Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Əlil taksi sürücüsü: “22 ildir hamilə və uşaqlı qadınları pulsuz mənzil başına çatdırıram”
Tarix: 17.01.2019 | Saat: 10:00:00
Bölmə:Reportaj | çapa göndər

 Axşamın qara soyuğunda “Elmlər akademiyası” metrostansiyasının qarşısında durub avtobus gözləyirəm. Saat on birə işləyir. Başımı telefonun sarı işığından çəkib dayanacaqdan üzü yuxarı baxanda gözüm bir taksiyə sataşır. Daha doğrusu, taksinin üzərindəki yazıya. Bir anlıq duruxuram. Gözümdəki eynəyi çıxarıb avtomobilə bir-iki addım da yaxınlaşıram. Yazını daha yaxından görmək üçün addımlarımla yanaşı gözlərimi də qıyıram...

Yox, gözüm aldatmayıb. Kağız lövhədəki yazını olduğu kimi oxuyuram: “Hamilə və 1 yaşına qədər uşaqlı valideynə bu taksidə gediş pulsuzdur”. Yox, siz də düz oxudunuz. Taksinin sağ tərəfdən ön qapısını döyürəm. Pəncərəni aşağı salır. Mənsə qapını açıram. Yaşlı bir kişi üzümə gülümsəyib – sifarişi siz vermisiniz? – deyir. Beləcə söhbətə başlayırıq.

“22 ildir ki, bu elanla...”

-Yox, sifarişi verən mən deyiləm – cavabı ağzımdan çıxır. Yaşlı taksi sürücüsü gözündən eynəyi çıxarıb kim olduğumu soruşur. Jurnalistəm, hafta.az-ın əməkdaşıyam- deyirəm:

-Dayı, bu elana görə sizi narahat edirəm.

Ürəyimdə dedim ki, indi sürücü –sən də uşaqlısan?-sualını verəcək. Amma dillənmədi. Əvəzində arxaya baxdı ki, qadınlayam ya yox... Buyur- deyə sual dolu nəzərlərlə üzümə baxıdı:

-Bu elan düzdü? Doğrudan hamilə qadınlar və 1 yaşına qədər qucağında uşaq olan xanımlardan pul almırsınız?

-Bəli.

-Nə vaxtdan bu elanla şəhərin küçələrini dolaşırsınız?

-Düz 22 ildir.

Taksi sürücüsü özünü təqdim edir: Camaləddin Qaracayev. Camaləddin kişi 1997-ci ildən taksi sürücüsü işləyir. Elə həmin gündən bu elan maşınının arxa şüşəsini bəzəyir. Bir fərqlə, əvvəl krill əlifbası ilə olub, indi latın hərfləri ilə yazılıb. Dediyinə görə ali təhsillidir: “Universitet bitirmişəm. “Poltexnik”də oxumuşam. “Maşınqayırma” fakültəsindən məzun olmuşam. 22 ildir taksi sürücüsü kimi çalışıram. Özüm də ikinci qrup əliləm. Bu elan çoxlarına təccüblü gəlir. Gəlməməlidir. Bu mənim insanlıq borcumdur. Özü də təkcə gediş pulsuz deyil. Gediş və dönüş bir yerdə..., pul almıram. Elə hamilə qadın olub ki, elanı oxumadan minib, düşəndə pul uzadıb yenə də almamışam. Elanı göstərmişəm”.

Həmsöhbətim deyir ki, əgər qucağında bələkli uşağı və ya hamilə olduğunu bildiyi qadın imkanlı şəxs olsa belə ənənəsini pozmur.

“İki dəfə aldadıblar...”

Yaşı yetmişi haqlamış Cəmaləddin kişi deyir ki, iki dəfə onun bu elanından, daha doğrusu, etibarından süi-istifadə ediblər. Özü də biri kişi olub, o biri də qadın. Həmin şəxslərin üz quruluşundan tutmuş, ad-soyadlarına kimi bütün “dannıları” yaddaşına həkk etdiyini deyir: “Mindilər maşına. Ayrı-ayrı vaxtlarda olub. İkisi də 50 manat mənə borcludur. Taksiyə mindikdən sonra 50 manatlıq yol sürdürdülər. Qadının 50 metr uzunluğunda villası var idi. Özü də Novxanıda. Oğlan da narkoman idi.Heç biri pul vermədi. Həmin oğlan guya “ailəmdir”-adıyla maşına əyləşmişdi. Bir qızın da qucağında uşaq var idi. Sonradan bilmişəm ki, ailə deyilmişlər. Bunlar heç bir-birini tanımırmış. Məni aldadan ikinci adam, yəni o xanım isə oğlanları ilə maşına əyləşmişdi. Düşüb getdilər. Arxadakı gəlin də -bu küçənin ayağında düşəcəyəm – deyəndə aldadıldığımın fərqinə vardım”.

Camaləddin kişi insanların səmimiyyətinə inanıb çağrılan ünvanlara getdiyini deyir.

İnsaflıları, əvəz çıxanları da olub...”

Həmsöhbətim deyir ki, müştərilərdən insaflıları, əvəz çıxanları da olub. Vaxtilə hamilə və ya uşaqlı həyat yoldaşı ilə avtomobilinə əyləşənlər sonradan tək minərək gedişhaqqını artıqlaması ilə ödəmək istəyiblər. Amma taksi sürücüsü buna da imkan verməyib: “Bütün müştərilərimin üz cizgiləri hafizəmdə qalır. Bir neçə dəfə nə vaxtsa pulsuz xidmətimdən yararlananlar sonradan bunun əvəzini çıxmaq istəyiblər. Artıq pul vermək üçün boş-boşuna şəhərin bu başından o başına sürdürüblər. Hiss etmişəm. Artıq pul almamışam. Dil-ağız edib düşüblər”.

Niyə məhz hamilələr?

Cəmaləddin kişidən bu endirimin niyə məhz şəhid ailələrinə yox, hamilə qadınlara şamil edildiyini soruşuram:

-Şəhid ailələri, əlillər üçün dövlət var. Dövlət baxsın, baxır da... Amma hamilə qadınlar üçün şəhid ailələrinə verilən imtiyazlar verilməyib. Ola bilər ki, əri olmasın. Ağır vəziyyətdə yaşasınlar.

-Bayaq dediniz ki, özünüz də əlilsiniz? – sözümü ağzımda qoyur:

-Bəli, 2-ci qrup əliləm. 147 manat pensiya alıram. Ailəm, uşaqlarım var. Allaha şükür, dolanışığım pis deyil. Ehtiyacım yoxdur o pula, həmin puldan 50 manatı da 1 nömrəli uşaq evinə yardım üçün ayırmışam. Savabdır. Həftədə bir dəfə bazarlıq edib gedirəm.

-Bəs həftədə neçə uşaqlı və ya hamilə qadın bu taksiyə əyləşir?

-Elə olur ki, hər gün. Bəzən də həftədə 2-3 dəfə. Yenə deyirəm, məsafənin fərqi yoxdur. Şəhərin bu başından o biri tərəfinə də getsəm, pul almıram. Hardasa, ayda 10-15 nəfər bu xidmətdən istifadə edir.

Birdən pəncərə döyülür. Cəmaləddin dayının müştərisidir. Gözlətdiyi üçün üzr istəyir. Maşından düşürəm. Müştəri arxa qapını açıb öndən əyləşir və dayanacaqda qucağında uşağı sinəsinə sıxmış xanımı səsləyir:

-Sevda, gəl, düz görmüsən, budur...

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.02.2019
23.02.2019
22.02.2019