Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Altmış minlik ziyan, SOCAR-dan hasar qadağası, AAYDA-ya ittiham – Bir ailənin dramı – FOTOLAR
Tarix: 07.02.2019 | Saat: 15:46:00
Bölmə:Reportaj | çapa göndər

-Yol çəkilişi zamanı evimin və həyətyanı sahəmin bir hissəsini bərbad vəziyyətə saldılar.

-Hansı yolun çəkilişi zamanı?

-Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi yolunu birləşdirən yeni yolun çəkilişi zamanı baş verdi. Hasarımızı uçurdular. Özləri təmir etmədilər. Nə də imkan vermirlər ki, özünüz təmir edək.

-Kim elədi bunu? Yolu çəkən orqanların adlarını deyə bilərsinizmi?

- Yolun tikintisini Körpü Bina Tikinti şirkəti aparırdı. Podaratçı şirkət o idi...

***

Bunlar şikayətçi Ceyhun Həsənovla olan dialoqdandır. Şikayətdən də göründüyü kimi yol çəkilişi zamanı hasarı, evi və həyətyanı sahəsi ziyan görüb. Şikayəti haqqında bir az sonra ətraflı söhbət edəcəyik. İndi isə qısa bir xatırlatma vermək istəyirəm.

Xatırlayırsınızsa, dekabrın 28-də Böyükşor gölünün üzərində inşa edilən və paytaxtın Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun açılışı olmuşdu. Hafta.az-a daxil olan məlumata görə, uzunluğu 2,7 kilometr olan yolun tikintisi zamanı həmin ərazisdə yaşayan insanlar problemlər yaşayıb. Daha dəqiq desək, yolun tikintisi başa çatsa da ərazidə yaşayan həmin şəxslərin narahatlığı hələ də davam edir.

Yəni, hafta.az-a şikayət məktubu ünvanlayan Ceyhun Həsənovun ailəsinin və digərlərinin yaşadığı problemin kökü 28 dekabrdan da əvvələ, yəni ötən ilin aprelinə gedib çıxır.

Bəs evləri çəkilən yolun yaxınlığında yerləşən bu vətəndaşlara problemləri kim yaradıb və ya hansı qurumlar hələ də yaratmaqda davam edir?

Ceyhun Həsənov Nərimanov rayonu PYUA 38/10 ev 71 ünvanında yaşadığını deyir. Qabartdığı problem isə yol çəkilişi zamanı onun hasarının uçurulması, indiyə kimi də SOCAR tərəfindən təmirinə icazə verilməməsi ilə bağlıdır. İcazənizlə, daha ətraflı Ceyhun müəllimin özü danışsın: “Yolun çəkilişi zamanı Körpü Bina Tikinti şirkəti qazıntı işləri aparırdı. Həmin vaxt onlar 70 kvadrat metrlik çardağımı sökdülər. 100 kvadrat metrlik beton döşəməmi, həyətimin hasarını uçurdular. Yəni, sökdülər. Bundan başqa, 11 kvadrat metrlik sanitar qovşağım da yerlə-yeksan oldu. Evim qəzalı vəziyyətə düşdü. Həyətimdəki meyvə ağaclarını çıxardılar”.

Ceyhun Həsənov deyir ki, həmin təşkilat və adıçəkilən yol tikintisinin sifarişçisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tikintidən əvvəl öhdəlik götürüblər. Sonra Ceyhun müəllim AAYDA-nın üzərinə götürdüyü öhdəlik sənədini bizə göstərir. Sənəddə qeyd olunur ki, Ceyhun bəyin həyətində və evində təmir-tikinti işləri aparılacaq. Evinə, həyətinə və həyətyanı sahəsinə ziyan dəyəcəyi təqdirdə, sökülən sahələr tam bərpa ediləcək. Yəni, Ceyhun Həsənova dəymiş maddi ziyan tam şəkildə aradan qaldırılacaq. Amma yaranmış mənzərə başqa şeydən xəbər verir. Ceyhun Həsənov deyir ki, onlar öz vədlərinə əməl eləmədilər: “Mənə altmış min manat ziyan dəyib. Həmin qurum bunun cəmi dörddə birini ödədi. Daha dəqiq desəm 15 min 700 manatını ödədilər. Həmin pula uçub-dağılmış hasarın bəzi hissələrini bərpa etmək istədim. Ona da SOCAR – Dövlət Neft Şirkəti icazə vermədi. Dəfələrlə SOCAR-ın və AAYDA-ın rəhbərliyinə müraciət etmişəm. Heç bir təsirli tədbir görülməyib. Mənim həyətim bərbad vəziyyətdə qalmaqda davam edir”.

