Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Orta təhsil yeni qanunvericilik bazası ilə tənzimlənəcək
Tarix: 20.02.2019 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Bununla bağlı hazırlanmış qanun layihəsi ümumtəhsil müəssisələri üçün hansı yeniliklər vəd edir?

Yaxın gələcəkdə Azərbaycanda orta məktəblər yeni qanunvericilik əsasında fəaliyyət göstərəcəklər. Belə ki, Milli Məclisdə yeni hazırlanan “Ümumi təhsil haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul olunub.

Məlumat üçün bildirək ki, 5 fəsil, 33 maddədən ibarət qanun layihəsi Azərbaycanda ümumi təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ümumi təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
Qanun layihəsinin 12-ci (Ümumi təhsil müəssisəsi) maddəsində bildirilib ki, ümumi təhsil müəssisəsində təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq ediləcək.
Bildirilib ki, bəzi məktəblərdə məktəbli forması tətbiq olunsa da, ancaq bütün məktəbləri əhatə etməyib.
Qanunun 13-cü (Ümumi təhsilin təşkili) maddəsinə əsasən, ümumi təhsilin tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə (humanitar, texniki, təbiət və digər) təşkil edilir. Təmayül sinifləri şagirdlərinin sayı ən azı 15 nəfər olmaqla komplektləşdiriləcək. Hazırda bu rəqəm 20-dir.
Qanun layihəsində bildirilib ki, tədris ili ərzində təmayül siniflərində şagird sayının azalması həmin siniflərin fəaliyyətinin davam etdirilməsinə məhdudiyyət yaratmır.

Qanun layihəsinin 31-ci (Ümumi təhsil sahəsində sahibkarlıq və innovasiva fəaliyyəti) maddəsinə əsasən, ümumi təhsil müəssisəsi əlavə gəlir əldə etmək məqsədi ilə nizamnaməsində nəzərdə tutulmuş qaydada profilinə və fəaliyyət istiqamətlərinə uyğun olaraq və təhsilin prioritetliyini əsas götürməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə (ödənişli təhsil xidmətləri, yardımçı təsərrüfatlardan əldə olunan məhsulların, şagirdlərin əl işlərinin satışından və icarədən əldə olunan gəlirlər və s.) məşğul ola bilər.

"Dövlət ümumi təhsil müəssisələrinin innovasiya və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə yerli və xarici investisiyaların cəlb edilməsinə əlverişli şərait yaradır. Ümumi təhsil müəssisəsi sahibkarlıq subyektləri ilə müqavilə əsasında, bu qanuna uyğun olaraq əlavə gəlir əldə edə bilər.
Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri bilavasitə mənfəət əldə etmək məqsədi daşımır. Əlavə maliyyə vəsaiti cəlb etmək imkanlarının artırılması məqsədilə ümumi təhsil müəssisələrində istehsal edilən məhsulların (xidmətlərin) qanuna uyğun olaraq satışı (göstərilməsi) həyata keçirilə bilər. Ümumi təhsil müəssisəsi sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlərdən mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada sərbəst istifadə etmək hüququna malikdir. Dövlət ümumi təhsil müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər bilavasitə təhsilin inkişafına və işçilərin sosial müdafiəsinə yönəldilir.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən təhsil eksperti Nadir İsrafilov deyib ki, təhsil qanunvericiliyinin əsas tərkib hissəsi “Təhsil haqqında” qanundur: “Məlum məsələdir ki, təhsil cəmiyyət və dövlətin inkişafının əsasında durmaqla strateji əhəmiyyətə malik olan və inkişaf etdirilən fəaliyyət sahəsidir. “Təhsil haqqında” qanun təhsil sisteminin ümumi əsaslarını müəyyən edir, sistemin sərbəst fəaliyyəti və təhsilin inkişafı üçün hüquqi təminat yaradır. 1999 – cu ilin iyun ayında təsdiq edilən “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı”nda qeyd edildiyi kimi 1992-ci ildə tələsik qəbul olunan təhsil qanununun inkişafın qarşısını aldığı, hətta bir sıra yeni problemlər yaratdığı qeyd edilirdi. Həmin qanunda normativ xarakterli müddəaların olmaması, bir çox maddələrin bir-birilə ziddiyyət təşkil etməsi, real inkişaf prosesinin nəzərə alınmaması müəllimlərin sosial vəziyyətini daha da ağırlaşdırdı. Qeyri-qanuni təhsil müəssisələrinin açılmasına şərait yarandı, təhsil sistemini tənzimləyən normativ sənədlərin hazırlanması və tətbiqində maneələr meydana gəldi. Beləliklə, 1992-ci ildə qəbul olunan qanun respublikada təhsil prosesinin inkişafına şərait yarada bilmədi”. Nəhayət, 15 illik fasilədən sonra, 2009-cu ildə təsdiq edilən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu da öz mükəmməlliyi və dayanaqlılığı ilə ümidləri doğrultmadı. Bu qanun ciddi mübahisə predmentinə çevrilərək, “çərçivə qanunu” statusu aldı. Əlavə olaraq, sahəvi qanunların -“elm haqqında”, “ali təhsil haqqında”, “məktəbəqədər təhsil haqqında”, “orta ümumtəhsil haqqında”, “peşə təhsili haqqında” və s. qanunların hazırlanmasına və qəbuluna, eyni zamanda mövcud qanunun özünə belə əlavələrin və dəyişikliklərin edilməsi zərurəti yaranıb”.

