Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Küveytlə Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir" - SƏFİR
Tarix: 21.02.2019 | Saat: 19:15:00
Bölmə:Siyasət | çapa göndər

Küveyt Dövləti müstəqilliyinin 58-ci ilini qeyd edir. Bu münasibətlə Küveytin ölkəmizdəki səfirliyi tərəfindən rəsmi qəbul təşkil olunub. Dövlət və hökumət rəsmilərinin, millət vəkillərinin, diplomatik korpusun və ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələrinin iştirak etdiyi bayram tədbirində öncə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Çıxış edən Küveytin Azərbaycandakı səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi bildirib ki, bu gün burada Küveytin müstəqilliyinin 58, işğaldan azad olunmasının 28-ci ili qeyd olunur. Diplomat Küveytlə Azərbaycan arasında gündən-günə genişlənən əlaqələrdən məmnunluğunu bildirərək deyib ki, qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər ikitərəfli münasibətlərin daha sürətlə inkişafına əlverişli zəmin yaradır. O, Prezident İlham Əliyevin Küveytə rəsmi səfərinin əlaqələrimizin inkişafına təkan verdiyini vurğulayıb. Səfir bildirib ki, iki ölkə arasında imzalanmış sazişlər ticarət, investisiya, turizm sahələrində səmərəli əməkdaşlığın genişlənməsinə töhfə verir. Ötən il Küveytdən Azərbaycana 29 mindən çox turist gəlib. Bu, 2017-ci illə müqayisədə 2 dəfə çoxdur. Hazırda ölkələrimiz arasında həftədə 4 reys həyata keçirilir və bu ilin aprelindən Küveyt Hava Yolları Şirkətinin də birbaşa aviareyslərinin açılması gözlənilir.

Səfir ötən il Küveyt parlament sədrinin Azərbaycan Milli Məclisinin yaranmasının 100 illik törənində iştirak etdiyini də xatırladaraq qeyd edib ki, bu cür səfərlər əlaqələrin inkişafına xüsusi təkan verməkdədir.

"Bütün bu proseslərdə isə əlahəzrət əmirin rolu çox böyükdür" deyib səfir.

Mədəniyət naziri Əbülfəs Qarayev bildirib ki, iki ölkə arasında bütün sahələrdə münasibətlər yüksək səviyyədədir. "Münasibətlərimizin gələcək perspektivləri böyükdür. Qarşılıqlı yüksəkk səviyyəli səfərlər həyata keçirilir. Küveyt hər zaman Azərbaycanın mövqeyini dəstəkləyir. Birlukdə layihələr həyata keçirilir və sair" deyən nazir əlavə efib ki, Küveyt Azərbaycanda keçirilən bütün tədbirlərdə ən yüksək səviyyədə təmsil olunur.

Bir az da Küveyt Dövləti haqqında maraqlı məlumatları bölüşək:

Küveyt Dövləti Cənub-Qərbi Asiyada, Fars körfəzinin sahilində yerləşir. Təxminən, 18 min kvadratkilometrlik balaca ərazisinin çox hissəsi yayladır. Ərazisi qərbdən-şərqə doğru alçalaraq körfəzin sahillərində düzənliyə çevrilir. Ən hündür yeri cəmi 306 metrdir. Küveytdə su ehtiyatları olduqca azdır və dəniz suyunu sirinləşdirən zavod tikilib.

Küveytin körfəz sularında 9 adası var. Bunlardan yalnız Failaka adasında insan yaşayır. Ən böyük adası olan və 2 380 metr uzunluğunda körpü ilə sahilə birləşdirilən Bubiyanın ərazisi 860 kvadratkilometrdir.

Küveytin ərazisində çox böyük neft-qaz yataqları mövcuddur. Məhz neftin sayəsində iqtisadiyyatı sürətlə böyüyərək inkişaf etmiş ölkələrlə eyni səviyyəyə yüksəlib. Son məlumata əsasən, hazırda Küveytdə ümumdaxili məhsulun həcmi 170 milyard dollardan artıqdır ki, bunu da böləndə adambaşına düşən milli gəlir 50 min dollardan çox edir.

Küveyt əhalisinin sayı, təxminən, 3,3 milyon nəfərdən artıqdır ki, onların da 2 milyonu paytaxt əl-Küveyt şəhərinin sakinləridir. Əhalisinin yarısı yerli etnik ərəblər, 35 faizi isə sonradan digər ölkələrdən bura köçüb gəlmiş ərəblər, qalanları da iş arxasınca Küveytə üz tutan miqrantlardır.

