Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
140 məktəbdən 513 şagird gələcəyin alimi olmaq istəyir
Tarix: 08.01.2019 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Bununla bağlı “Sabahın alimləri” VIII Respublika müsabiqəsi fevralın 12-dən 14-dək keçiriləcək

“Sabahın alimləri” VIII Respublika müsabiqəsində iştirak etmək üçün onlayn qeydiyyat başa çatıb. Təhsil Nazirliyindən bildiriblər ki, müsabiqədə iştirak etmək üçün 140 məktəbdən 513 şagird, 322 layihə qeydiyyatdan keçib.

Qeydiyyatdan keçən şagirdlərin sənədlərinin qəbulu yanvarın 10-dək uzadılıb. Elmi Ekspertiza Komitəsi tərəfindən layihələr yoxlanılacaq və müsabiqəyə layiq görülən layihələrin siyahısı http://sabahinalimleri.edu.az/ internet səhifəsində açıqlanacaq.
“Sabahın alimləri” VIII Respublika müsabiqəsi fevralın 12-dən 14-dək keçiriləcək. Müsabiqənin keçirilməsinin məqsədi ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi-tədqiqat işinə meyili olan istedadlı şagirdlərin aşkar edilməsi, həmçinin yüksək elmi-tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən Intel ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsini təmin etməkdir.
Qeyd edək ki, “Sabahın alimləri” müsabiqəsinin təşkilatçıları Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsidir.
Müsabiqənin istiqamətlərinə gəlincə, iştirakçılar riyaziyyat, fizika, astronomiya kimya, biologiya (zoologiya, botanika, mikrobiologiya, genetika və molekulyar biologiya, biokimya), tibb və sağlamlıq, ekologiya, ətraf mühitin idarə olunması mühəndislik (energetika, mexanika, nəqliyyat, biomühəndislik və s.), kompüter elmləri üzrə layihələrini təqdim edirlər. Müsabiqənin işçi dili Azərbaycan və rus dilləridir (iştirakçılar ingilis dilini də bilməlidirlər). Bu müsabiqədə iştirak pulsuzdur. Müsabiqənin keçirilməsi üçün Təşkilat Komitəsi, Elmi Ekspertiza Komitəsi (EEK) və Münsiflər Heyəti yaradılır.

Seçimlərə gəlincə, müsabiqə Təhsil Nazirliyinin əmri ilə elan olunur və növbəti ilin fevral ayına qədər üç mərhələdə aparılır. Birinci mərhələdə müsabiqənin keçirilməsi haqqında Təhsil Nazirliyinin əmri ümumi təhsil müəssisələrinə və təhsili idarəetmə orqanlarına göndərilir. Daha sonra müsabiqənin işçi qrupu tərəfindən ümumi təhsil müəssisələrinin direktorları, Kiçik Akademiyaların rəhbərləri, şagirdlər və müəllimlər müsabiqə barədə məlumatlandırılırlar. Bütün məlumatlar sabahinalimleri.edu.az saytında yerləşdirilir. Bundan sonra müsabiqədə iştirak etmək istəyən şagirdlər sabahinalimleri.edu.az saytında qeydiyyatdan keçərək ilkin mərhələ üçün tələb olunan formaları doldururlar.
İkinci mərhələdə isə Elmi Ekspertiza Komitəsi tərəfindən müsabiqənin final mərhələsinə buraxılan şagirdlərə və onların təhsil aldıqları ümumi təhsil müəssisələrinə müvafiq bildirişlər göndərilir. Yanvar ayının birinci ongünlüyündə şagirdlər öz layihələrini poster formasında hazırlayırlar. Posterdə yerləşdirilmiş çap, qrafik və foto materiallar tədqiqatın annotasiyasının geniş variantını əks etdirməlidir. Müsabiqə ərəfəsində iştirakçıların posterləri müsabiqə keciriləcək məkanda əvvəlcədən yerləşdirilir.
Üçüncü mərhələdə isə finala vəsiqə qazanmış iştirakçıların layihələri müsabiqə günü Münsiflər Heyəti tərəfindən müsahibə formasında dinlənilir və qiymətləndirmə meyarlarına uyğun olaraq 100 ballı sistemlə qiymətləndirilir. Həmin ballara əsasən iştirakçıların reytinq cədvəli tutulur və qaliblər müəyyənləşdirilir.
Müsabiqənin keçirilməsinin əsas məqsədi IX-XI sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən İnteI ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisinə qatılacaq namizədləri müəyyənləşdirməkdir.

