondentlərə sual verilib ki, nə vaxtsa tanımadıqları birinə kömək ediblər, ya yox. Cavab: liviyalıların 83, iraqlıların 81, küveytlilərin, liberiyalıların və syerra leonelilərin 80, Bəhreyn, Qambiya və Səudiyyə Ərəbistanından olanların 74, Keniya, CAR və ABŞ vətəndaşlarının 72, Belarus, Çin və Hindistandan olanların 31 faizi və sair tanımadıqları insanlara yardım etdiklərini bildiriblər.

Ümumilikdə götürdükdə, dünyada yaşayan 7,6 milyard əhalidən 2,2 milyardı yad birinə kömək edib və bu məqsədlə toplam 1,4 milyard dollar pul xərcləyib.

Bəs insanları başqalarına kömək göstərməyə nə vadar edir? Uzun illər ərzində tədqiqatçılar başqalarının rifahını yaxşılaşdırmaq addımı olan bu pro-sosial davranış barəsində müxtəlif nəzəriyyələr irəli sürüb. İngiltərədəki Exeter Universitetinin Psixologiya Məktəbindən professor Peter B.Smith BBC-yə deyib ki, bu, millətlər arasındakı fərqlərin səbəblərini aşkara çıxarmaq çox mürəkkəb bir işdir.

"Bəzi ölkələr pro-sosial davranışın hər üç növü üzrə yüksək göstəriciyə malik olublar və bəziləri isə əksinə, hər üç növdə aşağı nəticə sərgiləyiblər. Lakin yerli vəziyyət də bu ortaq tendensiyanın zəifləməsində rol oynayır" deyib professor.

Qeyd olunur ki, hələ 2015-ci ildə “Journal of Cross-Cultural Psychology” üçün yazdığı məqaləsində professor Smith rifah, var-dövlət, inam, gəlir bərabərsizliyi, qəbul edilən korrupsiya, qorxu, qrupun mədəniyyəti və din kimi sosial, iqtisadi və mədəni faktorlara təsirinin mühümlüyünü vurğulayıb. Məsələn, bəzi cəmiyyətlər kollektiv mədəniyyətə malikdir və bu da fərddən daha çox qrupun əhəmiyyətini irəli çəkir. Lakin həmin qrupdan kənardakı insanlara bəzən inanmaq olmur.

Bu yerdə, “Gallup” respondentlərə sual verib ki, nə vaxtsa xeyriyyə təşkilatına pul ianəsi ediblərmi? Cavablara respondentlərin faizini nəzərə almaqla ölkələr üzrə nəzər yetirək: Myanma 88 faiz, İndoneziya 78 faiz, Avstraliya 71 faiz, Yeni Zelandiya və Britaniya 68 faiz, Niderland 66 faiz, İslandiya və Norveç 65 faiz, İrlandiya və Malta 64 faiz və sair. Bu siyahıda Azərbaycanın da adı çəkilir. Belə ki, sual verilən azərbaycanlıların cəmi 8 faizi xeyriyyə təşkilatlarına ianə verdiklərini deyiblər. Siyahıda sonuncu yeri Yəmən tutur. Yəmənlilərin cəmi 2 faizi bu prosesdə iştirak etdiyini bildirib.

Bu sualın cavabına baxandan sonra mütəxəssislər belə qənaətə gəliblər ki, Qərb ölkələri əhalisinin xeyriyyə təşkilatlarına pul şəklində yardım etmək mədəniyyəti daha yüksəkdir. Myanmanın xeyriyyəçi mədəniyyəti isə Theravada Buddist ənənələri sayəsində bu qədər inkişaf edib.

Professor Smith deyir ki, gəlir bərabərsizliyi yüksək olan ölkələrin sakinləri də yadlara kömək etməyə meylli olurlar. Lakin bunu etməklə riskə girmək təhlükəsi hiss edilən zaman istək azalır.