Küveyt ərazisində ilk insan məskənlərinin tarixi eramızdan əvvəl IV əsrə aiddir. Bundan sonra müxtəlif dövrlərdə bölgəyə hakim olan fərqli dövlətlərin ərazisinə qatılıb. Son olaraq, Küveyt torpaqları VIII əsrdən Ərəb Xilafətinin tərkibinə daxil edilir, XV əsrin əvvəllərində isə Osmanlı İmperiyasının tərkibinə qatılır. Osmanlı Dövlətinin zəiflədiyi illərdə – 1899-cu ildə isə ölkə İngiltərənin güclü təsiri altına düşərək vassala çevrilir. XX əsrin ortalarında dünyanın hər yerində güclənən azadlıq hərəkatı Küveyt xalqını da ingilislərin təsirindən çıxmağa ruhlandırır və 1961-ci ildə ölkə tam azadlığına qovuşur.

Amma bir müddət sonra qara buludlar Küveyt üzərinə İraq Dövlətindən gəlməyə başlayır. 1922-ci il sərhədlər haqqında müqavilə imzalamalarına baxmayaraq, 1990-cı ildə Səddam Hüseynin əmri ilə İraq ordusu Küveyti işğal edir. Amma dövlət Bağdada boyun əymir və 1991-ci ildə körfəz müharibəsinin gedişində koalisiya qoşunları tərəfindən azad olunur.

Azərbaycanla-Küveyti dini və tarixi amillər birləşdirir. İki ölkə arasında diplomatik münasibətlər 1994-cü ilin oktyabrın 7-də qurulub. 2004-cü il oktyabrın 1-də Azərbaycanın Küveytdə, 2006-cı ildə isə Küveytin Bakıda səfirliyi açılıb. Hazırda Azərbaycanın Küveytdəki diplomatik korpusuna səfir Elxan Qəhrəmanov, Küveytin ölkəmizdəki səfirliyinə isə Səud Əbdüləziz Əl-Rumi rəhbərlik edir.

Hazırda Milli Məclisdə Azərbaycan-Küveyt Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupu fəaliyyət göstərir. Bu qrup 7 mart 1997-ci ildə yaradılıb və ilk rəhbəri Şaitdin Əliyev olub. 4 mart 2016-cı ildən Hüseynbala Mirələmov işçi qrupunun rəhbəridir. Küveyt Millət Məclisində isə Azərbaycanla dostluq qrupunun sədri hazırda doktor Valid Musaed Tabatabaidir.

İki ölkə arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf etməkdədir. Küveyt bu təşkilatlarda Ermənistanın Azərbaycana qarşı təcavüzü, eləcə də respublikamıza iqtisadi və humanitar yardımın göstərilməsi ilə bağlı qərarların qəbul edilməsində həmişə dəstək verib.

Küveyt Azərbaycanla iqtisadi əlaqələrin yaradılmasında və inkişafında maraqlıdır. Bu məqsədlə hələ 1992-ci ilin mart ayının 1-də Bakıya gələn Küveytin maliyyə naziri Azərbaycana böyük məbləğdə kredit verməyə hazır olduğunu bildirmişdi. O qeyd eləmişdi ki, Küveyt kapital qoyuluşundan əlavə, Azərbaycana dünya standartlarına uyğun müasir texnologiyalar da təklif edə bilər. Bundan sonra əməkdaşlığın başlanması üçün müvafiq infrastruktur, o cümlədən, avtomobil və hava nəqliyyatı, telefon rabitəsi yaratmaq məqsədilə tərəflər razılığa gəliblər. Həmin vaxt Küveyt tərəfinə təklif edilib ki, Bakıda yeni beynəlxalq aeroportun tikintisini müəyyənləşdirmək imkanını nəzərdən keçirsin.

Hazırda iki ölkə arasında 18 saziş mövcuddur. Üstəlik, diplomatik münasibətlər qurulan gündən indiyədək ölkələrimiz arasında sayca 50-yə yaxın qarşılıqlı yüksəksəviyyəli səfərlər həyata keçirilib.

Küveytlə-Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Küveyt əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah 2009-cu il fevralın 9-da "Heydər Əliyev" ordeni ilə təltif edilib.

Vüsal Tağıbəyli

“Həftə içi” qəzetinin kollektivi olaraq Küveytin ölkəmizdəki səfirliyinin, başda cənab səfir Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi olmaqla bütün əməkdaşlarını təbrik edirik



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.03.2019
22.03.2019
21.03.2019