Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Peşə təhsilində yeni standartlar müəyyənləşdirilib
Tarix: 14.03.2019 | Saat: 19:30:00
Bölmə:KİVDF | çapa göndər

Qaydalara əsasən, müvafiq standartların 5 ildən bir yenilənməsi nəzərdə tutulur

Nazirlər Kabineti “Peşə təhsilinin dövlət standartları”nı təsdiq edib. Qeyd edək ki, yeni peşə standartlarının təsdiqlənməsi ilə əlaqədar “İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı (kurikulum)”nın təsdiq edilməsi haqqında” 2010-cu il 23 aprel tarixli qəranını ləğv edib.

Sənədə əsasən, dövlət standartları peşə təhsilinin məzmununu, idarə olunmasını, peşə təhsili müəssisələrinin maddi-texniki bazasını, peşə təhsilinin infrastrukturunu, peşə təhsilində təhsilverənlərin keyfiyyət göstəricilərini, təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyənləşdirir.
Dövlət standartları tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan ərazisində fəaliyyət göstərən bütün peşə təhsili müəssisələrinə şamil olunur və peşə təhsili sahəsində ixtisaslar üzrə təhsil proqramlarının hazırlanmasında və tətbiqində əsas tutulur.Peşə təhsili pilləsində tədris nəticəyönlü, səriştə əsaslı və modul strukturlu təhsil proqramları (kurikulum) əsasında həyata keçirilir və varislik təmin olunur. Dövlət standartları 5 ildən bir yenilənir.
Yeni standartlarda peşə təhsilinin məzmunu da indiyə qədər qüvvədə olmuş ilk peşə-ixtisas təhsili pilləsinin dövlət standatları ilə müqayisədə daha genişdir. Beləliklə, peşə təhsilinin məzmunu qanunvericilikdə qeyd edilmiş ümumi tələbləri ödəməklə yanaşı, “ömürboyu təhsil” prinsipinə əsasən təhsilalanların aşağıdakı modullar vasitəsilə əsas səriştələrə malik olmalarını təmin edir:
– ana dilində ünsiyyət:
– ana dilinin qrammatik xüsusiyyətlərini dərk edərək istifadə etmək;
– peşəkar şifahi ünsiyyət qurmaq;
– peşəkar yazılı ünsiyyət qurmaq;
– xarici dildə ünsiyyət:
– xarici dilin qrammatik xüsusiyyətlərini dərk edərək istifadə etmək;
– xarici dildə şifahi peşəkar ünsiyyət qurmaq;
– xarici dildə yazılı peşəkar ünsiyyət qurmaq;
– hesablama əməliyyatlarını yerinə yetirmə:
– məsələlərin həllində riyazi düşüncə nümayiş etdirmək;
-müvafiq hesablamalar aparmaq;
– qrafik və cədvəllər hazırlamaq və istifadə etmək;
– təsviri statistikadan istifadə etmək;
– informasiya texnologiyaları:
– məlumatları əldə etmək, qiymətləndirmək və idarə etmək;
– müvafiq sosial media vasitələrindən istifadə etmək;
– rəqəmsal məzmun hazırlamaq;
– informasiya kommunikasiya texnologiyalarından təhlükəsiz şəkildə istifadə etmək;
– peşə etikası:
– peşəkarlıq prinsiplərinə riayət etmək;
– vaxtdan səmərəli istifadə etmək;
– qrup daxilində səmərəli işləmək;
– iş yerində davranış qaydalarını təhlil etmək;
– sahibkarlıq:
– sahibkarlıq ideyalarını və imkanlarını müəyyən etmək;
– biznes plan hazırlamaq;
– ideyaların həyata keçirilməsi haqqında məlumat vermək;
– şəxsi inkişaf və karyera planlaşdırılması:
– normativ hüquqi şənədlərdən istifadə etmək;
– karyera məqsədlərini müəyyən etmək və müasir işaxtarma və müraciət üsullarından istifadə etmək;
– ölkədə və dünyada baş verən siyasi, ictimai və iqtisadi prosesləri şərh etmək;
– təbiətin və ətraf mühitin qorunması prinsiplərini təhlil etmək;
– estetika və mədəni özünüifadə:
– Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin əsas əsərlərini öyrənmək;
– dünya incəsənət nümunələrini və məşhur mədəniyyət və incəsənət xadimlərinin əsərlərini öyrənmək;
– kreativlik və estetika anlayışlarını təhlil edərək onlardan istifadə etmək;
– etiket və nəzakət qaydalarını təhlil edərək onlardan istifadə etmək.

