Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanda elmi populyarlaşdıranlara mükafat veriləcək
Tarix: 15.01.2019 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Bununla bağlı müsabiqənin nəticələri “Elm Günü” ərəfəsində açıqlanacaq

Elmin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətə görə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti müsabiqə elan edib.

Sözügedən qurumdan verilən məlumata görə, AMEA Rəyasət Heyətinin mükafatı elmi biliklərin populyarlaşdırılması, elmi nailiyyətlərin, görkəmli Azərbaycan alimlərinin elmə verdiyi töhfələrin, habelə, yeni elmi istiqamətlərin təbliğ edilməsi, akademiyanın fəaliyyətinin geniş işıqlandırılması, gənclərdə elmi fəaliyyətə marağın oyadılması məqsədilə AMEA prezidenti tərəfindən 10 iyul 2017-ci il tarixində imzalanmış sərəncama əsasən təsis edilib.
Mükafata iddiaçılar AMEA-nın həqiqi və müxbir üzvləri, habelə akademiyanın elmi müəssisə və təşkilatlarının elmi şuraları tərəfindən irəli sürülür. İddiaçılar yalnız AMEA-nın əməkdaşları və ya yaradıcı kollektivləri ola bilər.
AMEA Rəyasət Heyətinin mükafatına layiq görülən şəxslərə müvafiq diplom və 3 min manat məbləğində pul mükafatı verilir. Mükafata kollektiv layiq görüldükdə, diplom müəlliflərin hər birinə verilir, pul mükafatı isə müəlliflər arasında bərabər bölünür. Müsabiqənin nəticələri 27 Mart – Elm Günü ərəfəsində elan olunacaq.

Qeyd edək ki, bu gün dövlət siyasətinin əsas istiqamətlərindən biri elm və təhsil sahəsinə göstərilən qayğının ardıcıl davam etdirilməsi, elmi-texniki potensialın qorunub-saxlanılması məsələsidir. Sözsüz ki, Azərbaycan məhz dövlət müstəqilliyini bərpa etdikdən sonra, elmdə islahatların həyata keçirilməsi üçün əlverişli zəmin yarandı. Belə ki, Prezident İlham Əliyevin 2003-cü il 4 yanvar tarixli Fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasına Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elm və elmi-texniki siyasətini həyata keçirən, Azərbaycandakı bütün elmi müəssisələrinə ali məktəblərin elmi-tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, Azərbaycan Respublikasını xarici ölkələrdə elmi və elmi-texniki fəaliyyət sahəsində təmsil edən ali dövlət elmi təşkilat statusunun verilməsi ilə Akademiyanın fəaliyyət dairəsi xeyli genişləndirilib. Prezidentin 2009-cu il 4 may tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafi üzrə milli strategiya” və bu strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı təsdiq edilib. Bundan başqa, alimlərin elmi fəaliyyətində, xarici ölkələrlə əlaqələrin qurulmasında əsas götürülmüş mühüm sənədlərdən biri də dövlət başçısının 2009-cu il 4 may tarixli 255 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı”dır. Eyni zamanda, 2012-ci ildə ölkə başçısının alimlərə diqqət və qayğısının nümunəsi olaraq, tədqiqatların daha da genişləndirilməsi, elmi işçilərin əməyinin səmərəliliyinin artırılması, onların fəaliyyətinin yaxşılaşdırması, iş şəraitinin dünya standartlarına uyğunlaşdırılmasını təmin etmək məqsədilə Elmi-Tədqiqat Mərkəzlərinin (ETM) fəaliyyətinə təsir edəcək önəmli sərəncamlar imzalanıb.

Bundan başqa, dövlət başçısının 9 avqust 2016-cı il tarixli fərmanına əsasən Azərbaycanın elm tarixində ilk dəfə olaraq “Elm haqqında” qanun qüvvəyə minib. Bu qanun ölkəmizdə elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmin və elmi-innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edir.
Digər tərəfdən, ölkə Prezidentinin 2017-ci ildə təsdiqlədiyi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında da gənclərin intellektual fəaliyyətinin dəstəklənməsi və elmə həvəsləndirilməsi məsələsi öz əksini tapıb. Sənəddə göstərilib ki, gənclərin intellektual inkişafa və elmi fəaliyyətə həvəsləndirilməsinə yönəlmiş layihələrin dəstəklənməsi Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən mütəmadi Olaraq həyata keçirilməlidir. Bundan başqa gənc alim və mütəxəssislərin iştirak etdiyi layihələrə qrantların verilməsi üzrə müsabiqələrin təşkili Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən 2017-2021-ci illər ərzində reallaşdırılmalıdır.
Eyni zamanda, gənc alimlərin təcrübə mübadiləsi üçün şəraitin yaradılması, yerli və beynəlxalq elmi-praktiki konfrans, forum, festival, seminar və digər tədbirlərin keçirilməsi Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən 2017-2021-ci illər ərzində diqqət mərkəzində saxlanılmalıdır.

