Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Azərbaycanda Zurabişviliyə göstərilən ehtiram bizi qürurlandırdı” – Əli Babayev
Tarix: 04.03.2019 | Saat: 14:59:00
Bölmə:Müsahibə | çapa göndər

Bu günlərdə Gürcüstanın xanım prezident Salome Zurabişvili Azərbaycana gəlmişdi. Geri qayıdan kimi isə ölkəsində yaşayan azərbaycanlıların probleminə diqqət nümunəsi olaraq, onların nümayəndələri ilə görüşməyə razılıq verib. Nə baş verir, bu xanım prezidentin hakimiyyətə gələndən sonra azərbaycanlılara daha isti münasibət göstərməsinin təzahürüdür, yoxsa Bakıda aparılan danışıqların nəticəsi? Ola bilərmi ki, Azərbaycan tərəfi tələb qoyub Zurabişvilinin qarşısında? Suallarımıza Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayevdən cavab almağa çalışdıq.

- Salome Zurabişvili xalq tərəfindən səs çoxluğu ilə prezident seçilib. Amma bildiyiniz kimi, Gürcüstan parlament respublikası olduğu üçün prezidentin bəzi səlahiyyətləri qanunla məhdudlaşdırılıb. Ona görə də prezidentdən gözləntilərdən söz düşəndə bu məqamı nəzərə almaq lazımdır. Amma yenə deyirəm, Salomo Zurabişvili adlı-sanlı diplomat, dünyagörüşlü siyasətçidir. Seçki zamanı da aldığı səs və dəstəklə bunu isbatlayıb.

- Azərbaycanlı icması olaraq əvəldən tanışlığınız vardı?

- Əlbəttə, 2007-ci ildən tanıyıram onu. 2006-cı ildə müxalifətə keçmişdi, amma biz əlaqələrimizi yenə də əvvəlki kimi qoruyub saxladıq. Bu gün prezident olan xanım siyasətçi hələ ki, aparatı tam qurmayıb. Prosesi başa çatdırsın, Milli Konqres olaraq onunla görüşüb, müzakirə aparacağıq.

- Amma məncə hökumətin səlahiyyətlərinə aiddir bəzi milli məsələlər, sizcə Zurabişvilinin mövqeyi nəzərə alınacaq?

- Biz öz növbəmizdə çalışırıq ki, azərbaycanlıları narahat edən bütün problemləri istər hökumətə, istərsə də parlamentə bir-bir çatdıraq və bunu edirik də. Milli Konqres olaraq parlamentin müxtəlif komitələrində, o cümlədən İnsan Hüquqları komitəsində fikir və mövqeyimizi ortaya qoymaqdayıq.

- Eşidiyimə görə, Zurabişvili ilk xarici səfərini Azərbaycana edib. Sizcə bunun özəl mənası varmı?

- Təbii ki, onun regionun birinci ölkəsi olan Azərbaycana getməsi çox əhəmiyyətlidir. Xüsusən də onun Bakıda “Azərbaycanın da, bizim də işğal olunmuş torpaqlarımız var” deməsi alqışlanmalıdır. Çünki bu sözü indiyədək Gürcüstanın heç bir prezidenti, heç Saakaşvili də dilinə gətirməyib. Ancaq Zurabişvili, baxmayaraq ki, qonşu dövlətdə narahatlıq yarada bilərdi, bu sözü mərd-mərdanə dedi. Öz növbəsində Azərbaycanın dövlət başçısı və xanımı Zurabişviliyə böyük ehtiram, qonaqpərvərlik göstərib ki, bu da Gürcüstanda yaşayan biz azərbaycanlıları çox qürurlandırıb. Buna görə Gürcüstan azərbaycanlıları olaraq Azərbaycan dövlətinin rəhbərliyinə minnətdarlığımızı bildiririk. Artıq gürcü ictimaiyyəti, mediası və sair də öz prezidentlərinə Azərbaycanda göstərilən ehtiramdan bəhs ediblər. Düzdür, buradakı bəzi sosial şəbəkələrdə kimlərsə böhtan, təxribat xarakterli nələrsə yazırdılar, buna baxmayaraq onlara qulaq asan olmadı. Xüsusən də Zurabişvilinin Balakən-Zaqatala bölgəsinə gedib, gürcü vətəndaşlarla görüşməsi bədnamların fikirlərini alt-üst edib. Axı burada ölkələrimiz arasında nifaq salmaq istəyən qüvvələr hər zaman deyirdilər ki, guya Azərbaycandakı gürcülərin haqları tapdalanır, öz dillərində danışmırlar, gürcü adı qoya bilmirlər uşaqlarına və sair. Şükür ki, prezident özü gedib gözləri ilə gördü onların yaşayışını, arzu-diləklərini öz dillərindən eşitdi və sair. Güman edirəm ki, yaxınlarda təəssüratlarını mütləq paylaşacaq Gürcüstan ictimaiyyətinə.

