Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dərslik siyasətində yenilik
Tarix: 14.03.2019 | Saat: 19:15:00
Bölmə:KİVDF | çapa göndər

İbtidai siniflərdə ehtiyat dərsliklərin tətbiqinə başlanılıb

“İbtidai siniflər üçün Azərbaycan dili və riyaziyyat üzrə ehtiyat dərsliklərin hazırlanması Nazirlər Kabinetinin sərəncamına əsasən həyata keçirilir. Təhsil İnstitutu tərəfindən hazırlanan ehtiyat dərsliklər dilin və riyaziyyatın tədrisində beynəlxalq təcrübəyə və müasir təlim texnologiyalarına əsaslanır”. Bu barədə Təhsil Nazirliyində ehtiyat dərsliklərin hazırlanmasına həsr olunan mətbuat konfransında bildirilib.
Tədbirdə qeyd olunub ki, ehtiyat dərsliklərin yazılması işinin təşkili üçün Təhsil İnstitutunda Tədris Resursları Mərkəzi yaradılıb. Bu prosesin ilk mərhələsində Təhsil Nazirliyi tərəfindən verilmiş elan əsasında Azərbaycan dili üzrə 160, riyaziyyat fənni üzrə isə 145 müəllim arasında üçmərhələli müsabiqə keçirilib. Dərslik hazırlığına ali məktəb və universitetlərdə çalışan alim və pedaqoqlar cəlb edilib. Tədrisi xarici proqramlar əsasında qurulan bir çox beynəlxalq məktəblərdə görüşlər keçirilib, onların təcrübələri öyrənilib və bu məktəblərdə çalışan müəllimlər müsabiqəyə dəvət olunub. Daha sonra ehtiyat dərsliklərin konsepsiyası hazırlanıb və məzmunu təkmilləşdirilib. Dərslik komplektinə dərslik, müəllim üçün metodik vəsait, iş dəftəri və valideyn bələdçisi daxildir.

Bildirilib ki, tədris resurslarının istifadəsindən əvvəl onların sınaqdan keçirilməsi nəzərdə tutulur. Artıq 1-ci siniflər üzrə dərsliklər hazırdır. Respublika səviyyəsində 123 sinifdə dərsliklərin pilot layihə üzrə sınağı həyata keçirilir. 123 sinfin 48-i şəhər məktəbləri, qalanları isə rayon məktəblərindən seçilib. 2-ci sinif üçün dərsliklərin hazırlanması prosesi davam edir. Eyni zamanda bu il məktəbəqədər təhsil üçün yeni alternativ dərsliklər hazırlanır.
Sınaq müddətində müəllimlərlə sıx əməkdaşlıq ediləcək və nəticələr xüsusi blanklarda təqdim ediləcək. Bu müddətdə ekspertlərin iştirakı ilə dərsliklərin müzakirəsi təşkil olunacaq və ictimai rəy öyrəniləcək. Sınaqda iştirak edən müəllim, ekspert, rəyçilərin irad və təklifləri ümumiləşdiriləcək və dərslik komplektlərinin kütləvi istifadəsi üçün müvafiq düzəlişlər ediləcək.

Ehtiyat dərsliklər müəllim-pedaqoji kontingentin inkişafına təkan verəcək, şagirdlərin beynəlxalq qiymətləndirmələrdə nəticələrinin yüksəlməsinə şərait yaradacaq. Dərslik komplektinə daxil olan valideyn bələdçisi valideynlərin pedaqoji maarifləndirilməsində böyük rol oynayacaq və onları tədris prosesinə cəlb edəcək.
Mövzu ilə bağlı fikirlərini açıqlayan təhsil eksperti Kamran Əsədov deyib ki, dərsliklər şagirdlər üçün əsas bilik mənbələrindən biri olduğundan onun hazırlanmasına xüsusi diqqət yetirilməlidir: "Əgər hər hansı fənn üzrə keyfiyyətli dərslik olarsa, şagirdlər üçün həmin fənni mənimsəmək bir o qədər rahat olar. Artıq illərdir ki, Azərbaycanda ümumtəhsil məktəbləri üçün yeni kitablar nəşr olunur. Demək olar ki, bütün siniflər üzrə yeni kitablar nəşr olunub. Kitablar dizayn cəhətdən professional şəkildə olsa da, içində olan materiallar barəsində bunu deyə bilməyəcəm. Xüsusilə aşağı sinif kitablarında çoxsaylı nöqsanlar mövcuddur. Dərsliklərlə bərabər yeni test topluları, əlavə dərs materialları da çap olunur. Orta məktəb şagirdlərinə verilən test tapşırıqlarına nəzər yetirəndə şagirdlər üçün çətin olduğunu görmək olur. Bu onu göstərir ki, dərsliklər üzrə vahid strategiya müəyyən olunsa da, yekunda bu standartlar kağız üzərində qalır. Ehtiyat dərsliklər məsələsinə gəlincə, konsepsiya olaraq müsbət dəyərləndirilə bilər. Ən azı bu mexanizmdən Qazaxıstan, Türkmənistan, Özbəkistan və Rusiya kimi keçmiş sovet ölkələrində istifadə edilir. Amma bu, Azərbaycan üçün real görünmür”.

