Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanda Beynəlxalq İnformatika Olimpiadası keçiriləcək
Tarix: 21.02.2019 | Saat: 18:30:00
Bölmə:KİVDF | çapa göndər

Bu bilik yarışına 90-a yaxın ölkədən, təxminən, 500-dən çox şagird və müəllimin qatılacağı gözlənilir

ADA Universitetində məktəblilərin 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI 2019) yerli və beynəlxalq təşkilat komitələrinin birgə iclası keçirilib. İclasda bu il avqustun 4-dən 11-dək Bakıda keçiriləcək olimpiadaya hazırlıq prosesi, təşkilat komitələrinin və tərəfdaş qurumların fəaliyyəti müzakirə olunub.

ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev məktəblilər arasında keçiriləcək 31-ci beynəlxalq olimpiadaya Azərbaycanın ev sahibliyi edəcəyini yüksək dəyərləndirib. Universitetin tədris proqramı və fəaliyyət istiqamətləri barədə məlumat verən rektor bu ali məktəbdə informasiya texnologiyaları və mühəndislik fakültəsinin olduğunu diqqətə çatdırıb.
Beynəlxalq İnformatika Olimpiadasının ilk dəfə 1989-cu ildə Bolqarıstanda keçirildiyini deyən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, Azərbaycan bu bilik yarışına 1994-cü ildən qoşulub. Respublikamız bu beynəlxalq tədbirdə 24 dəfə təmsil olunub. Ümumilikdə 55 azərbaycanlı məktəbli bu olimpiadada iştirak edib. Şagirdlərimiz Beynəlxalq İnformatika Olimpiadasından bu günədək biri gümüş, dördü bürünc olmaqla beş medal qazanıblar.
Azərbaycanın ilk dəfə 2019-cu ildə bu nüfuzlu elm yarışına ev sahibliyi edəcəyini deyən F.Qurbanov bu əlamətdar hadisəni yüksək dəyərləndirib. Qeyd edilib ki, 31-ci Beynəlxalq İnformatika Olimpiadasının Bakıda keçirilməsi haqqında qərar Yaponiyanın Tsukuba şəhərində məktəblilərin IOI 2018-in bağlanış mərasimində elan edilib və olimpiadanın bayrağı Azərbaycanın nümayəndə heyətinə təqdim olunub.

Diqqətə çatdırılıb ki, beynəlxalq tədbirin yüksək səviyyədə təşkil olunması üçün Təhsil Nazirliyi tərəfindən təşkilat komitəsi yaradılıb. Olimpiadaya bu il 90-a yaxın ölkədən təxminən 500-dən çox şagird və müəllimin qatılacağı gözlənilir. Nazir müavini builki yarışmada azərbaycanlı məktəblilərin uğurlu nəticələr göstərəcəyinə əminliyini bildirib.
Müasir dünyada texnologiyaların inkişafının gələcək üçün vacibliyini qeyd edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkə başçısı tərəfindən İKT-nin inkişafına göstərilən diqqət və qayğıdan söz açıb. Qeyd edib ki, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də İKT ilə bağlı yeniliklərin ölkəmizə gətirilməsdir. Bu mühüm tədbirə ölkəmizin ev sahibliyi etməsi və hazırlıq prosesinin yüksək səviyyədə təşkili bunun bariz nümunəsidir. Beynəlxalq İnformatika Olimpiadasının prezidenti Qreq Li fevralın 17-dən 21-dək Bakıda IOI 2019-un qış iclasının keçirildiyini söyləyib. Nəzərə çatdırıb ki, üçgünlük səfər çərçivəsində olimpiadanın beynəlxalq təşkilat komitəsinin üzvləri ötən ilin sentyabrından ölkəmizdə başlanan hazırlıq prosesi ilə tanış olub, yarışın keçiriləcəyi məkanları və texniki imkanları təftiş ediblər. Olimpiadaya hazırlıq prosesinin yüksək səviyyədə təşkil olunduğunu deyən Qreq Li Azərbaycanın bu beynəlxalq tədbirə ciddi hazırlaşdığını deyib.