- Gürcüstan azərbaycanlıları arasında işsizlik problemi həmişə aktual olub. Bu gün də çox sayda azərbaycanlı gənc ali təhsilini başa vursa da, ixtisasları üzrə işlə təmin olunmurlar. Maraqlıdır, ən azından azərbaycanllıların toplam məskunlaşdığı bölgələrdə iş yerlərinin milli kadrlarla doldurulması Gürcüstanın müstəqilliyi dövründə niyə baş verməyib və sizcə xanım prezident bu məsələnin öhdəsindən gələ biləcəkmi və ümumiyyətlə onun səlahiyyətləri bunu etməyə yetərlidirmi?

- İstəyirik savadlı, gürcü dilini yaxşı bilən, milli qeyrətli insanlarımız deputat seçilsin, hökumətdə təmsil olunsun. Elə vəkillər ki, harda olmasına baxmayaraq xalqının problemlərini səsləndirə və həllinə dəstək ala bilsin. Xalq da baxıb görəndə ki, seçdiyi şəxs yuxarı kürsülərdə onların dərd-sərini deyir, onu həmişə dəstəkləyəcək. Ümid edirəm ki, bundan sonra məhz belələrinin seçilməsinə nail ola biləcəyik. Çünki çox sayda azərbaycanlı gənc Gürcüstanın müxtəlif ali məktəblərində təhsil alır, onlar sabahın mütəxəssis olacaqlar.

- Maraqlıdır, prezident sizin milli problemləri həll etməyə başlayarsa, necə bilirsiniz, hökumət ona dəstək verəcəkmi?

- Bilirsiniz ki, Gürcüstan NATO-ya, Avropa İttifaqına inteqrasiyaya can atır və bu yolda irəliləyir. Hətta proses çərçivəsində bir sıra islahatlar da aparılıb. Amma qeyd edək ki, Avropa strukturlarında milli azlıqlara da böyük diqqət ayrılıb. Onlar Gürcüstandakı milli azlıqların problemlərini addım-addım izləyirlər. Ona görə də Gürcüstan hökuməti bu problemlərin həllində maraqlıdır. Axı onlar istəməzlər ki, Avropa İttifaqı irad tutsun...

- Bu arada məlumatınız varsa deyin lütfən, hazırda Gürcüstanda soydaşlarımızdan təxmini də olsa neçə nazir və nazir müavini, vali, icra hakimi, polis rəisi, məhkəmə hakimi və sair kimi yüksək postdadır və yeni prezident bu rəqəmi ən azı neçə faiz yüksəldə bilər?

- Təbii ki, ermənilərlə müqayisədə azərbaycanlıların rəsmi qurumlarda təmsil olunması prosesi zəif gedir. Bunun da səbəblərindən biri aramızda hələ də vəzifə sevdalılarının olamsıdır. Belələri vəzifəyə keçmək üçün bütün milli maraqları bir yana qoymağa hazırdır və təbii ki, bizi gözü götürməyənlər də bunu yaxşı görür. Hələ Şevardnadzenin vaxtından belələri var ki, Borçalıda, Kvame Kartle bölgəsində o vaxtdan indiyədək gənc nəslin vəzifələrə seçilməsinə, irəli getməsinə mane olmaqdadırlar. Özü də nə gürcü, nə rus dilini bilirlər. Bu gün Gürcüstanın daxili siyasi həyatında gedən proselərdən qətiyyən xəbəri olmayan məktəb direktorları var ki, on illərdir bu vəzifədə oturublar, gənc və savadlı, dil bilən kadrlarımız isə qalıblar kənarda. Hansı ki, biz onların gürcü cəmiyyətinə inteqrasiya olunmasına dəstək verməli, imkanımız daxilində kömək göstərməliyik.

