Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Elm və innovasiyanın vəhdəti
Tarix: 11.02.2019 | Saat: 19:15:00
Bölmə:KİVDF | çapa göndər

Mütəxəssislər hesab edirlər ki, son illərdə, xüsusilə ali məktəblərdə bu istiqamətdə ciddi işlər aparılıb

Hazırda elmi biliklərin həcminin artırılması, yeni elm sahələrinin yaradılması, yeni istiqamətlərin formalaşması elmi məzmunda və onun fəaliyyətində də bir sıra dəyişikliklərin edilməsini zərurətə çevirir". Bunu təhsil nazirinin müavini İdris İsayev deyib. O qeyd edib ki, təhsil, elm və innovasiyanın birgə vəhdəti, eləcə də fəaliyyəti vacib məsələlərdəndir:

"Təsadüfi deyil ki, elm tədqiqat, eləcə də ali təhsil müəssisələrinin təhsil, tədqiqat və innovasiya formatında fəaliyyətin gücləndirilməsinə əsas istiqamət kimi müəyyən edilib. Son illərdə ali məktəblərdə bu istiqamətdə ciddi işlər aparılıb. Sevindirici haldır ki, şagirdlər və tələbələrin yaratdıqları start-up layihələri ilə nəinki ölkədə, həmçinin xaricdə də yüksək qarşılanır və qiymətləndirilir".

Yeri gəlmişkən, "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"da qeyd edilir ki, elm və texnologiyanın inkişafı, qabaqcıl innovasiya sisteminin yaradılması və tətbiqi dövlət siyasətinin strateji məqsədlərindəndir. Strategiyanın məqsədləri kimi elmi tədqiqatların və innovasiya siyasətinin səmərəsini artırmaq, ölkəni texnoloji cəhətdən modernləşdirmək, insanın bu və ya digər sahədəki fəaliyyət səmərəsinin yüksəldilməsinə yönələn innovasiyalardan geniş istifadə məsələləri xüsusi qeyd edilib. Strategiyanın mühüm bölmələrindən biri elm, təhsil və istehsalın inteqrasiyası məsələlərinə həsr edilib. Çünki biliklərə əsaslanan iqtisadiyyata keçidin təmin edilməsində universitetlərin mühüm rolu var. Milli innovasiya sisteminin formalaşmasında, inkişafında, cəmiyyətin innovativ səviyyəsinin yüksəldilməsində, innovasion mədəniyyətin formalaşmasında universitetlər lider olmalıdırlar. Universitetin innovativ fəaliyyəti isə təhsil mühitinə yeni və səmərəli elementlərin daxil edilməsinə imkan verən məqsədyönlü dəyişiklikdir. Bu tip fəaliyyət təhsildə məzmunun, formanın, metodların, texnologiyaların, vasitələrin, idarəetmə sistemlərinin inkişafı və səmərəsinin yüksəldilməsinə xidmət edir. Universitetin innovativ fəaliyyəti nəticəsində rəqabətqabiliyyətli kadrlar hazırlamaq mümkün olur.

Təbii ki, universitetin rəqabətqabiliyyətli müasir təhsil müəssisəsi kimi formalaşması üçün onun fəaliyyəti təlim-tərbiyə və elmi-tədqiqatla yanaşı innovativ fəaliyyət istiqamətini də əhatə etməlidir. İnnovasiyalar universitetin bütün struktur bölmələrinin fəaliyyətində mühüm amil olmalıdır. Bunun üçün zəruri hallarda universitetin tərkibində innovasiya yönümlü əlavə infrastruktur bölmələrinin yaradılması məqsədəuyğundur. Bu infrastruktur bölmələrin əsas məqsədi innovativ məhsulların yaradılması və tətbiqindən ibarət olmalıdır.

Məlumat üçün xatırladaq ki, keçid iqtisadiyyatı dövrünü yaşayan ölkələrdə də elm və innovasiyalar sahəsində dövlət siyasətinin formalaşması birinci dərəcəli əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanda “bilik iqtisadiyyatı”na keçiddə gənclərin rolunun artırılması diqqət mərkəzindədir. Qeyd edək ki, bu məsələ ölkə prezidentinin təsdiq etdiyi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda da yer alıb. Məsələn, sənəddə göstərilib ki, gənclərin bu istiqamətdə marağını artırmaq üçün xüsusi televiziya proqramları hazırlanacaq. İşin icrası isə Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna tapşırılıb. Bundan başqa sənəddə göstərilib ki, dövlət proqramının icrası müddətində ənənəvi iqtisadiyyatdan "bilik iqtisadiyyatına" keçiddə gənclərin rolunu artırmaq məqsədi ilə müvafiq tədbirlərin keçirilməlidir. Bu istiqamətdə müvafiq işlər Gənclər və İdman, İqtisadiyyat, Təhsil nazirliklərinə və Azərbaycan Milli Elmlər Akademiyasına həvalə olunub. Dövlət proqramı çərçivəsində həmçinin gənc alim və mütəxəssislərin iştirak etdiyi layihələrə qrantların verilməsi üzrə müsabiqələrin təşkili də nəzərdə tutulub. Bununla bağlı zəruri tədbirlər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən həyata keçiriləcək.

