Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bələdiyyə universitetləri
Tarix: 16.01.2019 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Ekspertlər hesab edirlər ki, ölkəmizdə bu statusta ali məktəblərin fəaliyyət göstərməsi üçün ən azı 6-7 il vaxt lazımdır

Nazirlər Kabineti "Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"ni təsdiqləyib. Nizamnaməyə əsasən, ali təhsil müəssisəsi ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq səviyyələr üzrə ali təhsil, habelə orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, “Elm haqqında” qanununa əsasən fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan publik hüquqi şəxsdir.

Bələdiyyə tərəfindən ali təhsil müəssisəsini müvafiq bələdiyyə yaradır.
Dövlət ali təhsil müəssisəsinə Azərbaycan Prezidentinin müəyyən etdiyi səlahiyyətlər çərçivəsində muxtariyyət hüququ (statusu) verilə bilər. Muxtariyyət hüququna malik ali təhsil müəssisəsi qanunvericiliyə və öz nizamnaməsinə uyğun olaraq, tədris, elmi tədqiqat, kadr, maliyyə-təsərrüfat və digər fəaliyyəti həyata keçirməkdə sərbəstdir. Ali təhsil müəssisəsinin fəaliyyətinə lisenziya "Lisenziyalar və icazələr haqqında” və “Təhsil haqqında” qanunlarına uyğun olaraq verilir. Ali təhsil müəssisəsində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.
Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsində təhsil dövlət hesabına və (və ya) ödənişli, bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsində təhsil bələdiyyə hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş şəxslərin dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisələrində təhsil xərcləri müvafiq qaydada dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin rektorunu Azərbaycan Respublikasının Prezidenti, bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin rektorunu bələdiyyə vəzifəyə təyin və ya vəzifədən azad edir. Rektor ali təhsil müəssisəsinin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən, vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etməyə, ali təhsil müəssisəsinin maraqlarına sadiq olmağa, onun maraqlarını öz maraqlarından üstün tutmağa, ehtiyatlı olmağa, qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa, habelə adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməyə borcludur. Rektor bu vəzifələrin ali təhsil müəssisəsinin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. O, öz vəzifələrini pozduğu halda, pozuntu nəticəsində ali təhsil müəssisəsinə dəymiş zərərin əvəzini ödəməlidir. Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsi bilavasitə mənfəət əldə etmək məqsədi güdmür.
İcra hakimiyyəti orqanının tabeliyində olan ali təhsil müəssisəsi büdcədənkənar mənbələrdən əldə etdiyi vəsaiti Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlər görülməsindən və xidmətlər göstərilməsindən əldə edilən vəsaitdən istifadə qaydasına uyğun olaraq xərcləyir. Dövlətin yaratdığı digər ali təhsil müəssisəsi büdcədənkənar mənbələrdən əldə olunan vəsaitin xərclənməsi istiqamətlərini sərbəst (bu Nümunəvi Nizamnamənin 5.13-cü bəndi nəzərə alınmaqla) müəyyən edir, təhsilverənlərə və təhsilalanlara maddi yardım göstərir.
Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsində dövlət hesabına göstərilən xidmətlərin dəyəri Nazirlər Kabinetinin təsdiq etdiyi maliyyə normativləri ilə müəyyən edilir. Ali təhsil müəssisəsinin ödənişli təhsil xidmətlərinin və bu Nümunəvi Nizamnamənin 5.11-ci bəndində nəzərdə tutulmuş fəaliyyətlə bağlı müvafiq məhsulların (malların, işlərin, xidmətlərin) qiymətləri dövlət tərəfindən tənzimlənməyən qiymətlərə aiddir.

Bundan başqa, sənəddə qeyd edilib ki, Azərbaycanda dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin büdcədənkənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə yönəldiləcək.
Nizamnaməyə əsasən, ali təhsil müəssisəsinin əmlakı nizamnamə fondundan, ona təsisçinin verdiyi digər əmlakdan, habelə dövlət büdcəsindən və ya yerli büdcələrdən ayrılan vəsaitdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan və öz nizamnaməsi ilə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitdən formalaşdırılır.
Ali təhsil müəssisəsi ona verilmiş əmlakdan yalnız nizamnaməsi ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Ali təhsil müəssisəsinin əmlakından təhsildənkənar məqsədlər üçün istifadə edilməsi qadağandır.
Müəssisə əmlakı üzərində sahiblik və istifadə hüquqlarını məqsədlərinə uyğun olaraq sərbəst, sərəncam vermək hüququnu isə tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə ilə razılaşdırmaqla həyata keçirir.
Ali təhsil müəssisəsi mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. Ali təhsil müəssisəsinin əmlakının idarə olunması ilə bağlı fəaliyyətinə nəzarəti tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə, yaxud onların səlahiyyət verdiyi şəxs həyata keçirir.
Müəssisənin büdcədənkənar mənbələrdən əldə etdiyi vəsait yalnız təhsilin inkişafına, müəssisənin maddi-texniki bazasının inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilir. Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin büdcədənkənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə (əməkhaqqına əlavələrə və digər stimullaşdırıcı ödənişlərə) yönəldilir.

