Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakalavriat səviyyəsində bəzi ixtisaslar ləğv olunub
Tarix: 14.02.2019 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Bu istiqamətdə təsnifatın yenilənməsində əsas məqsəd ixtisasların əmək bazarına uyğunlaşdırılmasıdır

Nazirlər Kabinetinin qərarı ilə “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı” təsdiq olunub. Təhsil Nazirliyinin məlumatına görə, təsnifatın yenilənməsində əsas məqsəd beynəlxalq təcrübəyə və müasir əmək bazarının tələblərinə uyğun yeni məzmunlu təhsil proqramlarının hazırlanması və ali təhsil müəssisələrində tətbiqindən ibarətdir.

Qərara əsasən, əvvəlki təsnifatda mövcud olan 175 ixtisasın sayı 148-ə qədər azaldılıb. O cümlədən, 18 ixtisasın adında dəyişiklik edilib, 70-ə yaxın ixtisas birləşdirilib və ya çıxarılıb, 46 yeni ixtisas yaradılıb.
Belə ki, bir sıra ixtisasların adları Avropa universitetlərinin təcrübəsinə uyğun müasirləşdirilib. Bəzi ixtisasların adlarında dəyişiklik olmasa da, onların təhsil proqramlarının məzmununun təkmilləşdirilməsi nəzərdə tutulur. Tvinninq layihəsi çərçivəsində 15 ixtisasın tamamilə yeni məzmunlu təhsil proqramının hazırlanması planlaşdırılır. Qərara əsasən, dar ixtisaslaşmanı əhatə edən bir neçə uyğun ixtisas birləşdirilib, müasir tələbata uyğun olmayan ixtisaslar təsnifatdan çıxarılıb. Əmək bazarının tələbatına uyğun bir sıra yeni ixtisaslar təsnifata əlavə edilib.
“Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı”na əsasən, ixtisas qrupları üzrə aşağıdakı dəyişikliklər olub:
“Təhsil ixtisasları” qrupunda olan 22 ixtisasdan biri (“Rəqs müəllimliyi”) çıxarılıb, 2 ixtisasın adında isə dəyişiklik edilib. Hazırda bu qrupda 21 ixtisas var.

“Humanitar və sosial ixtisaslar” qrupunda olan 17 ixtisasdan biri (“Antropologiya”) çıxarılıb, 2 ixtisas (“Kitabşünaslıq” və “Kitabxanaçılıq və informasiya”) isə bir ad altında birləşdirilib, “İslamşünaslıq” adlı yeni ixtisas əlavə olunub. Hazırda bu qrupda 15 ixtisas var.
“Mədəniyyət və incəsənət ixtisasları” qrupunda olan 21 ixtisasdan 8-i müxtəlif sahələri əhatə etdiyindən və bəzi hallarda həmin sahənin adı ixtisasın adı kimi təsnifatda qeyd olunduğundan (məsələn, “Solo oxuma”, “Estrada sənəti”, “Kinoşünaslıq”, “Teatrşünaslıq” və s.) bu ixtisaslar bir ad altında birləşdirilib, onlara“sahələr üzrə” sözləri əlavə edilib. Hazırda bu qrupda 18 ixtisas var.
“İqtisadiyyat və idarəetmə ixtisasları” qrupunda 12 ixtisasdan 4-ü digər uyğun ixtisaslarla eyni məzmun təşkil etdiyindən (məsələn, “Dünya iqtisadiyyatı”, “İqtisadiyyat”, “Biznesin idarə edilməsi” və “Kommersiya”) onlar birləşdirilib və beynəlxalq təcrübəyə uyğun ad qoyulub. “Mühasibat uçotu və audit” ixtisasının adı “Mühasibat” olub, “Beynəlxalq ticarət və logistika” adlı tamamilə yeni ixtisas əlavə edilib. Hazırda bu qrupda 10 ixtisas var.

