Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dövlət qurumlarının mətbu orqanları - ARAŞDIRMA
Tarix: 24.01.2019 | Saat: 18:30:00
Bölmə:Araşdırma Sosial | çapa göndər

Bağlananlar da var, yoluna davam edənlər də…

Bu gün ölkədəki bir çox dövlət qurumlarının mətbu nəşrləri fəaliyyət göstərir. Hətta elə nəşrlər var ki, qurum yarandığı vaxtdan fəaliyyətdədir. Bu cür mətbu nəşrlər əsasən, abunə yolu ilə yayılırlar. Lakin etiraf etmək lazımdır ki, son illər internet mediasının inkişafı və daha çox operativliyə üstünlük verilməsi, eləcə də müəyyən maliyyə çətinlikləri maddi dayanıqlılığı sabit sayılan bu nəşrlərin fəaliyyətinə də təsirsiz ötüşməyib.

Məsələn, iyirmi ildən artıq çap ömrü olan “Rabitə dünyası” qəzeti bir neçə ildir fəaliyyətini dayandırıb. Xatırladaq ki, keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin orqanı olan bu qəzetlə yanaşı, sözügedən qurumun ictnews onlayn xəbər xidməti də mövcud olub. Hazırda həmin xəbər xidmətinin fəaliyyəti təkmilləşdirilib və saytda Azərbaycan, rus, ingilis dilində məlumatlar yayılır.
18 ilə yaxın çap ömrü olan "Vergilər" qəzeti ötən ilin dekabrından fəaliyyətini dayandırıb. Qeyd edək ki, qəzet 10 mart 2000-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən hüquqi şəxs kimi rəsmi dövlət qeydiyyatına alınıb və 12 fevral 2001-ci ildə ilk nüsxəsi işıq üzü görüb. "Vergilər" qəzeti 2005-ci ildə "İlin sahə qəzeti" adına, 2006-cı ildə hüquqi maarifləndirmə sahəsindəki fəaliyyətinə görə "Fəxri diplom"a, 2011-ci ildə iqtisadi sahədə hüquqi maarifləndirmə və vergi mədəniyyətinin formalaşdırılması sahəsində gördüyü işlərə görə "Diplom"a layiq görülüb. Amma bütün bunlara baxmayaraq qəzet 2018-ci ilin dekabr ayından www.vergiler.az informasiya portalı kimi fəaliyyətini davam etdirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sosial Həyat” jurnalının çap ömrü isə cəmi 2 il olub. Belə ki, 2016-cı ilin aprel ayından nəşr olunan jurnalın fəaliyyəti ötən ildən dayandırılıb.
Ölkədə fəaliyyət göstərən nazirlik və komitələrlə yanaşı, bir vaxtlar yerli icra hakimiyyətləri də öz qəzetlərinin olmasında həvəsli idilər. Bu məsələdə ən uğurlu piarı isə Binəqədi rayon İcra Hakimiyyəti aparırdı. Bir neçə il bundan əvvəl sözügedən qurumun təsis etdiyi “Binəqədi” qəzeti olduqca populyar idi. Lakin buna baxmayaraq maliyyə çətinlikləri səbəbində fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı.
Maraqlıdır, bəs görəsən, bu təhlükə dövlət qurumlarına aid digər nəşrləri də gözləyirmi? Dövlət qurumları 2019-cu ildə bu nəşrlərlə bağlı hansı fəaliyyət planı nəzərdə tutublar?
Təbii ki, bu suallara cavab tapmazdan əvvəl, nazirlik və komitələrə məxsus mətbu nəşrlər barədə araşdırma apardıq. Araşdırmamız zamanı məlum oldu ki, ölkənin əksər dövlət qurumlarının internet resurs mənbəyi ilə yanaşı, mətbu nəşrləri də mövcuddur. Hətta bəzi qurumların bir deyil, bir neçə nəşrləri var.

Hansı qurumların hansı nəşrləri var?

