Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Televiziya məcbur edir ki, aparıcı müğənnidən, sponsordan asılı olsun" - - Elçin Əlibəyli
Tarix: 06.02.2019 | Saat: 14:25:00
Bölmə:Müsahibə | çapa göndər

Müasir dövrlə ayaqlaşmaq lazımdır. Lakin tariximizi, ənənəmizi unutmaq mənfi haldır. Bu gün dünyada İKT-nin inkişafı bizdə keçmişi olanları unutmağa gətirib çıxartdı.

Elə bu təsir mətbuatdan da yan keçmədi. Müxtəlif informasiya agentlikləri, portallar ənənəvi televiziya seyirçiliyini arxa plana saldı. Təsadüfi aparıcılar, diktorlar da ekrana ayaq açmağa başladılar.

Müsahibimiz tanınmış televiziya xadimi, teletənqidçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylidir.

Söhbətimiz olduqca maraqlı alındı. Hafta.az müsahibəni təqdim edir:

- Elçin müəllim, son zamanlar efirlərə ayaq açan aparıcılar çoxalır. Bir televiziya direktoru olsaydız, aparıcıları hansı parametrlərə görə təyin edərdiniz?

- Televiziya təbiətinə görə postmodernist təhkiyəyə söykənir. Birmənalı şəkildə bu kütləvi sənətdir. Və postmodernist janrlar da müxtəlif formalara bölünür. Daha sadə dildə desək televiziya şou tələb edir. Televiziya aparıcısı deyəndə ümümiləşdirmək lazım deyil. Sipiker var ki, xəbər aparıcısıdır. Bəziləri tok-şou aparıcısıdır. Şoumen başqadır. Hər birinin qarşısında ayrı-ayrı vəzifələr durur. Mən bunlar haqqında yazmışam. Şoumen şou göstərməlidir. Yaponiya cəmiyyəti ən mühafizəkar ölkədir. Amma Yaponiya televiziyalarında açıq, erotik, pornoqrafik tok-şoular olur. Mən demirəm, bu Hollandiyada da olur. Televiziya öz sifariş vericilərindən, reklam verənlərindən çox asılıdır. İkincisi, televiziyada sərhəd yoxdur. Bütün hallarda reytinqə, rəqəmlərə işləyir. O rəqəmlər də yüksək olmalıdır. Bu gün biz sərhəd qoymalı deyilik. Siz ədibsiz. Mən bir sual verim: Ədəbiyyatda sərhəd varmı, televiziyada da olsun? Britaniyada dövlət və ictimai televiziyalara, BBC və onun qollarına baxış 47 faizdir. Əyləncə kanallarının heç biri BBC-yə gəlib çatmır. Buna mədəniyyət immuniteti deyirlər. Bizdə o immuniteti yaratmaq üçün Azərbaycan dövləti tək AzTv-yə 56 milyon, Mədəniyyət kanalına 7 milyon pul ayırır. Hər il İctimai kanala 12-14 milyon pul ayrılır. Bu 56 milyonun 10 milyonu maaşa, binaya xərclənsin. Yerdə qalan 46 milyona kanal hansı kinonu çəkib? Bu büdcə özü də hər il ayrılır. Bir dənə də olsun tarixi film çəkməyib. Halbuki Rusiyanın birinci kanalı oktiyabr inqilabının yüzülliyinə həsr olunmuş serial çəkdi. Digər kanal olan RTR isə Lenin haqqında film çəkdi. Yesenin haqqında gözəl bir film çəkildi. Biz Mikayıl Müşfiq haqqında film çəkmişik?
Pampers, diş məcunu reklamlarına baxan kütləni güldürmək də lazımdır, ağlatmaq da. Eyni zamanda məhsulu göstərib, reklam etmək də lazımdır. Buna televiziya tarixində "Argentina böhranı" deyirlər. Argentinada bir neçə il öncə belə bir hadisə baş verdi. Televiziya və insanların real həyatı müqayisə olundu. Amma nəticə etibari ilə uyğun gəlmədi. İnsanlar serialda olduğu kimi yaşamaq istədilər. Və ölkədə iqtisadi tələblər başladı. Yəni maaşlar qalxsın və s. Hökumət məcbur oldu beynəlxalq valyuta fondundan kreditlər götürsün. Necə ola bilər ki, ciddi qurumlar serialların maliyələşməsinə maraqlı olsun? Səbəbi odur ki, üçüncü ölkələrə məhz iqtisadi vəziyyətin yaxşı olduğunu göstərmək istəyirlər. Bizdə də Prezidentin milli seriallarla bağlı sərəncamı oldu. Mən bunu çox alqışladım. Cənab Prezident bu addımı atdı. Ortaya qoyulan məhsulların keyfiyyətsiz olması isə ayrı məsələdir. Zəiflik var, çünki alternativ yoxdur. Ona görə çox qabarıq görsənir.