Mövzu ilə bağlı fikirlərini bizimlə bölüşən təhsil eksperti Kamran Əsədov deyib ki, Azərbaycanda bələdiyyə məktəblərinin yaradılması məsəsələsi uzun illərdir müzakirə olunur: “İlk növbədə qeyd etmək istəyirəm ki, 2009 - cu ildə qəbul edilmiş “Təhsil haqqında” qanunla bələdiyyələrə məktəbəqədər təhsil müəssisəsi, orta və ali məktəb yaratmaq hüququ verilsə də, təəssüflər olsun ki, onlar indiyədək bu imkandan istifadə etməyiblər. Bunun əsas səbəbi bələdiyyələrin maddi-texniki bazaları zəifd olmasıdır. Hesab edirəm ki, ölkədə fəaliyyət göstərən bələdiyyələrin özlərinin innovativ düşüncələri də yoxdur. Onlar yeni mənbələr axtarıb tapmaq, yeni resurslar əldə etməklə bunları reallaşdıra bilərlər. Bələdiyyələrin təhsil müəssisələrini yalnız öz vəsaitləri hesabına yaratmaları vacib deyil. Təklif edirəm ki, bu işə sponsorları cəlb etmək olar, bələdiyyə ərazisində yaşayan imkanlı vətəndaşların hesabına yardım fondları yaratmaq olar. Düşünürəm ki, bələdiyyələr özlərinin biznes strukturlarını da yaratmalıdırlar ki, gəlirlərini artıra bilsinlər. Təəssüf ki, bələdiyyələrin əksəriyyətinin təşəbbüsləri, innovativ düşüncələri yoxdur. Yeni mənbələr, yeni resurslar axtarıb tapmaq onların işlərinə çox yaxşı təsir edə bilər. Amma real vəziyyət odur ki, bələdiyyələr hal hazırda məktəb yarada bilməzlər. Belə ki, Azərbaycanda bələdiyyə institutunun hələ arzuolunan səviyyəyə çatmayıb.

İlk növbədə, bələdiyyə seçkilərində iştirak etmək üçün təhsil tələbi yoxdur və bu o deməkdir ki, istənilən təhsili olmayan şəxs seçkilərdə qalib gəlib sonra təhsil müəssisələri aça bilər. Bundan başqa, ölkədə fəaliyyət göstərən bələdiyyələr yerli vergilər hesabına, bəzi yerlərdə isə bələdiyyələr dövlət tərəfindən onlara ayrılan dotasiya hesabına çalışırlar. Bu vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir. Hesab edirəm ki, bələdiyyələrin maliyyə məsələləri həll olunmayana qədər onlar təhsil müəssisələri aça bilməyəcəklər. Buna görə də ilk növbədə bələdiyyələrin maliyyə çatışmazlığı problemi həll edilməlidır. Bu problemin həlli üçün isə bələdiyyələrə müəyyən qədər səlahiyyətlər verilməlidir. Hazırda bələdiyyələrin səlahiyyətləri çox aşağıdır. Bələdiyyələrin səlahiyyətləri olmayana, maliyyə imkanları artmayana qədər onların belə imkanları da olmayacaq. Təklif edirəm ki, əgər biz bələdiyyə məktəbləri açmaq istəyiriksə , qardaş Türkiyə modelindən istifadə etməliyik. Çünki nə qədər ki, regionlarda bələdiyyə yox, icra hakimiyyəti orqanlarının rəhbərliyi mövcuddur, bələdiyyə ali məktəblərinin yaradılması mümükün deyil. Yəni, bələdiyyələrin fəaliyyəti tam şəkildə formalaşdırılmalı, onların maddi təminatı həll olunmalı, kadr potensialının gücləndirilməsi üçün müvafiq tədbirlər həyata keçirilməlidir. Düşünürəm ki, bunlar həyata keçiriləndən sonra ali məktəb aça bilərlər. Yaxın gələcəkdə bunu gözləmək olmaz. Bunun üçün azı 6-7 il vaxt lazımdır”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.02.2019
23.02.2019
22.02.2019