Əmlak Məsələləri Dövlət Komitəsinin “Mülkiyyət” qəzeti, “Daşınmaz əmlak” jurnalı mövcuddur. Səhiyyə Nazirliyinin “Tibb” qəzeti ayda 1 dəfə olmaqla oxucuları ilə görüşür. Milli Məclisin “Milli Məclis” jurnalı və “Azərbaycan” qəzeti var. Jurnal aylıq nəşr olunur, abunə yolu ilə yayılır. “Azərbaycan” qəzeti isə gündəlik nəşrdir, həm abunə, həm də satışdan qəzeti əldə etmək mümkündür. Dövlət Gömrük Komitəsinin həftəlik “Gömrük xəbərləri” qəzeti, ayda bir dəfə nəşr olunan “Gömrükçü” jurnalı var.
Fövqəladə Hallar Nazirliyinin eyniadlı qəzeti mövcuddur. “Fövqəladə Hallar Nazirliyinin qəzeti” həftədə bir dəfə olmaqla oxucuları ilə görüşür. Mədəniyyət və Turizm Nazirliyinin “Mədəniyyət” qəzeti var ki, bu nəşr həftədə 2 dəfə nəşr olunur. Respublika üzrə abunə yolu ilə paylanılır, eyni zamanda köşklərdən də qəzeti almaq mümkündür. Daxili İşlər Nazirliyinin “Mübariz keşikdə”, “Polis”, “Əsgər” qəzetləri və “Asayişin keşiyində” jurnalı var. Dövlət İmtahan Mərkəzinin “Abituriyent” redaksiyası var ki, orada müxtəlif səpkili vəsaitlər, o cümlədən jurnallar, elektron disklər, test kitabçaları, dərs vəsaitləri, eyni zamanda “Abituriyent” jurnalı çap olunur.

Maliyyə Nazirliyinin “Maliyyə və uçot” jurnalı dərc olunur. Ayda bir dəfə nəşr olunan jurnal həm abunə yolu ilə paylanılır, həm də köşklərdə satılır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Cəmiyyət və Din” qəzeti və “Dövlət və Din” ictimai fikir toplusu mövcuddur. Ədliyyə Nazirliyinin “Qanunçuluq”, “Cəmiyyət və cəza” jurnalı, həmçinin “Ədliyyə” qəzeti var. Kənd Təsərrüfatı Nazirliyinin “Kənd həyatı” və “Azərbaycan aqrar elmi” adlı iki mətbu nəşri mövcuddur. Təhsil Nazirliyinin “Azərbaycan müəllimi” qəzeti və Təhsil TV-si var.
Məlumat üçün onu da bildirək ki, Azərbaycanda heç bir mətbu nəşri olmayan dövlət qurumları da mövcuddur. Məsələn, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Xarici İşlər Nazirliyi bu siyahıda yer alan dövlət orqanlarıdır.

“Ənənənin pozulmasını istəmirik”

Təhsil Nazirliyinin “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Nurəddin Heydərov bizimlə söhbət zamanı bildirib ki, öz fəaliyyətlərini təkcə ənənəvi çap mediası ilə məhdudlaşdırmayıblar. Onun sözlərinə görə, artıq bir ilə yaxındır ki, yeni formatda işləyirlər: “Hazırda bütün fəaliyyət saytımızın daha operativ və oxunaqlı olmasına yönəldilib. Bu məqsədlə ötən ildən başlayaraq sayt gündəlik iş rejiminə keçib. Eyni zamanda, sosial şəbəkələrdə həm qəzetimizin, həm də Təhsil TV-nin fəaliyyətini aktivləşdirmişik. Təbii ki, bu ildə bu istiqamətdə işimizi davam etdirəcəyik. Yəni, bütün gücü əsas etibarilə onlayn mediaya qoymuşuq. Çünki rentabellilik aşağı olduğundan qəzetin əvvəlki dövlərlə müqayisədə tirajı da azaldılıb. Mən baş redaktor gələndən sonra tiraj 2 min nüsxəyə qədər azalıb. İndi tirajımız 5 min nüsxəni ötmür. Amma yenə də çap mediasını saxlamaq niyyətimiz var. Çünki bu bir ənənədir və bu ənənənin pozulmasını istəmirik”.