Sənəddə göstərilib ki, peşə təhsilinin məzmunu müvafiq peşə standartları və Milli Kvalifikasiyalar Çərçivəsinə uyğun olaraq ixtisasın kvalifikasiya standartları əsasında formalaşdırılır və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən modul strukturlu nümunəvi kurikulum vasitəsilə tədris edilir. Peşə təhsili müəssisələrində ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi, dərəcələrin yüksəldilməsi və yaşlıların təhsili istiqamətlərini əhatə edən müvafiq kursların təşkili Təhsil Nazirliyi tərəfindən təsdiq edilən modul strukturlu kurikulumlar vasitəsilə həyata keçirilir.
Peşə təhsilinin infrastrukturuna dair tələblərə ilk peşə-ixtisas təhsili pilləsindən
f ərqli olaraq əlilliyi olan şəxslərin inklüziv təhsilinin təşkili də daxil edilib.
Yeri gəlmişkən, Baş nazir Novruz Məmmədov tərəfindən imzalanan qərarla peşə təhsili müəssisələrinin ayrı-ayrı peşə istiqamətləri üzrə tədris qruplarında orta sıxlıq da müəyyən edilib. Qərara əsasən, aşağıda qeyd olunan peşə istiqamətləri üzrə tədris qruplarında orta sıxlıq 10 nəfərdən az 20 nəfərdən çox olmamaqla müəyyən edilir:
1.1. “Sənətşünaslıq, mədəniyyət və incəsənət” peşə istiqamətində aşağıdakı ixtisas qrupları üzrə:
1.1.1. “030104 Memarlıq hissələrinin modelləşdirilməsi və yapılması”;
1.1.2. “030105 Dekorativ suvaq və yapma məmulatlarının bərpası”;
1.1.3. “030106 İnşaat işlərinin bərpası”;
1.1.4. “030107 Xalça və xalça məmulatlarının bərpası”;
1.1.5. “030108 Daş və ağac memarlıq abidələrinin bərpası”;
1.1.6. “030109 Musiqi alətlərinin bərpası”;
1.1.7. “030110 İnteryer və eksteryerin bədii tərtibatı”;
1.1.8. “030112 Ağacdan, keramikadan, metaldan hazırlanan bədii məmulatlar”;
1.1.9. “030113 Ağac və parça üzərində naxış və rəssamlıq”;
1.1.10. “030119 Xalq bədii yaradıcılığı”;
1.2. “İqtisadiyyat, xidmət, avtomatika və idarəetmə” peşə istiqamətində aşağıdakı ixtisas qrupları üzrə:
1.2.1. “030207 Kino-video nümayişi”;
1.2.2. “030211 Fotoqraf işi”;
1.3. “İlkin tələbat və ərzaq mallarının texnologiyası” peşə istiqamətində aşağıdakı ixtisas qrupları üzrə:
1.3.1. “030818 Tikiş istehsalatı”;
1.3.2. “030819 Modelçilik və dizayner”.

Bu qərarın 1-ci hissəsində göstərilən peşə istiqamətləri istisna olmaqla, digər peşə istiqamətləri üzrə tədris qrupları 15 nəfərdən az 20 nəfərdən çox olmamaqla formalaşdırılır. Tədris qruplarında təhsilalanların sayı 16 nəfərdən çox olduqda, laboratoriya və istehsalat təlimi dərslərində həmin qruplar 2 yarımqrupa bölünə bilər.
Xatırladaq ki, ötən il ölkəmizdə “Peşə təhsili haqqında” qanun qəbul olunub. Qanunda peşə təhsili müəssisələrinin növləri peşə məktəbi; peşə liseyi; peşə təhsil mərkəzi kimi sıralanır. Peşə təhsilinin səviyyələri isə ilk peşə təhsili; texniki peşə təhsili; yüksək texniki peşə təhsilidir. Peşə məktəbinə qəbul olunan şəxslərə ilk peşə təhsili; texniki peşə təhsili almaq hüququ verilir. Peşə liseyinə qəbul olunan şəxslər ilk peşə təhsili; texniki peşə təhsili və tam orta təhsil alırlar. Peşə təhsil mərkəzinə qəbul olunan şəxslərin ilk peşə təhsili; texniki peşə təhsili; tam orta təhsil; yüksək texniki peşə təhsili almaq hüququ var.

Təhsil müddəti ümumi orta təhsil bazasından qəbul olunmuş və ilk peşə təhsili alanlar üçün təşkil edilən qruplarda 1 il, texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda 2 il; tam orta təhsil bazasından qəbul olunmuş və ilk peşə təhsili alanlar üçün təşkil edilən qruplarda 6 ay, texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda 1 il; ümumi orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili ilə yanaşı tam orta təhsil alanlar üçün təşkil edilən qruplarda 3 il; ümumi orta təhsil bazasından qəbul olunmuş və yüksək texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda 4 il; tam orta təhsil bazasından qəbul olunmuş və yüksək texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda 3 ildir.
Ümumi orta və tam orta təhsil səviyyəsini bitirib istehsalatda və ya digər iş sahələrində müəyyən nəzəri və praktiki peşə bacarıqları qazanmış şəxslər üçün işəgötürənlərin və fərdlərin öz vəsaiti hesabına sifarişlər əsasında həmin və ya digər peşənin öyrənilməsi, ixtisasın artırılması və yenidənhazırlanma üzrə kurslarda təhsil müddəti 6 aya qədərdir.
Qanuna görə, ali təhsilli şəxslərin də peşə təhsili almaq hüququ var. Peşə təhsili müəssisəsinin təsisçisi (təsisçiləri) dövlət, bələdiyyə, yerli və xarici hüquqi şəxslər, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ola bilərlər. Peşə təhsili müəssisələrinə lisenziya müddətsiz verilir.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.03.2019
18.03.2019