Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
8 Mart günü hədiyyələrin “qırmızı” qiymətləri – 10 manatdan 600 manata kimi...
Tarix: 08.03.2019 | Saat: 10:34:00
Bölmə:Reportaj | çapa göndər

Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Sevgililərin, evli cütlüklərin hədiyyələşdiyi gündə hədiyyə dükanlarında qiymətlərlə maraqlandıq. Bayramöncəsi və bayram günü bahalaşmanın olub-olmadığını öyrənməyə çalışdıq.

Bayram ola, bizim kişilər gül kimi qadınlarına, ana və bacılarına, sevgililərinə çiçək almaya? Eşit, amma inanma. Elə bu minvalla hafta.az-ın obyektivini gül mağazalarına çevirdik.

 6 manata qızılgül, buket bağladırsansa...

Metroların yaxınlığındakı palatkalarda qızılgüllərin qiyməti 5-6 manat arasında dəyişir. Buketlərin ən sadəsi isə 10 manatdır. Üç sadə zanbaqlı gülü “lüt” bəzətmək 10 manata başa gəlir. Qiymətlər isə təkliflər çoxaldıqca üzüyuxarı artmağa başlayır. Yəni, həmin zambaqların yanına başqa çiçəklər və bəzəklər əlavə olunaraq buket bağladacaqsınızsa, ən azından 15, ən çoxu 70-80 manatınızdan keçməlisiniz. Sadə qızılgül və çiçəklərdən hazırlanan sadə dizaynlı gül buketinin qiyməti də 15 manatdır. Burada buketin böyük, orta və kiçik ölçülü olması da qiymətlərə təsirini göstərir. Satıcıların yalançısıyıq.

Bəs qızılgül dükanlarında durum necədir?

Daha çox ziyalı zümrənin, gənclərin, tələbələrin üz tutduğu gül dükanlarında qızılgülün qiyməti 6-8 manat arasında dəyişir. Sadə buketlər isə 12-13 manata alıcılara təklif olunur. Yerli qızılgüllərdən hazırlanan buketlərlə xaricdən gətirilənlər arasında 2-3 manat fərq edir. Satıcılar belə deyir. Hollandiyadan gətirilən zambaq və müxtəlif növ güllərdən hazırlanan buketlərin ən sadəsi 20-25 manatdır. Üstəlik, buket bağlamaq üçün 1-2 manat da əlavə xərc çəkməli olursan. Satıcılar hər il bayram günlərində 15-20 min gül satdıqlarını, əsas gəlirlərinin tək-tək satılan güllərdən gəldiyini vurğulayırlar.

Qadınlar üçün əl çantaları...

Hədiyyə dükanlarına baş çəkirik. 8 Mart öncəsi kişilərin, oğlanların ən çox xanımlar üçün əl çantaları və suvenirlər sifariş etdiyini öyrənirik. Əl çantalarının ən sadəsinin qiyməti 20 manatdır. Alıcısı isə daha çoxdur. Hətta işləməli və təmiz dəridən olan çantalara da sifarişçi tapılır. Onların qiyməti isə 120-150 manatdan başlayır. Hətta 500-600 manata xüsusi işləməli əl çantalarının satıldığını bildirirlər. Satıcılar onu da deyir ki, bayram öncəsi adi günlərlə nisbətdə 1-15 faizlik bahalaşma olur ki, bunun da səbəbi onlar deyil. Satıcıların iddialarına görə bahalaşma topdansatış məntəqələrində olur. Bu da istər-istəməz mağazalara qədər gəlib çıxır. Bahalaşmanı nəzərdə tuturam.

Bəs ətirlər?

Gül qoxulu xanımlarına, sevgililərinə ətir alan kişilər bayram hədiyyəsi olaraq ətirlərə də üstünlük verirlər. Ən çox satılan ətirlər isə qramla olan fransız və ərəb ətirləridir. Satıcılar “ərəb ətirlərinin” Dubaydan, fransız adı ilə satılan ucuz ətirlərin isə Çindən gətirildiyini söyləyirlər. Sadəcə olaraq, kimyəvi malekollara müəyyən qatqılar vurulur və həqiqi ətrin qoxusu süni yolla alınır. Yenə də satıcıların yalançısıyıq. Onlar bunun qiymətdə də öz əksini tapdığını söyləyirlər. Belə ki, “Şanel”, “Şeyx”, “Egoist” kimi “qara bazar”da 1-2, 5-10 manata satılan ətirlərin həqiqi olmadığını, əhalinin imkanlarını nəzərə alan işbazların “süni yol”a əl atdıqlarını iddia edirlər. Adıçəkilən brendlərin bayram günlərində, eləcə də bayramdan əvvəl və sonrakı qiymətləri dəyişməz olaraq qalır. Qiymətlər isə qramından asılı olaraq 100-3000 manat arasında dəyişməkdədir.

Restoranların “8 Mart” menyusu...

8 Martda müştəri çoxluğundan məmnun qalan digər sahə restoran və kafe şəbəkələridir. Paytaxtın mərkəzində bir sıra restoranlarda sevgililər günü menyusunun olub-olmaması ilə maraqlandıq. Fairmont Baku, Flame Tovers “Alov” və “Bistro” restoranlarına müştəri, sifarişçi gözü ilə baş çəkdik. Özümüzü qabacadan yer sifariş vermək istəyən müştəri kimi təqdim edib qiymətlərlə maraqlandıq. Adıçəkilən məkanda sevgililər, ailəli cütlüklər üçün iki nəfərlik masada fransız mətbəxinin bir neçə cür yemək və təamlarını müştərilərə təqdim edilir.

Menyunun ilk sırasında marinə edilmiş (xüsusi üsulla çəkilmiş –red. ) ənginarlardan və tuna balığının can ətindən salat və “ratatuy” təqdim edilir. Bundan başqa soğan-krem şorbası da müştərilərin istəklərinə uyğun olaraq sifariş verilə bilər. Souslu göbələk, kartof əzməsi və mal ətinin sinə hissəsi (ikinəfərlik) 8 Mart menyusunun adıçəkilən yeməyidir. Bu şam yeməyinin bir nəfər üçün qiyməti 69 manatdır. İki nəfər üçün isə 138 manat təşkil edir. Spirtli içkilərin qiyməti buraya daxil deyil. Təbii ki, qiymətlərlə razılaşmayıb məkandan “uzaqlaşırıq”. Hətta baş çəkdiyimiz bir çox restoranlarda iki nəfərlik şam yeməyinin qiymətinin 470-550 manata qədər artdığının şahidi oluruq. Bunun üzərinə 100-300 manatlıq bir fransız şərabı da gəlib hesabı sizə buraxırıq...

Bayramınız mübarək olsun, xanımlar!



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.03.2019
18.03.2019