Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanda təhsil alan əcnəbi tələbələr
Tarix: 09.01.2019 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Son illər ölkəmizdə təhsil alan xarici gənclərin sayında əhəmiyyətli artım müşahidə edilir

Statistikaya görə, 2018-2019-cu tədris ilində Azərbaycanda ali təhsilin bütün səviyyələri üzrə 86 ölkədən 6000 nəfərdən çox əcnəbi tələbə təhsil alır. 2017-2018-ci tədris ilində isə Azərbaycanda 75 xarici ölkədən 5.541 tələbə təhsil alıb. 2015/2016-cı tədris ilində yerli ali məktəblərdə Azərbaycan vətəndaşları ilə birgə 60 xarici ölkənin 3 932 nəfər vətəndaşı təhsil alıb.

Əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Gürcüstan, Türkmənistan, İraq və Çin Xalq Respublikası vətəndaşları üstünlük təşkil edib. 2014/2015-ci tədris ilində isə Azərbaycanın ali təhsil müəssisələrində ölkə vətəndaşları ilə birgə 58 xarici ölkənin 4 189 nəfər vətəndaşı təhsil alıb. Dövlət Statistika Komitəsinin (DSK) hesabatında qeyd olunur ki, əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Türkmənistan, Gürcüstan, İraq və Çin Xalq Respublikasının vətəndaşları üstünlük təşkil edib. Hazırda ölkədəki əcnəbi tələbələr daha çox Azərbaycan Tibb Universitetində, Azərbaycan Memarlıq və İnşaat Universitetində, Bakı Dövlət Universitetində təhsil alırlar.
Eyni zamanda, əcnəbi tələbələrin təhsil aldığı ali təhsil müəssisələri arasında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Mühəndislik Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan İqtisad Universiteti də var.
Yəni statistika onu göstərir ki, ölkəmizdə təhsil alan əcnəbi tələbələrin sayı ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə atrıb. Təbii ki, bu məsələdə “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planının da müsbət rolu var. Belə ki, həmin sənəddə göstərilmişdi ki, əcnəbilərin ölkəmizdə təhsilinin təşviqi sahəsində tədbirlərin həyata keçirilməsi, ölkənin ali təhsil müəssisələrinin xaricdə keçirilən təhsil və karyera sərgilərində iştirakının təmin edilməsi istiqamətində Təhsil və Xarici İşlər nazirlikləri müvafiq işlər aparacaq. Bununla bağlı müvafiq tədbirlər isə 2017-2020-ci illəri əhatə edəcək.

Xatırladaq ki, Azərbaycan Respublikasının ali məktəbləri ötən əsrin 60-cı illərindən başlayaraq xarici ölkələr üçün müxtəlif ixtisaslar üzrə kadr hazırlığı sahəsində ilk addımlar atıblar. 1961-ci ildə Azərbaycan Dövlət Neft-Kimya İnstitutunun nəzdində yaranmış əcnəbi tələbələr üçün hazırlıq fakültəsi qısa bir zamanda Sovet İttifaqında fəaliyyət göstərən 55 hazırlıq fakültəsi arasında M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və Leninqrad Politexnik İnstitutundan sonra üçüncü yeri tuturdu. İldə 500 nəfərdən artıq əcnəbi vətəndaş qəbul edən bu fakültənin məzunlarının çoxu ölkəmizin ali məktəblərinin müxtəlif fakültələrində təhsillərini davam etdirmək hüququ qazanırdı. Keçid dövründə isə əcnəbilərin təhsili müxtəlif əmr və sərəncamlarla tənzimlənirdi. Daha sonra isə 1994-cü ildə əcnəbi tələbələrin təhsili ilə bağlı bir neçə sənəd hazırlandı və təsdiqləndikdən sonra ali məktəblərə göndərildi. HazırdaAzərbaycanda əcnəbi vətəndaşların təhsili Nazirlər Kabinetinin “Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə vətəndaşlarının Azərbaycanın tədris müəssisələrində təhsil almaları haqqında Əsasnamə” ilə tənzimlənir.
Həmin əsasnaməyə əsasən, Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq üçün gələn xarici vətəndaşlar tədris dilini bilmədikləri halda, müvafiq dil hazırlığı keçdikdən sonra əsas təhsilə başlayırlar. Məhz bu məqsədlə Azərbaycan ali təhsil müəssisələrində əcnəbi vətəndaşların müvafiq dil hazırlığını həyata keçirmək məqsədilə 17 ali məktəbdə hazırlıq fakültələri, şöbələri və mərkəzləri fəaliyyət göstərməkdədir.

