Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Azərbaycan və Gürcüstan arasındakı münasibətləri pozmağa çalışan zehniyyət çoxdan mövcuddur” – Zəlimxan Məmmədli
Tarix: 05.02.2019 | Saat: 17:11:00
Bölmə:Siyasət | çapa göndər

20 yanvar 2019-cu ildə Gürcüstanın Ahalkələkdə (Axalkalaki-red.) rayonunun Buqaşen kəndində Abxaziya və Qarabağın işğalında iştirak etmiş, Xocalı Soyqırımını törədən cinayətkarlardan olan separatcı Mixeil Avaqyana abidə ucaldıldı. Büstü ucaldanlar “uyğun zaman”ı da həssas nöqtəyə hesablamışdılar. Azərbaycan xalqının Hüzn gününə. Elə bu səbəbdən də Azərbaycandakı bəzi politoloqlar erməni dığasının büstünün erməni lobbisinin planı əsasında Ahalkələkdə ucaldığını düşündülər.

Amma məsələyə başqa bucaqlardan baxanlar da az deyil. Yəni, baş verən hadisə Gürcüstanın xanım prezidenti Salome Zurabişvilinin hakimiyyətinin ilk aylarında baş verdi. Hətta Kremlə yaxınlığı ilə seçilən Qərb təhsilli Zurabişvili hökumətini şovinist-milliyətçi, irqçi qərarlarda, addımlarda suçlayanlar da az deyil.

Bu da o deməkdir ki, İrəvan-Moskva-Bakı “üçbucağında” xalqların sülhə hazırlanması məsələsinin gündəmə gəldiyi bir zamanda şimal qonşumuz Gürcüstan tərəfi ilə razılaşdırılmış “nəbz yoxlaması”na gedib. Belə bir nəbz yoxlaması üçün ən həssas “diaqnoz işi” isə “büst məsələsi” olub. Hətta Gürcüstan tərəfindən rəsmi açıqlamalardan biri bu baxımdan lap həyəcan yaratmışdı: “Bakı ilə razılaşdırılıb...”. Rəsmi Tiflisin müəyyən instansiyasından verilən bu bəyanatın provakativ ya həqiqətdonlu olması isə indiyə qədər də sual altındadır. Çünki Tiflisdən gələn bu açıqlamaya Xarici İşlər Nazirliyi hələ ki, münasibət bildirməyib və ya buna tələsmir.

Bu məsələyə yenidən qayıdacağıq. Hələlik, bir məqama diqqət yetirək, fevralın 5-də, yəni bu gün saat 12:00-da Gürcüstan Parlamentinin qarşısında Abxaziyanın və Qarabağın işğalında iştirak etmiş separatcı erməni Mixeyil Avaqyana Axalkalakidə abidə qoyulmasına qarşı etiraz aksiyası keçirilməsi nəzərdə tutulurdu. Dəqiqləşdirilməmiş məlumatlara görə, Gürcüstan polisi bu aksiyaya icazə verməyib. Bununla bağlı sosial şəbəkələrdə bir neçə gün öncədən məlumat yayılmışdı. Aksiyada “Təxribatçılar, əlinizi Gürcüstan-Azərbaycan dostluğundan çəkin!”, “Seperatçı Mixeyil Avaqyanın büstü götürülsün!”, “Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü müzakirə predmeti deyil!”, “Separatçılığa və separatçılara YOX!”, “Gürcüstan-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir!” şüarlarının səsləndirəcəkdirlər.

Gürcüstandakı səfirliyimizdən fərqli olaraq Borçalı bölgəsində çoxluq təşkil edən soydaşlarımız məsələyə - erməni dığasına Ahakələkdə büst qoyulmasına çox sərt reaksiya verdi. Ən azından mediada yayılan xəbərlərin yalançısıyıq.