"İllər ərzində aparılan Gallup anketi nəticələrinə nəzər yetirdikdə, pro-sosial davranışları artıran bəzi səbəblər müəyyənləşdirə bilmişəm. Bura müasirləşən dünyada insanların dəyərlərinin dəyişməsi və spesifik fövqəladə halların təzahürü daxildir" - professor Smith deyib.

Onun fikrincə, son illər Avropa, Afrika və Myanmada yaşanan qaçqın böhranı insanları yadlara kömək göstərməyə və pul ianə etməyə daha çox həvəsləndirib.

Professor Smith onu da vurğulayıb ki, ebola epidemiyası ilə üzləşən xalqlar arasında vətəndaş cəmiyyətinin yüksək göstəricilər nümayiş etdirməsi xüsusilə maraqlıdır.

Gallup-un daha bir sualı bu olub ki, nə vaxtsa xeyriyyə təşkilatlarına könüllü kimi yazılıblar, ya yox. Bu sualın cavabında indoneziyalılar daha çox fərqlənib. İndoneziyalı respondentlərin 53 faizi “hə” cavabı verib. Bununla yanaşı, liberiyalıların 47, keniyalıların və şri lankalıların 45, Avstraliya, Yeni Zelandiya və İrlandiyadan olanların 40, Sinqapur və ABŞ vətəndaşlarının 39 faizi və sair xeyriyyə təşkilatlarında təmənnasız olaraq çalışdıqlarını deyiblər.

Bu siyahıda son üç yeri tutan ölkələr Bolqarıstan (5 faiz), Makedoniya (5 faiz) və Laosdur (4 faiz).

Gallup-un qənaətinə görə, ümumilikdə xeyriyyə işlərində daha az iştirak edən ölkələr Yəmən, Fələstin və nə qədər maraqlı olsa da, Yunanıstandır. Bu isə həmin ölkələrdə yaşanan iqtisadi və siyasi qarışıqlıqla əlaqəlidir. Eyni zamanda, Mərkəzi və Şərqi Avropa ölkələrinin kommunist dövrünün təsirini yaşayan cəmiyyətlərdə də xeyriyyəyə rəğbət azdır.

Kaliforniya Dövlət Universitetinin psixoloq-professoru və yad insanlar üzrə mütəxəssis Robert Levine deyir ki, cəmiyyətlərin xeyriyyəçi individualları cəmiyyətlər haqqında bizim düşündüyümüzdən də çox məlumatları üzə çıxarır. “Bəzi mədəniyyətlər könüllü işləmək və ianələr etməklə insanların yaxşı niyyətli işlərini aktiv şəkildə "normallaşdırıblar". Bu isə sosial siyasətdən və bəzən də ölkəni idarə edən hökumətdən asılıdır" – deyir professor Levine.

Yeri gəlmişkən. “Gallup” ölkələr üzrə vətəndaş etinasızlığının dərəcəsini də müəyyən edib. Bu siyahıda vətəndaş etinasızlığının daha yüksək olduğu ölkələr İndoneziya və Avstraliyada 59, Yeni Zelandiya və ABŞ-da 58, İrlandiyada 56, Britaniyada 55, Sinqapur, Keniya və Myanmada 54, Bəhreyndə 53 faiz və sairdir. Vətəndaş etinasızlığının ən aşağı olduğu ölkələr Azərbaycan və Litvadır. Bu göstəricilər Azərbaycanda 8, Litvada isə 9 faizdir.

"İnsanları könüllülüyə və başqa insanlar üçün yaxşı işlər görməyə həvəsləndirən sistem qurmaq lazımdır. Elə bir sistem ki, insanlar kömək göstərdikləri insanlarla münasibət qura bilsinlər və eyni zamanda özlərini təhlükəsiz hiss etsinlər. Altruistik yanaşma təkcə kömək olunan insanlara deyil, həm də kömək edənlərə xoş təsir bağışlayır” deyir professor Levine.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.01.2019
15.01.2019