Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Regionlarımızda o qədər gözəl yerlər var, ancaq Bakını çəkib göstərirlər" - FOTOQRAFLA SÖHBƏT
Tarix: 14.02.2019 | Saat: 13:14:00
Bölmə:Müsahibə | çapa göndər

Azərbaycanın rayonlarını, kəndlərini gəzib, maraqlı, gözəl yerləri xatirəyə çevirmək asan iş deyil. Əgər dəstək verən yoxdursa məsələ daha qəlizdir. Elə müsahibim Vahid Həsənov da deyir ki, məqsədim ölkəmizin gözəlliyini çəkib tanıtmaqdır. Lakin belə böyük layihə üçün dəstək olan yoxdur, öz şəxsi hesabımla da etmək artıq mümkünsüzdür...

Hafta.az gənc və tanınmış fotoqraf Vahid Həsənovla müsahibəni təqdim edir.

- Özünüzü təqdim edin, Vahid Həsənovu kimidir?

- Təbiəti sevən, vətəninin gözəlliyini həm azərbaycanlılara, həm də xarici vətəndaşlara tanıtdırmaq istəyən videoqrafam. İxtisasca rəssam olsam da, əsasən fotoqrafiya və videoqrafiya ilə məşğul oluram

- Neçə yaşınızdan fotoqrafçılıqla məşğul olursuz?

- İki il yarımdır ki, mən bölgələri, kəndləri gəzib foto və video çəkirəm. Ondan əvvəl isə  rəssam idim. Foto çəkməyə keçəndə artıq anlayışım var idi. Kompozisiya, rənglər - hamısı məndə var idi. Ona görə rəsmdən fotoqrafçılığa keçmək asan oldu. 22 yaşımdan başladım. Amma rəsmlərim 8 yaşımdan sərgilərdə nümayiş olunub. İki-üç sərgim olub.

- - Şəkil çəkmək üçün fotoaparatın olması kifayətdirmi?

- Əlbəttə, yox. Mən deyərdim ki, fotoaparat olmasa da olar. Adi telefonla belə gözəl şəkil çəkilə bilər. Əsas odur ki, insan o gözəlliyi görə bilirsə... Çünki hər insan gözəlliyi görüb, hiss edə bilmir. Elə gözəllik olar ki, bir insan onun yanından keçər və heç onu görə bilməz. Mənim bəzi şəkillərim də telefonla çəkilib. Baxan heç bilməz ki, bu şəkil fotoaparatla, yoxsa telefonla çəkilib.

- - Azərbaycanın rayonlarını, kəndlərini gəzirsiniz və maraqlı yerləri xatirəyə çevirirsiniz, bunu zövq üçün edirsiniz?

- Xeyr! Bu artıq mənim həyatıma çevrilib. Həyatımı buna həsr etmişəm. Azərbaycan mənim vətənimdir, içimdə böyük vətən sevgisi var. Və iki-üç il ardıcıl olaraq öz vətənimi gəzib, çəkib ölkədə və ölkədən kənar insanalara tanıtmaq istəyirəm. Zövq deyil, həyat tərzimdir. Hobbi kimi baxmıram. Hobbi odur ki, sənin bir işin olur, işindən əlavə vaxt itkisi olmasın deyə nə iləsə məşğul olursan. Bu işdə mən vaxtı hiss etmirəm. Sifarişlər də bəzən olur. Məsələn, təbiət qoynunda olan otellərin, rayonların, kəndlərin, milli parkların tanıtımı üçün sifarişlər ola bilər. Mən gələcək işlərimdə bunları planlayıram.

- - Ancaq istək, zövq bir müddətə qədərdir, sonradan maddi sıxıntılarla üzləşmə ola bilər. Bunu heç düşünmüsünüz ?

- Maddi sıxıntılarla bağlı mən video hazırlamışam. Gördüyünüz kimi maddi sıxıntılar olsa belə mən usanmadım və davam edirəm. Bu da zövq yox, işimi sevdiyimdən irəli gəldiyini sübut edir.