Ekspert bildirib ki, ehtiyat dərsliklər alternativ dərsliklə əvəz edilməlidir: “Azərbaycanın 4472 orta ümumtəhsil məktəbində 1.6 milyon şagird təhsil alır. Onların heç də hamısının dərsliklərdəki məlumatları mənimsəmə qabiliyyətləri eyni deyil. Təhsil Nazirliyi onlara ümumi bir dərslik təqdim edir. Hollandiya, Finlandiya təhsil sistemində bizim məktəblərdə olduğu kimi siniflər A, B, C kimi nömrələnir. Lakin bizdən fərqli olaraq bu ölkələrdə bu siniflərdə təhsil alan uşaqların səviyyəsi də, istifadə etdikləri dərslik də fərqli olur. Yəni A siniflərində təhsil alan şagirdlərin mənimsəmə qabiliyyətləri yüksək olduğundan onların istifadə etdiyi dərslikdə nisbətən ağır terminlərdən istifadə edilir. 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında qanun”da da alternativ dərsliklərdən istifadə edilməsi göstərilib. Yəni Təhsil Nazirliyi alternativ (variativ) dərsliklər təqdim edir, müəllim və şagirdlər istədiyi dərsliyi seçib istifadə edir. Azərbaycanda bu məsələnin həll edilməməsinin səbəbi bizim ali məktəblərə qəbul proqramı ilə bağlıdır. Qəbul imtahanı vahid proqramla aparıldığına görə alternativ dərsliyə keçə bilmirik. Bu gün bir çox orta məktəbdə təmayülləşmə tətbiq edilir, lakin humanitar, texniki və ya təbiət üzrə təmayülləşənlərin hamısı eyni tarix, riyaziyyat dərsliklərindən istifadə edir. Bu, düzgün deyil, təmayüllər üzrə alternativ dərsliklər istifadəyə verilməli idi”.

K.Əsədovun sözlərinə görə, tenderdə iştirak edən dərsliklərin 50 faizi alternativ dərslik kimi dövriyyəyə buraxılmalıdır: “Bir müddət istifadədən sonra şagird və müəllimlər razı qalmadığı halda onsuz da həmin dərslik istifadə edilməyəcək. Məhsulun yaxşı və ya pis olmasını alıcı müəyyənləşdirməlidir, 5-6 nəfərdən ibarət ekspert qrupu 2 milyonluq xalqın müqəddəratını həll edə bilməz. Çünki onsuz da komissiyadan keçən dərsliklərdə səhvlər aşkarlanır. Səbəb isə dərslik hazırlamaq üçün verilən müddətin çox az olmasıdır. İki aya mükəmməl dərslik yazmaq olmaz. Çıxış yolu isə iki müxtəlif yerdə ayrı-ayrı dərslik yazmaqdansa, Təhsil Nazirliyi “Dərslik İdarəsi” yaradıb müəllifləri cəlb edərək daha optimal dərslik yaradılmasıdır. Ehtiyat dərsliklər hazırlanarkən həm nəşriyyatlar müəllif kollektivinə dərslik hazırlamaq üçün qonorar verir, özü vəsait sərf edir, həm də eyni prosesi Təhsil Nazirliyi təkrarlayır. Yaxşı olar ki, ehtiyat dərslik də tenderə qoşulsun, əgər həqiqətən də o daha uyğundursa, rəqabət mühiti yaradıb qalib gəlsin”.

Məsələyə münasibət bildirən təhsil eksperti Nadir İsrafilov deyib ki, dərslik dövlətin təhsil siyasətinin həyata keçirilməsində, gənc nəslin keyfiyyətli təhsil almasında başlıca vasitələrdən biridir: "Ədalət naminə deməliyik ki, bu sahənin uzun illərdən bəri həllini gözləyən əsaslı problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərin məntiqi nəticəsi olaraq, son on illiklə müqayisədə, dərslik siyasətinə fərqli baxış formalaşıb. Belə ki, dərsliklərin keyfiyyətini artırmaq üçün ehtiyat dərsliklərin hazırlanması ilə bağlı Təhsil Nazirliyinin hökumətə təqdim etdiyi qərar layihəsi qəbul edilib. Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə quruma hazırda istifadə olunan dərsliklərdən əlavə, ehtiyat dərsliklərin hazırlanması səlahiyyəti verilib. Bu məqsədlə Təhsil İnstitutunda Tədris Resursları Mərkəzi yaradılıb və ehtiyat dərsliklərin hazırlanmasına başlanıb. Ehtiyat dərslik hazırlanmasında isə tamamilə fərqli situasiya olacaq. Burada rəqabət deyil, əməkdaşlıq mühiti şəraitində aparılacaq tədqiqatlar nəticəsində dərsliklər hazırlanacaq. Beləliklə, ortaya tədqiqat xarakterli bir iş qoyulacaq. Proses tamamilə fərqli şərtlərlə, daha azad və yaradıcı şəkildə həyata keçiriləcək”.

Ekspert həmçinin vurğulayıb ki, bəzən ayrı-ayrı siniflər və fənlər üzrə tender müsabiqəsinə bir dərslik təqdim olunur: “Təqdim olunan dərslik və ya dərsliklər dərsliyə verilən tələbləri, prinsipləri ödəməsə də, müvafiq standartlara uyğun gəlməsə belə, onu nəşr edib, yerlərə göndərmək zərurəti meydana çıxır. Bu və buna bənzər hallar baş verdiyi təqdirdə, vəziyyətdən çıxış yolu kimi alternativ olaraq ehtiyat dərsliklər dövriyyəyə buraxıla bilər. Hesab edirəm ki, təkcə ibtidai siniflər üçün deyil, digər siniflər üçün də mərhələlər üzrə ehtiyat dərsliklərin hazırlanmasına ehtiyac var”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.03.2019
18.03.2019