"Yüz günü gözləyək"

- Aztv-dən danışdız. Bildiyiniz kimi kadr dəyikliyi də oldu. Sizcə yeni müsbət bir şeylər gözləniləndirmi?

- Amerikada belə bir qayda var: Prezidentin yüz günü... Prezidentə özünü göstərmək üçün yüz gün vaxt verirlər. Yüz gündən sonra hesabat olur. Hələ bizim sədr təyin olunmayıb, sədr əvəzidir. Yüz günü gözləyək. Gəncdir, bu çox təqdirə layiq hadisədir. İctimai kanala da yeni gənc sədr təyin olundu. Mənim şəxsən gözləntim böyükdür. Amma AzTv-yə gəldikdə hələ indidən o sözü deyə bilmərəm. Birinci atdığı addım var ki, Ramiz Həsənoğlunu ora gətirdi. Mən Ramiz bəyin yaradıcıllığını da, şəxsiyyətini də çox yaxşı tanıyıram. Ramiz Həsənoğlu Azərbaycan televiziya tarixində ən gözəl tele-tamaşaların rejissorudur. Ramiz bəy dörd hissəli "Fatihlərin divanı" kimi möhtəşəm əsər ortaya qoymuş adamdır. Təbliğat və tarixi öyrənmək baxımından çox gözəldir. Mənim atam çəkildiyi üçün tərifləmirəm. Həqiqətən o filmi ilk dəfə görəndə çox sevindim. "Ac hərflər"i də məhz Ramiz Həsənoğlu çəkib, çox möhtəşəmdir.

"Brend aparıcılar vardır ki, bu gün üç min manat pul alırlar"

- Qayıdaq yenidən aparıcılara. Elçin bəy, ola bilər ki, aparıcı istedadsızdır ama yaxşı görünüşü xətrinə ekranlardadır?

- Tamaşaçı ilk on saniyədə insanın görünüşünə fikir verir. Onuncu saniyədən sonra başlayır onun danışığına diqqət yetirməyə . Yalnız bir neçə dəqiqədən sonra onun nə dediyini dərk etməyə başlayır. Televiziyada kimin nəyi necə deməsi olduqca önəmlidir. Mən çıxıb deyirəm ki, Azərbaycanda zəlzələ olacaq. Neçə nəfər buna inanacaq? Bunu 18 yaşında bir qız desə ona inanmayacaqsınız. Xarici ölkələrin televiziyalarında hava proqnozunu belə yaşlı adamlar aparır. Xəbərə etimad olmalıdır. Çünki təfəkkürümüz belədir. İdarə edənlər menecer deyil. Televiziyada baş prodüser olmalıdır. O artıq keyfiyyətli məhsul istehsal etməlidir. Bizdə isə yoxdur, televiziya rəhbərləri özlərini dahi hesab edirlər. ATV- də dörd il bədii rəhbər işləmişəm. Mən universitetlərdən normal görkəmli xanımları dəvət edirdim. Onları stajor kimi dəvət edirdim ki, öyrənsinlər. Məqsədim alt bazanı yaratmaq idi. Ona görə ki, hansısa aparıcı hirslənib, çıxıb gedəndə efir boş qalmamalıdır. Onu əvəzləyən insan olmalıdır. Xaricdə peşə məktəbi tipində televiziyalar var. Elə bizim AzTv-nin də akademiyası var. Məqsəd peşə məktəblərində nitqi, mimikanı, sözlə hərəkəti etməyi öyrətməkdir. Bizdə gənc jurnalistlər öyrədilmirsə, hansı peşəkarlığı tələb edək? Məsələn, bizdə hər hansı jurnalistə deyirlər bu verlişi aparmalısan. Maaşa gələndə 400 manat... Düzdür, brend aparıcılar vardır ki, bu gün üç min manat pul alırlar. Onlar ora gəlib çatana qədər nə yolu keçiblər, onu mən bilirəm. Onlar müğənnilərdən, sponsorlardan asılı olublar. Televiziya məcbur edir ki, aparıcı müğənnidən, sponsordan asılı olsun. Çünki ona yaxşı maaş verə bilmir.

