Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bölgələrdə məktəb direktorlarına ehtiyac var
Tarix: 05.02.2019 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Bu gündən direktorların işə qəbul imtahanında uğur qazanan namizədlərin yerləşdirilməsinə başlanılır

Hazırda ölkə üzrə 700-ə yaxın direktor vəzifəsinə vakant yer var. Bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib. Onun sözlərinə görə, həmin yerlərin yalnız 11-i Bakı şəhərinin payına düşür.

E.Bağırov bildirib ki, vakant direktor yerlərinə işə qəbul üçün keçirilən müsabiqədə iştirak edən 1500-ə yaxın namizəddən 730 nəfəri müvafiq keçid balını toplayaraq müsahibə mərhələsinə dəvət edilib: "Sabahdan direktorların işə qəbulu üzrə keçirilən müsahibə mərhələsində uğur qazanan 228 şəxsin yerləşdirilməsi prosesinə başlanacaq. Uğur qazanan namizədlər nazirliyə dəvət olunacaq və onlara vakant yerlər təqdim ediləcək. Hazırda nazirlik tərəfindən müsabiqənin yekun yerləşdirmə mərhələsi həyata keçirilir. Uzun davam edən müsabiqə dövründə yeni vakant yerlər yarandığı üçün namizədlərə elektron ərizələrinə qeyd edilən yerlərdən əlavə yeniləri də təklif oluna bilər".
Nazirlik rəsmisi əlavə edib ki, vakant yerlər namizədə göstərdiyi bilik və bacarığa uyğun təqdim ediləcək: "Ola bilər ki, bəzi hallarda namizədlərə şagird kontingenti az olan kənd məktəbləri təklif edilsin".
Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqə mərhələsini uğurla başa vurmuş 730 nəfər namizədlə müsahibələr 5 dekabr 2018-ci il – 26 yanvar 2019-cu il tarixlərində keçirilib.
Dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu mərkəzləşdirilmiş qaydada dörd mərhələdən ibarət müsabiqə yolu ilə elektron qaydada keçirilir.

Belə ki, müəssisələrdə mövcud olan vakansiyalar müəyyənləşdirilmiş zəruri məlumatlar qeyd olunmaqla yerli təhsili idarəetmə orqanları tərəfindən elektron sistemə daxil edilir və nazirlik tərəfindən təsdiq edildikdən sonra müsabiqə üçün elan olunur. Müsabiqənin birinci mərhələsində elektron ərizələrin qəbulu həyata keçirilir. Namizəd haqqında məlumatların müsabiqənin şərtlərinə uyğunluğu Nazirliyin müsabiqə komissiyası tərəfindən araşdırılır və namizədlərin tələblərə cavab verən elektron ərizələri təsdiq edilir. Bu mərhələdə namizədlərə 4 vakant yer (namizədin hazırda işlədiyi müəssisənin yerləşdiyi rayon (şəhər) üzrə) seçmək imkanı verilir.

Müsabiqənin ikinci - imtahan mərhələsində namizədlərə əmək və təhsil qanunvericiliyi, idarəetmə, məntiq əhatə olunmaqla 60 test tapşırığı təqdim olunur. Test imtahanı zamanı toplanılan bal yalnız müsahibə mərhələsində iştirak üçün keçərlidir. Ümumi sualların 40 faizini (24 bal) təşkil edən keçid balını toplamış namizədlər müsahibə mərhələsinə buraxılırlar. Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinə keçid balınamizədlərin test imtahanında göstərdiyi nəticələr və vakansiyaların sayı nəzərə alınmaqla müəyyən edilir.

Müsabiqənin üçüncü - müsahibə mərhələsi zamanı namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü 5 ballıq şkala ilə qiymətləndirilir. Müsahibəyə çağırılan namizədlər tələb olunan tarixdə şəxsi işlərini (elektron ərizənin surəti, diplom(lar) və ona əlavə(lər), xaricdə təhsil alanlar diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə, şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış, əmək kitabçası və elektron ərizəsində göstərilən məlumatları təsdiq edən digər sənədlərin əsli və ya notarial qaydada təsdiq olunmuş surətini) müsahibə komissiyasına təqdim edirlər. Müsahibə mərhələsi üzrə keçid balı 3 bal müəyyən edilir.
Namizədlərin vakant yerlərə yerləşdirilməsi müsahibə mərhələsinin nəticəsinə əsasən seçim ardıcıllığı nəzərə alınmadan komissiya tərəfindən aparılır. Müsahibə mərhələsində göstərdiyi nəticədən asılı olaraq namizədə direktor vəzifəsi vakant olan digər məktəblər də təklif oluna bilər.