Digər tərəfdən ötən ayın əvvəlində Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında” Sərəncamı da bu sahədə effektivliyin artırılması və koordinasiyanın təmin edilməsi məqsədi daşıyır. Sənədə əsasən, mərkəzi icra hakimiyyəti orqanları, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Prezidentinin, habelə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi icra hakimiyyəti orqanlarının yaratdıqları publik hüquqi şəxslər, o cümlədən dövlət ali təhsil müəssisələri, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər elmi nailiyyətlər, bilik və rəqəmsal yeniliklər bazasında məhsul, xidmət, texnologiya, proses və həllərin hazırlanmasına, təqdim olunmasına və istifadəsinə əsaslanan innovativ inkişaf məsələləri üzrə məsul əlaqələndirici şəxsi (müvafiq qurumun rəhbərinin müavini və ya qurumun idarəetmə orqanlarında təmsil olunan digər şəxs səviyyəsində) on gün müddətində təyin edərək bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına məlumat verməlidirlər.

Həmçinin innovativ inkişafın (o cümlədən startap fəaliyyətinin) dəstəklənməsi sahəsində aidiyyəti üzrə mövcud vəziyyət barədə məlumatları bir ay müddətində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etməlidirlər. Bununla yanaşı, innovativ inkişafın (o cümlədən startap fəaliyyətinin) dəstəklənməsi sahəsində aidiyyəti üzrə görülmüş işlər barədə yarımillik məlumatları hər il yanvarın 15-dək və iyulun 15-dək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etməlidirlər. Eləcə də işçilərinin innovasiya təşəbbüskarlığının və rəqəmsal texnologiyalardan istifadə bacarıqlarının təşviq edilməsi ilə bağlı tədbirlər görməlidirlər.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası isə koordinasiya subyektlərinin innovativ inkişafın (o cümlədən startap fəaliyyətinin) dəstəklənməsi sahəsində gördükləri işlərin əlaqələndirilməsini təmin etməli, müvafiq sahədə nüfuzlu beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə Azərbaycan Respublikasının innovasiya strategiyasının layihəsini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə isə koordinasiya subyektlərinin (mərkəzi icra hakimiyyəti orqanları, Azərbaycan Milli Elmlər Akademiyası və dövlət ali təhsil müəssisələri istisna olmaqla) idarəetmə orqanlarında ən azı bir nəfərin innovasiyalar və ya elmi tədqiqatlar üzrə mütəxəssis olmasının təmin edilməsinə dair müvafiq təklifləri üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb. Nazirlər Kabineti, həmçinin koordinasiya subyektlərinin (mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Milli Elmlər Akademiyası istisna olmaqla) illik mənfəətinin müəyyən hissəsinin innovasiyaların tətbiqi və elmi tədqiqatların maliyyələşdirilməsinə yönəldilməsi ilə bağlı təklifləri üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Habelə ölkədə mövcud olan qabaqcıl texnoloji avadanlıqla təchiz edilmiş elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların (tədqiqat infrastrukturunun) reyestrinin tərtib olunması və aparılması qaydasını Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə hazırlamalı və Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etməlidir. Nazirlər Kabineti dövlət mülkiyyətində olan və ya dövlət vəsaiti hesabına yaradılan tədqiqat infrastrukturundan tədqiqatçıların istifadəsi ilə bağlı təklifləri Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Ekspertlərin fikrincə isə əlavə gəlir əldə etmək üçün müasir universitetin inkişaf strategiyası innovasiyalara əsaslanmalıdır. Universitetin yeniliklərə, innovasiyalara açıq olması, innovativ inkişaf yolunu tutması onun sürətlə inkişaf edən qlobal tələblərə uyğunlaşması, rəqabətədavamlı olması üçün mühüm şərtdir. Belə universitetlər davamlı olaraq elm-təhsil prosesinin məzmununu, texnologiyasını təkmilləşdirərək inkişaf edirlər. Lakin burada bir məsələ var ki, istənilən universitet innovativ inkişaf yolunu seçə bilməz. Bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır. Yəni, universitetin innovativ fəaliyyəti onun struktur bölmələrinin innovativ fəaliyyətinin təşkili və əlaqələndirilməsi mexanizminin yaradılnmasını tələb edir. Güman olunur ki, sözügedən sənəd məhz bu istiqamətdə çatışmazlıqların aradan qaldırılmasına imkan yaradacaq.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.04.2019
22.04.2019