"Sən televiziya aparıcısının nitqin nə ilə ölçürsən?"

- Nitqdən söz düşmüşkən, jurnalistlərin səhv dediyi sözlərin siyahısı çıxarılmışdı. Məlum oldu ki, ən yaxşı jurnalistlərimiz milli sözləri bərbad hala salırlar. Siz heç olur ki, eşidəndə qıcıq olmusuz, yoxsa əhəmiyyət vermirsiz?

- Orada mənim də adım var. Nitqimdə qüsurlar tapıblar. Mən bir dəfə ona görə cavab verdim, amma yenə də təkrar cavab verirəm. Mənim nitqimdə qüsur tapanın başqa yerində qüsur var. Mən bu fikrimi əsaslandırıram. Mən moderatoram. Əsəblər gəriləndə vurğunun hara düşdüyünü, sözün necə tələffüz olunduğunu düşünə bilmərəm. “Amma” nı “ama” kimi tələffüz etməyimi irad tutublar. Onu hazırlayan Dilçilik İnstitutu orfoepiya lüğəti hazırlayıb, ortaya qoymayıbsa onların danışmağa haqqı yoxdur. 120 minə qədər sözün orfoepiyasını çıxarmaq üçün beş dəfə çap ediblər. “Əskinas” sözü hər dəfə bir cür yazılır. Bu gün Mərkəzi Bank “əskinas” sözünü ayrı cür yazır, AZƏRTAC isə ayrı cür yazır. Hər ikisi dövlət qurumudur. Gedin öz probleminizi həll edin, sonra aparıcılarda səhvləri taparsız. Aparıcı canlı efirdə bu kimi nüanslarlı səhv deyə bilər. Ola bilsin xəbər aparıcısında bu səhvlər olmasın, çünki oxuyur. Ancaq səhv olarsa bağışlanandır, çünki canlı efirdə bunlar qaçılmaz olur bəzən. Siz AzTv-nin diktorlarını görmək istəyirsiz? Dərs keçənlər deyirlər ki. Azərbaycanda böyük aparıcılar – Rafiq Hüseynov, Ofelya xanım və s. gözəl aparıcı olublar. Onlar bilmir ki, adını çəkdikləri adamlar aparıcı yox, diktor olublar. Mənim onlara həmişə böyük hörmətim olub. Ancaq onlardan birini gətirin indiki dövrdə aparıcılıq etsin, edə bilməzlər. Ola bilər mənim verlişim çox aşağı səviyyədə olan bir verlişdir, razıyam. Amma mənim verlişimi onlar apara bilməzlər. Çünki onlar yaxşı diktorluq üçün yaranıblar. Arşın məsələsi var. Sən televiziya aparıcısının nitqin nə ilə ölçürsən? Televiziya sintetik sənətdir. İdman, hava, mədəniyyət, iqtisadiyyat və siyasətin ayrı-ayrı müxbirləri var. Bunu ədəbi dil normaları ilə məhdudlaşdırmaq gülməlidir. Siz təsəvvür edin iqtisadiyyatı aparan ədəbi dildə danışır. Axı o terminlərlə danışmalıdır. İqtisadiyyatda necə desin ki, malların qiyməti qalxıb. O “infiliyasiya” termini işlətməlidir və s... Televiziya dili ayrıca üslubdur. Televiziya və radio aparıcısı həm el dilində danışmağı, həm terminlərdən istifadə etməyi bacarmalıdır. Bizim Dilçilik İnstitutu deyir ki, hamınız ədəbi dildə danışın.

