Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İnklüziv təhsil verənlərin peşəkarlığı artırılır
Tarix: 08.02.2019 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Bununla bağlı keçirilən təlimlər inklüziv təhsil sahəsində yeni tədris üsullarının tətbiqinə imkan yaradacaq

İnklüziv təhsil sahəsində icra olunan layihələr çərçivəsində təlim proqramı keçirilib. Təlimlərə Bakı, Gəncə, Sumqayıt, Quba, Şəki, Şamaxı, Ağcabədi və Cəlilabad rayonlarından 51 ali məktəb müəllimi cəlb edilib.

Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində Avropa İttifaqının maliyyə dəstəyi əsasında Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və YUNİSEF tərəfindən inklüziv təhsil sahəsində iki layihə icra olunur.
Beynəlxalq ekspertlər tərəfindən aparılan təlimin əsas məqsədi layihənin əhatə dairəsinə daxil olan müəllimlərin təlim bacarıqlarını artırmaq və onları inklüziv təhsil sahəsində yeni tədris üsullarının tətbiqinə təşviq etməkdir.
Təlimdə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin layihə rəhbəri Leyla Tağıyeva diqqətə çatdırıb ki, müəllimlər sağlamlıq imkanları məhdud uşaqların məktəbə uğurlu inteqrasiyası və səmərəli öyrənmə mühitinin stimullaşdırılmasında hərəkətverici qüvvədir. Təlimlərdə təqdim edilən yanaşmalar müəllimlər arasında əməkdaşlıq və təcrübə mübadiləsinin təşviqinə əsaslandığından daha çox müəllimin inklüziv təhsil sahəsində bacarıqlarının artırılmasına nail olunacaq.
Təlimlərdə iştirak edən müəllimlər layihənin növbəti mərhələsində Bakı, Gəncə, Sumqayıt, Qazax, Quba, Şəki, Şamaxı, Ağcabədi və Cəlilabadda 1000 nəfər ibtidai sinif müəllimi, 400 nəfər direktor və direktor müavini, ali təhsil müəssisələrinin pedaqoji fakültələrində çalışan 700 nəfər pedaqoq-müəllim və 3300-ə yaxın tələbə üçün təlimlər təşkil edəcəklər.

Məlumat üçün vurğulayaq ki, hazırda ölkə ərazisində 65482 nəfər sağlamlıq imkanları məhdud uşaq var. Onlardan 9355 nəfəri evdə, 2558 nəfəri uşaq xüsusi məktəblərində, 2725 nəfəri isə xüsusi internat məktəblərində təhsilə cəlb olunub. 2004-cü ildən başlayaraq isə Azərbaycanda inklüziv təhsilin tətbiqi ilə bağlı bir sıra təşəbbüslər irəli sürülməyə başlayıb. Belə ki, xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə əlaqədar İnkişaf Proqramı (2005-2009-cu illər) çərçivəsində inklüziv təhsilin həyata keçirilməsi üçün UNESCO-nun maliyyə dəstəyi ilə 2005-ci ildən 3 pilot layihənin icrasına start verilib. Layihələrin icrası olaraq, 15 ümumtəhsil məktəb, 13 məktəbəqədər təhsil müəssisəsindən 268 nəfər əlilliyi olan uşaq inklüziv təhsilə cəlb olunub. Əlilliyi olan uşaqların ümumtəhsil məktəblərində təhsilə cəlb olunması məqsədilə Azərbaycanda ibtidai təhsil səviyyəsində inklüziv təhsil modelinin hazırlanması işlərinə də start verilib. İbtidai təhsil səviyyəsində inklüziv təhsil modelinin hazırlanması üçün fəaliyyət planı və yol xəritəsi hazırlanıb. Bu məqsədlə Bakı şəhəri üzrə 2015-2016-cı tədris ilində iki eksperimental məktəb (220 və 138 nömrəli), 2016-2017-ci tədris ilindən isə iki məktəb (252 və 202 nömrəli) seçilib.

Yeri gəlmişkən, 2017-ci ilin sonlarında ölkə prezidenti İlham Əliyev tərəfindən “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” təsdiqlənib. Məsələn, həmin sənəddə Azərbaycanda inklüziv təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud şəxslər üzrə məlumat bazasının yaradılması nəzərdə tutulub. Proqramda bu məsələnin həlli Təhsil Nazirliyinə həvalə olunub. Sözügedən qurum 2018–2020-ci illər ərzində inklüziv təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud şəxslər üzrə məlumat bazasının yaratmalıdır. Bundan başqa proqramda nəzərdə tutulub ki, Təhsil Nazirliyi mütəmadi olaraq dövlət büdcəsində nəzərdə tutulmuş vəsait dairəsində sağlamlıq imkanları məhdud şəxslərə uyğunlaşdırılmış öyrədici materialların, valideynlər və müəllimlər üçün metodiki vəsaitlərin hazırlanmasını və nəşr edilməsini təmin etməlidir.