Ermənilər istisna olmaqla milli dini və siyasi mənsubiyyətindən asılı olmayaraq əksər Gürcüstan vətəndaşları seperatçılığı kəskin pislədiyi deyilir. Hətta Avaqyanın büstünün götürülməsini tələb edən gürcülər və azərbaycanlılar da az deyil. Gürcüstanın azərbaycanlı icmasının fəalları da bu hadisədən ciddi narahatlıq keçirdiklərini söyləyirlər. Soydaşlarımız Gürcüstan-Azərbaycan dostluğunun möhkəmlənməsi üçün bundan sonra da var gücləriylə çalışacaqlarını, amma Gürcüstanın ərazi bütövlüyünə qarşı vuruşmuş bir separatçıya abidə qoyulmasını qəbul etmədiklərini bildirirlər. Bir az rəsmi açıqlamaya oxşasa da, soydaşlarımızın fikirləri kifayət qədər açıqdır; büst götürülməlidir...

Baş verənlərə Borçalı İctimai Cəmiyyətinin sədri, uzun müddətdir ki, doğulub boya-başa çatdığı Gürcüstana girişi yasaqlanan Zəlimxan Məmmədli ilə işıq tutmağa çalışdıq. Zəlimxan Məmmədli hafta.az-a açıqlamasında deyib ki, hər halda baş verən son büst olayı xoşagəlməz hadisədir. Borçalı İctimai Cəmiyyətinin sədri onu da vurğulayıb ki, Gürcüstan və Azərbaycan arasındakı münasibətlər dərin qaltda etimadsızlıq müstəvisinə keçib: “Bu etimadsızlığı uzun zamandır ki, müşahidə edirdik. Müxtəlif hadisələrə münasibətdə Gürcüstanın qeyri-sağlam mövqeyində bunu aydın görmək olurdu. Söhbət Gürcüstandakı indiki iqtidardan gedir. Müxtəlif açıqlamalar verirdik. Müsahibələrimizdə buna işarə vururduq. Amma indi bu etimadsızlıq açıq müstəviyə keçib. Bu o qədər də xoşagələn şey deyil. Ona görə də strateji tərəfdaşlığın təməllərində bütün məsələlərin diplomatik yolla həll olunması ideal sayılır. Hətta anlaşılmazlıq baş versə belə, bu problem diplomatik müstəvidə həll edilir. Yekun rəy isə ictimaiyyətə təqdim olunur”.

Zəlimxan Məmmədli deyir ki, baş verən hadisə ilə bağlı rəsmi Bakı narahatlığını ifadə elədi. Amma Tiflis susur. Gürcüstandakı hakimiyyətin ağzına su alıb oturmasını Zəlimxan Məmmədli burada kənar qüvvələrin olması və bu kimi məqamlarla əlaqələndirir: “Ola bilər ki, razılaşmalar da mövcuddur. Hətta Gürcüstanın Xarici İşlər Nazirliyinin sözçülərindən biri “bu məsələ Azərbaycanla razılaşdırılıb” – deyə söz atdı. Amma bu fikrə nə rəsmi Bakıdan reaksiya verildi, nə də Tiflis bu fikrin üzərinə nəsə əlavə etdi. Yəni, “büst işi” ilə bağlı son ciddi açıqlama budur. Azərbaycan tərəfi açıqlama verməlidir ki, bu məsələ razılaşdırılıb ya yox. Razılaşdırılıbsa, kiminlə...?! Bizim oradakı səfirliyimiz mövcuddurmu, varsa, nə işlə məşğuldur?! Bizim orada ciddi investorumuz – SOCAR var. Bu cür ciddi hadisələrə müdaxilə edə bilirmi?! Ortada çoxlu suallar açıq qalıb. O cümlədən, Rusiya faktı var. Azərbaycan və Gürcüstan arasındakı münasibətləri pozmağa çalışan zehniyyət çoxdan mövcuddur. Bu da daha çox Rusiyanın maraqlarına uyğun görünür. Hətta İranın da maraqlarına uyğundur”.

