Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
20 Yanvar hadisələri xatirələrdə - Reportaj
Tarix: 20.01.2019 | Saat: 14:36:00
Bölmə:Reportaj | çapa göndər

1990-cı ilin qanlı 20 Yanvar hadisələrindən 29 il ötür.

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, Ümumxalq Hüzn Günündə insan izdihamı Şəhidlər Xiyabanına axın edir. Səhər saatlarından başlayaraq, əvvəlcə dövlət və hökumət nümayəndələri, daha sonra sıravi vətəndaşlar 20 Yanvar şəhidlərinin qəbirlərini ziyarət edərək məzarları üstə tər qərənfillər düzüblər.

Saat 12:00-da şəhidlərin ruhuna ehtiram əlaməti olaraq Xəzər dənizindəki gəmilər fit verib. Hərəkət dayanıb. Daha sonra şəhidlər xiyabanına insan axını davam edib.

20 Yanvar hadisələri zamanı hələk olan Vətən övladlarının yaxınları ilə söhbətləşdik. Onlar hadisələrin üzərindən 29 il keçsə də sovet işğalçılarının Azərbaycan xalqının başına gətirdiyi müsibətlərin yarasının hələ də qaysaq bağladığını, sağalmadığını deyirlər.

20 Yanvar şəhidi Nizami Hüseynovun bacı və qardaşları, övladları ilə söhbətləşirik. Məzarını ziyarətə gəliblər. Nizami Hüseynovun 33 yaşında şəhid olduğunu deyirlər: “Axşam atışma səsinə bayıra çıxdı. “Jiquli”si vardı. Ağ rəngdə idi. Tanklardan, ağır silahlardan atırdılar. Kimi görsəydilər, vururdular. Nizami də yaralıları xəstəxanaya daşıyırdı. 30 nəfər yaralını “Semaşka”ya, “Respublikanski”yə aparmışdı. Axırıncı reysdə özü də yaralanır və xəstəxananın həyətindəcə can verir. Amma yaralıları xəstəxanaya çatdıra bilir”.

Vaqif adlı şəxs deyir ki, hadisələr zamanı yanında gənc bir oğlanı vururlar. Özü də “Salyanski” kazarmanın qabağında. Özü də həmin hadisələr zamanı yaralanır. Əlil olur: “Bir oğlan gəldi. Bığlı, enlikürək biri idi. Dedi ki, “Salyanski” kazarmanın yanından tankar şəhəri gülləbaran edəcək. Onları oradan çıxmağa qoymamaq lazımdır. Heç adını da bilmirdim. Elə biz ora çatanda atmağa başladılar. Adını da bilmədik. Necə vurmuşdularsa, üz-gözü al-qan içərisində idi. Sonra orada mənimlə olan uşaqlar dedi ki, bizi kazarma istiqamətinə aparan oğlan da şəhid oldu. Adını bilmədikləri üçün “naməlum” kimi buraya dəfn etdilər. Çünki üz-gözü tanınmaz halda idi”.

Akif adlı bir yaşlı kişi də 20 Yanvar hadisələri zamanı qətl edilən institut işçisinin necə şəhid olmasından danışır. Yer Quruluşu Layihə İnstitutundan bir tanışım var idi – deyir.Adı-soyadı İzzət Həmidovdur: “Yaşlı adam idi. 50-60 yaşı olardı. Yanvarın 20-i idi. Artıq ruslar şəhəri altını üstünə çevirmişdilər. Birdən ağ maşın dayandı. Hər gün məndən qəzet alırdı. O vaxtlar qəzet satırdı. Hadisədən xəbəri yox idi. Həyat yoldaşı ilə öz avtomobillərində iş yerinə tərəf gedirlər. Onların institutu da bir az aralıda – “Salyan qazarması”nın yanında yerləşirdi. İnstitutun yanında yolun bağlı olduğunu gördü. İzzət müəllim aşını saxlayıb düşdü. Bizə sarı gəldi. Yolu niyə bağlayıblar deyə soruşdu. Heç beş dəqiqə deyildi ki, söhbət eləməyə başlamışdı. Qəfildən avtomat şaqqıldadı. Bu zaman açılan atəş nəticəsində yerə yıxıldı. Tez götürüb kənara çəkdik. Maşınla xəstəxanaya göndərdik. Amma şəhid oldu. Hər il məzarı üstünə gəlirəm. Çünki düz yanımdaca şəhid oldu. O güllə mənə də dəyə bilərdi”.

İnsanların arasından keçdikcə azyaşlıların, körpə uşaqlarında şəhidlərin məzarı üstünə gül-çiçək dəstələri düzdüyünü görürəm. O qanlı şənbə gecəsi azadlıq toxumunu bu millətin qəlbinə əkən şəhidlərin heç vaxt ölməyəcəyini düşünürəm.Çünki onlar bizə üçrəngli Azərbaycan Bayrağını əmanət edib getdilər. Allah rəhmət etsin!

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələrinin fövqəladə vəziyyət elan edilmədən yeridilir. Dinc əhaliyə divan tutulur. Hücum nəticəsində yüzlərlə insan qətlə yetirilir. Yaralanır. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirir. 20 nəfəri ölümcül yaralanır. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülür. övqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilir. Təkcə Bakıda 144 nəfər şəhid olur. 600-dən çox insan yaralanır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.02.2019
23.02.2019
22.02.2019