Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ötən il 218 min 315 daşınmaz əmlak dövlət qeydiyyatına alınıb - MÜSAHİBƏ
Tarix: 19.02.2019 | Saat: 18:30:00
Bölmə:Müsahibə | çapa göndər

Qulu Xəlilov: “Son illərin statistikası bu istiqamətdə vətəndaş marağının mövcudluğundan xəbər verir”

Bu gün Azərbaycanda dövlət strukturlarının fəaliyyətində təkmilləşdirmə işləri sürətlə davam etdirilir. Təbii ki, bu istiqamətdə əsas hədəf vətəndaşlara göstərilən xidmət səviyyəsinin yüksəldilməsi və vətəndaş-məmur təmasının minimuma endirilmasidir. “Həftə içi” qəzetinin budəfəki müsahibi Əmlak Məsələləri Dövlət Komitəsi ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Qulu Xəlilovdur.

- Qulu müəllim, ötən il Əmlak Məsələləri Dövlət Komitəsi hansı hədəflərə nail olub və bu il üçün əsas hədəfləriniz nələrdir?

- Qeyd edim ki, ölkə rəhbərinin müəyyən etdiyi strateji xətdə uyğun olaraq iqtisadiyyatın digər sahələri ilə yanaşı, əmlak idarəçiliyi sahəsində də müasir yanaşmaların tətbiqi, insan amilinə istiqamətlənmiş innovativ layihələrin reallaşdırılması, göstərilən xidmətlərin elektronlaşması ön plandadır. Buna uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi fəaliyyəti üzrə hədəflər müəyyənləşdirir. 2018-ci il üçün qarşıya qoyulan hədəflər istiqamətində mühüm işlər aparıldı.
Ötən il ərzində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən əmlak idarəçiliyi sahəsində bəyan edilən hədəflər torpaqların elektron uçotunun yaradılması və sistemli idarə edilməsi, ölkədə mükəmməl elektron kadastr uçotunun reallaşdırılması və torpaqlardan səmərəli istifadə edilməsində Peyk nəzarət sistemi qurulması prinsiplərini əhatə etdi. Eyni zamanda göstərilən bütün xidmətlərin vahid Metaməlumat sisteminə inteqrasiyası təmin edilməsi, özəlləşdirmənin tam elektronlaşdırılması, xidmətlərin vətəndaşın məkanında icra olunması, müasir kadr potensialına əsaslanan çevik idarəetmənin qurulması da əsas məqsədlərdən oldu. Hazırda bu tendensiya davam etməkdədir. Belə ki, komitə tərəfindən yeni ilin yeni hədəfləri müəyyənləşib. Bu hədəflərə “dövlət əmlakını qorumaq, hər birimizin vətəndaşlıq borcudur”, özəlləşdirmədə yeni yanaşmalar, şəffaflıq və iqtisadi səmərə olmalıdır, Əmlak Xidmətləri Məkanının təcrübəsi regionlarda da tətbiq edilməlidir kimi məsələlər daxildir. Eyni zamanda, builki hədəfimizə əmlak qeydiyyatında əsas vəzifə - xidmətlərdə əlçatanlıq və vətəndaş məmnunluğunun daha da artırılması, kağız çıxarışdan tam elektron çıxarışa keçmək, torpaqların elektron kadastr uçotunun verdiyi nəticələr vətəndaşlara da çatdırılmalıdır, torpaqlardan səmərəli istifadədə - Peyk Nəzarət Sisteminin imkanlarının geniş tətbiqi və digər qurumlarla inteqrasiya, Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması və inteqrasiyası, müasir düşüncə - gələcəyə addım, kadr potensialının inkişafı və çevik idarəçilik məsələləri da daxil edilib.

- Komitə tərəfindən özəlləşdirmənin tam elektronlaşması və bu istiqamətdə şəffaflığın təmin olunması yönündə atılan addımlar nədən ibarətdir?

