Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Təhsil işçiləri beynəlxalq təlimlərdə iştirak edəcəklər
Tarix: 14.01.2019 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Bununla bağlı nəzərdə tutulan müsabiqəyə qatılmaq istəyən iştirakçılar hansı kriteriyalara cavab verməlidir?

“eTwinning Plus” layihəsinə qoşulmuş təhsil işçilərinin 2019-cu il ərzində xarici ölkələrdə keçiriləcək beynəlxalq təlimlərdə iştirakı ilə bağlı seçim müsabiqəsinə başlanılıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, il ərzində “eTwinning” proqramı üzrə layihələrdə iştirak edən təhsil işçiləri üçün müxtəlif seminar, konfrans və peşəkar inkişaf proqramları təşkil olunur. Xarici ölkələrdə keçirilən tədbirlər əsasən 2-3 gün davam edir. Müəllimlər üçün təlimlərdə iştirak ödənişsizdir.
Tədbirlərdə iştirak üçün seçim müsabiqəsi 2 mərhələdə aparılır. Birinci mərhələyə müraciət edən iştirakçı ən azı bir il “eTwinning Plus” layihəsində iştirak etməli, həyata keçirilmiş 5-dən çox təhsil layihəsinin müəllifi və ingilis dilində ünsiyyət bacarıqlarına malik olmalı, “eTwinning” portalından istifadə edə bilməlidir.
Müsabiqənin 2-ci mərhələsinə keçən namizədlərlə müsahibəni Təhsil Nazirliyinin İşçi Qrupu aparır. Müsahibədə uğur qazanan namizədlər “eTwinning” proqramı çərçivəsində Avropada keçiriləcək beynəlxalq təlimlərdə iştirak hüququ qazanırlar.

Qeyd edək ki, Azərbaycanda “eTwinning Plus” layihəsi 2016-cı ildən etibarən Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən reallaşdırılır. Layihə çərçivəsində indiyədək 419 məktəbdən 1166 müəllimin iştirakı ilə 1053 təhsil layihəsi həyata keçirilib.
Ümumiyyətlə isə “eTwinning” Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsidir və pedaqoji işçilərə ünsiyyət qurmaq, əməkdaşlıq etmək, layihələr yaratmaq, icra etmək və Avropada ən maraqlı öyrənmə icmasının bir hissəsi olmaq imkanı verir. 2005-ci ildə yarandığı ilk dövrdən başlayaraq “eTwinning” icmasına üzv olanların sayı getdikcə artıb və 200000 nəfərə çatıb.
Məsələn, ötən il Bakıda “eTwinning Plus” layihəsi çərçivəsində “Təhsildə İKT” mövzusunda seminar təşkil olunub. Tədbirdə Azərbaycan, Bolqarıstan, Finlandiya, Fransa, Gürcüstan, Latviya, Malta, Çexiya və Slovakiyadan müəllimlər və “eTwinning” layihəsi üzrə nümayəndələr iştirak ediblər. Seminar layihədə iştirak edən müəllimlərin bilik və bacarıqlarını artırmaq və layihənin Azərbaycanda genişləndirilməsini təmin etmək məqsədi daşıyıb. Tədbir çərçivəsində həm xarici, həm də yerli mütəxəssislərin rəhbərliyi ilə İKT-nin təhsildə tətbiqini, layihə əsaslı təhsili və müəllimlərin XXI əsr bacarıqlarını inkişaf etdirəcək müxtəlif təlim və müzakirələr təşkil olunub.
Bundan başqa, ötən il Türkiyənin İstanbul şəhərində və İtaliyanın paytaxtı Romada “eTwinning Plus” layihəsi çərçivəsində keçirilən tədbirlərdə Azərbaycanın təhsil işçiləri də iştirak ediblər. Tədbirlərdə XXI əsr bacarıqları, kompüter elmlərinin tədrisi, layihə əsaslı təhsil mövzusunda müzakirələr aparılıb.

İstanbulda keçirilən seminarda Sumqayıt şəhər 26 nömrəli tam orta məktəbin müəllimi Könül Qaffarova, İsmayıllı rayon 1 nömrəli tam orta məktəbin müəllimi Bahar Abdullayeva və Leyla Babayeva, Romada təşkil olunan konfransda isə Bakı Avropa Liseyinin direktoru Aygün Mikayılova və Sumqayıt Təfəkkür Liseyinin direktoru Qönçə Səftərova iştirak ediblər.
Yeri gəlmişkən, Azərbaycan Avropa İttifaqının təhsil proqramlarına 1994-cü ildən qoşulub. Əgər əvvəllər sözügedən qurumun bir neçə aparıcı proqramı - Erasmus Mundus, Tempus, Jeanne Monnet və digərləri fəaliyyət göstərirdisə, 2014-cü ildən bütün bunlar Erasmus+ adlı vahid proqrama birləşdirilib. Bütün proqramların birləşdirilməsindən sonra iştirakçıların coğrafi əhatəliliyi də artıb. Belə ki,
əgər əvvəllər Erasmus Mundus və Tempus proqramları üzrə Aİ-yə tərəfdaş ölkələrinə coğrafi cəhətdən yaxın sərhəd dövlətlərdən 28-i iştirak edirdisə, indi isə bu göstərici bütün dünyanın əhatə edir. Buraya Aİ ölkələrdindən uzaq Çin, Əfqanıstan, Monqolustan, hətta Argentina da daxildir.
Vahid proqramın aparıcı istiqamətlərindən biri “Tələbə və akademik heyətin qısamüddətli mobilliyi”dir. Yəni, ali təhsil ocaqlarının tələbə, professor-müəllim, rəhbər heyətin təhsil və ya staj müddətini Avropa universitetlərində üç aydan bir ilədək keçirməsidir. Bütün xərclər tamamilə Aİ tərəfindən ödənilir.
Digər istiqamət “Erasmus Mundus proqramının birgə magistr diplomları”dır. Burada Aİ magistr təhsil müddətini 2 ilədək maliyyələşdirir. Bu müddətdə tələbə iki, üç, bəzən isə dörd Avropa universitetini dəyişə bilər. Bu proqramın üstünülüyü ondan ibarətdir ki, məzun aparıcı Avropa universitetlərinin bir neçə diplomuna sahib ola bilir.
Erasmus+ proqramının üçüncü ən iri istiqamələrindən biri də “Ali təhsilin potensialının yüksəldilməsi layihəsi”dir. Bu, ali təhsilin müasirləşdirilməsini dəstəkləyərək Avropa ölkələri ilə Aİ tərəfdaş ölkələri arasında universitetlərarası əməkdaşlığı təmin edir.

