Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Paytaxda bəzi məktəblərdə şagird və müəllimlərə isti yeməklər təklif olunur - MÜSAHİBƏ
Tarix: 11.01.2019 | Saat: 20:00:00
Bölmə:Müsahibə | çapa göndər

Bəşarət Məmmədov: “Gələcəkdə bu cür təhsil müəssisələrinin sayı artırıla bilər”

Bu gün Azərbaycanın təhsil sektoru islahatların ən çox aparıldığı sahələrdən biri sayılır. Təbii ki, bu islahatların aparılmasında əsas məqsəd qloballaşan dünyanın çağırışlarına uyğun olaraq, təhsil sisteminin yüksək səviyyəyə qaldırılması və təhsilin modernləşdirilməsidir. Bununla bağlı ən böyük yük isə təhsil sahəsinə cavabdeh olan qurumların üzərinə düşür. Həftə içi qəzetinin müsahibi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədovdur.

- Bəşarət müəllim, ötən il paytaxt məktəbləri üçün hansı uğurlarla yadda qalıb?

- İlk öncə qeyd edim ki, ötən tədris ilində 1843 şagirdə fərqlənmə attestatı verilib. Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərini ümumi orta təhsil səviyyəsi üzrə 768, tam orta təhsil səviyyəsi üzrə isə 1075 nəfər fərqlənmə attestatı ilə bitirib. Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı məktəblərinin məzunları qızıl və gümüş medallarla təltif olunub. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 42-si qızıl, 2-si gümüş medala layiq görülüb. Onlar ümumi təhsildəki xüsusi nailiyyətləri və 2017-2018-ci dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələri nəzərə alınaraq qızıl və gümüş medalla təltif ediliblər. Bundan başqa, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 10 məzunu ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstəriblər. Belə ki, I və IV ixtisas qrupları üzrə 297, 109, 169, 58, 29 və 129 nömrəli tam orta məktəblərin məzunları, II və III ixtisas qrupları üzrə Texniki Humanitar Liseyin, 45, 89, 214 nömrəli tam orta məktəblərin məzunları maksimum nəticə göstərərək 700 bal toplayıblar. Eyni zamanda, ötən il “Sabahın alimləri” VII Respublika Müsabiqəsinə buraxılan 150 layihənin 37-si BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin payına düşüb. Həmin layihələrdən 1-i I yerə, 3-si II yerə, 5-i isə III yerə layiq görülüb.“Sabahın alimləri” VII Respublika Müsabiqəsinin nəticələrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 238 nömrəli tam orta məktəbin şagirdi Məhəmməd Hacıyev ekologiya və ətraf mühitin idarə olunması üzrə ən yaxşı layihə müəllifi seçilib. Ötən il həm də Bakı məktəblisi II Robot Olimpiadasının qalibi olub. Belə ki, BŞTİ-nin tabeliyindəki 287 nömrəli “Zəkalar” Liseyinin XI sinif şagirdi İlknur Mustafazadə olimpiadanın “Drone Racing” kateqoriyası üzrə yarışda qalib gəlib.
2018-ci ildə Bakı məktəbliləri beynəlxalq olimpiadalarda da uğurla çıxış ediblər. Məsələn, Belarusun paytaxtı Minsk şəhərində keçirilən 52-ci Beynəlxalq Mendeleyev Kimya olimpiadasında 160 nömrəli Klassik Gimnaziyanın XI sinif şagirdi Nəriman Mirişov olimpiadanın gümüş medalına layiq görülüb.
BŞTİ-nin tabeliyindəki 93 nömrəli tam orta məktəbin XI sinif şagirdi İlkin Bayramlı IELTS, SAT, SAT esse imtahanlarından, “Dünya tarixi” və “2-ci səviyyə riyaziyyat” fənlərindən yüksək nəticə əldə edib. İlkin həm də 2018-ci ildə qəbul faizi 4,59 faiz olan Harvard Universitetinin bakalavriat səviyyəsində təhsil almaq şansı qazanan yeganə azərbaycanlıdır.

- Artıq bir neçə ildir ki, Təhsil Nazirliyi tərəfindən məktəb yaşlı uşaqların birinci sinifə qəbul prosesi elektronlaşdırılıb. Ötən il paytaxt məktəblərinin birinci sinfinə elektron qaydada neçə uşaq qəbul olunub?

- Ötən il də Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilib. 50 minədək uşaq isə elektron sistem vasitəsilə birinci sinfə qəbul olunub. Birinci sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı prosesində valideynlərə “Əlaqə” bölməsi vasitəsilə rəsmi müraciət etmək imkanı yaradılıb. Eyni zamanda, 2018-ci ildə tətbiq edilən yeniliyə əsasən, 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq uşaqlar ümumi təhsil müəssisələrinin I sinfinə müsabiqəsiz qəbul edilib. Bundan başqa, məktəbəhazırlıq qruplarındakı uşaqlar I sinfə avtomatik qeydiyyatdan keçib. Yəni, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarındakı uşaqlar www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə avtomatik I sinfə qəbul üzrə qeydiyyata alınıb.

