Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Kibertəhlükəsizlik sahəsində ən müasir yanaşmalar tətbiq edilir
Tarix: 14.03.2019 | Saat: 20:15:00
Bölmə:Sosial | çapa göndər

Zaman keçdikcə bizi əhatə edən mühitdə hər şey rəqəmsallaşır, informasiya və kommunikasiya texnologiyaları həyatımıza daha çox daxil olmağa başlayır. Bir tərəfdən yeni texnologiyalar üzləşdiyimiz çətinliklərin qısa zamanda və rahat bir şəkildə aradan qaldırılmasına yardımçı olursa, digər tərəfdən hər bir yenilik özüylə bizə yad olan təhdidlər də gətirir.

Söhbət müasir texnologiyalar əsrində ən böyük təhdid kimi qiymətləndirilən kibertəhlükəsizlikdən gedir. Hər bir dövlət bu məsələyə daha ciddi diqqət ayırmağa başlayıb. Azərbaycan da həmçinin. Ölkəmizdə İKT-nin tətbiqi sahəsinin genişləndirilməsi istiqamətində mühüm işlər görülür. Azərbaycan Prezidenti İlham Əliyev də qeyd edib ki, ölkənin inkişafı müasir texnologiyaların inkişafından çox asılıdır. Bununla yanaşı, müasir təhdidlərin qarşısının alınması da həllini tələb edən əsas məqamlardandır.
Sirr deyil ki, internet sayəsində ölkəmizdə açıq və şəffaf idarəetmə sistemi formalaşıb, vətəndaş-dövlət münasibətləri yeni məzmun alıb. Müasir texnologiyalar, internet hazırda insanların, cəmiyyətin, dövlətin inkişafında əvəzedilməz rola malikdir. Onlar təhsilə, səhiyyəyə, ticarətə, mediaya, məşğulluğa və bir çox digər sahələrdə inkişaf üçün yeni imkanlar yaradır. İnternet tətbiqləri, sosial şəbəkələr insanlar üçün müasir ünsiyyət formasına çevrilib. Lakin, eyni zamanda, bu inkişaf dünyada kibertəhlükəsizliklə bağlı ciddi problemlər də yaradıb. Yeni texnoloji cinayət növləri meydana çıxıb, onların təsir coğrafiyası və əhatə dairəsi genişlənib. Kibercinayətlərin sayı da ildən-ilə artmaqdadır.

Ötən il dövlət başçısı tərəfindən sözügedən məsələ ilə bağlı Milli Strategiyanın hazırlanması istiqamətində xüsusi koordinasiya komissiyası yaradılıb. Yaxın zamanlarda komissiyanın Əsasnaməsi təsdiqlənib. Kibertəhlükəsizlik sahəsində baş verən qlobal dəyişikliklər dövlət sektoru və digər sahələri əhatə edir. Səkkiz dövlət qurumu Milli Strategiya üzərində işləyir. Bu sənəd beynəlxalq təcrübəyə əsaslanır. Yaxın zamanlarda təsdiq olduqdan sonra bu, hər kəs üçün vacib sənəd olacaq. Sənəd 5 illik dövr üçündür. Həm dövlət, həm özəl sektoru əhatə edəcək. Strategiyada bir çox məsələlər öz əksini tapıb - xüsusilə kibertəhlükəsizlik sahəsində.
Ölkə başçısının müvafiq sərəncamları ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” və “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”, eləcə də “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası” kimi sənədlər də var ki, orada kibertəhlükəsizlik sahəsində qarşıya bir çox vəzifələr qoyulub. Sözügedən sənədlərdə özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi və informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, informasiya proseslərinin mühafizəsi, kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində müvafiq texniki və metodiki vasitələrin yaradılması, informasiya resurslarının və sistemlərinin mümkün təhdidlərdən qorunması, kibertəhlükəsizlik sahəsində ümummilli hazırlığın qaldırılması və sair bu kimi əsas məqsədlər qarşıya qoyulub.

