Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ali məktəblərdə tədqiqat mərkəzlərinin sayı artır
Tarix: 13.03.2019 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Son illər bu yöndə həyata keçirilən tədbirlər müsbət nəticələr verməkdədir

Bu gün Azərbaycanda ali təhsil müəssisələrinin tədqiqatyönümlü universitetlərə çevrilməsi əsas hədəflərdən hesab olunur. Artıq bəzi ali məktəblər bu yöndə konkret addımlar atmağa başlayıblar.

Məsələn, tədqiqatyönümlü universitet olmağı hədəfləyən UNEC-də Aziz Sancar adına “Qida təhlükəsizliyi laboratoriyası”, “Ekonofizika Tədqiqat Mərkəzi”, “Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzi” və “Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi”nin yaradılması barədə qərar qəbul olunub. Universitetdən verilən məlumata görə, Nobel mükafatı laureatı Aziz Sancar adına Qida təhlükəsizliyi laboratoriyası “Qida məhsullarının texnologiyası” kafedrasının nəzdində fəaliyyət göstərəcək. Laboratoriyada müvafiq istiqamət üzrə elmi-praktiki araşdırmalar aparılacaq, qida məhsullarının müvafiq standartlara uyğunluğu, qida sahəsində normativ-hüquqi akt layihələrinin işlənilib hazırlanması, qida məhsullarının keyfiyyət göstəriciləri üzrə laboratoriya analizi və s. həyata keçiriləcək.

Ekonofizika Tədqiqat Mərkəzində yeni elm sahəsi olan ekonofizikanın tədqiq edilməsi ilə yanaşı, müasir iqtisadiyyatın və sosiologiyanın aktual məsələləri, o cümlədən iqtisadi proseslərin inkişaf proqnozu təhlil ediləcək.
UNEC ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə yaradılan Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi isə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin nəzdində fəaliyyət göstərəcək. KOB-a dəstək məqsədilə yaradılan mərkəzdə gənc mütəxəssis və tələbələrin könüllü olaraq sahibkarlığa təşviqi, KOB-in inkişafı istiqamətində elmi-tədqiqat və innovasiyaların tətbiqinin genişləndirilməsi, startap və biznes inkubator ideyalarının reallaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi, o cümlədənmüvafiq dövlət və özəl maliyyə institutlarına birgə təkliflərin verilməsi nəzərdə tutulub.

Yeri gəlmişkən, ötən il Nazirlər Kabineti “Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün Tələblər”i təsdiq edib. Qaydalara əsasn, “Tədqiqat universiteti” statusunun verilməsi üçün ali təhsil müəssisələri bəzi tələblərə riayət etməlidirlər. Bu tələblər ali məktəblərdə fundamental, tətbiqi və eksperimental elmi tədqiqatların aparılması üçün müvafiq infrastrukturun, elektron kitabxananın, müasir maddi-texniki bazanın və elmtutumlu avadanlıqdan kollektiv (digər ali təhsil müəssisələri) istifadə mərkəzinin mövcudluğu, son bir təqvim ili ərzində beynəlxalq elmmetrik bazalara daxil olan jurnallarda (Web of Science, SCOPUS) respublika üzrə nəşr olunan məqalə sayının azı 10 faizinin ali təhsil müəssisəsinin əməkdaşları tərəfindən nəşr edilməsi olmalıdır.
Bununla yanaşı, doktorantura səviyyəsində kadr hazırlığı aparılan hər ixtisas üzrə doktorluq dissertasiyalarına rəhbərlik edə bilən ən azı 5 professor və ya dosent olmalı, dissertasiya şuralarının (ən azı 1 şura) fəaliyyət göstərməli, magistratura səviyyəsində ixtisaslaşmaların beynəlxalq akkreditasiyası olmalıdır.
Eyni zamanda, “Tədqiqat universiteti” statusunun verilməsi üçün ali təhsil müəssisələri tərəfindən anti-plagiat sistemindən istifadə edilməli, yerli və beynəlxalq donorlardan son 5 il ərzində elm sahəsində ən azı 20 qrant alınmalıdır.

Xatırladaq ki, “Elm haqqında” qanuna əsasən, ali təhsil müəssisəsinin tərkibində elmi-tədqiqat institutları, elmi- tədqiqat mərkəzləri, elmi laboratoriyalar, layihə-konstruktor, təcrübi-istehsal, ixtisaslaşdırılmış innovasiya infrastrukturları, texnoparklar, texnoloji inkubatorlar, tədris klinikaları, elmi kitabxanalar, informasiya mərkəzləri və digər elmi müəssisə və obyektlər yaradıla bilər. Eyni zamanda, ali təhsil müəssisəsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada "Tədqiqat universiteti" statusu verilə bilər. Qanunda tədqiqat universitetinin əsas vəzifələri və meyarları da müəyyənləşdirilərək qeyd olunub ki, bu addım təhsilverənlərin və təhsilalanların elmi-tədqiqat prosesinə fəal cəlb edilməsi yolu ilə elm və təhsilin real inteqrasiyasını təmin etməyə, yeni biliklər yaratmaq və iqtisadiyyata (istehsalata) müasir texnologiyaların transferini təmin etməyə, geniş spektrli fundamental və tətbiqi elmi tədqiqatlar həyata keçirməyə, magistr, yüksəkixtisaslı elmi kadr hazırlığı və əlavə təhsil proqramlarının inkişaf etmiş sistemini formalaşdırmağa, ölkə iqtisadiyyatının yüksək texnologiyalara əsaslanan elmtutumlu sahələrinin rəqabətqabiliyyətli kadr və elmi təminatını həyata keçirməyə yönəlib. Eyni zamanda, güman edilir ki, tədqiqat universitetlərinin yaradılması elmi nəticələri və innovativ texnologiyaları kommersiya əsasında sərbəst reallaşdırmağa, regional iqtisadi inkişafa, tətbiq zonaları və texnoparkların formalaşdırılmasına, biznes inkubatorlarının yaradılmasına nail olmaq və kiçik sahibkarlığın inkişafına töhfə verməyə, dünya elm və təhsil məkanında layiqli yer tutmağa imkan yaradacaq.