- Bu gün Komitə digər sahələrlə yanaşı özəlləşmə sahəsində də elektronlaşma prinsipini həyata keçirir. Belə ki, artıq istənilən dövlət əmlakı internet vasitəsilə özəlləşdirilə bilər. Elektron hərrac sistemi vasitəsilə bu işlər reallaşdırılır. İstər səhmdar cəmiyyəti, kiçik dövlət müəssisəsi, qeyri-yaşayış sahəsi, istərsə də torpaq sahələri, avtomobillər onlayn resurslar vasitəsilə özəlləşdirilir. İstənilən investorlar, ölkədə və xaricdə olmasından asılı olmayaraq sifariş verdiyi əmlakı hərrac günü onlayn olaraq özəlləşdirə bilər. Onlayn rejimdə iştirak edən şəxs 60 saniyə ərzində təklifini irəli sürməklə əmlak sahibi olur. Hərrac rəqabətli keçdikdə isə alıcılar əmlakın ilkin satış qiymətinin 1 faizindən az olmayan yeni təklif edirlər.

Komitənin elektron xidmətlər portalı üzərindən qeydiyyatdan keçmədən özəlləşdirmə hərraclarının onlayn rejimdə izləmək imkanı da mövcuddur, Bununla sərmayəçilər hərracın gedişini izləməklə gələcəkdə prosesə qoşulan zaman fəaliyyətini planlaşdıra bilir. Qeyd edim ki, indiyədək 28 elektron hərrac keçirilib, 900-ə yaxın elektron sifariş qəbul edilib. Hərraclarda iştirakla bağlı elektron xidmətlərin tətbiqi dövlət əmlakının şəffaf şəkildə özəlləşdirilməsinə şərait yaratmaqla əhaliyə və investorlara yeni imkanlar açmış, rəqabətli hərracların sayı artmışdır. Qeyd edilməlidir ki, ötən il ərzində 73 rəqabətli hərrac keçirilib.

Hərraca sərmayəçilərin daha rahat qatılması üçün istifadəyə verilən Özəlləşdirilmə portalı unikal platformadır. Belə ki, sayt vasitəsilə həm özəlləşməyə çıxarılan əmlaklar barədə məlumatı əldə etmək, hərracları canlı izləmək, habelə prosesə onlayn qatılaraq özəlləşmədə iştirak etmək mümkündür. Nəticədə proses optimallaşdırılır və əlçatanlıq daha da artırılır. Hərraca çıxarılan əmlakların çox çeşidli olması investorlar üçün seçim imkanını artır. Belə ki, sərmayəçilər özəlləşdirilmə portalında biznes planına uyğun istənilən dövlət əmlakını tapa bilər. Əmlakını müəyyən etdikdən sonra investorun hərraclara qatılmaq imkanları elektron qaydadadır. Təbii ki, hərracların açıq, şəffaf keçirilməsi və bu sahədə elektron üsulların tətbiqi özəlləşdirmə prosesinin sürətlənməsi, iqtisadiyyata investisiyalar cəlb edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Belə ki, hərracların açıq və şəffaf keçirilməsi, iştirak etmək prosedurunun olduqca rahat olması, əmlak sahibi olmaq istəyən iş adamları, sadə vətəndaşlar, investorlar üçün geniş şərait yaradır. İstənilən şəxs, vətəndaş, sərmayəçilər, QHT, media nümayəndələri prorsesin gedişatını canlı izləmək imkanına malikdir.

- Yerli və xarici investorların özəlləşdirmə prosesinə cəlb edilməsi məqsədilə bu sahədə yeni yanaşmaların tətbiqi nəzərdə tutulurmu?

- Xarici investorların özəlləşmə prosesinə cəlb edilməsi üçün yaradılan imkanlar artırılır. Sərmayəçilər hərraca çıxarılan əmlaklarla virtual şəkildə tanış ola bilirlər. Belə ki, istifadəyə verilən “Özəlləşmə portalı”nda hərraca çıxarılan müəssisələr haqqında bütün məlumatlar əksini tapır. Onlar həmin müəssisələrin profili, yerləşdiyi yeri, sahəsi, şəkili ilə tanış olurlar. İstifadəyə verilən Elektron hərrac vasitəsilə xarici investorlar olduğu məkanı dəyişmədən hərraca qoşula bilirlər. Qeydiyyatdan keçmək və sifariş vermək elektron qaydada həyata keçirilir.
Bundan başqa xarici investorların cəlb edilməsi məqsədilə əcnəbi ölkələrdə təbliğat tədbirləri keçirilir, onlarla görüş təşkil olunur, özəlləşmə prosesi haqqında məlumat verilir.

-Bu gün respublika ərazisində, xüsusilə də Bakıətrafı qəsəbələrdə kifayət qədər sənədsiz evlər mövcuddur. Sizcə, vətəndaş əmlakını dövlət qeydiyyatına aldırmaqda niyə maraqlı deyil?

