Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İnformatika fənnini tədris edən müəllimlər
Tarix: 13.03.2019 | Saat: 18:30:00
Bölmə:KİVDF | çapa göndər

Ekspertlər hesab edirlər ki, bu istiqamətdə kadrların peşəkarlığının artırılmasına ehtiyac var

“Azərbaycanın orta məktəblərində informatika fənninin tədrisi və informatika müəllimlərinin səviyyəsi artırılmalıdır”. Bunu Bakıda keçirlən VI Regional İnternet İdarəçilik Forumunda nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

O həmçinin bildirib ki, internetdəki viruslarla mübarizə, elementar kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması orta məktəblərdən başlamalıdır: “Bu barədə məlumatlar dərsliklərə salınmalıdır. Bu gün şagirdlərin hər biri yeni texnologiyalardan istifadə edir. Onlar artıq ali məktəbə gələnə qədər bu hallarla rastlaşırlar. Biz onları kibertəhlükəsizliklə bağlı məlumatlandırmalıyıq. Bu istiqamətdə aidiyyatı qurumlar tərəfindən addımların atılması gözlənilir".
Qeyd edək ki, son illər ölkəmizdə fəaliyyət göstərən bəzi orta məktəblərdə informatika fənni yeni formatda tədris olunur. Bununla bağlı pilot layihə də hazırlanıb. Layihə informasiya texnologiyaları (İT) sistemləri və rəqəmsal bacarıqların öyrədilməsi üzrə proqramlar hazırlayan "Alqoritmika" beynəlxalq təhsil şirkəti ilə birgə həyata keçirilir.
Pilot layihə alqoritmik düşüncə və məntiqin, layihə işləmə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsi məqsədini daşıyır. Layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir.
Proqram fərdi təlim, nəzəriyyə və tətbiqi yanaşma, fənlərarası əlaqə və motivasiyanın artırılması prinsiplərinə əsaslanır. Bu məqsədlə müəllim və şagirdlər vahid rəqəmsal sistemdə fəaliyyət üçün fərdi akkauntlar əldə edirlər. Şəxsi kabinetdə müəllim sinfin fəaliyyətini izləyə, şagirdlər isə müxtəlif növ rəqəmsal məzmun yarada bilərlər. Proqram uşaqlarda məntiqi, kreativ və alqoritmik düşünmə qabiliyyətinin inkişafında mühüm rola malikdir. Rusiya, Qazaxıstan, Polşa, İsrail və Kiprdə müvəffəqiyyətlə həyata keçirilən alqoritmika uşaqlara təkcə proqramlaşdırmanı deyil, biliyin praktikada tətbiqi bacarıqlarını da öyrədir.

Məlumat üçün bildirək ki, “Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyası” da ölkədə keyfiyyət və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə genişmiqyaslı tədbirləri nəzərdə tutur.
Strategiyanın əsas istiqamətlərindən biri təhsil sahəsində insan resurslarının müasirləşdirilməsidir. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir və özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını, təhsilalanların istedadının aşkar olunması və inkişafı ilə bağlı təlim metodologiyasının yaradılmasını ehtiva edir.
Strategiya təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasının tələblərinə uyğun infrastrukturun yaradılması, hər bir təhsil müəssisəsinin internetlə, ümumi orta təhsil səviyyəsində hər bir şagirdin elektron dərsliklərlə yüklənmiş kompüter-planşetlə təmin olunmasını, o cümlədən elektron təhsilin yaradılmasına əlavə vəsaitlərin ayrılmasını nəzərdə tutur.
Bundan başqa 2016-cı ilin sonlarında ölkə prezidentinin təsdiqlədiyi "Azəbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsi"ndə də rəqəmsal təhsilin inkişaf etdirilməsi əsas hədəf kimi göstərilib. Belə ki, sənədə görə, rəqəmsal təhsilin daha da inkişaf etdirilməsi üçün təhsilin bütün səviyyələrində tətbiq olunan tədris proqramlarının yüksək keyfiyyətli elektron material (elektron kitablar, elektron seminarlar, açıq tədris materialları və s.) və müvafiq metodlar (distant təhsil, veb əsaslı imtahanlar və s.) əsasında təkmilləşdirilməsi nəzərdən keçirilməlidir.