Müsabiqənin nəticəsinə əsasən vakant direktor vəzifəsini tutmuş namizədlə bir il müddətinə əmək müqaviləsi bağlanılır. Həmin müddət başa çatdıqdan sonra məktəbin akademik göstəriciləri nəzərə alınaraq müqavilə müddəti uzadıla və ya daimi əsaslarla bağlanıla bilər.
Müsabiqənin nəticəsinə görə müsahibədən keçid balını toplamış, lakin təyinat almayan namizədlər ehtiyat kadrlar siyahısına daxil edilir. Ehtiyat kadr statusunda qalma müddəti 2 ildir. Ehtiyat kadrlar siyahısına daxil edilmiş namizədlər müəyyən olunmuş müddət ərzində yaranmış vakant yerlərə yerləşdirilə bilərlər.
Müsabiqənin nəticəsinə əsasən təyinat almış direktorlar 3 ildən artıq müddətdə təyin olunduğu müəssisədə işlədiyi halda şagird sayı daha çox olan məktəblərə yerdəyişməsinə icazə verilir. Bu zaman son 3 il ərzində məktəbin buraxılış imtahanları və məzunların ali məktəblərə qəbul nəticələri nəzərə alınaraq Nazirlik tərəfindən qərar qəbul edilir.

Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.
Yeri gəlmişkən, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da bildirilib ki, təhsilin idarə olunmasında başlıca problemlərdən biri təhsildə tənzimləmə, idarəetmə və nəzarət funksiyalarının dəqiq müəyyən edilməməsidir. Sənəddə vurğulanıb ki, təhsil sistemini idarə edən orqanların səlahiyyətlərinin, funksiyalarının və məsuliyyətinin dəqiq müəyyənləşməsi, idarəetmə prosesində şəffaflığın və maraqlı tərəflərin iştirakının təmin edilməsi zəruridir. Təhsil müəssisələrinin idarəetmədə rolu məhduddur. Özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərən təhsil müəssisələri istisna olmaqla, dövlət təhsil müəssisələri maliyyə müstəqilliyinə malik deyil. Bununla yanaşı, təhsil müəssisələrinin rəhbərliyi tədrisin nəticələrinə görə ciddi məsuliyyət daşımır. Təhsil müəssisələrinin maliyyələşdirilməsi təqdim etdiyi təhsilin nəticələrindən asılı deyil və keyfiyyətə yönəlməyib.

Təhsilin effektiv idarə olunması məqsədilə informasiya sistemi yaradılsa da, onun inkişafına ehtiyac duyulur. Təhsilin yüksək keyfiyyətini təmin etmək üçün təhsil sahəsində monitorinq, keyfiyyət və fəaliyyət göstəriciləri sistemi inkişaf etdirilməlidir. Təhsil və kadr hazırlığı prosesinə, həmçinin təhsilin məzmununun təkmilləşdirilməsinə işəgötürənlərin cəlb olunması çox aşağı səviyyədədir. İşəgötürənlər kadr hazırlığı prosesində iştirak etmək, hazırlanan kadra dair şərtlər irəli sürmək imkanına malik olmalı və buna müvafiq olaraq cavabdehliyini dərk etməlidir.

Məlumat üçün həmçinin deyək ki, Ümumi təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, peşəkar kompetensiyalara və idarəetmə bacarıqlarına malik menecerlərin hazırlanması, ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə səriştəli, peşəkar, yüksək idarəçilik qabiliyyətinə malik şəxslərin seçilib yerləşdirilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən yeni mərkəzləşdirilmiş müsabiqə mexanizmi tətbiq edilməklə son 5 ildə 700 nəfər direktor vəzifəsinə işə qəbul edilib. Bu il təkcə paytaxt paytaxt məktəblərinə təyin olunan direktorların sayı 22 nəfər olub. Gələcəkdə isə bu istiqamətdə daha çevik mexanizmlərin tətbiqi, ehtiyat kadrların hazırlanması ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Məsələyə münasibət bildirən təhsil eksperti Nadir İsrafilov hesab edir ki, məktəb direktorunun bu vəzifəni tutması üçün onun imtahandan keçməsi kifayət etmir. Ekspertin fikrincə, məktəb direktorlarının bu sahədə təcrübəsi, idarəçilik bacarığının olması vacibdir: “Bu elə bir sahədir ki, burada nəzəri biliklər kifayət etmir. Onun gərək kifayət qədər təcrübəsi olsun, nüfuzu olsun, idarəetmə bacarığı olsun, valideynlə, ictimaiyyətlə işləməyi bacarsın. Ümumiyyətlə, hazırda məktəb direktorlarının əmri daimi verilmir, müvəqqəti verilir. Onlar müvəqqəti əmrlə işləyirlər. Nazirlik görmək istəyir ki, onlar özlərini necə doğruldurlar. Ona görə də hesab edirəm ki, direktorların təyinatı məsələsində mütləq sistem dəyişməlidir. Yəni direktor təkcə nəzəri biliklərə görə vəzifəni tutmalı deyil, ondan başqa keyfiyyətlər də tələb olunur. Bu çox mürəkkəb vəzifədir. Yəni test üsulu ilə seçilən məktəb direktorlarının bir çoxu idarəçiliyi bacarmadığı üçün bu vəzifədə qala bilmirlər. Güman edirəm ki, Təhsil Nazirliyində də bu istiqamətdə işlər aparılır. Məktəb direktorlarının təyin edilməsinin optimal, səmərəli bir forması mütləq seçilməlidir”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.04.2019
22.04.2019