Nadir İsrafilov qeyd edib ki, bu mənada hazırda müzakirəyə çıxarılan və növbəti sahəvi qanunlardan biri olan, ümumi təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ümumi təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edən “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi bu dərəcədə əhəmiyyətlidir: “Təqdiredici haldır ki, həmin layihə ilkin olaraq, Təhsil nazirliyi tərəfindən təşkil olunmuş, bir sıra məktəb rəhbərləri, təhsil ekspertləri və digər əlaqədaq mütəxəssislərin, bilavasitə mənim də iştirak etdiyim geniş müzakirələrdə hərtərəfli təhlil olunmuş, iradlar, rəy və təkliflər ümumiləşdirilərək, Milli Məclisin müvafiq komissiyasına göndərilmişdir. Ümid edək ki, bu dəfə tələskənliyə yol verilmədən,daha təkmil və sanballı bir Qanun ortalığa çıxarılacaqdır. Çünki, təhsilin pillərindən ən geniş və əhatəlisi məhz ümumi təhsildir”.

Mövzu ilə bağlı fikirlərini bildirən təhsil eksperti Kamran Əsədov da xatırladıb ki, Azərbaycanda 2009-cu ildə qəbul olunmuş “Təhsil haqqında” qanunda təhsil üzrə sahə qanunlarının hazırlanması nəzərdə tutulmuşdu. Təhsil qanunu qəbul olunarkən orda çox ziddiyyətli məsələlər ortaya çıxdı. Ona görə də qərara alındı ki, çərçivə qanunu olsun.
O bildirib ki, Azərbaycanda orta məktəblər haqqında qüvvədə olan hüquqi sənəd 2011-ci ildə qəbul edilən orta məktəblərin nümunəvi nizamnaməsidir: “Bu da tam şəkildə təhsilin bu pilləsi ilə bağlı bütün məsələləri əks etdirmir. Çünki bir çox ayrı-ayrı qanunvericilik aktlarında orta məktəblərə aid hüquq və vəzifələr paylanmış haldadır. Düşünürəm ki, orta ümumtəhsil məktəbləri və ali məktəblər üçün ayrıca qanuna ehtiyac var idi. Yəni burada vəzifə bölgüləri, ali və orta məktəblərin hüquq və vəzfələri, öhdəlikləri ayrıca şəkildə öz əksini tapsın. Hesab edirəm ki, orta ümumtəhsil məktəbləri üçün ayrıca qanun layihəsinin hazırlanaraq qəbul edilməsi zəruridir. Bu, orta məktəblərin hüquqi problemlərinin aradan qaldırılmasına da yardımçı olacaq.

Ekspert “Ümumi təhsil haqqında” qanun layihəsini araşdırdığını və qanunun orta ümumtəhsil məktəblərində təhsilin təmin olunması sahəsində dövlət siyasətinin prinsiplərini, ümumtəhsil müəssisələrində təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən etdiyini vurğulayıb: “5 fəsil 24 maddədən ibarət olan sənədə görə, orta ümumtəhsil təhsil müəssisəsinin təsisçisi dövlət, bələdiyyələr, Azərbaycanın hüquqi şəxsləri və vətəndaşları ola bilərlər. Məktəbəqədər təhsil müəssisəsinə lisenziya müddətsiz verilir. Bu təhsil müəssisələrinə yalnız ali təhsilli və bu sahədə ən azı 5 il təcrübəsi olan şəxslər rəhbər təyin oluna bilərlər”.

Ekspert orta məktəblərin sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməsi məsələsinə də toxunaraq qeyd edib ki, məktəbin biznesin hər hansı sahəsi ilə məşğul olması, istər-istəməz, təhsilin keyfiyyətinə təsir edə bilər: “Məktəblər yalnız öz predmetinə uyğun sahələr üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlər. Orta ümumtəhsil müəssisələri yüksək keyfiyyətli tədris biznesi ilə məşğul ola, həmçinin, elmi ixtiraları satışa çıxara bilər. Orta ümumtəhsil məktəbləri elmi sahədə hər hansı bir ideyanı patentləşdirib sata bilər. Sahibkarlıq subyekti ilə müəyyən əməkdaşlıq çərçivəsində laborator fəaliyyət göstərmək də mümkündür. Amma bunun üçün öncə hazırkı direktorları müxtəlif təlimlərə cəlb etməklə onlarda maliyyənin idarə edilməsi bacarıqlarını formalaşdırmaq lazımdır”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.03.2019
22.03.2019
21.03.2019