Borçalı Cəmiyyətinin sədri deyir ki, biz Avropaya doğru gedirik. Bunu tormozlamaq üçün bütün vasitələr işə düşə bilər: “Məndə bugünkü aksiyaya icazə verilməməsi haqqında məlumatlar var. Amma bunu dəqiqləşdirə bilməmişəm. Parlament qarşısında baş tutmalı olan aksiyadan bəhs edirəm. Bunun özü də müəyyən suallar doğurur. Mən istərdim ki, bu “büst məsələsi” Gürcüstanda yaşayan, oranın vətəndaşı olan soydaşlarımız tərəfindən öz düşüncələrinə, duyğularına uyğun olaraq hərəkət trayektoriyası müəyyən etməlidirlər. Onların mənəvi dünyasına zədə vuran bu elementin aradan qaldırılması uğrunda fəaliyyət göstərsinlər. Bizim diplomatik korpusumuz da ayılmalıdır ki, elat bayramını yasaq edirlər. O cümlədən, artıq Xocalı soyqırımına ikili yanaşma var. Ona görə də bizim Xarici İşlər Nazirliyimiz bir az silkələnməlidir. Ayılmalıdır. Hadisələrə bir az geniş gözlə baxmalıdır. Cəmiyyətə də nələrin baş verməsini bəyan etməlidir. Hər halda tələsməməliyik. Zamanın özü də bir sıra məsələləri aydınlaşdıracaq”.

Həmsöhbətimiz Zəlimxan Məmmədliyə Salome Zurabişvilinin hakimiyyətinin ilk aylarında baş verən bu iyrənc hadisənin Gürcüstandakı soydaşlarımızın başına gətirilə biləcək faciələrin başlanğıcı ola bilərmi? –deyə soruşuruq. Zəlimxan bəy deyir ki, prinsipcə bu mümkündür. Ekspertin fikrincə, Gürcüstanın xanım prezidentinin siyasi cizgilərində sağlam milliyətçilikdən daha çox şovinizm, antiazərbaycan və türk qorxusu elementləri duyulur: “Amma Bidzina İvanişvlinin kapitalının böyük bir hissəsi Rusiyadadır. Biz bu düşüncədəyik. Burada prosesləri də o idarə edir. Onun kapitalının bağlı olduğu məkanlardır. Çox güman ki, “FSB”-də, Kremlin dərin qatlı siyasi institutlarında razılaşmaları var. Bu gün Azərbaycanı ciddi şəkildə təhdid edən məsələlərdən biri Gürcüstan üzərindən Ermənistanla Rusiya arasında rahat kommunikasiya xəttlərinin açılmasından söhbət gedir. O istiqamətdə danışıqlar var. Ən qorxulu məqam budur. Əvvəl Ermənistana yüklər bir yolla daşınırdı. Həmin yol da kifayət qədər təhlükəlidir. Mediada yayılan məlumatlara görə, Abxaziya üzərindən yol çəkilməsi ilə bağlı razılaşmalarla əlaqədar məlumatlar dolaşır. Bu artıq Rusiyanın siyasi, hərbi, strateji xəttinin Gürcüstanın üzərinə gəldiyinə bir işarədir. Yəni, onun diplomatik tərcüməsində mən bunu görürəm. Hər halda, biz yenə də Azərbaycanla Gürcüstan arasındakı münasibətlərin tarazlanmasına ümid etməliyik. Bu anlaşmazlıq aradan qalxmalıdır. Əks halda alternativ variantlar Cənubi Qafqazda ciddi təhlükələrə yol aça bilər”.

Hadisələrin sonunu gözləyək. Erməni dığasının büstünün Ahıska türklərinin yaşadığı tarixi ərazilərdən götürülməməsinin nə ilə nəticələnə biləcəyini isə zaman göstərəcək. Rəsmi Bakının Tiflisin (və ya başqa qütbün) “Mixeyil Avaqyan” kartına münasib hansı kartı var? Yəni, Azərbaycan buna nə ilə cavab verəcək? Məncə cavabını gözləyəcəyimiz əsas sual da elə budur...



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.02.2019
21.02.2019