Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İnnovativ layihələrin dəstəklənməsinə nəzarət gücləndirilir
Tarix: 11.01.2019 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Mütəxəssislər hesab edirlər ki, dövlət başçısının imzaladığı müvafiq sərəncam startap ekosistemində vəziyyəti xeyli dəyişəcək

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncam Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində effektivliyin artırılması və koordinasiyanın təmin edilməsi məqsədilə imzalanıb.

Sənədə əsasən, mərkəzi icra hakimiyyəti orqanları, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Prezidentinin, habelə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi icra hakimiyyəti orqanlarının yaratdıqları publik hüquqi şəxslər, o cümlədən dövlət ali təhsil müəssisələri, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər elmi nailiyyətlər, bilik və rəqəmsal yeniliklər bazasında məhsul, xidmət, texnologiya, proses və həllərin hazırlanmasına, təqdim olunmasına və istifadəsinə əsaslanan innovativ inkişaf məsələləri üzrə məsul əlaqələndirici şəxsi (müvafiq qurumun rəhbərinin müavini və ya qurumun idarəetmə orqanlarında təmsil olunan digər şəxs səviyyəsində) on gün müddətində təyin edərək bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına məlumat verməlidirlər.

Həmçinin innovativ inkişafın (o cümlədən startap fəaliyyətinin) dəstəklənməsi sahəsində aidiyyəti üzrə mövcud vəziyyət barədə məlumatları bir ay müddətində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etməlidirlər. Bununla yanaşı, innovativ inkişafın (o cümlədən startap fəaliyyətinin) dəstəklənməsi sahəsində aidiyyəti üzrə görülmüş işlər barədə yarımillik məlumatları hər il yanvarın 15-dək və iyulun 15-dək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etməlidirlər. Eləcə də işçilərinin innovasiya təşəbbüskarlığının və rəqəmsal texnologiyalardan istifadə bacarıqlarının təşviq edilməsi ilə bağlı tədbirlər görməlidirlər.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası isə koordinasiya subyektlərinin innovativ inkişafın (o cümlədən startap fəaliyyətinin) dəstəklənməsi sahəsində gördükləri işlərin əlaqələndirilməsini təmin etməli, müvafiq sahədə nüfuzlu beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə Azərbaycan Respublikasının innovasiya strategiyasının layihəsini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə isə koordinasiya subyektlərinin (mərkəzi icra hakimiyyəti orqanları, Azərbaycan Milli Elmlər Akademiyası və dövlət ali təhsil müəssisələri istisna olmaqla) idarəetmə orqanlarında ən azı bir nəfərin innovasiyalar və ya elmi tədqiqatlar üzrə mütəxəssis olmasının təmin edilməsinə dair müvafiq təklifləri üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb. Nazirlər Kabineti, həmçinin koordinasiya subyektlərinin (mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Milli Elmlər Akademiyası istisna olmaqla) illik mənfəətinin müəyyən hissəsinin innovasiyaların tətbiqi və elmi tədqiqatların maliyyələşdirilməsinə yönəldilməsi ilə bağlı təklifləri üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Habelə ölkədə mövcud olan qabaqcıl texnoloji avadanlıqla təchiz edilmiş elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların (tədqiqat infrastrukturunun) reyestrinin tərtib olunması və aparılması qaydasını Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə hazırlamalı və Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etməlidir. Nazirlər Kabineti dövlət mülkiyyətində olan və ya dövlət vəsaiti hesabına yaradılan tədqiqat infrastrukturundan tədqiqatçıların istifadəsi ilə bağlı təklifləri Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi bu Sərəncamdan irəli gələn zəruri tədbirlərin görülməsini təmin etməli, Maliyyə Nazirliyi göstərilən tədbirlərin maliyyələşməsini təmin etməlidir.