“Təbiət ixtisasları” qrupunda ixtisasların adları məqsədəuyğun olduğundan burada heç bir dəyişiklik edilməyib, yalnız “Biotexnologiya” adlı yeni ixtisas əlavə olunub. Hazırda bu qrupda 11 ixtisas var.
“Texniki və texnoloji ixtisaslar” qrupunda əsaslı dəyişikliklər edilib. Belə ki, məzmunca eynilik təşkil edən bəzi ixtisaslar birləşdirilib və daha müasir adlarla adlandırılıb, bəziləri dar ixtisaslaşmanı əhatə etdiyindən təsnifatdan çıxarılıb. Beləliklə, 29 ixtisas ləğv edilərək, 10 yeni adlı ixtisas yaradılıb, 8 ixtisasın adı dəyişdirilib. 59 ixtisasın sayı 40-a qədər azaldılıb.
“Kənd təsərrüfatı ixtisasları” qrupunda mövcud olan 12 ixtisasdan 4-nün adı dəyişib, 2-si (“Aqromühəndislik” digər qrupa keçirilib, “Zootexnik”) çıxarılıb və 1 yeni ixtisas (“Zoomühəndislik”) əlavə olunub. Bu qrupda hazırda 11 ixtisas var.
“Səhiyyə, rifah və xidmət ixtisasları” qrupunda da ciddi dəyişikliklər edilib. Qrupda olan 9 ixtisasdan 3-ü (“Həkim yardımçısı”, “Bədən tərbiyəsi və idman” və “Turizm və otelçilik”) çıxarılıb, 1-nin adı dəyişib və 4 yeni ixtisas əlavə olunub. Hazırda qrupda 10 ixtisas var.
“Tibb təhsilinin əsas təhsili üzrə ixtisaslar” qrupunda olan 4 ixtisasın sayı dəyişməsə də, burada 1 ixtisas (“Tibbi profilaktika”) çıxarılıb, 1 ixtisas (“İctimai səhiyyə”) əlavə olunub, 2 ixtisasın adı dəyişdirilib.

“Xüsusi təyinatlı ixtisaslar” qrupunda mövcud 10 ixtisasdan 3-nün adı dəyişdirilib, 5-i çıxarılıb (bunlardan 1-i digər qrupa keçirilib), 3 adda tamamilə yeni ixtisas əlavə edilib. Yeni ixtisaslardan 2-si artıq keçən il Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Ümumilikdə ixtisasların sayı 8-ə enib. Təhsil Nazirliyinin şöbə müdiri Yaqub Piriyevin dediyinə görə, Nazirlər Kabinetinin təsdiqlədiyi “Ali təhsilin bakalavriat (ali baza tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı” qaydaları əsasında yeni yaradılan və ya adları dəyişdirilən ixtisaslara bu il qəbul aparılmayacaq. Onun sözlərinə görə, bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı sonuncu dəfə 2009-cu ildə təsdiq edilmişdi: “Bu təsnifatlar 3 il ərzində aparılan təhlillər, tədqiqatlar nəticəsində yaranıb. Yeni qayda əsasında qəbul 2020-2021-ci tədris ili üçün nəzərdə tutulur. Yeni bakalavr ixtisasları üzrə ilk buraxılış 2024-cü ildə olacaq. İxtisasların ləğv olunması isə məzunlara heç bir təsir göstərməyəcək. Onlar yalnız yeni ixtisaslar, yeni təhsil məzmunu əsasında kadr kimi hazırlanacaqlar. Ləğv olunmuş ixtisaslar üzrə təhsil alan tələbələrin akademik borclarının ləğv edilməsi ilə bağlı da heç bir problem olmayacaq”.

Y.Piriyev əlavə edib ki, yeni ixtisaslar dünyada qəbul olmuş standartlara uyğundur.
Onun sözlərinə görə, qərara uyğun olaraq, bakalavriat səviyyəsi üzrə yeni ixtisas təsnifatında bəzi ixtisasların adları dəyişdirilib. Əmək bazarının tələbinə uyğun olmayan ixtisaslar çıxarılıb.

