Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ovçuluq eşqinə düşənlər neçə manatından keçməlidir?
Tarix: 09.01.2019 | Saat: 18:10:00
Bölmə:Reportaj | çapa göndər

Nişangaha gələn heyvanların qış yuxusuna getməyə hazırlaşdığı bir zamanda ov həvəskarları hazırlığını görüb yola düzəlir. Yəni, ovçular da qış istirahətinə çıxırlar. Amma ov həvəskarları və peşəkar ovçular ova çıxmamışdan əvvəl yır-yığış eləyir, çiyin çantasını müvafiq ləvazimatlarla doldururlar.

Paytaxtdakı ovçu mağazasına baş çəkib qiymətlərlə maraqlandıq. Tüfəngdən fənərinə, çəkməsindən “şinel”inə kimi, patrondan patrondaşına kimi nə lazımdırsa, qiymətlərini soruşduq. Bizdən soruşmaq olsun, satıcılardan cavablamaq.

Ölkəmizə ov tüfəngləri haradan gətirilir?

Baş çəkdiyimiz bir neçə ovçu mağazasında satıcılarla söhbətləşdik. Azərbaycana ov tüfənglərinin hansı ölkələrdən gətirildiyini soruşduq. Bildirdilər ki, tüfəngləri əsasən Rusiya, Ukrayna, İtaliya, Almaniya, İspaniya və Türkiyədən gətirilir. Hətta Çindən gətirilən tüfənglər də var. Amma onların qiyməti baha, patronlarının keyfiyyətsizliyi, silahların özünün qeyri-dəqiqliyi “kitayski” tüfənglərin bazarını “öldürüb”. Ona görə də daha gətirilmir.

Rusiya və Ukrayna, eləcə də İtaliya və İspaniya istehsalı olan silahlar isə ovçuların daha çox diqqət mərkəzindədir.

Ən çox satılan ov tüfəngi markaları hansıdır?

Satıcı deyir ki, bu il dəbdə olan ov (tir-red.) tüfəngi markası İspaniya istehsalı olan “Zombie”lərdir. “GAMO” markalı bu silah sərrastlığı ilə seçilir. 2 kilo yarım ağırlığı olan bu tüfəngin üstündə durbini də var. Amma o ayrıca satılır. Qiyməti isə aksesuarlarına görə dəyişir. Minimum qiyməti 890 manatdır. Qiyməti isə 1800 manata qədər dəyişə bilir.

Bundan başqa Türkiyə istehsalı “ATA-ARMS” tir tüfəngi də son vaxtlar alıcıların diqqətini özünə çəkməkdədir. İnersiya mexanizmli tüfəngin qiyməti 760 manatdan başlayır. Sərrastlığı ilə seçilir. Sapması yoxdur. Satıcılar belə deyir: “Üstəlik qundaq arxası rezindən olduğu üçün rahatdır və ov həvəskarlarının diqqətini cəlb edir”.

“Stoger x20” tüfəninin qiyməti isə 1050 manatdan başlayır. Hətta satıcılar deyir ki, bəzi mağazalarda işlənmiş “Stoger”ləri də tapmaq olar. Bu silahın xüsusi özəlliyi isə onun gecə vaxtı da işə yaramasıdır. Yəni, işıqlandırma və optika sistemləri ilə təchiz edilib.

Bəs ovçu ayaqqabılarının qiyməti?

Ovçu ayaqqabılarının qiyməti mövsümə görə dəyişir. Yüngül və ikiqat yun dolaqdan ibarət olan və Almaniya istehsalı “bot”ların qiyməti elə də ucuz deyil. Qiymətlər 200 manatdan başlayır. Amma alıcılar daha çox nisbətən ağır olan Rusiya istehsalı ayaqqabıları məqsədəuyğun görürlər. Klassik ketlərin qiyməti isə 30-35 manatdan başlayır. Hətta rahatlığı hər şeydən üstün sayanlar 500-600 manatlarından keçib botlar ala bilərlər.

Gələk fanarlara...

Ovçuların “üçüncü gözü”ü hesab olunan fanarların qiyməti isə 30 manatdan başlayır. Əsasən Rusiya və Türkiyə istehsalı olan fanarlar “xod” gedir. Hətta 70 manata da fanar ala bilərsiniz. “Roody” markalı alman fanarları daha çox uzunluğa işıq saldığı üçün qiymətləri də bahadır.

“Kapron ördəklər”...

Ov həvəskarları yaxşı bilər, tələ üçün min bir üsuldan istifadə edən brokyonerlər və həvəskarlar ördək və qaz ovu üçün xüsusi “ördək”lərdən istifadə edirlər. Öyrətmək olmasın, “quyruğuna” kəndir bağlanan “kapron ördək”lər suya atılır. Sonra “düyməciyi” basılır. “Kapron ördək” bu zaman ördək səsi çıxarır və gizlənmiş ördəklərin üzə çıxmasına şərait yaradır. Yəni, ovçular üçün yaşıl işıq yandırır. “Ördəyin”qiyməti isə 5 manatdan başlayır.

Bəs ov tüfənglərini kimlər ala bilər?

Satıcıların sözlərinə görə, 18 yaşından yuxarı hər kəs ov tüfəngi əldə etmək hüququna malikdir. Bunun üçün şəxsiyyət vəsiqəsi bəzi hallarda kifayət etsə də, müəyyən məqamlarda silah alan şəxsdən sağlamlıq haqqında arayış da tələb edilə bilər. Bu isə tir tüfəngi alan şəxsin ruhi və əqli sağlamlığının yerində olub-olmaması araşdırılması üçündür. Eyni zamanda, silah alan şəxs Ovçular Cəmiyyətinin üzvü olmalıdır.

Hə, orta hesabla 1000-1500 manatınız varsa, siz də tədarükünüzü görüb, ova gedə bilərsiniz. Bunu mən yox, bazardakı qiymətlər, daha doğrusu, satıcılar deyir. Əgər ovçuluq eşqinə təzəcə düşmüsünüzsə... Çünki çoxdan bu işlə məşğul olanların yəqin ki, azdan-çoxdan avadanlıqları var. Yəni, yüklərini "xırda-xırda" tuturlar.  Hədəfiniz nişangahda, gözünüz durbində, əliniz tətikdə, qarşınızda da ördəkdən, ceyrandan – nəyi arzulayırsınızsa, o olsun. Çalışın ova gedərkən ovlanmayın...

 

 

 

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.03.2019
24.03.2019
23.03.2019
22.03.2019