Bundan başqa, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi adlı qrant proqramı layihəsi də öz əhəmiyyəti ilə seçilir. Burada fərdi şəxslərin formal təhsil və təlim sistemindən kənarda müxtəlif öyrənmə mühitində və fərqli üsullarla, əsasən də praktiki olaraq əldə etdiyi bilik, bacarıq və səriştələrin müəyyən edilməsi, qiymətləndirilməsi və tanınması prosesi nəzərdə tutulur. Təbii ki, informal və qeyri-formal kontekstlərdə əldə edilmiş bu səriştələrin yoxlanılması və tanınması mexanizmləri hər ölkənin təhsil sisteminin xüsusiyyətlərini nəzərə alaraq qurulur. Son illərdə Azərbaycanda belə bir sistemin ilk dəfə olaraq yaradılmasına böyük zərurətin olduğu bir sıra mühüm dövlət proqramlarından bəlli olur.Belə ki, 2015-ci ildə təsdiq olunmuş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında informal və qeyri-formal üsullarla əldə olunmuş səriştələrin tanınması üçün yeni bir sistemin tətbiqi nəzərdə tutulur. Fəaliyyət Planı ilə yanaşı, həmçinin Azərbaycan Respublikasında peşə təhsilinin və təliminin inkişafına dair strateji yol xəritəsi də, Azərbaycanda yüksək ixtisaslı kadr bazasının gücləndirilməsi və alternativ təhsil vasitəsi ilə peşə səriştələrinin artırılması imkanlarını dəstəkləyir.Avropa İttifaqı və BMTİP tərəfindən həyata keçirilən Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi layihəsi hökumətin məhz bu səylərinə dəstək verərək, təhsilin keyfiyyətini və təhsil sahəsində bərabərliyi artırmağa yönəlibdir. Layihə həmçinin milli peşə təhsili və təlim sisteminin Avropa standartları və ən qabaqcıl təcrübələrlə uyğunluğunu təmin etmək məqsədi daşıyır.Azərbaycanda atılan bu addımların təzahürü və davamı olaraq, Avropa Birliyi və BMT-nin İnkişaf Proqramı Gəncə Dövlət Peşə Təhsil Mərkəzində əvvəlki təhsilin tanınması mexanizminin yaradılması və pilot qaydada həyata keçirilməsi ilə bağlı səylərə dəstək göstərirlər. Belə ki, ötən ilin yazından etibarən Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi proqramının tərkib hissəsi olaraq, Aİ və BMTİP “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsini icra edirlər.

Birgə fəaliyyət çərçivəsində Aİ və BMTİP həmçinin Qeyri-formal və İnformal Təhsilin Təsdiqlənməsinin (QFİTT) icrasına kömək edəcək metodoloji göstərişlər hazırlamağı nəzərdə tutur. Metodoloji göstərişlər QFİTT qiymətləndirməsi ilə bağlı əsas tələb və prosedurların, eləcə də qiymətləndirmə prosesində iştirak edən bütün maraqlı tərəflərin vəzifə və öhdəliklərinin müəyyən edilməsi, həmçinin QFİTT proseslərinin monitorinqi və keyfiyyət təminatı ilə bağlı tədbirləri əhatə edəcək. Qeyd edək ki, vətəndaşların əvvəlki təhsil və səriştələrinin qiymətləndirilməsini həyata keçirmək üçün Azərbaycanda xüsusi Sertifikatlaşdırma Mərkəzinin yaradılması nəzərdə tutulur. Aİ və BMTİP-in birgə təşəbbüsü olan “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi yeni yaradılacaq Sertifikatlaşdırma Mərkəzi ilə sıx əməkdaşlıq şəraitində davam edəcək. İnformal və qeyri-formal təhsilin tanınması istiqamətində aparılan layihə fəaliyyətləri Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının maliyyə dəstəyi ilə BMTİP, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən birgə icra ediləcək.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.02.2019
23.02.2019
22.02.2019