- Təhsil sahəsində şəffaflığın artırılması həmişə aktual məsələlərdən olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən bu istiqamətdə hansı tədbirlər həyata keçirilir?

- Qeyd edim ki, paytaxt məktəblərində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və şəffaflığın artırılması istiqamətində mütəmadi olaraq maarifləndirici görüşlər keçirilir. Bu görüşlər ötən ildə də davam etdirilib. Görüşlərin keçirilməsinin əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində təhsil sahəsində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, müvafiq normativ-hüquqi sənədlərin tələblərinin bir daha diqqətə çatdırılması və bu baxımdan qarşıda duran məsələlərin müzakirəsindən ibarətdir.

- Bir neçə ildir ki, respublikamızda həm müəllimlərin, həm də məktəb direktorlarının işə qəbulu müsabiqə yolu ilə həyata keçirilir. Paytaxt məktəblərinə müsabiqə yolu ilə direktor vəzifəsinə təyinat almış şəxslərin fəaliyyətini qənaətbəxş saymaq olarmı?

- Məlum məsələdir ki, məktəblərin ümumi fəaliyyəti onların tədris göstəriciləri ilə ölçülür. Müşahidələr onu deməyə əsas verir ki, yeni məktəb direktorlarının mütləq əksəriyyəti öz işini sevir. Ona görə də həmin məktəblərin göstəriciləri xeyli yaxşılaşıb və tədris mühüti musbətə doğru dəyişib.

- Məktəblərdə qida təhlükəsizliyinin təmin olunması məsələsi həmişə öz aktuallığını saxlayır. Çünki məktəb bufetlərində satılan qidalar heç də həmişə sağlam olmur. Bəs, Bakı Şəhəri üzrə Təhsil İdərəsi bu istiqamətdə hansı tədbirlər həyata keçirir?

- Paytaxtdakı ümumi təhsil müəssisələrində iaşə xidmətinin təşkilində məktəbyaşlı uşaqların qidalanma təhlükəsizliyi və məktəbə olan inamın möhkəmləndirilməsi əsas amil kimi diqqət mərkəzindədir. Hazırda müvafiq qaydaların tələbləri əsas götürülməklə, bir sıra məktəblərdə şagird və müəllimlərə isti yeməklər də təklif olunur. Məktəbin bufetinin sahəsi və maddi-texniki bazası imkan verdiyi halda, isti yeməklər verilən təhsil müəssisələrinin sayı artırıla bilər. Həmçinin, Təhsil Nazirliyi və Qida Təhlükəsizliyi Agentiliyinin birgə təsdiq etdiyi monitorinq planına əsasən, Bakı şəhərində yerləşən 53 ümumi təhsil müəssisəsində ictimai iaşə xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulmuş bufetlərin cari vəziyyəti, müvafiq sahələrin mövcudluğu, zəruri avadanlıq və invertarlarla təminat və qida təhlükəsizliyi sahəsində texniki və normativ-hüquqi aktlardakı tələblərə riayət edilməsi vəziyyətinin qiymətləndirilməsi həyata keçirilib. Aparılmış monitorinqlər zamanı bir sıra məktəblərdə ictimai iaşə xidmətlərinin göstərildiyi istehsalat sahələrində aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması, mütəmadi olaraq profilaktik tədbirlərin həyata keçirilməsi üçün metodiki göstərişlər verilib və nəzarət tədbirlərinin gücləndirilməsi üçün zəruri tədbirlər görülüb. Bundan başqa, 2018-2019-cu tədris ilindən paytaxtın ümumi təhsil məktəblərində “Sağlam məktəbli” adlı maarifləndirici layihə çərçivəsində görüşlər keçirilir. Layihənin əsas məqsədi məktəblilər arasında qida təhlükəsizliyi məsələsini təbliğ etmək və şagirdlərə qida təhlükəsizliyi vərdişlərini aşılamaqdan ibarətdir. Həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu əməkdaşlarının iştirakı ilə məktəblərdəki görüşlərdə şagirdlərə düzgün qidalanma ilə bağlı məlumatlar verilir, “Qida zənciri”ni əks etdirən videoçarx təqdim olunur. Görüşlər çərçivəsində “Məktəblərdə sanitar-gigiyenik norma və qaydalara əməl olunması”, ““Fast food” qidalarının ziyanları” kimi mövzularda şagirdlərlə fikir mübadiləsi aparılır və şagirdlərə sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılır.

Sevinc Osmanova



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.04.2019
22.04.2019