Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
KİV rəhbərləri Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə tanış olublar - FOTO
Tarix: 21.02.2019 | Saat: 17:26:00
Bölmə:Sosial | çapa göndər

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi ilə görüşüb, Хidmətin fəaliyyəti ilə yaxından tanış olublar.

Fonddan hafta.az-a verilən məlumata görə, tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Fondun icraçı direktoru Vüqar Səfərli, Xidmətin məsul vəzifəli şəxsləri, eləcə də 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak ediblər.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qonaqları səmimi salamlayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksək diqqət və qayğısı ilə Xidmətin fəaliyyətinin müasirləşdirilməsi və müasir dövrün çağırışlarına uyğunlaşdırılması istiqamətində gerçəkləşdirilən kompleks tədbirlər barədə məlumat verib. V.Hüseynov bildirib ki, Xidmət üzərinə düşən vəzifələri qanunçuluq, humanizm, şəffaflıq prinsipləri əsasında həyata keçirərək insan və vətəndaş məmnunluğunun təmin olunmasını əsas hədəflər kimi müəyyənləşdirib.

V.Hüseynov bildirib ki, Xidmətin fəaliyyətinin prioritet istiqamətlərinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olduğu yer üzrə qeydiyyatı, miqrasiya qaydalarına əməl etmələrinə nəzarətin həyata keçirilməsi, vətəndaşlığa qəbul, bərpa və xitam verilməsi, müvəqqəti və daimi yaşama icazələrinin, iş icazələrinin verilməsi, vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyən edilməsi, qanunsuz miqrasiyaya qarşı səmərəli mübarizənin, habelə miqrasiya uçotunun təşkili, readmissiya məsələlərinin həlli və miqrasiya qanunvericiliyinin şərhi məqsədilə maarifləndirmə işinin aparılması və digər məsələlər aiddir.

Xidmət rəisi həmçinin vurğulayıb ki, miqrasiya proseslərinin daha çevik və mütərəqqi iş metodları əsasında tənzimlənməsi məqsədilə bu sahə üzrə qanunvericiliyin təkmilləşdirilməsi xüsusi diqqət mərkəzindədir. Məqsəd ölkəmizə gələn əcnəbilərin qeydiyyatı və yaşaması ilə bağlı məmnunluğunun təmin edilməsi, turizm baxımından cəlbediciliyin artması və sahibkarlığın inkişafının dəstəklənməsidir.

V.Hüseynovun sözlərinə əsasən, aparılan islahatlar nəticəsində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyatının müddəti 10 gündən 15 günədək uzadılıb. Xidmət rəisi qeyd edib ki, miqrasiya qanunvericiliyini pozduğuna görə haqqında inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş əcnəbilər artıq cəriməni ödəmədiyi təqdirdə ölkə ərazisini barələrində ölkəyə təkrar girişlərinə hər hansı məhdudiyyət tətbiq edilmədən tərk edə bilir: "İnzibati qaydada ölkədən kənara çıxarılma halları istisna olmaqla, cəriməni ödədikdən sonra isə onların ölkəyə sərbəst gəlmələri təmin edilib. Miqrasiya Məcəlləsində əcnəbilər tərəfindən son üç ildə iki dəfə miqrasiya qanunvericiliyi əleyhinə olan inzibati xəta törədildikdə onların ölkəyə girişlərinə 5 il qadağa qoyulmasını nəzərdə tutan müddəa da ləğv olunub. Daimi yaşama icazəsinin alınmasına imtina verilmiş əcnəbilərin sadəcə ərizə ilə (digər əlavə sənədləri təqdim etmədən) müvəqqəti yaşama icazəsi almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilirlər".

Çıxışını davam etdirən V.Hüseynov bildirib ki, ölkədəolma, yaşama, yaxud ölkə ərazisindən tranzitləkeçmə qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb olunmuş əcnəbilərə inzibati məsuliyyətə cəlb olunmalarına səbəb olmuş halın aradan qaldırılması üçün 10 gün vaxt verilir: "Vizası və ya müvəqqətiolma müddətinin uzadılması barədə qərarı, yaxud müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi ləğv edildikdə barəsində kənaraçıxarma haqqında qərar qəbul edilmiş əcnəbilər müvafiq sənədlərin ləğv edilməsinə səbəb olmuş əsaslar aradan qalxdıqda məhdudiyyət müddətinin bitməsini gözləmədən ölkəyə sərbəst gələ bilərlər".