Bu il “Azərbaycan müəllimi” qəzetinin çapdan çıxmasının 85 ilinin tamam olacağını xatırladan həmsöhbətimiz deyib ki, qəzeti yaşatmaq üçün onu daha oxunaqlı etməyə çalışlar: “Ötən müddət ərzində onlayn resurslarda işimizi genişləndirdik, həm sosial şəbəbkələrdə, həm də saytda operativliyə çalışırıq. Yəni, sayt daha çox xəbər yüklü, qəzet isə təhlil yüklüdür. Digər sahələrdən olan şəxslərin təhsillə bağlı düşüncələrini, əlaqlərini işıqlandırmağa çalışırıq, o yazıların videomateriallarını təqdim edirik. Qəzeti yeni istiqamətə inkişaf edtirməyə çalışırıq”.

“Bizim nəşrlərin öz oxucuları var”

Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov isə təmsil etdiyi qurumun nəşrlərindən danışarkən deyib ki, onların öz oxucuları var: “ “Mülkiyyət” qəzeti 1996-cı ildən çıxır. Qəzet həftədə bir dəfə çap olunur. Qəzetdə mülkiyətlə bağlı bir çox məsələlərə yer verilir. Bura qanunvericilikdən tutmuş, dəyişikliklərə qədər bir çox məqamlar daxildir. Bu qəzetdə əsasən də özəlləşdirməyə çıxarılan müəssisələrin elanları, keçirilən özəlləşdirmənin nəticələri yerləşdirilir. Təbii ki, ictimaiyyət də bu istiqamətdə məlumatları “Mülkiyyət” qəzetindən alır. Yəni, bizim nəşrlərin öz oxucuları var. Ona görə də həm qəzetimizin, həm də ayda bir dəfə işıq üzü görən jurnalımızın nəşri bu ildə də davam etdiriləcək. Bununla yanaşı, biz hər iki nəşrin elektron variantını saytımıza da yerləşdiririk. Yəni, çap variantını əldə edə bilməyən oxucular elektron variant vasitəsilə məlumatları əldə edə bilərlər”.

Hər iki formatı saxlamaq əsas hədəflərdəndir

“Mədəniyyət” qəzetinin baş redaktoru Vüqar Əliyev bizimlə söhbət zamanı rəhbərlik etdiyi qəzetin 1991-ci ilin yanvarından nəşr olunduğunu deyib: “Qəzetin təsisçisi Mədəniyyət Nazirliyidir. Nazirliyin mətbu orqanı kimi qəzet mədəniyyətlə bağlı dövlət siyasətinin istiqamətlərinə uyğun olaraq ölkənin mədəni həyatının bütün sahələrini davamlı şəkildə işıqlandırır. Qəzet həmçinin Azərbaycan Respublikasının mədəniyyət sahəsində beynəlxalq əlaqələrinə, mədəniyyətlərarası dialoq, mədəni irs nümunələrimizin öyrənilməsi və təbliği kimi mövzulara səhifələrində geniş yer verir. Bundan əlavə, dünya mədəniyyətinin diqqətçəkən olayları, mədəni inteqrasiya, mədəni müxtəliflik kimi mövzular qəzetin gündəm mövzularını təşkil etməkdədir”.