Təbii ki, bu statusu qazanan universitetlərə dövlət tərəfindən müvafiq maddi dəstək də göstəriləcək. Bundan başqa, tədqiqat universitetlərində fundamental tədqiqatlar aparılmaqla yanaşı yüksək texnologiyalara əsaslanan elm tutumlu sahələrin kadr və informasiya təminatının həyata keçirilmələri nəzərdə tutulur.
Məlumat üçün onu da bildirək ki, dünya reytinq siyahılarının hazırlanmasında istifadə edilən meyarlar arasında tədqiqat fəaliyyəti 20 faiz çəkiyə malikdir. Hazırda dünyanın aparıcı universitetləri əsas tədqiqat mərkəzləri hesab olunur. Həmin ali təhsil ocaqları bir-biri sıx əməkdaşlıq edirlər. Bu məqsədlə Beynəlxalq Tədqiqat Universitetləri Alyansı da yaradılıb. Bu təşkilat 2005-ci ilin sonlarında təsis edilib və 2006-cı ilin əvəlindən fəaliyyətə başlamışdır. Hazırda sözügedən quruma 10 ali məktəb uzvdür. Həmin təhsil müəssisələri Avstraliya Milli Universiteti, Kembric Universiteti, Oksford Universiteti, Berkli Kaliforniya Universiteti, Yel Universiteti, Pekin Universiteti, Sinqapur Milli Universiteti, Tokio Universiteti, Kopenhagen Universiteti və İsveçrə Federal Texnologiya İnstitutudur.

Qeyd edək ki, son illər Azərbaycanda da elmi tədqiqat işlərinin həyata keçirilməsində keyfiyyət nisbətən yüksəlib. Belə ki, Azərbaycanda Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası yenidən formalaşdırılıb. “Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə”yə görə, Şuranın əsas vəzifələri ölkədə aparılan elmi tədqiqat işlərini əlaqələndirmək, təkrarçılığı aradan qaldırmaq, müxtəlif elmi strukturları birgə elmi tədqiqatlara cəlb etmək, fundamental və tətbiqi tədqiqatların, sahələrarası elmitexniki proqramların həyata keçirilməsinə nəzarəti təmin etmək, onların nəticələrinin və səmərəliliyinin yüksəldilməsini təmin etmək, elmi-texniki tərəqqinin yeni istiqamətlərini müəyyən etmək və onların həyata keçirilməsi üçün elmi zəmin yaratmaq, elmi-texniki və sosial-iqtisadi tərəqqinin mühüm problemləri üzrə elmi tədqiqatların aparılmasını təşkil etməkdir.

Mövzu ilə bağlı fikirlərini açıqlayan təhsil eksperti Etibar Əliyev deyib ki, son illər ali təhsil sahəsində həyata keçirilən islahatlar müsbət nəticəsini göstərməkdədir: “Biz Azərbaycan Dövlət İqtisad Universiteti və Neft və Sənaye Universiteti, ADA Universitetinin timsalında sürətli akademik inkişafın şahidi oluruq. Ənənəvi olaraq Bakı Dövlət Universiteti elmi tədqiqatlarda öndə gedən ali məktəbdir. Etiraf etmək lazımdır ki, son 3 ilə qədər bizdə elmlə təhsilin vəhdətindən söhbət belə getmirdi. Əgər universitetlərin tanınmış reytinqlərdə yer tuta bilməməsi bir tərəfdən islahatların gecikməsi ilə bağlıdırsa, digər tərəfdən isə uzun illər dərin kök atmış neqativ halların aradan qaldırılmasındakı gecikmələrdir. Son illər universitetlərdə sessiyalar zamanı baş verən neqativ halların aradan qaldırılması üçün köklü işlər aparılır. Nəhayət, bu işlər gözdən pərdə asmaq, imitasiya xarakteri daşımır. Qərbdə universitet təsis olunduğu andan neqativ hallar olmur. Bunlar ağıla belə gələ bilməz. Amma bizdə niyə belə olduğunu çox düşünməkdənsə, bu halları aradan qaldırmaq lazımdır və bir neçə universitetdə doğrudan da real dəyişiklərin əsası qoyulub. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə Ali təhsil müəssisələrinin “təhsil-tədqiqat-innovasiya” formatında inkişafı nəzərdə tutulur. Bu formatın gerçəkləşməsi üçün mütləq bacarıqlı, elmli, təhsil prosesini və innovasiyaları dərindən bilən rektor obrazı önəm kəsb edir”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.05.2019
19.05.2019
18.05.2019