- Qeyd etmək istəyirəm ki, Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı sahəsində göstərilən xidmətləri elektron müstəviyə inteqrasiya edir. Bu sahədə şəffaflıq daha da artırılır, proseduralar sadələşdirilir, operativlik təmin edilir. Daşınmaz əmlakın dövlət qeydiyyatına alınması üçün təbii ki, sənədlər qaydasında olmalıdır. Məsələn 2013-cü il yanvarın 1-dək mülkiyyətdə olan torpaq sahələrində tikilmiş evlərin reyestri üçün tələblər mövcuddur. Belə ki, həmin evlərin hündürlüyü 12 metrədək olmalı, torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd olmalı (çıxarış və ya torpağa mülkiyyət hüququna dair şəhadətnamə), torpağın məqsədli təyinatı yaşayış evinin tikintisi üçün nəzərdə tutulmalıdır.

2013-cü il yanvarın 1-dək icarədə və ya istifadədə olan torpaq sahəsində tikilmiş evlər üçün qoyulan tələb isə hündürlüyü 12 metrədək olmalı, torpaq üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd olmalı, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı olmalıdır.
Tikilən ev 2013-cü ilin yanvarın 1-dən sonra tikilibsə bu halda evin hündürlüyü 12 metrədək olmalı, torpağın çıxarışı olmalı (çıxarış yoxdursa, ilkin hüquqmüəyyənedici sənəd), Layihə-eskiz (təsdiqsiz ola bilər) olmalı, icra hakimiyyətini məlumatlandırma icraatını sübut edən sənəd (poçt məktubu və s.) tələb edilir. Yeni tikililər (MTK-lar) üçünsə istismara qəbul aktı, (bina üçün), protokoldan çıxarış, maliyyə arayışı tələb olunur.

Vətəndaşların daşınmaz əmlaklarını qeydiyyata almaqlarındakı maraq məsələsində gəlincə qeyd edim ki, statistik rəqəmlərə əsasən 2018-ci il ərzində ölkə üzrə 218 min 315 daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bu isə 2017- ci ilin eyni dövrü ilə müqayisədə 11,4 faiz artım deməkdir. Göstərici vətəndaş marağının mövcudluğundan xəbər verir.

- Hazırda Komitənin sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı atdığı addımlar nədən ibarətdir?

- Komitə tərəfindən tətbiq olunaraq geniş yayılan, əhali arasında müsbət qarşılanan sosial layihələrdən biri olan “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” yerlərdə daşınmaz əmlakın qeydiyyatını həyata keçirir. Belə ki, öncədən elan edilən məkanda fəaliyyət göstərən mobil ofislər vətəndaşların xidmətində olur. Vətəndaşlar daşınmaz əmlaklarına dair sənədlərini təqdim edərək çıxarışla təmin edilir. Bundan başqa kampaniya zamanı sakinlərin digər qeydiyyat xidmətlərindən də yararlanmaq imkanı var. Sosial aksiyanın keçirilməsində məqsəd daha şəffaf şəkildə əmlaklara dair kütləvi sənədləşmənin həyata keçirilməsi, ünvana çatdırılan ictimai xidmətlərdən əhalinin geniş təbəqəsinin yararlanması, o cümlədən leqal və etibarlı əmlakların sayının artırılmasıdır. Eyni zamanda vətəndaş məmnunluğunun maksimum səviyyəyə çatdırılması, çevikliyin və operativliyin təmin olunması da əsas vəzifələrdəndir. Qeyd edilməlidir ki, kampaniyanın 2018-ci il ərzindəki fəaliyyət dövründə 1000-dən artıq vətəndaşa hüquqların dövlət qeydiyyatının müxtəlif sahələri üzrə xidmətlər yerində göstərilmiş, 500-ə yaxın vətəndaş mülkiyyət hüququ əldə etmişdir. Bundan başqa digər sosial kampaniya olan “Kütləvi çıxarış” da vətəndaşları çıxarışla təmin edir. Eyni zamanda sakinlərdən ilkin qeydiyyat sənədlərini toplayaraq onları rəsmi mülkiyyət sahibi edir. Kampaniya komitənin qeydiyyat xidmətlərini əhalinin birbaşa ünvanlarında, iş yerlərində, kəndli və fermerin əkin sahələrində çatdıraraq onları vaxt itkisi olmadan, operativ şəkildə çıxarış əldə etməsinə imkan yaradır. Qeyd edim ki, ötən ildə müxtəlif şəhər və rayonlarda 21 “Kütləvi çıxarış” kampaniyası baş tutmuşdur.