Yeri gəlmişkən, "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə Elmin İnkişafı üzrə Milli Strategiya"da qeyd edilir ki, elm və texnologiyanın inkişafı, qabaqcıl innovasiya sisteminin yaradılması və tətbiqi dövlət siyasətinin strateji məqsədlərindəndir. Strategiyanın məqsədləri kimi elmi tədqiqatların və innovasiya siyasətinin səmərəsini artırmaq, ölkəni texnoloji cəhətdən modernləşdirmək, insanın bu və ya digər sahədəki fəaliyyət səmərəsinin yüksəldilməsinə yönələn innovasiyalardan geniş istifadə məsələləri xüsusi qeyd edilib. Strategiyanın mühüm bölmələrindən biri elm, təhsil və istehsalın inteqrasiyası məsələlərinə həsr edilib. Çünki biliklərə əsaslanan iqtisadiyyata keçidin təmin edilməsində universitetlərin mühüm rolu var. Milli innovasiya sisteminin formalaşmasında, inkişafında, cəmiyyətin innovativ səviyyəsinin yüksəldilməsində, innovasion mədəniyyətin formalaşmasında universitetlər lider olmalıdırlar. Universitetin innovativ fəaliyyəti isə təhsil mühitinə yeni və səmərəli elementlərin daxil edilməsinə imkan verən məqsədyönlü dəyişiklikdir. Bu tip fəaliyyət təhsildə məzmunun, formanın, metodların, texnologiyaların, vasitələrin, idarəetmə sistemlərinin inkişafı və səmərəsinin yüksəldilməsinə xidmət edir. Universitetin innovativ fəaliyyəti nəticəsində rəqabətqabiliyyətli kadrlar hazırlamaq mümkün olur. Təbii ki, universitetin rəqabətqabiliyyətli müasir təhsil müəssisəsi kimi formalaşması üçün onun fəaliyyəti təlim-tərbiyə və elmi-tədqiqatla yanaşı innovativ fəaliyyət istiqamətini də əhatə etməlidir. İnnovasiyalar universitetin bütün struktur bölmələrinin fəaliyyətində mühüm amil olmalıdır. Bunun üçün zəruri hallarda universitetin tərkibində innovasiya yönümlü əlavə infrastruktur bölmələrinin yaradılması məqsədəuyğundur. Bu infrastruktur bölmələrin əsas məqsədi innovativ məhsulların yaradılması və tətbiqindən ibarət olmalıdır.

Mövzu ilə baglı fikirlərini açıqlayan Azərbaycan Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz də hesab edir ki, ölkədə startap ekosisteminin formalaşdırılması üçün müvafiq addımlar atılır: “Ölkəmizdə 2012-ci ildən “Startap Azərbaycan” layihəsi fəaliyyət göstərir. Bu layihənin məqsədi milli startapların üzə çıxarılması və inkişafına dəstək vermək, bu istiqamətdə maarifçilik işləri həyata keçirmək, ölkədə internet biznes mühitini yaxşılaşdırmaq, investorların bu sahəyə diqqətini artırmaq və innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir. Eyni zamanda, Azərbaycanda texnoloji parklar yaradılıb ki, onların da qurulmasında əsas məqsəd biliklərin və ixtiraların texnologiyalara, bu texnologiyaların isə kommersiya məhsuluna çevrilməsi, tədqiqatlara yönəldilmiş milli xərclərin səmərəliliyinin yüksəldilməsidir. Texnoparkların əsas struktur vahidi mərkəzlər hesab olunur. Buraya innovasiya-texnoloji mərkəz, tədris mərkəzi, məsləhət mərkəzi, informasiya mərkəzi, marketinq mərkəzi, sənaye mərkəzi, maliyyə-sığorta mərkəzi, mühasibat-audit mərkəzi, strateji tədqiqat mərkəzi daxildir”.

Ekspert vurğulayıb ki, ölkə Prezidentinin yeni imzaladığı sərəncam startap ekosistemində vəziyyəti xeyli dəyişəcək: “Dövlət başçısının imzaladığı müvafiq sərəncam gözlənilən və kifayət qədər əhəmiyyətli bir sənəddir. Bəlkə də bəziləri koordinasiyanın ayrı bir quruma veriləcəyini gözləyirdi. Amma belə olmadı. Təbii ki, məntiqlə də, əgər bir müddət öncə Prezident Administrasiyada müvafiq şöbə yaradılmışdırsa, onda təbii ki bunun ardı da gəlməliydi. Beləliklə də, bu Sərəncamla innovasiya və startaplar sahəsində koordinasiya səlahiyyətləri birbaşa Prezident Administrasiyasına verildi. Düşünürəm ki, bu addım startap ekosistemində vəziyyəti xeyli dəyişəcək. Həmçinin adı çəkilən sənəddə bütün qurumlarda bu sahə ilə əlaqəli məsul şəxslərin müəyyən edilməsi nəzərdə tutulub”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.01.2019
15.01.2019