Dövlət Proqramında o da qeyd edilib ki, ölkə vətəndaşlarının Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş təhsil hüquqlarını təmin etmək məqsədi ilə “Təhsil haqqında” və “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilib. Eyni zamanda, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda sağlamlıq imkanları məhdud şəxslərin təhsili və peşə hazırlığı ilə bağlı məsələlər öz əksini tapıb.

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanının yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. Təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir.
“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda xüsusi təhsil, evdə təhsil və inteqrasiyalı təhsilin təşkil olunması ilə bağlı normaların nəzərdə tutulmasına baxmayaraq, inklüziv təhsilə dair müddəalar yer almayıb. Qeyd olunan qanunun 12-ci maddəsinin tələblərinə əsasən, sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrində təhsil almalarının təmin etmək üçün “İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili qaydaları” təsdiq olunub. Həmin qaydalara əsasən, inteqrasiyalı təhsil sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrində xüsusi təhsil proqramları ilə xüsusi siniflərdə təhsilinin təşkili ilə bağlı məsələləri əhatə edir.

Hazırda sağlamlıq imkanları məhdud uşaqlar əsasən xüsusi məktəblərdə və xüsusi internat məktəblərində və ya evdə təhsil alırlar. Digər tərəfdən, sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulan mövcud təhsil təminatından istifadə imkanları bütün ölkəni əhatə etmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində aparılmış qiymətləndirmənin nəticələrinə əsasən, dövlət uşaq müəssisələrində yaşayan uşaqların 37,7 faizi xüsusi təhsilə olan ehtiyacları üzündən xüsusi internat məktəblərinə yerləşdiriliblər. Regionlarda gözdən əlil və ya kar, sonradan karlaşmış, zəif eşidən uşaqlar üçün xüsusi təhsilin təşkil edilməməsi səbəbindən onlar Bakı şəhərində fəaliyyət göstərən xüsusi internat məktəblərində təhsilə cəlb olunaraq orada yaşayırlar.
Sənəddə bildirilir ki, Heydər Əliyev Fondu tərəfindən sağlamlıq imkanları məhdud, kimsəsiz, valideyn himayəsindən məhrum olan, cəmiyyətin diqqətindən kənarda qalan uşaqların təhsilinin təşkili, onların təhsil aldığı müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü işlər görülüb, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbləri və xüsusi məktəblər əsaslı təmir edilib və ya yenidən qurulub, həmin müəssisələr müasir tələblərə cavab verən inventar və avadanlıqlarla təchiz edilib.

Mövzu ilə bağlı fikirlərini açıqlayan təhsil eksperti Kamran Əsədov son illərdə ölkə rəhbərliyinin təhsil sistemində apardığı islahatlar nəticəsində əlilliyi olan bütün uşaqların məktəbəqədər, eləcə də, icbari ibtidai, orta və ali təhsilə çıxış imkanının təmin edilməsi istiqamətində əməli addımlar atılıb: “Hazırda respublika üzrə inklüziv təhsilin təşkil edildiyi 16 ümumtəhsil məktəbi fəaliyyət göstərir. İnklüziv təhsilin təşkil edildiyi məktəbəqədər müəssisələrin ümumi sayı 13-dür. Respublika üzrə 7 xüsusi məktəb fəaliyyət göstərir. Ölkə üzrə evdə təhsilə cəlb edilmiş uşaqların sayı 7750 nəfərdir. Respublika ərazisindəki 13 məktəbəqədər müəssisədə inklüziv təhsilə cəlb edilmiş, eləcə də inteqrasiyalı təhsilə cəlb olunmuş uşaqların sayı isə 78 nəfərdir. Loqopedik xidmətə məktəbəqədər yaşlı 609 uşaq cəlb edilib. Həmçinin nitqi qüsurlu uşaqlar üçün fəaliyyət göstərən 2 internat məktəbində 555 nəfər uşaq təhsil alır. Gözdən əlil uşaqlar üçün orta ümumtəhsil internat məktəbində 281 nəfər şagird təhsil alır. Loqopedik xidmətin təşkil olunduğu məktəbəqədər müəssisələrin sayı 3, ümumi təyinatlı uşaq bağçalarında loqopedik xidmətin təşkil olunduğu qrupların sayı 16, loqopedik xidmətin təşkil olunduğu ümumtəhsil müəssisələrinin sayı 4 və loqopedik xidmətin təşkil olunduğu internat məktəblərinin sayı 8-dir. Respublikada müxtəlif dərəcədə eşitmə qüsuru olan uşaqlar üçün fəaliyyət göstərən 3 internat məktəbində ümumilikdə 847 nəfər təhsil alır”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.04.2019
22.04.2019