- Əmlak idarəçiliyi sahəsində ən iri layihələrdən olan torpaqların elektron kadastr uçotunun qurulması və rəqamsal xəritələrin hazırlanması istiqamətində görülən işlər hansı mərhələdədir?

- Elektron kadastr uçotunun qurulması və rəqamsal xəritələrin hazırlanması işləri artıq 30 rayonda tamamlanıb. Kadastr uçot işləri yekunlaşmış 23 rayonda görülən işlərin nəticələrinin həmin rayonların ictimaiyyəti üçün təqdimatı keçirilib, formalaşmış məlumat bazası praktiki istifadə üçün yerli icra hakimiyyətlərinin istifadəsinə verilib. Həyata keçirilən torpaqların elektron kadastr uçotu işlərinin nəticələrindən ötən ildən artıq vətəndaşlar da faydalanmağa başlayıb. İlk pilot layihə kimi Salyan rayonunun Parça Xələc kəndində start verilib. Bu layihə çərçivəsində 600-ə yaxın pay torpaqlarının hüquqi mülkiyyətçilərinə məlumat bildirişləri təqdim edilib. Onu da qeyd edim ki, Komitə tərəfindən yaradılan torpaqların elektron kadastr uçotu informasiya bazasında torpaqların təyinatından tutmuş onun münbitliyinə qədər bütün göstəricilər əks olunur. Bütün torpaqların dəqiq sərhədləri, miqyası, istifadə təyinatı müəyyənləşir. Beləliklə, nəticələr əsasında dövlət özünün sahibliyində və mülkiyyətində olan torpaqların balansını əldə etmiş olur. Bələdiyyələr təyinatına, mülkiyyət və əmlak növünə görə harada və nə qədər torpaq olduğuna dair bölgü məlumatları əldə edir. Xüsusi mülkiyyət sahibliyi dəqiqləşir, pay torpaqlarının sahəsi müəyyənləşir. Keçən il ərzində bu sahədə tətbiq edilən yeniliklərdən biri də “Kadastr Kalkulyatoru”nun istifadəyə verilməsi olub. Vətəndaşlar bununla da artıq kadastr işləri ilə bağlı xidmət haqlarını qabaqcadan hesablaya biləcəklər.

- İndiyədək Xəzər dənizinin sahilboyu 20-50 metrlik hissəsində olan torpaq sahələrindən istifadə vəziyyətinə nəzarətlə bağlı nə kimi işlər görülüb? Ümumiyyətlə, torpaqlardan səmərəli istifadə edilməsinə nəzarət hansı formada həyata keçirilir?

- Əmlak Məsələləri Dövlət Komitəsi torpaqlardan təyinatı üzrə istifadəsi, hüquqi əsas olmadan torpaqların zəbt edilməsi, torpaqlardan istifadəyə nəzarətin gücləndirilməsi, sahələrində mübarizə tədbirlərini davam etdirir. Torpaq ehtiyatlarından səmərəli, məqsədli və qənaətli istifadənin təmin edilməsi istiqamətində monitorinqlər keçirir. Məqsəd torpaqların təyinatdan kənar və əsassız istifadə edilməsi, özbaşına zəbt olunması, qanunsuz tikintilərin aparılması hallarını müəyyən etmək və belə halların aşkar edilərək aradan qaldırılmasıdır. Məsələn, ötən il ərzində İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 1300-ə yaxın hal üzrə inzibati protokol tərtib olunub. Aparılmış monitorinqlərdə məlum olur ki, bəzi hallarda torpaqların əsassız olaraq torpaqların kateqoriyası dəyişdirilir. Belə ki, kənd təsərrüfatı təyinatlı torpaqlar birbaşa məqsədləri ilə deyil, istehsalat, sənaye məqsədləri üçün istismar olunur. Belə torpaqlarda süni balıq gölləri, daş və gil-çınqıl karxanaları və sair obyektlər yaradılır.
Bu halların qarşısının alınması üçün torpaq sahəsinin kateqoriyasının və məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı işlər də aparılıb. Bele ki, 2018-ci il ərzində 16 min hektar torpaq sahəsinin təyinatı dəyişdirilib. Ötən il ərzində sahil boyu ərazilərdə olan torpaqların istifadə vəziyyəti də nəzarətdədir. Belə ki, Xəzər dənizinin sahilboyu 20-50 metrlik hissəsində olan torpaq sahələrindən istifadə vəziyyəti ilə bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq, 35 hal üzrə inzibati tənbeh tədbirləri tətbiq olunub.