Yol xəritəsində bildirilir ki, təhsil sahəsində texnoloji dəstəyi təmin etmək məqsədilə təhsil müəssisələrinin aparıcı şəxsləri təhsil texnologiyaları haqqında davamlı məlumatlandırılmalı, təhsil texnoloqlarının inkişafı üçün tədbirlər dəstəklənməli və bu fəaliyyətlər çərçivəsində təkmilləşdirmə kursları təşkil edilməlidir.
Sənəddə vurğulanıb ki, təhsil fəaliyyətində istifadə olunan informasiya sistemləri zəruri məlumatların əldə edilməsi imkanlarını təmin etməklə, düzgün qiymətləndirmələrin aparılması və ədalətli qərarların qəbul olunmasında xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, təhsil sistemi ilə bağlı məlumatlara dair mövcud resurslar dövlət siyasətinə və istifadəçilərin real informasiya ehtiyaclarına uyğun olaraq daha da inkişaf etdirilməli, təhsil sistemində məlumat bazalarından məqsədəuyğun istifadə üçün imkanlar təmin edilməlidir.
Bu prioritetin həyata keçirilməsi ilə tədris proqramları yüksəkkeyfiyyətli rəqəmsal material və müvafiq metodlar əsasında təkmilləşdirilməli, fərdi rəqabət qabiliyyəti və sosial rifahın yüksəldilməsi üçün informasiya texnologiyaları üzrə bilik və bacarıqların inkişaf etdirilməsi, məşğulluqda İKT mütəxəssislərinin payının artırılması təmin olunmalıdır.

Mövzu ilə bağlı fikirlərini bildirən Multimedia Araşdırmaları Mərkəzinin rəhbəri Osman Gündüz hesab edir ki, orta məktəblərdə informatika dərs saatının azlığı həm müəllimlərin bu sahədə ixtisaslaşmasına, həm də bu sahənin inkişafına çox təsir edir: “Bu təsirlərdən biri də odur ki, kompüter ixtisasına imtahan vermək istəyən şəxs informatikadan yox, kimyadan imtahan verir.Valideyn, məktəb, Dövlət İmtahan Mərkəzi marağı kimyaya verirsə, onda uşağın informatikadan hazırlaşmasına ehtiyac qalmır. Təbii ki, müəllimlərin bu istiqamətə həvəssiz olmasının kökündə duran məsələ, dərs saatının azlığı ilə bərabər, həm də DİM-də texniki istiqamət üzrə qəbul imtahanında informatikanın olmamasıdır. DİM də deyir ki, hazırda məktəblərdə informatika ilə bağlı bilik-bacarıqlar aşağı səviyyədədir. İnformatikadan imtahan salınsa, çox abituriyent kəsiləcək. Ona görə məktəblərdə informatika bilik səviyyəsi qaldırılmalıdır ki, sonra imtahan siyahısına bu fənni salaq. Hesab edirəm ki, Təhsil Nazirliyi daha çox iş görməlidir. Zamanla DİM-də ən azı birinci mərhələ üçün heç olmasa riyaziyyatın yarısında və ya hansısa fəndə informatikadan imtahan suallarını əlavə etməlidir. Sonra isə kimya informatika ilə əvəzlənməlidir”.
Son dövrlərdə informatikanı tədris edən müəllimlərin peşəkarlığını artırmaq üçün müəyyən təlimlər, kurslar tədbirlərin keçirildiyini deyən O.Gündüz bu istiqamətdə müsbət irəliləyişlərin olduğunu söyləyib: "Az sayda yaxşı müəllimlər var. Elə məktəblər var ki, digər fənni tədris edənlər informatkanı keçir. Çatışmazlıqlar var, dərs saat azdır, DİM-də informatika fənnindən imtahan yoxdur. Bütün bunlar bu sahənin zəif olmasına gətirib çıxarır. Təhsil Nazirliyi stimullaşdırma xətti aparmalıdır. İxtisaslı kadrların hazırlığı üçün həvəsləndirici addımlar atılmalı, yəni informatika ixtisasını seçənlər üçün hansısa güzəştlər edilməlidir”.

Ekspert bildirib ki, təhsilin informasiyalaşdırılması, yəni təhsildə İKT ilə bağlı dövlət proqramları var idi: "2004-2007,2008-2012-ci illər iki dövlət proqramı oldu. Bunlar məktəblərdə çox böyük dəyişikliklər yaratdı. Deməzdim ki, 100 faiz effektli istifadə olundu, amma istənilən halda iki nəhəng dövlət proqramı 2013-2014-cü illərdə böyük informasiyalaşmada, təhsilin modernləşməsində ciddi dönüş yaratdı. 2012-ci ildən sonra heç bir dövlət proqramı yoxdur. Ən yaxşı halda Təhsil Nazirliyi hansısa məktəbə müəyyən sayda kompüter, texniki avadanlıqlar verir. Bu informasiyalaşma sayıla bilməz. Bunun adı texniki təchizatdır. Bunlar ayrı-ayrı anlayışlardır. Ona görə son dövrlərdə məktəblərə verilən kompüterlər də qocalıb. Avadanlıqlara texniki servis yoxdur. Məsələn, hansısa məktəbə kompüter verilib, amma neçə il keçməsinə baxmayaraq, buna dəstək yoxdur. Bu kompüterlər nə qədər işləyə bilər ki?! Yeni avadanlıqların verilməməsi , dəstəyin olmaması ciddi problemlər yaradır. İnformasiyalaşma ilə bağlı işlər ya donub qalıb, ya da geri gedir. Təhsilin informasiyalaşması ilə bağlı üçüncü dövlət proqramının qəbul olunması çox vacib məsələdir”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.05.2019
19.05.2019
18.05.2019