Problem bununla da bitmir. Ceyhun müəllim tək özünün yox, 3 uşağının hər an təhlükə ilə üz-üzə olduğunu deyir. Çünkü hasar olmadığından uşaqların bayıra çıxmasını da məhdudlaşdırıb. Yetərincə təmiz hava ala bilmədiklərini deyir. Həyətdə isə mənzərə doğrudan da acınacaqlıdır. Evin qarşısında dərin yalaqlar və arx, eləcə də böyük çuxurlar gözə dəyir. Hətta həmsöhbətim evə taxta nərdivanla çıxıb-düşdüklərini söyləyir. Üstəlik yararsız və səliqəsiz şəkildə ortalıqda əl-ayağa dolaşan tikinti materialları da uşaqların həyətdə oynamalarına maneələr yaradır.

Ceyhun Həsənov üzləşdiyi acınacaqlı durumun faciəvi hala keçməsindən narahat olduğunu söyləyir: “Hər an bədbəxt hadisə baş verə bilər. Amma SOCAR hasarımın bərpasına icazə vermir. Deyir ki, yaxınlıqdan boru xətti keçir. Ona görə də icazə vermirlər. Deyirəm ki, axı mənim burada hasarım olub. Cavab verirlər ki, gərək hasarınızı sökməzdilər. İndi onun yenidən bərpasına icazə vermək istəmirlər. Guya qazıntı işləri aparılarsa, boru xətti üçün qəza baş verə bilər”.

Şikayətçi daha sonra SOCAR-a yazıdığı ərizəni, onlardan aldığı cavabı göstərir. Cavab məktubuna diqqətlə baxıram.

Sənəddə qeyd olunur ki, Ceyhun Həsənovun adına qeydiyyata salınmış ərazi SOCAR-ın “Neft kəmərləri” İdarəsinin istismarında olan Şirvan-Bakı Dş500 magistral kəmərinin 126,7-ci kilometrliyində mühafizə zonası daxilində yerləşir. Bu da o deməkdir ki, həmin ərazidə hər hansı tikinti işi aparmaq qadağandır. Ceyhun bəyin evi – daha doğrusu çəkəcəyi hasar isə qoruyucu zolağın 3 metrliyindən keçdiyi üçün çəkilişinə icazə verilmir. Çünki qoruyucu zolaq 70 metr müəyyənləşdirilir.

Bir sözlə, bütün yuxarı instansiyalara müraciət ünvanlayan Ceyhun Həsənova aidiyyatı təşkilatlar cavab məktubu göndərsə də dərdinə əlac edən yoxdur. Yəni, nə hasarını tikməyə icazə verirlər, nə də o uşaqlarını təhlükə altında qoymamaq üçün övladlarını bayıra çıxmasına, təmiz hava almasına icazə verir. 

Ümid edirik ki, adları bu yazıda çəkilən təşkilatlar məsələ ilə bağlı tezliklə ölçü götürəcəklər. Hə, bu arada onu da qeyd edək ki, yazıda adları keçən qurumların da mövqeyini dərc etməyə hazırıq. Həmin qurumların rəsmi müraciətə cavab məktubları ilə şəxsən tanış olduğumuz üçün qarşı tərəfdən mövqe öyrənməyə lüzum görmədik.

P.S: Ceyhun Həsənovun son sözü budur ki, sadəcə olaraq AAYDA öhdəliyə əməl edərək şikayətçiyə dəyən ziyanı aradan qaldırmalıdır. Daha doğrusu, ona hasarın çəkilişinə yardım göstərməlidir. Əks halda, baş verə biləcək hər hansı faciədə məsuliyyəti həmin qurumlar daşıyacaq.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.02.2019
23.02.2019
22.02.2019