- Hazırda təklif etdiyiniz elektron xidmətlərin sayı nə qədərdir və gələcəkdə daha hansı xidmətləriniz elektronlaşdırılacaq?

- Azərbaycan Respublikası Prezidentinin vətəndaşlara operativ və şəffaf xidmətlərin göstərilməsi, məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsi barədə tapşırıqlarına əsasən Əmlak Məsələləri Dövlət Komitəsi fəaliyyət istiqamətləri üzrə SMS, onlayn və elektron xidmətlərin tətbiqini genişləndirir. Komitə tərəfindən indiyədək vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 902 mindən çox elektron xidmət göstərilib. Hazırda əmlak idarəçiliyində inklüziv inkişafın təmin olunması nəticəsində göstərilən elektron xidmətlərin sayı 40-a çatdırılıb. 2018-ci il ərzində elektron və onlayn xidmətlər vasitəsilə 266 mindən çox müraciət daxil olmuş və cavablandırılmışdır.

Bu xidmətlər həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də komitənin elektron xidmətlər portalı (www.e-emdk.gov.az) üzərindən təqdim olunur. Komitənin təqdim etdiyi 40 elektron xidmətdən 26-sı daşınmaz əmlakın qeydiyyatı, 10-u isə dövlət əmlakının özəlləşdirilməsi, 2-si dövlət əmlakının idarə edilməsi, 2-si isə daşınmaz əmlakın kadastrı sahəsinə aiddir. Bu xidmətlərin 38-i interaktiv, 2-si isə informativ xidmətlərdir. Qeydiyyatla bağlı xidmətlərə daşınmaz əmlaka dair çıxarışlar, ipoteka, lizinq əməliyyatlarının qeydiyyatı və ləğvi, daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi və digər xidmətlər aiddir. Həmçinin, səhmdar cəmiyyətlərin səhmlərinin, kiçik dövlət müəssisə və obyektlərin, yarımçıq tikililərin, nəqliyyat vasitələrinin özəlləşdirilməsinə dair hərraclarda iştirak üçün sifarişlərin elektron qəbulu kimi xidmətlər mövcuddur. Gələcəkdə isə göstərilən bütün xidmətlərin elektronlaşması tamamlanacaq.

- Əmlak Məsələləri Dövlət Komitəsi gənc kadrların cəlb edilməsi ilə bağlı hansı işlər həyata keçirir? Komitə könülllük fəaliyyətini tətbiq edirmi?

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə gənclərinin potensialının müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi, könüllülər hərəkatının ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirakı istiqamətində ardıcıl islahatlar aparılır. Ölkə başçısının dövlət orqanlarının fəaliyyətində könüllülərin xidmətlərindən geniş istifadə edilməsi tapşırıqlarına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müasir düşüncəli gənc könüllülərdən geniş istifadə edilməsi, gələcəkdə onların daimi iş yerləri ilə təmin olunması, institusional bacarıqlarının artırılması, intellektual inkişafı və asudə vaxtlarının səmərəli təşkili ilə bağlı geniş tədbirlər görülməkdədir. Komitə qarşısında qoyduğu “Müasir düşüncə - gələcəyə addım” hədəfinə əsasən əmlak idarəçiliyi sahəsində “Könüllü ol” proqramı reallaşdırmaqdadır.
“Könüllü ol” layihəsi çərçivəsində artıq 1100-ə yaxın könüllü komitənin fəaliyyət sferalarına aktiv şəkildə cəlb ediliB. Hər bir könüllü ilə komitədə fərdi görüşlər keçirilir, onların bilik və bacarıqları yoxlanılır. Nəticədə 320 könüllü komitənin müvafiq qurumlarında könüllü fəaliyyətə başlayıb. Könülllü proqramında iştirak edən 110 nəfər könüllü komitənin müxtəlif qurumlarında işlə təmin ediliblər.

Sevinc Osmanova



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.05.2019
18.05.2019