Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Gələn həftə “Sabahın alimləri” müsabiqəsi başlayır
Tarix: 07.02.2019 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Müsabiqə çərçivəsində 187 layihə üzrə 311 şagird mübarizə aparacaq

Fevralın 12-də “Sabahın alimləri” VIII Respublika müsabiqəsinə start veriləcək. Müsabiqə iki gün davam edəcək və fevralın 14-də başa çatacaq. Təhsil Nazirliyindən verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün 225 layihə təqdim olunub. Elmi Ekspertiza Komissiyasının rəyi əsasında müsabiqəyə 187 layihə üzrə 311 şagird buraxılıb.

Bunlardan 63-ü fərdi, 124-ü isə kollektiv layihələrdir. İştirakçıların 83 nəfəri IX, 120 nəfəri X, 108 nəfəri XI sinif şagirdidir. “Sabahın alimləri” VIII Respublika müsabiqəsində Bakı şəhəri üzrə 116, Sumqayıt şəhərindən 34, Balakən rayonu üzrə 8, Ucar rayonundan 6, Abşeron və Şirvan rayonlarının hər birindən 4, Şəki, Qax, Cəlilabad rayonlarının hər biri üzrə 3, Lənkəran rayonundan 2, Gəncə şəhəri, Ağdaş, Xaçmaz və İsmayıllı rayonlarının hər biri üzrə 1 layihə təqdim olunub.
Qeyd edək ki, Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən müsabiqəyə ölkə miqyasında maraq ildən-ilə artmaqdadır. “Sabahın alimləri” müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. İndiyədək müsabiqədə 900-dən çox şagird iştirak edib.
Məlumat üçün onu da vurğulayaq ki, “Sabahın alimləri”müsabiqəsi hər il ABŞ-da keçirilən InteI ISEF – Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisinə milli seçim turudur. Dünyaca nüfuzlu yarışa qatılmaq həvəsində olan şagirdlər həm də həmyaşıdları ilə birlikdə beynəlxalq tələblərə uyğun tədqiqat aparmağı, elmi layihə hazırlamağı və onu təqdim etməyi öyrənirlər. Dünyada yuxarı sinif şagirdlərinin elm və texnika sahəsində yaradıcılıq potensialının aşkar edilməsini və yüksəlməsini təmin edən ən iri müsabiqə Intel ISEF (Intel International Science and Engineering Fair) - Beynəlxalq Elm və Mühəndislik Sərgisidir. İldə bir dəfə ABŞ-da keçirilən bu sərgi şagird elmi-tədqiqat layihələrinin müsabiqəsidir. Intel ISEF-in ABŞ-da keçirilən final mərhələsinə hər il dünyanın müxtəlif ölkələrində təşkil olunan 550-dən artıq müsabiqənin qalibləri qatılır.

Yeri gəlmişkən, dünyada yuxarı sinif şagirdlərinin elmi yaradıcılığına həsr olunan ən iri müsabiqədə məktəblilərimiz də uğura imza atıb. Məsələn, 2016-cı ildə ilk dəfə olaraq Azərbaycan şagirdləri InteI ISEF – Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisinin əsas mükafatlardan birinə və bir xüsusi mükafata layiq görüldülər. ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçirilən müsabiqəyə 77 ölkədən 1760 iştirakçı qatılıb. Sərgidə münsiflərin seçimi ilə fizika, materialşünaslıq kateqoriyası üzrə Nərmin Aydarova və Arzu Məmmədova IV yeri tutublar. Digər təmsilçilərimiz Nigar və Mədət Sərdarlılar isə Qətərin Elm və İşlətmələr Fondunun xüsusi mükafatına layiq görülüblər.
Hazırda “Sabahın alimləri” ümumtəhsil məktəbləri ilə universitetlər, elmi təşkilatlar arasında tərəfdaşlıq əlaqələrinin yaranmasında müstəsna rol oynayır. Belə ki, müsabiqəyə Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Sumqayıt Dövlət Universiteti tərəfindən elmi dəstək verilir. Məktəblilər ali təhsil müəssisələrinin və elmi tədqiqat institutlarının laboratoriyalarında tədqiqat aparmaq, alimlərlə ünsiyyətdə olmaq imkanı əldə etməklə yanaşı ilə yanaşı komanda şəkilində də işləməyi öyrədir.