Təhsil sənədi Azərbaycan Respublikasında qəbul edilmiş müvafiq təhsil proqramları səviyyəsinə uyğun olan əcnəbilər dil biliklərinin yüksəldilməsi məqsədilə hazırlıq kurslarına qəbul edilirlər. Hazırlıq müddətinin sonunda dinləyicilər buraxılış imtahanları verir və imtahanlardan müvəffəqiyyətlə keçmiş əcnəbilərə təhsil haqqında vahid formada dövlət sənədi olan şəhadətnamələr təqdim edilir. Bu şəhadətnamələrə sahib olduqdan sonra əcnəbilər ali təhsil müəssisələrində əsas təhsil səviyyələri üzrə təhsil ala bilərlər.
Ali təhsil müəssisələrinin ikinci (magistr) pilləsinə mövcud qaydaların tələbləri gözlənilməklə təhsil səviyyəsi ali təhsilin bakalavr səviyyəsinə uyğun gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qəbul edilirlər. Azərbaycandan kənardakı ali təhsil müəssisələrin bakalavr səviyyəsinin məzunu olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dil hazırlığını keçdikdən sonra, yaxud təlim dilini əvvəlcədən bildiyi halda eksternat yolu ilə dil hazırlığı üzrə imtahan verərək magistr səviyyəsinə qəbul oluna bilərlər. Magistratura səviyyəsinə qəbul olunmaq istəyən əcnəbi vətəndaş xarici ölkədə aldığı bakalavriat üzrə diplomunu mövcud qanunvericiliyinə əsasən, nostrifikasiya etdirməlidirlər.
Əcnəbilərin yalnız bir qismi müvafiq hökumətlərarası razılaşma əsasında dövlət hesabına, əksəriyyəti isə ali təhsil müəssisələrilə bağladıqları müqavilə əsasında ödənişli əsaslarla təhsil alırlar. Əcnəbi tələbələr arasında Azərbaycana qonşu olan region ölkələrin vətəndaşları ilə yanaşı, Avropa ölkələrinin, ABŞ, Yaponiya, Çin, Hindistan, Argentina və bir çox ərəb ölkələrinin vətəndaşları da var. Azərbaycanda təhsil alan əcnəbi vətəndaşlar əsasən daha çox tibb, iqtisadiyyat, humanitar və texniki ixtisaslara üstünlük verirlər.

Məsələ ilə bağlı fikirlərini açıqlayan təhsil eksperti Kamran Əsədov deyib ki, Azərbaycanda əcnəbi vətəndaşların təhsil alma hüququ Nazirlər Kabinetinin 06.03.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş 56 nömrəli əsasnamə ilə tənzimlənir. Həmin əsasnaməyə əsasən, Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq üçün gələn xarici vətəndaşlar tədris dilini bilmədikləri halda, müvafiq dil hazırlığı keçdikdən sonra əsas təhsilə başlamalıdırlar: "Məhz bu məqsədlə Azərbaycan ali təhsil müəssisələrində əcnəbi vətəndaşların müvafiq dil hazırlığını həyata keçirmək məqsədilə 17 ali məktəbdə Hazırlıq fakültələri, şöbələri və mərkəzləri fəaliyyət göstərməkdədir. Təəssüflər olsun ki, xarici ölkələrdə Azərbaycanda təhsil almaq istəyənlərə bir çox hallarda düzgün xidmət göstərilmir və onlar həm yerli, həm də xarici təhsil xidmətləri göstərən şirkətlər tərəfindən aldadılırlar. Digər tərəfdən, xarici tələbələr hansısa ölkədəki universiteti seçərkən ilk öncə universitetlərin beynəlxalq reytinqini nəzərdən keçirirlər. Buna görə, Azərbaycan təhsil müəssisələrinin keyfiyyəti həm daxildən, yəni dövlət tərəfindən, həm də xaricdən qiymətləndirilməlidir. Hesab edirəm ki, xarici ölkə vətəndaşlarının Azərbaycanda təhsil almasında əlçatımlığın təmin olunması, eyni zamanda onların aldadılma hallarının aradan qaldırılması üçün mərkəzləşdirilmiş internet resursu formalaşdırmaq lazımdır. Yəni, istənilən xarici ölkə vətəndaşı o portal vasitəsi ilə birbaşa universitetə qəbul prosedurunu həyata keçirə bilməlidir. Çünki vahid sistem olmasa, biz xarici ölkə vətəndaşlarını cəlb edə bilməyəcəyik və bu prosesdə neqativ hallar olacaq”.

Ekspertin sözlərinə görə, Azərbaycan universitetləri xarici ölkələrdə təhsil sərgiləri hazırlamalı, o ölkələrdə özlərinin reklamını, xidmətlərini həyata keçirməlidilər: "Təbii ki, universitetlər ilk olaraq təhsil prosesində ciddi keyfiyyət dəyişikliyi etməlidir. Bu olmadığı halda universitetlərimiz özlərini təbliğ etsələr belə, universitetə gələn xarici tələbələr təhsilin aşağı səviyyədə olduğunu gördükdən sonra bu təbliğatın heç bir əhəmiyyəti olmayacaq. Bir sözlə, daha çox əcnəbi tələbəni Azərbaycana cəlb etmək üçün ilk növbədə, təhsil sisteminin keyfiyyətini qaldırmaq lazımdır. Məsələn, təhsil sistemi tam demokratikləşməlidir ki, inkişaf etsin. İkincisi, Boloniya sisteminə keçid sürətləndirilməli və səmimi xarakter daşımalıdır. Üçüncüsü, universitetlərin tələbə və müəllim heyətinin mobilliyi artırılmalıdır. Belə ki, tələbə və müəllimlərin xarici ölkələrdə təcrübə mübadiləsi sürətləndirilməlidir. Düşünürəm ki, Təhsil Nazirliyi xarici ölkə vətəndaşlarının Azərbaycanda təhsil almasında daha çox maraqlı olmalıdır. Onların ölkəmizdəki universitetlərə problemsiz qəbulunu mərkəzləşdirilmiş qaydada həyata keçirməlidir”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.01.2019
15.01.2019