ADA Universitetinin informasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı Araz Yusubov Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq prosesi və tərəfdaş qurumların fəaliyyəti barədə məlumat verib. Bildirib ki, olimpiadanın əsas yarışı Milli Gimnastika Arenasında, digər tədbirlər isə Heydər Əliyev Mərkəzi, Bakı Konqres Mərkəzi və “Bulvar Hotel”də keçiriləcək.
Qeyd edək ki, Azərbaycanda təhsil sahəsində İKT-nin nailiyyətlərindən geniş istifadə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasət nəzərə alınaraq Təhsil nazirliyi yanında müasir səviyyədə təchiz edilmiş Data Mərkəz yaradılıb. Mərkəz nazirliyə tabe olan bütün təhsil müəssisələrini, təşkilatları və strukturları birləşdirən Azərbaycan Təhsil Şəbəkəsini yaratmağa, həmçinin elektron dərsliklərin və digər tədris resurslarının mərkəzləşdirilmiş qaydada yerləşdirilməsinə imkan verib. Hazırda bütün ölkə şagirdlərinin təxminən 82 faizinin təhsil aldığı və müəllimlərin 72 faizinin dərs dediyi 2500 təhsil müəssisəsi bu şəbəkəyə qoşulub. Bundan başqa, Azərbaycanda "İnformatika" fənninin tədrisinə və bu fənn üzrə olimpiadaların keçirilməsinə xüsusi diqqət yetirilir. Elə bu məqsədlə 2017-ci ildən Azərbaycanın Təhsil Nazirliyi Rusiyanın İT sistemlərinin istehsalçısı və şagirdlərə proqramlaşdırma modulunu tədris edən "Alqoritmika" təhsil şirkəti ilə birlikdə Bakının 45 məktəbində "Rəqəmsal bacarıqlar" pilot layihəsinə başlayıb. Layihəyə əsasən, "İnformatika" fənninin tədrisi məktəblilərə yeni texnologiyalar və rəqəmsal bacarıqları təcrübədə öyrətməyə imkan verən yeni formatda aparılıb.

Layihə müəllifləri hesab edirlər ki, dünyanın bu sahədə özünü doğruldan ən innovativ metodikalarından istifadə edilməklə peşəkar metodist və pedaqoqlar tərəfindən hazırlanan proqram bu sahə üzrə ən yaxşı təcrübələri özündə birləşdirir. Proqram fərdi təlim, nəzəriyyə və tətbiqi yanaşma, fənlərarası əlaqə və motivasiyanın artırılması prinsiplərinə əsaslanır. Bu məqsədlə müəllim və şagirdlər vahid rəqəmsal sistemdə fəaliyyət üçün fərdi akkauntlar əldə edirlər. Şəxsi kabinetdə müəllim sinfin fəaliyyətini izləyə, şagirdlər isə müxtəlif növ rəqəmsal məzmun yarada bilərlər. Proqram uşaqlarda məntiqi, kreativ və alqoritmik düşünmə qabiliyyətinin inkişafında mühüm rola malikdir. Rusiya, Qazaxıstan, Polşa, İsrail və Kiprdə müvəffəqiyyətlə həyata keçirilən alqoritmika uşaqlara təkcə proqramlaşdırmanı deyil, biliyin praktikada tətbiqi bacarıqlarını da öyrədir.

Yeri gəlmişkən, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas istiqamətlərindən biri təhsil sahəsində insan resurslarının müasirləşdirilməsidir. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir və özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını, təhsilalanların istedadının aşkar olunması və inkişafı ilə bağlı təlim metodologiyasının yaradılmasını ehtiva edir.
Növbəti mərhələdə təhsil sistemində tənzimləmə və idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi, təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin, təhsilin keyfiyyətinin təminatı və idarə olunması üzrə yeni məlumat və hesabat sistemlərinin yaradılması nəzərdə tutulub.

Bundan başqa, ölkə prezidentinin 2016-cı ildə təsdiqlədiyi "Azəbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsi"ndə də rəqəmsal təhsilin inkişaf etdirilməsi əsas hədəf kimi göstərilib. Belə ki, sənədə görə, rəqəmsal təhsilin daha da inkişaf etdirilməsi üçün təhsilin bütün səviyyələrində tətbiq olunan tədris proqramlarının yüksək keyfiyyətli elektron material (elektron kitablar, elektron seminarlar, açıq tədris materialları və s.) və müvafiq metodlar (distant təhsil, veb əsaslı imtahanlar və s.) əsasında təkmilləşdirilməsi nəzərdən keçirilməlidir.

Yol xəritəsində bildirilir ki, təhsil sahəsində texnoloji dəstəyi təmin etmək məqsədilə təhsil müəssisələrinin aparıcı şəxsləri təhsil texnologiyaları haqqında davamlı məlumatlandırılmalı, təhsil texnoloqlarının inkişafı üçün tədbirlər dəstəklənməli və bu fəaliyyətlər çərçivəsində təkmilləşdirmə kursları təşkil edilməlidir.
Sənədə görə, rəqəmsal təhsilin daha da inkişaf etdirilməsi üçün təhsilin bütün səviyyələrində tətbiq olunan tədris proqramlarının yüksək keyfiyyətli elektron material (elektron kitablar, elektron seminarlar, açıq tədris materialları və s.) və müvafiq metodlar (distant təhsil, veb əsaslı imtahanlar və s.) əsasında təkmilləşdirilməsi nəzərdən keçiriləcək. Müəllim və tələbələrin rəqəmsal tədris materiallarına və müxtəlif rəqəmsal avadanlıqlara əlçatanlığı təmin olunacaq.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.03.2019
22.03.2019
21.03.2019