Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Elmi fəaliyyətin proqram məqsədli maliyyələşdirilməsi
Tarix: 19.02.2019 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Bununla bağlı keçirilən müsabiqədə hansı təşkilatlar iştirak edə bilərlər?

Nazirlər Kabineti “Elmi fəaliyyətin proqram məqsədli maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında qərar qəbul edib. Qaydalar “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə uyğun olaraq hazırlanıb və Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün elmi fəaliyyət subyektlərinin elmi və elmi-texniki fəaliyyətinin proqram məqsədli maliyyələşdirilməsinin həyata keçirilməsi üzrə müsabiqələrin təşkili və keçirilməsi qaydalarını müəyyən edir.

Sənəddə göstərilib ki, elmi fəaliyyətin proqram məqsədli maliyyələşdirilməsi üzrə müsabiqələr müsabiqəni elan edən mərkəzi, yerli icra hakimiyyəti orqanları və aidiyyəti qurumlar tərəfindən keçirilir. “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 36.4-cü maddəsinə uyğun olaraq məqsədli elmi və ya elmi-texniki proqramlar üzrə müsabiqənin qalibləri Nazirlər Kabineti tərəfindən yaradılan ekspert komissiyaları tərəfindən müəyyən edilir və müsabiqəni elan edən səlahiyyətli orqanlar tərəfindən təsdiq edilir. Belə ki, müsabiqə keçirən səlahiyyətli orqanlar tərəfindən müvafiq ekspert komissiyasının yaradılması barədə Nazirlər Kabinetinə müraciət olunur və müraciət daxil olduğu tarixdən 15 iş günü müddətində ekspert komissiyasının yaradılması haqqında qərar qəbul edilir. Ekspert komissiyasının üzvləri müsabiqəyə təqdim olunmuş proqramlarda rəhbər və ya icraçı qismində iştirak edə bilməzlər.

Ekspert komissiyasının səlahiyyətlərinə gəlincə, buraya müsabiqəyə təqdim olunan proqramların ekspertizasının keçirilməsi və rəy verilməsi, proqramların ekspertizası zamanı müəllif hüququ (patent hüququ) ilə əlaqədar yaranan məsələlərin qanunvericiliyə uyğun olaraq tənzimlənməsi və aidiyyəti dövlət orqanlarına müraciətin ünvanlanması, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün qanunvericiliyə və bu Qaydalara uyğun olaraq digər səlahiyyətlərin həyata keçirilməsi daxildir. Eyni zamanda, “Elm haqqında” Qanunun 36.2-ci maddəsinə uyğun olaraq, mülkiyyət növündən asılı olmayaraq, bütün elmi fəaliyyət subyektləri və onların müvafiq strukturları proqram məqsədli maliyyələşdirmə üzrə müsabiqədə iştirak zamanı bərabər hüquqlara malikdirlər. Müsabiqənin elan edilməsi və sənədlərin qəbulu, müsabiqənin keçirilməsi haqqında elan səlahiyyətli orqan tərəfindən onun internet resurslarında və dövri mətbuatda yerləşdirilir. Təqdim olunan proqramlarda isə proqramın adı və əhatə etdiyi problemin qısa təsviri, proqramın əsas hədəfi, proqramın rəhbəri və icraçıları haqqında məlumat, proqramın vəzifələri, onların yerinə yetirilməsinin vaxtı və mərhələləri göstərilməklə həyata keçiriləcək tədbirlər, gözlənilən nəticələr, vəzifələrin və tədbirlərin icra vəziyyətinin qiymətləndirilməsi üçün istifadə edilən göstəricilər qeyd olunur.

Proqramın ekspert komissiyası tərəfindən müsabiqədən kənarlaşdırılmasına gəlincə, dövlət büdcəsindən və digər mənbələr hesabına maliyyələşdirilən eyniməzmunlu proqram təqdim edildikdə, təqdim olunan proqramlar müsabiqənin prioritet elmi istiqamətlərinə aid olmadıqda, Qaydaların tələbləri pozulduqda imtina addımı atılır. Təqdim olunan proqram müsabiqənin şərtlərinə uyğun olmadıqda və müsabiqədən kənarlaşdırıldıqda, həmin sənədlər geri qaytarılmır. Bundan başqa, sənədlərin qəbulu başa çatdıqdan sonra 30 iş günü müddətində proqramların ekspertizası həyata keçirilir. Proqramların ekspertizası başa çatdıqdan sonra ekspert komissiyası tərəfindən 10 iş günü müddətində müsabiqənin qalibləri müəyyən edilir. Müsabiqənin nəticələri səlahiyyətli orqan tərəfindən elan edilərək, onun internet resurslarında və dövri mətbuatda dərc olunur. Müsabiqədən keçmiş proqramların yerinə yetirilməsi və maliyyələşdirilməsi məqsədi ilə səlahiyyətli orqan və proqramın rəhbəri arasında “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 34.5-ci maddəsinə uyğun olaraq qarşılıqlı öhdəlikləri nəzərdə tutan müqavilə bağlanılır. Bu müqavilənin icra müddəti 3 ildən çox olmamalıdır. Elmi fəaliyyətin proqram məqsədli maliyyələşdirilməsi “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 34.4-cü maddəsinə uyğun olaraq dövlət büdcəsi hesabına həyata keçirilir.