Müsabiqədə iştiraka gəlincə, müsabiqənin işçi dili Azərbaycan və rus dilləridir (iştirakçılar ingilis dilini də bilməlidirlər). Bu müsabiqədə iştirak pulsuzdur. Müsabiqənin keçirilməsi üçün Təşkilat Komitəsi, Elmi Ekspertiza Komitəsi (EEK) və Münsiflər Heyəti yaradılır.
Seçimlərə gəlincə, müsabiqə Təhsil Nazirliyinin əmri ilə elan olunur və növbəti ilin fevral ayına qədər üç mərhələdə aparılır. Birinci mərhələdə müsabiqənin keçirilməsi haqqında Təhsil Nazirliyinin əmri ümumi təhsil müəssisələrinə və təhsili idarəetmə orqanlarına göndərilir. Daha sonra müsabiqənin işçi qrupu tərəfindən ümumi təhsil müəssisələrinin direktorları, Kiçik Akademiyaların rəhbərləri, şagirdlər və müəllimlər müsabiqə barədə məlumatlandırılırlar. Bütün məlumatlar sabahinalimleri.edu.az saytında yerləşdirilir. Bundan sonra müsabiqədə iştirak etmək istəyən şagirdlər sabahinalimleri.edu.az saytında qeydiyyatdan keçərək ilkin mərhələ üçün tələb olunan formaları doldururlar.
İkinci mərhələdə isə Elmi Ekspertiza Komitəsi tərəfindən müsabiqənin final mərhələsinə buraxılan şagirdlərə və onların təhsil aldıqları ümumi təhsil müəssisələrinə müvafiq bildirişlər göndərilir. Yanvar ayının birinci ongünlüyündə şagirdlər öz layihələrini poster formasında hazırlayırlar. Posterdə yerləşdirilmiş çap, qrafik və foto materiallar tədqiqatın annotasiyasının geniş variantını əks etdirməlidir. Müsabiqə ərəfəsində iştirakçıların posterləri müsabiqə keciriləcək məkanda əvvəlcədən yerləşdirilir.

Üçüncü mərhələdə isə finala vəsiqə qazanmış iştirakçıların layihələri müsabiqə günü Münsiflər Heyəti tərəfindən müsahibə formasında dinlənilir və qiymətləndirmə meyarlarına uyğun olaraq 100 ballı sistemlə qiymətləndirilir. Həmin ballara əsasən iştirakçıların reytinq cədvəli tutulur və qaliblər müəyyənləşdirilir.
Yeri gəlmişkən, müasir dövrdə elm və təhsildə nəsillərarası güclü əlaqəni təmin etmək məsələsi qarşıda duran mühüm vəzifələrdən sayıldığından dövlət başçısının 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təsbit olunan strateji istiqamət və hədəflər də təhsilin XXI əsrin çağırışlarına uyğun inkişaf meyillərini gücləndirir. Strategiyada ümumi təhsilin tam orta təhsil səviyyəsində tədrisin təmayüllər üzrə aparılması, istedadlı gənclər üçün xüsusi proqramların hazırlanması nəzərdə tutulur ki, bu da gələcəkdə elmi kadrların hazırlanmasına birbaşa xidmət edəcək. Eyni zamanda, Azərbaycan prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə də deyilir ki, ümumi təhsil sistemində “yaddaş” məktəbindən “təfəkkür” məktəbinə keçidin təmin edilməsi, mütərəqqi dünya təcrübəsinə əsaslanan təhsil proqramlarının (kurikulumların) hazırlanması və səmərəli tətbiqi, məktəb rəhbərlərinin, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, cəmiyyətdə müəllimlərin nüfuzunun yüksəldilməsi istiqamətində tədbirlər görülməli, daha keyfiyyətli insan kapitalının formalaşdırılması üçün mövcud resurslardan səmərəli istifadə edilməsi istiqamətində islahatlar davam etdirilməlidir.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən təhsil eksperti Almaz Həsrət də hesab edir ki, bu cür müsabiqələr istedadlı şagirdlərin üzə çıxması üçün geniş imkanlar açır: ““Sabahın alimləri” elmə olan marağın artmasına səbəb olur. Ümumiyyətlə, bu gün Azərbaycan təhsilinin dünyaya inteqrasiyası artıq demək olar ki, bütün elm sahələrini əhatə edir. Biologiya, kimya, fizika və digər elm sahələrinin nəzəri və praktik tərəfləri tədqiqatçılarımız tərəfindən araşdırılaraq maraqlı nəticələri əldə etmək üçün qonşu və uzaq xarici ölkələrdəki aidiyyatı qurumlarla iş birliyinin yaradılmasına gətirib çıxarır. Nəticədə inteqrativ elmi biliklər formalaşır və uyğun vəsaitlər hazırlanır, məqalələr yazılır. Elm adamları illərin təcrübəsindən keçmiş alimlərin zehni potensialından istifadə edərək yeni fikirlərlə zənginləşdirirlər. Sonda bu, Azərbaycan alimlərinin dünyaya inteqrasiyasının uğurlu işlərinin göstəricisinə çevrilir. Hazırda bu sahədə çox işlər görülür və görülməkdədir. Bir sıra səmərəli addımlar atılır. Gənc alimlərin dünyaya çıxması üçün hər cür uyğun şəraitin yaradılması üçün dövlət tərəfindən yeni strategiyalar və planlar hazırlanır. Alimlərimiz hansı xarici ölkəyə getmək istəyirlərsə, hansı xarici ölkədən alimlə ünsiyyət qurub onunla əməkdaşlıq etmək istəyirsə, bunun üçün demokratik ölkəmizdə heç bir maneə yoxdur, ola da bilməz. “Sabahın alimləri” kimi müsabiqələr də elm yolunda irəliləmək istəyən şagirdlər üçün böyük stimul sayıla bilər”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.02.2019
23.02.2019
22.02.2019