- Bəzən radioda aparıcıların bir-biri ilə müzakirəsi zamanı jarqon ifadələr işlədirlər: “qaqaş”, “ala” niyə bu gün jarqon sözlər mətbuatımıza siraət edə bildi?

- Mən də sevmirəm o sözləri. Hətta eşidəndə nifər edirəm. Bizim insanlar bəsit danışmaqla, sadə danışmağı səhv salırlar. “Alə” olmaz. “ay qaqaş” olmaz. El dilində danışmaq, küçə dilində danışmaq deyil. Moskvada küçədəki dil başqadır, rus ədəbi dili başqadır. Televiziya dili isə ikisinin arasından qırmızı xət kimi keçən bir dildir. Həm ədəbi dil qaydaları var, həm el dilində danışma qaydaları. Bunu peşəkarcasına edirlər. Bizdə bir çox aparıcıların mütaliəsi yoxdur. Onlar fikirlərini ifadə edə bilmirlər. Ya jarqona keçirlər, ya efirə yaraşmayan dilə. Bu cür olmamalıdır.

"Məni söyən adamlar məni tərifləsələr özümü asaram"

- Yaxınlarda Milli Televiziya və Radio Şurası (MTRŞ) sizin verlişi tənqid etmişdi. Səbəb Maral Tahirqızı adlı xanım iştirakçı təhqir etməniz olub...

- Birincisi, mən orada təhqir edəcək heç nə işlətməmişəm. Demişəm ki, Azərbaycan musiqisinin qara nöqtəsisiniz. İkinci söz demişəm ki, sizi sosial şəbəkələrdə dolayırlar. Bir insan qoymamalıdır onu dolasınlar. Bunu qabardan adamlar içində şüvənlərdən biri də vardır - müğənnidir. Elmi dərəcəsi də var. Üç uşaq dünyaya gətirib. Mənə maraqlıdır uşaq dünyaya gətirəsən, elmi iş yazasan və hər gün toyda olasan... Bu yalnız Azərbaycanda olur. Öz əxlaqında problem olan adam məni tənqid edir. Guya mən Azərbaycan qadınını təhqir etmişəm. Maral Tahirqizi Azərbaycan qadının simvoludur? İnsan alaverinin üstündə həbs olunan adam və yaxud sosial şəbəkələrdə lağ yeri olan Azərbaycan qadının necə simvolu olur? Mən ona orda Azərbaycan qadını kimi yanaşmamışdım. Mən ona sənətə xəyanət edən adam kimi yanaşmışdım. Azərbaycan musiqisinə, Azərbaycan mədəniyyətinə xəyanət edən adamı təhqir edərəm. Çünki mən sənətşünasam. 6 il bakalvr, magistr, doktoranturanı ona görə oxumamışam ki, icazə verəm bir-iki ünsür sənətə xəyanət edə. Mən sona qədər bununla mübarizə aparmağa hazıram. Qoy buna görə söyülüm. Üzeyir bəyi də söyürdülər. Xatırladım ki, “Uzun ömrün akkordları” filmində yazıçı Anar “İnfoteynment”in əsasını qoydu. Təsəvvür edin, eyni vaxtda bütün kanallarda xəbərlər başlayır. Onu maraqlı etmək üçün əyləncəli şəkildə təqdimat gəldi. Mən başqa şeyi qeyd etmək istəyirəm. Bir gün Sədi Şirazi bazar meydanına gedir. Görür bir nurani ağsaqqal ağlayır. Soruşur ki, niyə ağlayırsan? Deyir ki, filankəs səni bazar meydanında söydü. Sədi də qayıdıb deyir ki, sən sevinməlisən elə axmaq adam məni söyür. Bir az sonra biri gəlib deyir ki, sizi söyən adam indi də tərifləyirdi. Sədi Şirazi başlayır ki, ağlamağa. Soruşurlar niyə ağlayırsan? Deyir ki, gör nə günə qalmışam, o, axmaq adam məni tərifləyir. İndi mən həmin vəziyyətə düşmüşəm. Məni söyən adamlar məni tərifləsələr özümü asaram.