V.Hüseynov 2018-ci ilin dekabr ayında Dövlət Miqrasiya Xidmətinin "MİGAZ" mobil tətbiqinin istifadəyə verilməsini də mühüm yeniliklərdən biri kimi dəyərləndirib. Xidmət rəisi bildirib ki, Azərbaycan, ingilis və rus dillərində hazırlanmış mobil tətbiq üzərindən birbaşa əlaqə vasitəsilə zəng və sorğuların cavablandırılmasını da həyata keçirmək mümkündür: "Yaxın gələcəkdə dil seçimi menyusu zənginləşdiriləcək. Yüksək interaktivliyi ilə seçilən mobil tətbiq vasitəsilə istifadəçilərə istər qeydiyyat, istərsə də digər elektron xidmətlərlə bağlı mütəmadi yeniliklər, bildirişlər göndəriləcək. Tətbiqin istifadəsi əcnəbi vətəndaşların olduğu yer üzrə qeydiyyatına; müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınmasına; məhdudiyyətin və müraciət statusunun yoxlanmasına; onlaynödəmə və növbəyədurmaya; “ASAN Viza” və xidmətin digər istiqamətləri üzrə servis xidmətlərinə mobil tətbiq üzərindən çıxış əldə etməyə imkan verir".

V.Hüseynov qeyd edib ki, hazırda əcnəbilərin ölkəmizdə ən çox istifadə etdiyi xidmətlərindən biri olduğu yer üzrə qeydiyyatdır: "Onlar ölkəmizdə 15 gündən artıq müddətdə qaldıqda ünvan qeydiyyatı aparılmalıdır. Bundan sonra əcnəbilər və vətəndaşlığı olmayan şəxslər mobil tətbiq vasitəsilə elektron xidmətlərdən mobil telefonla onlayn qaydada daha asan şəkildə istifadə edə və təxminən beş dəqiqədə bu qeydiyyatı həyata keçirə bilərlər".

Xidmət rəisi həmçinin vurğulayıb ki, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, onların hüquqlarının müdafiəsi xüsusi diqqət mərkəzindədir. V.Hüseynov bu məqsədlə Dövlət Miqrasiya Xidməti yanında Appelyasiya Şurasının, eləcə də işəgötürənlərə zəruri məlumatların çatdırılması, miqrasiya sahəsində qanunvericiliyin sahibkarlığa təsirinin qiymətləndirilməsi, əcnəbi işçi qüvvəsinə tələbatın təmin edilməsi zamanı yaranan çətinliklərin və sahibkarları narahat edən məsələlərin həlli məqsədilə Xidmət yanında Məşvərət Şurasının yaradıldığını diqqətə çatdırıb.

Qısa müddətdə həyata keçirilən islahatların uğurlu nəticələr verdiyini deyən V.Hüseynov əlavə edib ki, 2017-2018-ci illərdə "ASAN xidmət indeksi" üzrə mərkəzi icra hakimiyyəti orqanları sırasında ən yüksək nəticəni 68,98 faizlə Dövlət Miqrasiya Xidməti göstərib.

Xidmət rəisi DMX-nın fəaliyyətində səmərəliliyin daha da yüksəldilməsi üçün maarifləndirmə və məlumatlandırma işinin təşkilinə də xüsusi əhəmiyyət verildiyini diqqətə çatdırıb. Bildirib ki, bu məqsədlə sosial şəbəkələrin imkanlarından istifadəyə xüsusi önəm verilir, Xidmətin rəsmi "Tvitter", "Facebook" səhifələri, "Youtube" kanalı fəaliyyət göstərir.

Sonra çıxış edən Fondun icraçı direktoru V.Səfərli görüşün təşkilində göstərdiyi dəstəyə görə Dövlət Miqrasiya Xidmətinin rəhbərliyinə təşəkkünü bildirib və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi baxımından belə tədbirlərin əhəmiyyətindən söz açıb.