Baş redaktor qəzet həftədə iki dəfə nəşr olunduğunu bildirib: “Ötən il Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə qəzetin fəaliyyətinin daha səmərəli təşkili, o cümlədən dizaynının yenilənməsi və çap keyfiyyətinin yüksəldilməsi istiqamətində müvafiq tədbirlər görülüb. Belə ki, keçən ilin oktyabrından qəzet yeni A2 formatda 8 səhifə və rəngli tərtibatda çap olunur. 2008-ci ildən qəzetin elektron versiyası olaraq www.medeniyyet.az saytı oxucuların xidmətindədir.Həmin vaxtdan qəzetin bütün sayları çap günləri üzrə arxivləşdirilərək sayta yerləşdirilir. Saytın müvafiq bölmələrində mədəniyyətin ayrı-ayrı sahələri ilə bağlı ən müxtəlif mövzularda yazılar – xəbər, məqalə, araşdırma, müsahibə və s. toplanıb. Bu baxımdan www.medeniyyet.az saytı ötən dövr üzrə ölkəmizin mədəni həyatını əks etdirən ən zəngin elektron resurs sayıla bilər. 2019-cu ildə qəzetin həm çap formatında, həm də elektron versiyada fəaliyyətinin daha da yaxşılaşdırılması əsas hədəfimizdir. Yəni, hər iki formatı saxlamaq əsas hədəflərdəndir. Yeni ildən qəzetimizin ənənəvi rubrikalarına yeniləri əlavə olunub, oxucuların diqqətinə mədəniyyət və incəsənətimizlə bağlı yeni araşdırma yazıları, maraqlı müsahibələr, aktual mövzularda məqalələr təqdim etmək niyyətindəyik”.

“Tibb qəzeti”nin baş redaktor Nigar Məcidova da bizimlə söhbət zamanı bildirib ki, son illər elektron medianın inkişaf etməsinə baxmayaraq “Tibb qəzeti”nin fəaliyyətinin dayandırılması müzakirə mövzusu deyil: “Bizim qəzetimiz ilk dəfə 5 yanvar 1991-ci ildən “Şəfqət” adı ilə işıq üzü görüb. 15 yanvar 2007-ci il tarixindən isə “Tibb qəzeti” adı ilə nəşr olunur. Səhiyyə Nazirliyinin orqanı olan “Tibb qəzeti” ayda bir dəfə çapdan çıxır. Təbii ki, ötən illərdəki missiyamızı bu ildə də davam etdirəcəyik. Yəni, “Tibb qəzeti” 2019-cu ildə də ayda bir dəfə nəşr olunacaq və ölkədə,dünyada səhiyyəyə dair mühüm xəbərləri, baş verən önəmli hadisələri tibb ictimaiyyətinə çatdıracaq. Qəzetimizdə səhiyyənin təşkili qaydalarında, səhiyyə sahəsində qanunvericilik aktlarında və s. yeniliklər, dəyişikliklər, icbari tibbi sığortanın tətbiqi ilə bağlı mövcud vəziyyət, səhiyyənin inkişafı istiqamətində görülən işlər, tibb elminin nailiyyətləri əks olunacaq. Bununla paralel biz qəzetimizin 2014-cü ilin dekabr ayından fəaliyyə başlayan elektron versiyasını da təkmilləşdirməyi düşünürük”.

Çap format elektron versiyaya uduzur

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cəmi 2 il ömrü olan “Sosial Həyat” jurnalı isə yeni nəfəslə oxucuların görüşünə gəlməyə hazırlaşır. Amma bu dəfə çap deyil, elektron formatda. Bu barədə qəzetimizə danışan sözügedən qurumun mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib ki, ötən il sözügedən nəşrin fəaliyyətinin dayandırılması yeni formatla bağlı olub: “Hazırda bu istiqamətdə müvafiq işlər aparılır. Hesab edirik ki, elektron formatla daha çox oxucu kütləsinə çatmaq mümkündür. Çünki indi elektron media daha sürətli inkişaf edib və oxucu da məlumatları daha operativ şəkildə əldə etmək istəyir. Biz də günün tələblərini nəzərə alaraq yaxın aylarda “Sosial həyat” adlı elektron resurs istifadəyə verməyi planlaşdırırıq”.

Sevinc Osmanova



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019
14.06.2019