"Mənim verlişim sanki yaranın üstünü açır"

- Verlişinizdən söz düşmüşkən çağırdığınız qonaqları istedadlı hesab edirsizmi?

- Suala sualla cavab vermək istiyirəm. Siz özünüz istedadlı adamsınız, yoxsa istedadsız? Sizi dəvət etmişəm verlişimə. Siz mənə deməmisiniz ki, məni dəvət edin. Deməli mən sizin istedadınızı görüb dəvət etmişəm. Mən çalışıram sosial şəbəkədə insanları oxuyum. İstiyirəm verlişimə ağıllı, çevik, özünü tapmış, dinamik adamları dəvət edim. Ola bilər hamısı uğurlu alınmır. Dörd-dördlük heç nə yoxdur. Adam var ki, çox istedadlı adamdır, amma özünü ifadə edə bilmir. Misal üçün siz... Çox gözəl yazılarınız var. Amma fikirlərinizi ifadə edə bilmirsiniz. Bir müsbət cəhətiniz var ki, siz tənqidi çox sağlam qəbul edirsiniz. Bu sizin inkişafına çox təsir edəcək. Mən həmişə sizin kimi istedadlı gəncliyin yanında olmuşam. Mənlə oxuyan, ətrafımda olan bütün istedadlı adamların tanınması üçün çalışmışam nəsə edim. Rafiq Tağını Azərbaycanda heç kim efirə buraxmırdı. Rasim Qaracanı efirə heç kim buraxmayanda mən dəvət edirdim. Meydan verirdim. Onlar mənim üçün yaxşı yazarlardır. Rafiq Tağı kimi yazıçı bir də Azərbaycan ədəbiyyatında olmayacaq. Mən buna görə fəxr edirəm ki, az da olsa ona o imkanı yarada bildim. Çox vaxt istedad əsas rol oynayır. Məsələn, mənim üçün İkinci Mahmudun, Qan Turalının verlişimə gəlməsi xoşdur. Ola bilər ki, verlişə gələn insanlar içində təxribatçı insanlar, avanturistlər olur. Bunlar ola bilər kimin üçünsə maraqsızdır. Amma cəmiyyətimiz üçün bunlar da maraqlıdır, camaat görüb, tanımalıdır. Mənim tok-şoum subiyektiv tok-şoudur. Yaxşı mənada mən də dəvət etdiklərimdən istifadə edirəm. Yəni verlişimdə elə intelektlər danışır, veriliş maraqlı alınır. Ancaq onlar üçün də yaxşı olur ki, tanınırlar. Kitablarını göstərirəm, imzalarını tanıdıram. Əgər Ruzbeh, İkinci Mahmudu, Cavidi, Qan Turalını tanıyıramsa onda hansısa istedadı görüb çağırmışam. Ailə-məişətdən də danışmaq lazımdır. Bəziləri deyir mən ancaq ədəbiyyatdan danışacam. Mən də sual verirəm sən məişətdən roman yaza bilirsən, ama danışa bilmirsən, bu necə olur? Sevgi özü də məişət problemidir. Sonu yataqla bitir. İstəsən də, istəməsən də. Məişəti bilməsən necə yaza bilərsən? Bu sözü deputat deyəndə şoka düşürəm. Sən məişəti bilməlisən. Niyə gəlmirsiz? Siz axı gəlməlisiz, ağıllı söz deməlisiz. Problemləri örtmək lazım deyil. Bunun üçün yazıçısı, jurnalisti öndə olmalıdır. Bir dəfə verlişimdə əsəbiləşdim. Bir nəfər mənə izimlərdən danışır. Mən özüm sənətşünasam, yekəxanalıq çıxmasın bunu əzbər bilirəm. Mənə Ayaz Salayev, İlham Rəhimli, Aydın Dadaşov kimi kinoşünaslar dərs deyib. Mənə kinodan danışanlar heç biri onları görməyib. Mənim verlişim problemi həll etmir, sanki yaranın üstünü açır. İşiqlandırır. Yaranın üstünü bağlayanda sağalmır, irinləyir. Problemlər də elədir. Nə qədər gizlətsən, bir o qədər bağlı qalacaq.

