Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Yeniyetmə məktəblilər uçün yeni yarışma
Tarix: 10.01.2019 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Azərbaycanda məktəblilər arasında mühəndislik və robototexnika yarışı keçiriləcək

Təhsil Nazirliyi, ADA Universiteti və “Mars Academy” şirkətinin birgə təşkilatçılığı ilə məktəblilər arasında 2018-2019-cu tədris ili üzrə “First Lego League (FLL) Azerbaijan” mühəndislik və robototexnika yarışı keçiriləcək.

Yarışın keçirilməsində məqsəd ümumtəhsil məktəblərinin şagirdlərinin elm və texnologiyalara olan marağını artırmaq və hazırkı qlobal problemlərin elmi-texniki həllinə töhfə verməkdir. Yarışda iştirak etmək üçün ölkə üzrə 31 məktəbin komandası qeydiyyatdan keçib. Qeydiyyatdan keçən bütün komandalar yarışda iştirak qaydaları ilə bağlı təlimatlandırılıb. Komandalara yarışda iştirak üçün FLL dəstləri paylanılıb. Yarışın yerli turnir və mükafatlandırma mərasiminin cari ilin aprelin 6-da baş tutacağı planlaşdırılır.
FLL 10-16 yaşlı məktəblilər üçün STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) əsaslı robot texnologiyaları yarışıdır. Yarışda 6 nəfərdən ibarət komandalar iştirak edirlər. FLL şagirdləri real elm və texnologiya problemləri ilə qarşılaşdırır və onların həlli yollarını araşdırmaqla dünyagörüşlərini zənginləşdirir.

Hər il dünyanın 88 ölkəsindən yarım milyon məktəblinin qatıldığı FLL yarışına Azərbaycan ilk dəfə 2017-2018-ci tədris ilində qoşulub. Yarışın yerli turnirində qalib gələn komanda Azərbaycanı Estoniyada keçirilən beynəlxalq yarışda uğurla təmsil edib.
Yeri gəlmişkən, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın uğurla həyata keçirilməsi nəticəsində məktəblərdə təhsil robotlarının tədrisə inteqrasiyasına xüsusi diqqət yetirilir. Belə ki, Təhsil Nazirliyi tərəfindən son iki ildə 20 ümumtəhsil müəssisəsi təhsil robotları ilə təmin olunub. Məktəblərin informatika otaqlarına "Lego Education" təhsil həllərinə uyğun tərtibat verilib, məktəb müəllimləri təhsil robotlarının tədrisdə istifadəsi üzrə xüsusi sertifikatı olan xarici mütəxəssislər tərəfindən təlimlərə cəlb olunub.

Qeyd edək ki, yeni tədris ilindən ilk dəfə olaraq Təhsil Nazirliyinin sifarişinə əsasən, 5 ümumi təhsil müəssisəsi “Lego Education Mindstorms EV3” təhsil robotları ilə təmin edilib və 15 ümumi təhsil müəssisəsinə də avadanlıqların paylanılmasına başlanılıb.
Ümumi təhsil müəssisələrinin informatika otaqlarına xüsusi olaraq "Lego Education" təhsil həllərinə uyğun tərtibat verilir, otaqlar avadanlıqlar üçün mebellərlə təchiz olunur. Məktəb müəllimləri xüsusi sertifikatı olan xarici mütəxəssislər tərəfindən keçirilən təlimlərdə iştirak edir, robotların proqramlaşdırılması, təhsildə tətbiqi və inteqrasiyası barədə biliklərə yiyələnirlər.

Təmin olunan robot dəstləri robotun “beyni” hesab olunan və proqramlaşdırıla bilən “Brick” kontroller çipi, Lego konstruktorlar və xüsusi blok əsaslı proqram təminatı hissələrindən ibarətdir. Şagirdlər konstruktor hissələrdən istifadə edərək onlara lazım olan modelləri hazırlayır və modelin hərəkətə gəlib verilən tapşırıqları yerinə yetirməsi üçün “Brick” çipini proqramlaşdırırlar. “Midstorms EV3” əsas dəstdən başqa, daha böyük və müxtəlif fənlər üzrə spesifik tapşırıqların yerinə yetirilməsi üçün məktəblərə “Expansion” dəsti də paylanılıb.

Təcrübə göstərir ki, tədrisdə təhsil robotlarından istifadə şagirdlərdə müstəqil qərar vermək, öz seçimləri üzərində düşünmək və həmyaşıdları ilə komanda şəklində işləyərək ən yaxşı nəticələri əldə etmək qabiliyyətlərini inkişaf etdirməyə şərait yaradır.
Xatırladaq ki, Azərbaycanda təhsil sahəsində İKT-nin nailiyyətlərindən geniş istifadə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil etdiyindən Təhsil nazirliyi yanında müasir səviyyədə təchiz edilmiş Data Mərkəz yaradılıb. Mərkəz nazirliyə tabe olan bütün təhsil müəssisələrini, təşkilatları və strukturları birləşdirən Azərbaycan Təhsil Şəbəkəsini yaratmağa, həmçinin elektron dərsliklərin və digər tədris resurslarının mərkəzləşdirilmiş qaydada yerləşdirilməsinə imkan verib. Hazırda bütün ölkə şagirdlərinin təxminən 82 faizinin təhsil aldığı və müəllimlərin 72 faizinin dərs dediyi 2500 təhsil müəssisəsi bu şəbəkəyə qoşulub.