Mütəxəssislər də hesab edirlər ki, bu cür müsabiqələrin keçirilməsi gənc nəsil arasında da elmə marağın formalaşdırılmasında vacib rol oynayır. Onların fikrincə, hazırda ölkəmizdə elmin uğurlu inkişafının təmininə səbəb olan amillər çoxdur. Çünki uzun illərin təcrübəsi göstərir ki, elm və təhsil hər bir dövlətin davamlı sosial-iqtisadi və mədəni yüksəlişində mühüm rol oynayır. Bu istiqamətdə uğurlara nail olmaq üçünsə son illər büdcədən təhsilə ayrılan xərclərin həcmi davamlı olaraq artırılır. Məsələn, 2018-ci il dövlət büdcəsindən təhsil xərclərinə 2001,5 milyon manat vəsait ayrılıb ki, bu da 2017-ci illə müqayisədə 210,3 milyon manat və ya 11,2 faiz, 2016-cı ilin icrası ilə müqayisədə 247,1 milyon vəsait və ya 14,1 faiz çoxdur. Eyni zamanda, 2018-ci ildə elm xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi isə 2017-ci il səviyyəsində olmaqla 0,6 faiz təşkil edib. Belə ki, 2018-ci ildə elm xərclərinə 128, 1 milyon manat vəsait nəzərdə tutulmuşdu ki, bu da 2017-ci illə müqayisədə 9,5 milyon manat və ya 8,0 faiz çox idi. Həmin xərclər fundamental elmi tədqiqatların və dövlət orqanlarında mövcud olan elmi tədqiqat təşkilatları tərəfindən həyata keçirilən elmi işlərin maliyyələşdirilməsinə yönəldiləcək. 2018-ci ildə elm xərclərində maddi-texniki təminatın möhkəmləndirilməsi və digər tədbirlərin həyata keçirilməsi üçün 5, 4 milyon manat vəsait nəzərdə tutulmuşdu. 2019-cu ildə isə elm xərcləri üçün 134 milyon manat vəsait nəzərdə tutulub ki, bu da ötən illə müqayisədə 5 milyon manat və ya 4,2 faiz çoxdur.

Məlumat üçün onu da vurğulayaq ki, son illər elm sahəsində və elmin populyarlaşdırılması istiqamətində həyata keçirilən islahatlar bu sahəyə marağı xeyli artırıb. Statistikaya görə, əgər Azərbaycanda tədqiqat və işləmələrlə məşğul olanların sayı 2000-ci ildə 15809-dan 2014-cü ildə 23329-a çatıb. 2017-ci ildə isə ölkədə müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 141 elmi təşkilat və müəssisə fəaliyyət göstərib. Bu elm ocaqlarında elmi-tədqiqat və işləmələrlə 23 mindən artıq mütəxəssis məşğul olub, onların da 70 faizi tədqiqatçıdır. Mütəxəssislərin hər üç nəfərindən birinin elmlər doktoru və ya fəlsəfə doktoru alimlik dərəcəsi var. Bundan əlavə, elmi-tədqiqat bölmələrində ştatda olmayan və ali təhsil müəssisələrində çalışan 10 min nəfər elmi pedaqoyi işçi elmi-tədqiqat bölmələrində tədqiqat və işləmələri yerinə yetirir. Onların da yarıdan çoxu elmlər doktoru və ya fəlsəfə doktoru alimlik dərəcəsinə malikdir. Ötən il isə ölkədə tədqiqat və işləmələri yerinə yetirən təşkilatların və həmin təşkilatlarda tədqiqat və işləmələrlə məşğul olan heyətin sayı 20 min 580 nəfər olub. Onlardan 1414 nəfəri elmlər doktoru, 6243 nəfəri isə fəlsəfə doktoru elmi dərəcəsinə malikdir. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında 72 həqiqi, 111 müxbir, 3 fəxri, 1 xarici üzv, 12 professor var. Azərbaycanda tədqiqat və işləmləri yerinə yetirən təşkilatların sayı 137 olub.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.02.2019
23.02.2019
22.02.2019