- Həmişə Gürcüstan azərbaycanlıları ilə söhbət edəndə deyirlər ki, daha çox millət vəkili mandatı almaq istəyirlər, amma buna imkan verilmir. İndi neçə deputatınız var?

- Millət vəkili olmaqdan ötürü ilk növbədə gərək həmin adamın dünyagörüşü, savadı, təəssüfkeşlik hissi, milli qeyrəti olsun, gürcü dilini yaxşı bilsin. Bu mənada bəxtimiz gətirməyib. İndiyədək biz azərbaycanlılardan kim deputat seçilib, nazir müavini olub, bu xalq üçün demək olar heç nə etməyib. Əsas odur ki, milli birlik nümayiş etdirə bilək. Belə olsa çox böyük uğurlara imza ata bilərik. Əgər parlament seçkilərində ən azı 300 min, lap 200 min azərbaycanlı seçici gəlib səs versə, 10-12 deputat mandatı qazana bilərik. Bu halda hətta fraksiya da yaratmaq mümükündür. Hazırda təəssüf ki, Borçalı bölgəsindən 4 deputatımız var.

- Gürcüstanda əhalinin 10 faizi azərbaycanlılardırsa, təbii ki, hər müstəvidə təmsil payı da 10 faiz nisbətdə olmalıdır...

- Deməzdim Gürcüstanda azərbaycanlılar 10 faizdir, bu nisbətdən bir az azdırlar. Buna baxmayaraq, Gürcüstan azərbaycanlıları olaraq bütün mənalarda həmişə özümüzü qorumuşuq, gürcülərlə dost olaraq yaşamışıq. Yəni ana dilimizi, mədəniyyətimizi, məişətimizi olduğu kimi saxlamışıq. Eyni zamanda, mövcud Gürcüstan – Azərbaycan əlaqələri, eləcə də Türkiyə ilə qonşu olmaq bizə imkan verir ki, mövqeyimizi daha da möhkəmləndirək. Geniş imkanlar var ki, azərbaycanlılar dövlət həyatında daha irəli getsinlər. Əlbəttə, necə gedəcəklər, bu başqa məsələdir.

- Konstitusiyada milli azlıqların parlamentdə və ya hökumətdə neçə faiz nisbətində təmsil olunması yönümündə nəsə deyilirmi?

- Yox, Gürcüstan qanunlarında faiz müddəası yoxdur. Gürcüstan azad, demokratik ölkədir. Kim daha savadlıdır, dünyagörüşlüdür, insanlar ona da səs verir. Təəssüf ki, bu gün bizdə milli kadr çatışmazlığı var. Gənclərin xaricdə təhsil almasına, savadlı və dünya ilə ayaqlaşa bilən kadr kimi yetişməsinə nail olmalıyıq. Bu məsələdə Azərbaycan hökumətindən də gözləntilərimiz böyükdür. Gürcüstana azərbaycanlı müəllimlər, jurnalistlər, həkimlər, hüquqşünaslar və sair lazımdır. Çox istərdik ki, Azərbaycan universitetlərində təhsil alan Gürcüstandan gəlmiş azərbaycanlı gənclərə kömək göstərilsin, onların gürcü ictimaiyyətində nüfuzlu mütəxəssis kimi yetişməsinə stimul verilsin. Təəssüflə qeyd etmək istəyirəm ki, bu gün Gürcüstanda müasir jurnalistika ilə ayaqlaşa bilən azərbaycanlı jurnalist yoxdur. Bir çoxu var ki, 20-30 ildir oturublar, heç biri müasir dövrə cavab vermir...



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.05.2019
18.05.2019