Y.Piriyev əlavə edib ki, magistratura üzrə də gələcəkdə ixtisasların təsnifatı aparılacaq: “Bakalavriatda olan təsnifat əsasında magistraturada da mövcud ixtisaslara baxılacaq və buna uyğun dəyişiklik ediləcək. Prosesə bu il və ya gələn il başlanılacaq. Dəyişiklikdən öncə elə ixtisaslar var idi ki, ora 10 il ərzində qəbul aparılmırdı. İxtisasların ləğv olunması məzunlara təsir etməyəcək, yalnız bu ixtisasların yeni məzmunu hazırlanacaq".
Y.Piriyev ixtisasların təsnifatında edilən dəyişiklər barədə ətraflı məlumat verərək qeyd edib ki, təhsil ixtisasları qrupunda hazırda 21 ixtisas var. Rəqs müəllimliyi təsnifatdan çıxarılıb: “Humanitar və sosial ixtisaslar qrupunda 17 ixtisasdan biri çıxarılıb. Çıxarılan ixtisaslardan Antropologiya magistraturada pilləsində tədris olunacaq. 2 ixtisas birləşdirilib. İslamşünaslıq adlı yeni ixtisas əlavə olunub. Mədəniyyət və incəsənət ixtisasları qrupunda 21 ixtisasdan 8-i bir ad altında birləşdirilib. İqtisadiyyat və idarəetmə ixtisasları qrupunda 12 ixtisasdan 4-ü birləşdirilib və onlara beynəlxalq təcrübəyə uyğun adlar qoyulub. Dünya iqtisadiyyatı və iqtisadiyyat bir ad, kommersiya və biznesin idarə edilməsi isə başqa ad altında birləşdirilib. Beynəlxalq ticarət və logistika ixtisası yeni yaradılıb.

Təbiət ixtisasları qrupuna biotexnologiya ixtisası əlavə olunub. Texniki və texnoloji ixtisaslar qrupunda 59 ixtisasın sayı 40-a endirilib. Bu qrupda o qədər ixtisas olub ki, onlar əmək bazarının tələbinə uyğun olmayıb. Bu qrupa 10 yeni ixtisas əlavə olunub. Onlardan biri Logistika və nəqliyyat texnologiyaları mühəndisliyidir. Adıçəkilən ixtisasa yüksək ballı abituriyentlər qəbul olunacaqlar.

Kənd təsərrüfatı ixtisasları qrupunda 12 ixtisasdan 4-nün adı dəyişdirilib, 2-sı çıxarılıb, 1 yeni ixtisas əlavə olunub. Balıqçılıq və balıqçılıq təsərrüfatı Balıqçılıq adı altında birləşdirilib. Bağçılıq və tərəvəzçilik, bitki mühafizəsi və şərabçılıq ixtisasları yaradılıb. Zootexnik ixtisası Zoomühəndislik ixtisası ilə əvəz olunub.
Səhiyyə, rifah və xidmət ixtisasları qrupuna yeni ixtisaslar əlavə olunub. Bədən tərbiyəsi və idmanda reabilitasiya , Fizioterapiya və tibbi reabilitasiya , Məşqçilik, tibb bacısı kimi ixtisaslar yaradılıb. Əsas (baza ali) tibb təhsili üzrə ixtisaslar qrupundan 1 ixtisas çıxarılıb, 2-si əlavə olunub.Sosial şəbəkələrdə bu qrupla bağlı yanlış məlumatlar yayılır. Qrupdakı 4 ixtisasın hamısı qalıb. Dünyada müalicə işi adlı ixtisas yoxdur. Tibb ixtisası var. Müalicə işi ixtisasının adı təhsilini xaricdə davam etdirənlərə problemlər yaradırdı. Daha sonra Tibbi profilikatika –ictimai səhiyyə ixtisası ilə adlandırılır. Hərbi həkim işi hərbi tiblə əvəz olunub”.

Onun sözlərinə görə, Azərbaycanda mövcud olan “Tibbi profilaktika” ixtisası çox dar çərçivəli idi. Bu ixtisasın dünya təhsil sistemindəki ixtisaslar təsnifatında olmadığını deyən Y.Piriyev həmin ixtisasın “İctimai səhiyyə” ixtisası kimi tanındığını, Azərbaycanda da “Tibbi profilaktika” ixtisasının adının dəyişdirilərək buna uyğunlaşdırıldığını söyləyib.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.03.2019
22.03.2019
21.03.2019