Statistik məlumatlara əsasən, Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən keçirilən müsabiqəyə ölkə miqyasında maraq ildən-ilə artmaqdadır. Bu günədək 730 nəfər şagird qatılıb, onlardan 30 şagird Intel İSEF-də iştirak etmək hüququ qazanıb.
Yeri gəlmişkən, Azərbaycan Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda bildirilir ki, təməl bacarıqlar uşaqlıq dövrünün ilk illərindən əldə edildiyinə görə uşaqların zehninin erkən yaş dövründən inkişafı diqqət mərkəzində saxlanmalıdır. Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramının (2006 -2010-cu illər)" əsas məqsədi də respublikanın ümumtəhsil müəssisələrində mövcud olan istedad potensialını vaxtında müəyyənləşdirib, onun inkişafını təmin etmək üçün xüsusi tədbirlər həyata keçirməkdən, ölkə ictimaiyyətinin diqqətini bu vacib məsələnin həllində yaxından iştiraka yönəltməkdən, istedadlı uşaq və gənclərin inkişafına dövlət qayğısını gücləndirməkdən ibarətdir.

Digər tərəfdən, «Azərbaycanın 2020-ci ildə gələcəyə baxış» İnkişaf Konsepsiyasında da şagirdlərin məntiqi təfəkkürünün inkişaf etdirilməsi üçün müvafiq tövsiyyələr yer alıb. Sənəddə vurğulanıb ki, şagirdlərin idrak fəallığını, ümumi inkişafını ləngidən mövcud “yaddaş məktəbi”ndən “təfəkkür və düşüncə məktəbi”nə keçidin təmin olunması məqsədilə sistemli tədbirlər həyata keçirilməlidir. Tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə təşkil olunmalı, istedadlı uşaqlar üçün inkişafetdirici fərdi proqramlar yaradılmalıdır.
Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə isə deyilir ki, ümumi təhsil sistemində “yaddaş” məktəbindən “təfəkkür” məktəbinə keçidin təmin edilməsi, mütərəqqi dünya təcrübəsinə əsaslanan təhsil proqramlarının (kurikulumların) hazırlanması və səmərəli tətbiqi, məktəb rəhbərlərinin, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, cəmiyyətdə müəllimlərin nüfuzunun yüksəldilməsi istiqamətində tədbirlər görülməli, daha keyfiyyətli insan kapitalının formalaşdırılması üçün mövcud resurslardan səmərəli istifadə edilməsi istiqamətində islahatlar davam etdirilməlidir.

Mövzu ilə bağlı fikirlərini açıqlayan təhsil eksperti Şahlar Əsgərov deyib ki, bu cür layihələr elm və təhsilin qarşılıqlı inteqrasiyası üçün olduqca əlverişlidir: “Təbii ki, elm və təhsilin vəhdəti həm təhsil, həm elm üçün faydalıdır. Məsələn, indiyədək ölkəmizdə reallaşdırılan “Elmdən təhsilə” proqramı ideya baxımından çox cəlbedici olub və ölkə təhsilinə xeyri olan bir məsələ kimi dəyərləndirilib. Çünki Azərbaycanın çox dəyərli alimləri var ki, onlar 2-3 aspirantla işləmək yerinə, 100-150 nəfərlik böyük bir auditoriyada mühazirə deyərək öz biliyini istiqamətləndirə biliblər. Bu proqram çərçivəsində alimlər öz sahələri üzrə ixtisasda təhsil alan tələbələrə həmin sahədə olan bütün yenilikləri davamlı bir mühazirə şəkilində çatdırmaq imkanı qazanırlar. Onu da deyim ki, bizim öyrənməyə meyilli olan gənclərimiz çoxdur. Yəni, bu kimi tədbirlər təhsilin keyfiyyətini yüksəltmək məqsədi daşıyır və bu da hər kəsdə ruh yüksəkliyi yaradır. Bir sözlə, gələcək nəslə nə qədər mükəmməl təhsil versək, gələcək nəsil də bir o qədər yaradıcı olar. Belə olan təqdirdə elm sahəsinə meyllənən gənclərin sayı da artar”.

Mövzu ilə bağlı fikirlərini açıqlayan təhsil ekspert Etibar Əliyev də deyib ki, bu cür müsabiqələrin keçirilməsi vacibdir: “Çünki ən azından beynəlxalq olimpiadalara qatılan uşaqlar üçün təcrübə rolunu oynayır. Uşaqlar beynəlxalq təcrübə ilə tanış olmaq imkanı qazanırlar. Son illər beynəlxalq olimpiadalarda uğur qazanan şagirdlərin sayı da artıb. Olimpiadalardan bürünc, gümüş medalla geri dönən uşaqlar var. Son vaxtlar bu istiqamətdə olimpiada mərkəzlərinin yaradılması da müsbət təsir edib”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.04.2019
18.04.2019