- Video çəkmisiniz orada deyirsiniz ki, əlimdəkiləri də satdım pula çevirdim, indi dostlar kömək edir....

- Altı ay əvvəl video layihəm var idi. Ancaq bitirə bilmədim. Çünki heç pulum yox idi ki, gedim o yerlərə və qalım. Xərclik pulum yox idi. Mən də əlimdə olan aparatlarımı satdım. 6 ay üçün mənə lazım olan pulu hesabladım. Qışın gəlişini gözləmək üçün məcbur qalmalıyam. Meşələrdə olmalısan və gördüyün maraqlı mənzərəni də çəkməlisən.

- - Sizin çəkdikləriniz sosial şəbəkədə izlənilir. İstiyərdinizmi peşəkar fotoqrafçılıqla məşğul olasınız, böyük layihələrdə, tədbirlərdə iştirak edəsiniz?

- Mənim özümün “Bura Vətəndir “ adlı layihəm var. Bilmirəm böyükdür, ya balaca. Çünki sponsorum yoxdur. Ölkəmizdə gözəl yerlər çoxdur. Siz bəlkə onu yüz dəfə görmüsünüz. Ancaq mənim çəkdiyim fotolarda fərqli görürsünüz və görəcəksiniz. Fərqi yoxdur video və ya foto. “Bura Vətəndir “ layihəsinin məqsədi odur ki, başqa yerlərə getmək lazım deyil. Özümüzdə də gözəl yerlər çoxdur. Doğrudan da bizim regionlarımızda o qədər gözəl yerlər var. Lakin biganə qalınıb. Çox adamın xəbəri yoxdur. Heç kim tanıtmaq istəmir. Ancaq Bakını çəkib göstərirlər. Məncə turizm inkişaf edirsə bütün hər yerdən inkşaf etməlidir. Turizmin o yerlərdə inkişaf etməsi, orada yaşayanlar üçün də əlverişli olar. O da Bakiya axının qarşısın alar, hamı öz rayonunda həyat tərzini formalaşdırar.

- Kimsə təklif edibmi, kinolar, layihələr üçün bizlə işlə?

- Televiziyalardan təklif gəlib. Rejissor, operator... Mən kimləsə işləyə bilərəm, kim üçünsə işləmək məndə alınmır. Çünki öz yolum, öz layihəm var. Ümid edirəm yaxın zamanda ona dəstək olacaqlar. “Bura vətəndir” layihəsi tək foto ilə qurtarmır. Parkların təmizləməsi və təmiz saxlanması üçün tədbirlər də var planlarda. Rayon fotoqraflarını bu işdə cəlb etmək və inkişaf etdirmək istəyirəm. Layihə hazırdır, maraqlanan olsa göstərə bilərəm.

- Çəkdiyiniz şəkilləri xarici ölkələrə çıxarmaq istərdiniz?

- Şəkillərim sosial şəbəkələr vasitəsi ilə xaricdə də yayımlanır. Amma Azərbaycanı xarici ölkələrdə, sərgilərdə tanıtmaq istəyərdim. Bunu kim istəməz ki?!

- Hansı məşhur fotoqraflar diqqətinizi çəkir?

- Kris Burkırt, Benjamin... Ən çox bunları bəyənirəm.

- - Heç olurmu çəkdiyiniz şəkillərə baxıb depresiyyaya düşürsüz? Bu xarici fotoqrafların həyatında rast gəlinən hadisədir.

- Yox! Əksinə... çəkdiyim şəkillər mənə motivasiya verir. Mən depressiya ancaq istədiyim şəkili çəkə bilmədiyim üçün düşərəm...

- Çox sağ olun, Vahid bəy.

- Mən təşəkkür edirəm diqqətiniz üçün.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.05.2019
18.05.2019