Bundan başqa, Azərbaycanda "İnformatika" fənninin tədrisinə və bu fənn üzrə olimpiadaların keçirilməsinə xüsusi diqqət yetirilir. Elə bu məqsədlə 2017-ci ildən Azərbaycanın Təhsil Nazirliyi Rusiyanın İT sistemlərinin istehsalçısı və şagirdlərə proqramlaşdırma modulunu tədris edən "Alqoritmika" təhsil şirkəti ilə birlikdə Bakının 45 məktəbində "Rəqəmsal bacarıqlar" pilot layihəsinə başlayıb. Layihəyə əsasən, "İnformatika" fənninin tədrisi məktəblilərə yeni texnologiyalar və rəqəmsal bacarıqları təcrübədə öyrətməyə imkan verən yeni formatda aparılıb.
Layihə müəllifləri hesab edirlər ki, dünyanın bu sahədə özünü doğruldan ən innovativ metodikalarından istifadə edilməklə peşəkar metodist və pedaqoqlar tərəfindən hazırlanan proqram bu sahə üzrə ən yaxşı təcrübələri özündə birləşdirir. Proqram fərdi təlim, nəzəriyyə və tətbiqi yanaşma, fənlərarası əlaqə və motivasiyanın artırılması prinsiplərinə əsaslanır. Bu məqsədlə müəllim və şagirdlər vahid rəqəmsal sistemdə fəaliyyət üçün fərdi akkauntlar əldə edirlər. Şəxsi kabinetdə müəllim sinfin fəaliyyətini izləyə, şagirdlər isə müxtəlif növ rəqəmsal məzmun yarada bilərlər. Proqram uşaqlarda məntiqi, kreativ və alqoritmik düşünmə qabiliyyətinin inkişafında mühüm rola malikdir. Rusiya, Qazaxıstan, Polşa, İsrail və Kiprdə müvəffəqiyyətlə həyata keçirilən alqoritmika uşaqlara təkcə proqramlaşdırmanı deyil, biliyin praktikada tətbiqi bacarıqlarını da öyrədir.

Yeri gəlmişkən, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas istiqamətlərindən biri təhsil sahəsində insan resurslarının müasirləşdirilməsidir. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir və özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını, təhsilalanların istedadının aşkar olunması və inkişafı ilə bağlı təlim metodologiyasının yaradılmasını ehtiva edir.
Növbəti mərhələdə təhsil sistemində tənzimləmə və idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi, təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin, təhsilin keyfiyyətinin təminatı və idarə olunması üzrə yeni məlumat və hesabat sistemlərinin yaradılması nəzərdə tutulub.
Bundan başqa, ölkə prezidentinin 2016-cı ildə təsdiqlədiyi "Azəbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsi"ndə də rəqəmsal təhsilin inkişaf etdirilməsi əsas hədəf kimi göstərilib. Belə ki, sənədə görə, rəqəmsal təhsilin daha da inkişaf etdirilməsi üçün təhsilin bütün səviyyələrində tətbiq olunan tədris proqramlarının yüksək keyfiyyətli elektron material (elektron kitablar, elektron seminarlar, açıq tədris materialları və s.) və müvafiq metodlar (distant təhsil, veb əsaslı imtahanlar və s.) əsasında təkmilləşdirilməsi nəzərdən keçirilməlidir.

Yol xəritəsində bildirilir ki, təhsil sahəsində texnoloji dəstəyi təmin etmək məqsədilə təhsil müəssisələrinin aparıcı şəxsləri təhsil texnologiyaları haqqında davamlı məlumatlandırılmalı, təhsil texnoloqlarının inkişafı üçün tədbirlər dəstəklənməli və bu fəaliyyətlər çərçivəsində təkmilləşdirmə kursları təşkil edilməlidir.
Sənədə görə, rəqəmsal təhsilin daha da inkişaf etdirilməsi üçün təhsilin bütün səviyyələrində tətbiq olunan tədris proqramlarının yüksək keyfiyyətli elektron material (elektron kitablar, elektron seminarlar, açıq tədris materialları və s.) və müvafiq metodlar (distant təhsil, veb əsaslı imtahanlar və s.) əsasında təkmilləşdirilməsi nəzərdən keçiriləcək. Müəllim və tələbələrin rəqəmsal tədris materiallarına və müxtəlif rəqəmsal avadanlıqlara əlçatanlığı təmin olunacaq. Bu məqsədlər üçün digər məsul dövlət qurumları ilə birlikdə rəqəmsal təhsil konsepsiyası hazırlanacaq.
Strategiyada habelə vurğulanıb ki, təhsil fəaliyyətində istifadə olunan informasiya sistemləri zəruri məlumatların əldə edilməsi imkanlarını təmin etməklə, düzgün qiymətləndirmələrin aparılması və ədalətli qərarların qəbul olunmasında xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, təhsil sistemi ilə bağlı məlumatlara dair mövcud resurslar dövlət siyasətinə və istifadəçilərin real informasiya ehtiyaclarına uyğun olaraq daha da inkişaf etdiriləcək, təhsil sistemində məlumat bazalarından məqsədəuyğun istifadə üçün imkanlar təmin olunacaq.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.06.2019
23.06.2019