Yeri gəlmişkən, ölkəmizdə ilk dəfə olaraq 2016-cı ildə “Elm haqqında”qanun qəbul olunub. Həmin qanunun 6-cı fəslində isə “elmi fəaliyyətin iqtisadiyyatı” anlayışına aydınlıq gətirilib. Qanunda qeyd olunub ki, elmi və elmi-texniki fəaliyyətin maliyyələşdirilməsi dövlət büdcəsinin vəsaiti, elmi fəaliyyət subyektlərinin öz vəsaitləri, dövlət fondlarının vəsaitləri, kreditlər, qrantlar, ianələr və digər qanuni mənbələr hesabına həyata keçirilir. Elmi və elmi-texniki fəaliyyətin maliyyələşdirilməsi elmi müəssisə və təşkilatların beynəlxalq təşkilatlardan, maliyyə qurumlarından və fondlardan müqavilə, müsabiqə və qrantlar əsasında cəlb etdikləri, həmçinin elmi məhsul və xidmətlərin satışından daxil olan vəsaitlər hesabına da həyata keçirilə bilər.
Elmi fəaliyyətin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlər elmi fəaliyyətin davamlı inkişafını, mövcud elmi potensialın qorunması və inkişaf etdirilməsini, dövlət maraqları əsasında ictimai-siyasi, milli-mənəvi, sosial-iqtisadi və elmi-texniki problemlərin tədqiqini (həllini) və qarşıya qoyulan digər vəzifələrin həyata keçirilməsini təmin edir. Dövlət büdcəsi hesabına elmi və elmi-texniki fəaliyyətin maliyyələşdirilməsi aşağıdakı formalarda həyata keçirilir:
baza maliyyələşdirilməsi;
proqram məqsədli maliyyələşdirmə;
qrant maliyyələşdirilməsi.

Elmi və elmi-texniki fəaliyyətin subyektləri ilə müvafiq icra hakimiyyəti orqanları, aidiyyəti qurumlar arasında elmi və elmi-texniki layihə, qrant və ya proqramların reallaşdırılması üzrə münasibətlər müqavilə əsasında tənzimlənir və bu müqavilələrin icra müddəti üç ildən çox olmamalıdır. Elmi müəssisə və təşkilatlar əldə etdikləri büdcədənkənar vəsaitlərdən maddi-texniki bazanın gücləndirilməsi, elmi infrastrukturun təkmilləşdirilməsi, işçilərin maddi həvəsləndirilməsi və digər məqsədlər üçün sərbəst istifadə etmək hüququna malikdir.

Elmi fəaliyyətin baza maliyyələşdirilməsinin subyektləri dövlət elmi müəssisə və təşkilatları, dövlət ali təhsil müəssisələrinin elmi tədqiqat institutları və laboratoriyaları, elmi fəaliyyət üzrə dövlət sifarişlərini yerinə yetirən digər elmi müəssisələrdir. Baza maliyyələşdirilməsi fundamental elmi tədqiqatların, dövlət əhəmiyyətli, o cümlədən milli təhlükəsizlik və müdafiə əhəmiyyətli elmi tədqiqatların aparılmasını, mühüm elmi obyektlərin qorunmasını, yüksəkixtisaslı elmi kadrların hazırlanmasını təmin edir. Baza maliyyələşdirilməsi dövlət elmi müəssisə və təşkilatlarının, dövlət ali təhsil müəssisələrinin elmi tədqiqat institutları və laboratoriyalarının əmlakının, o cümlədən binaların saxlanılması, elmi infrastrukturların inkişafı, müasir avadanlıqlar və digər zəruri vasitələrlə təchiz olunması, elmi işçilərin, inzibati və xidməti heyətin əməyinin ödənilməsi, elmi tədqiqatların nəticələrinin nəşri və yayılması, elmi-texniki fəaliyyətin informasiya təminatı üzrə xərclərini əhatə edir.

Elmi fəaliyyətin proqram məqsədli maliyyələşdirilməsi strateji cəhətdən vacib olan dövlət əhəmiyyətli elmi işlərin aparılmasına yönəldilməklə müsabiqə əsasında və ya müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müsabiqədənkənar qaydada həyata keçirilir. Mülkiyyət növündən asılı olmayaraq bütün elmi fəaliyyət subyektləri və onların müvafiq strukturları proqram məqsədli maliyyələşdirmə üzrə müsabiqədə iştirak zamanı bərabər hüquqlara malikdir.

Elmi fəaliyyətin qrant maliyyələşdirilməsi elmi tədqiqatların stimullaşdırılması və səmərəliliyinin artırılması, elmi-texniki potensialın səviyyəsinin, elmi müəssisə və təşkilatların və ali təhsil müəssisələrinin, eləcə də alim və tədqiqatçıların rəqabət qabiliyyətinin yüksəldilməsi məqsədilə həyata keçirilir. Dövlət vəsaiti hesabına qrant maliyyələşdirilməsinin əsas istiqamətləri və həcmi elmin inkişafının prioritet istiqamətlərinə uyğun olaraq müəyyən edilir. Qrant almış elmi müəssisə və təşkilatların, layihə rəhbərlərinin layihələrin idarə edilməsində müstəsna hüquqları təmin edilir. Elmi fəaliyyətin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və onların nəticələri haqqında məlumatlar dövri mətbuatda və internet resurslarında yerləşdirilir. Dövlət elmi müəssisələri beynəlxalq təşkilatlardan, fondlar və digər maliyyə qurumlarından, elmi-texniki məhsul və xidmətlər bazarlarından müsabiqə və müqavilələr əsasında cəlb etdikləri qrantlara görə məsuliyyət daşıyır.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.03.2019
22.03.2019
21.03.2019