 "Bu gün yazarlar arasında rəqabət yoxdur"

- Siz həm də alimsiz, eyni zamanda ədəbiyyatı da yaxından izləyirsiz. Sizə görə, yeni ədəbiyyat yaranırmı, yoxsa ortalıq boşdur deyə dəvə dəlləklik edir?

- İstəmirəm sərt danışam, onsuz küsəcəklər. Çünki yetərincə mənə düşman kəsilən adamlar var. Ədəbiyyatda iki cəbhə olanda ortaya gözəl sənət numunələri, gözəl yazarlar çıxa bilər. Toqquşma olanda irəliləyiş olur. Altmışıncı illərdə şəhər və kənd romançılığı savaşı gedirdi. Bu tək Azərbaycanda yox, Moskvada da belə idi. Sibriaklar var idi. Başında Qriqori Rasputin kimi böyük yazıçı dururdu. Moskvalıların da başında nəhəng YuriTrifinov dururdu. Ədəbi müstəvidə müharibə gedirdi. Acığa romanlar yazılırdı. Onlardan kənarda disident ədəbiyyat da var idi. Zövqü diktə edirdilər. Bizdə də o var idi. Bir tərəfdə İsa Muğanna, İsi Məlikzadə, Mövlud Süleymanlı. Bir tərəfdə şəhər yazarları - Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov, Anar, Elçin... Bunlar arasında rəqabət var idi. 2000-ci ildə AYO, AYB rəqabəti başladı. AYB-də qocalmış nəsil idi. AYO-da daha dinamik nəsil idi. AYB öz ətrafına gəncləri yığdı. Çünki qarşı-qarşıya çıxmaq üçün gənc nəslə ehtiyac var idi. Yaxşı nümunələr çıxdı. Bir tərəfin getməsi yenə boşluğa gətirib çıxartdı. Bu gün yazarlar arasında rəqabət yoxdur. Təəssüf ki, tənqidçilərimiz də şəxsi münasibət, yalnız yaltaqlıq naminə yola verirlər. Vissarion Belinski olmasa idi, Rus ədəbiyyatı olmayacaqdı. Nə Qoqollar, nə Dostayeviskilər yetişməyəcəkdi. 18 yaşlı Nikolay Aleksandroviç Dobrolyubov kimi gənc, 60 yaşlı İvan Sergeyeviç Turgenev haqqında tənqidi yazı yazmışdı. Turgenev küsüb Rusiyadan getmişdi. O, Fransadan jurnala məktub göndərib ki, mən boyda yazıçını dünənki uşaq tənqid edir. Amma o tənqid Turgenovu silkələdi ki, ayıl yeni nəsil gəlir. Bizdə belə tənqidçi varmı?

- Çox sağ olun maraqlı söhbət üçün.

- Sağ olun.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.02.2019
23.02.2019
22.02.2019