Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Son 15 ildə minimum əməkhaqqı 6,5 dəfə artıb
Tarix: 12.02.2019 | Saat: 17:41:00
Bölmə:Sosial | çapa göndər

Azərbaycanda həyata keçirilən siyasi kursun mərkəzində həmişə insan amili dayanıb. Qeyd edək ki, ötən 15 ildə bu sahədə həyata keçirilən islahatlar və məqsədyönlü tədbirlər əhalinin etibarlı sosial müdafiə sisteminin formalaşmasını, əldə olunan gəlirlərin artmasını təmin edib.

Təbii ki, Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsini sosial siyasət təşkil etdiyindən ölkəmizin davamlı inkişafından, iqtisadi potensialının güclənməsindən bütün ölkəboyu sosial infrastruktur yaradılması, insanların həyat şəraitinin daha da yaxşılaşdırılması, maddi təminatlarının möhkəmləndirilməsi məqsədilə səmərəli şəkildə istifadə olunur. Bu günlərdə Azərbaycan Prezidentinin minumum aylıq əməkhaqqının artırılması haqqında sərəncamı da bunun bariz nümunəsidir.
Məlum olduğu kimi, bu sərəncamla 2019-cu il martın 1-dən Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği 50 manat artırılaraq 180 manata çatdırılması nəzərdə tutulub. Bu minumum əməkhaqqının hazırkı məbləğindən (130 manat) 38,4 faiz çoxdur. Bu artımla respublikamızda minimum aylıq əməkhaqqının ölkə üzrə müəyyən edilmiş yaşayış minimumuna - 180 manata çatdırılmasına nail olunub. Hesablamalara görə, minimum əməkhaqqının artırılması respublika üzrə 600 minədək işçini əhatə edəcək. Minimuməmək haqqının artırılması ilə əlaqədar dövlət büdcəsindən 400 milyon manat, 2019-cu il üzrə isə 335 milyon manata qədər əlavə vəsait sərf olunacaq.

Qeyd etmək yerinə düşər ki, ölkə rəhbərliyinin həyata keçirdiyi sosial yönümlü siyasət nəticəsində təkcə son 15 il ərzində Azərbaycanda 2 milyondan artıq yeni, o cümlədən 1 milyon 600 min daimi iş yeri açılıb. 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı əsasında icrasına başlanılan özməşğulluq layihələrinin maliyyələşdirilməsi üçün 35 milyon manat vəsait ayrılıb. Azərbaycanda 7737 nəfər, o cümlədən 1029 nəfər gənc, 1259 nəfər məcburi köçkün, 816 nəfər ünvanlı sosial yardım alan, 298 nəfər müharibə veteranı, habelə 1309 qadın, 953 nəfər əliliyi olan şəxs bu proqrama cəlb olunub. Proqramın icrası nəticəsində təkcə ötən ildə 7 minə qədər kiçik sahibkarlıq, ailə təsərrüfatı yaranıb. Digər tərəfdən son 15 ildə əməkhaqqı 7 dəfə, minimum əməkhaqqı isə 6,5 dəfə artıb. Bunu 2006-2019-cu illər ərzində Azərbaycanda minimum əməkhaqqının dəyişmə dinamikasından daha aydın müşahidə etmək olar.

Belə ki, ölkəmizdə minimum əməkhaqqı 2006-cı ilin oktyabrından - 30 manat, 2007-ci ilin fevralından - 50 manat, 2008-ci ilin yanvarından - 60 manat, 2008-ci ilin avqustundan - 75 manat, 2010-cu ilin sentyabrından - 85 manat, 2011-ci ilin dekabrından - 93,50 manat, 2013-cü ilin sentyabrından - 105 manat, 2017-ci ilin yanvarından - 116 manat, 2018-ci ilin yanvarından - 130 manat təşkil edib. Bu ilin martından isə ölkədə minimum əməkhaqqı 180 manat olacaq.

Xüsusi vurğulamaq lazımdır ki, dövlətimizin həyata keçirdiyi geniş məzmunlu sosial siyasətin əsas xarakterik cəhətlərindən biri də dövlət qayğısının əhalinin bütün təbəqələrini əhatə etməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən dövlət siyasəti nəticəsində əldə olunan nailiyyətlər ölkəmizin daha da inkişaf etməsi üçün yeni perspektivlər açıb. Nəticədə bu gun əldə olunan inkişafdan əhalinin bütün təbəqələri faydalana bilirlər. Belə ki, Azərbaycan Prezidentinin əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında bu yaxınlarda imzaladığı sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2018-ci il üzrə respublika üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2019-cu il yanvarın 1-i tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını və fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalının indeksləşdirilməsini təmin edəcək. Bu artım ümumilikdə 1318,4 min əmək pensiyaçısını əhatə edəcək.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini də məhz müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Dövlətimizin başçısı tərəfindən bu istiqamətdə imzalanan Fərman və sərəncamlar çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir. Bundan başqa, müharibə əlilləri, veteranları və şəhid ailələrinə göstərilən qayğı nümunəvi xarakter daşıyır. Müharibə əlilləri, veteranları və şəhid ailələrinin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da çox müsbət hal kimi dəyərləndirilir. Təbii ki, bu siyasət davamlı xarakter daşıyır. İndiyə qədər isə bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil, ötən il isə 626 mənzil verilib. Bu il həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur.

Bununla yanaşı, şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi olaraq artırılıb. Milli Qəhrəmanlara Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün məbləği ötən dövrdə mütəmadi olaraq artırılmaqla Milli Qəhrəmanlar üçün 1500 manata, şəhid ailələri üçün 242 manata, müharibə əlilləri: I qrup əlillər üçün 182 manata, II qrup əlillər üçün 158 manata, III qrup əlillər üçün 121 manata çatdırılıb. Prezident təqaüdü ilə yanaşı, müharibə əlillərindən böyük əksəriyyəti əlilliyə görə əmək pensiyası, pensiya hüququ olmayan az bir qismi isə əlilliyə görə müavinət alırlar. Əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə və müharibə əlillərinin uşaqlarına aylıq sosial müavinət verilir.

Ötən il keçirilən prezident seçkilərində qələbəsindən sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman da məhz bu istiqamətdə olub. Belə ki, şəhid vərəsələrinə birdəfəlik ödəmənin verilməsini nəzərdə tutan bu Fərman onların sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində mühüm addımlardan hesab olunur.
Sözsüz ki, son 15 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkə iqtisadiyyatında dayanıqlığın təmin olunması sosial layihələrin gələcəkdə də uğurla icra olunacağına zəmin yaradır. Proqnozlara görə isə bu il əhalinin gəlir səviyyəsinin 59,2 milyard manata qədər artacağı və orta aylıq əməkhaqqının ötən illə müqayisədə real ifadədə 10,7 faiz artaraq 641,7 manat olacağı gözlənilir. Eyni zamanda, bu il ÜDM-in real iqtisadi artımı 3,6 faiz olmaqla, 81,9 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in artımı 3,9 faiz olmaqla 50,5 milyard manat təşkil edəcək.

Sevinc



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.04.2019
24.04.2019
23.04.2019