V.Səfərli ölkə rəhbərliyinin mediaya yüksək diqqət və qayğısının nəticəsi kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 31 iyul tarixli sərəncamı ilə «Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın təsdiq edildiyini bildirib. İcraçı direktor Konsepsiyadan irəli gələn vəzifələrin reallaşdırılması üçün dövlətimizin başçısının 3 aprel 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradıldığını bildirib. V.Səfərli Fondun yaradılmasının xüsusən də çap mediasının üzləşdiyi problemlərin həlli baxımından əhəmiyyətini diqqətə çatdırıb.

İcraçı direktor Fondun fəaliyyət göstərdiyi 10 il müddətində qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində reallaşdırdığı çoxsaylı layihələr barədə məlumat verib. V.Səfərli Fondun maliyyə dəstəyi ilə hazırda qəzetlərə maliyyə dəstəyinin göstərildiyini, habelə jurnalistlər üçün müntəzəm olaraq fərdi jurnalist yazıları müsabiqələrinin təşkil olunduğunu bildirib. Beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə reallaşdırılan layihələr barədə məlumat verən V.Səfərli Fondun təşkilatçılığı ilə aparıcı media qurumlarının nümayəndələrinin müxtəlif ölkələrə işgüzar səfərlərinin təşkil olunduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksək diqqət və qayğısı ilə dövlət büdcəsi hesabına jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən söz açan V.Səfərli bunu dünyada analoqu olmayan sosial layihə kimi dəyərləndirib. İcraçı direktor dövlətimizin başçısının müvafiq sərəncamları əsasında indiyədək iki binanın yüksək səviyyədə inşa edilərək istifadəyə verildiyini, 411 nəfər jurnalistin mənzillə təmin olunduğunu bildirib. V.Səfərli hazırda üçüncü binanın inşasının sürətlə davam etdirildiyini və 2020-ci ilin iyulunda jurnalistlərin istifadəsinə veriləcəyini diqqətə çatdırıb.

İcraçı direktor mərkəzi və yerli icra hakimiyyəti orqanları, eləcə də dövlət qurumları ilə əməkdaşlığın dərinləşdirilməsi məqsədinə xidmət edən birgə tədbirlərin təşkilinin Fondun fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib. V.Səfərli bildirib ki, Dövlət Miqrasiya Xidmətində təşkil olunmuş görüş KİV-lə bu Xidmət arasında əməkdaşlığın dərinləşdirilməsi, habelə ictimaiyyətin bu sahədə görülmüş işlər barədə dolğun məlumatlandırılması baxımından vacib əhəmiyyət kəsb edir.

Görüşdə çıxış edən Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Məmmədov, "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz, "Trend" İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, "Mövqe" qəzetinin baş redaktoru Rasim Bayramov Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində son aylarda qabarıq hiss olunan yenilikləri təqdir edərək Xidmətin yeni rəhbərinin müasir çağırışlara cavab verən islahatlarını razılıqla vurğulayıblar. Çıxış edənlər Xidmətin tətbiq etdiyi yeniliklərin ölkəmizin beynəlxalq imicinin yüksəldilməsi, turizm cəlbediciliyinin yüksəldilməsi və ümumən milli təhlükəsizliyinin qorunması baxımından əhəmiyyətindən söz açıblar.

Xidmət rəisi V.Hüseynov daha sonra KİV rəhbərlərini maraqlandıran sualları ətraflı cavablandırıb.

Fondun icraçı direktoru V.Səfərli sonda media ilə səmərəli əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfəyə görə Dövlət Miqrasiya Xidmətinin rəhbərliyinə təşəkkürünü bildirib, belə müştərək layihələrin gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib.

Xidmətin rəisi V.Hüseynov öz növbəsində Xidmətin fəaliyyətinin media üçün daim açıq olduğunu vurğulayaraq kütləvi informasiya vasitələri ilə əməkdaşlığın vacibliyini qeyd edib, habelə görüşün təşkilinə görə Fondun rəhbərliyinə və KİV rəhbərlərinə təşəkkürünü bildirib.

Sonda tədbir iştirakçıları Xidmətin Heydər Əliyev Muzeyi ilə tanış olub, xatirə şəkili çəkdiriblər. Xidmətin 24 saat fəaliyyət göstərən Çağrı mərkəzi və Qəbul şöbəsinin işi ilə yaxından tanışlıq da qonaqlarda xoş təəssüratlar yaradıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.03.2019
22.03.2019
21.03.2019