Ölkəmizdə Kompüter Hadisələrinə qarşı Mübarizə Mərkəzləri fəaliyyətə başlayıb və o Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən idarə olunur. “CERT” adlandırılan bu qurum həm yerli, həm də xarici qurumlarla əlaqə yaradır. Digər ölkələrin analoji qurumları ilə mövcud əməkdaşlıq ölkəmizə yönəlik hər hansı kiber təhdidlərlə mübarizədə dəstək olur.
Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) “Yoluxmuş IP" adlı yeni xidmətini də internet istifadəçilərinin ixtiyarına verib. Yeni xidmət istifadəçilərə bir sıra üstünlüklər qazandırıb. Xidmətin internet səhifəsini ziyarət edən hər bir şəxs avtomatik olaraq istifadə etdiyi IP-nin yoluxub-yoluxmaması barədə bildiriş alır. Əgər yoluxma varsa, bu zaman ona tövziyyə olunur ki, "Tövsiyyə" bölməsinə keçsin. Həmin bölmədə tövsiyyə olunan əməliyyatları yerinə yetirməklə yoluxma barədə geniş məlumat almaq mümkündür.
Son vaxtlar aparılan araşdırmalar nəticəsində məlum olub ki, internetlə müdaxilə hallarının 68 faizi serverin təhlükəsizliyinin, 32 faizi isə kod təhlükəsizliyinin qorunmaması səbəbindən baş verir.
Azərbaycan bu sahədə beynəlxalq qurumlarla da sıx əməkdaşlıq edir. Ölkəmiz hər il təşkil edilən İnternet İdarəçilik Forumunun aktiv iştirakçısı və təşkilatçısıdır. 20 ilə yaxındır ki, Azərbaycan hökuməti BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq edir. Qurum informasiya-kommunikasiya texnologiyaları sahəsində bir çox layihələrə dəstək verir. Onların sırasında ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan “AzDatacom” şəbəkəsi, regionda ilk TİER-3 səviyyəli DATA mərkəzin qurulması birgə fəaliyyətin nəticəsidir.

Kibertəhzlükəsizliklə bağlı innovativ yeniliklərə əsaslanan xüsusi proqramlar da mövcuddur. Onlardan biri də “AZCLOUD” bulud provayderidir. Ölkəmizdə artıq kibertəhlükəsizliyin qorunması üzrə dünya brendi olan “Trend Micro”nun həllərinin tətbiqinə də başlanılıb.
Bu həllərin əsas üstünlükləri serverlərin tam qorunması və bulud infrastrukturunun təhlükəsizliyinin kompleks şəkildə təmin edilməsidir.
Bəs görəsən dünya dövlətlərində kibertəhlükəsizliklə bağlı hansı təcrübələr var?
İlk öncə müxtəlif mərkəzlər tərəfindən aparılan bir neçə araşdırmanın nəticələrinə nəzər yetirək.
İnformasiya təhlükəsizliyi üzrə 60 ölkədən olan 1400 şirkət rəhbərinin, IT-menecerləri və ekspertlərin iştirakı ilə aparılan “EYs” informasiya təhlükəsizliyinin qlobal tədqiqatı belə nəticəyə gəlib ki, rəqəmsal transformasiya kibertəhlükənin bundan sonra güclənməsinə gətirib çıxaracaq. Tədqiqatın nəticələrini dərc edən Macarıstanın “MTI” agentliyi xəbər verir ki, şirkətlər risklərlə mübarizə aparmaq üçün lazımi qədər iş görmürlər.
Tədqiqatın nəticələri göstərir ki, məlumatların qorunması təhlükəsinin miqyasını daha çox sayda şirkət anlasa da, onlar yenə də öz kibertəhlükəsizliklərinin artırılmasına kifayət qədər vəsait xərcləmirlər. Ötən ilin birinci rübündə iki milyarda yaxın şəxsi və məxfi məlumatlar kənar adamların əlinə düşüb.

Rəyi soruşulanların 92 faizi əsas fəaliyyət növlərinin informasiya təhlükəsizliyindən narahatdırlar. Lakin respondentlərin 32 faizi bu sahəyə yalnız cüzi vəsait xərcləyirlər. Onların əksəriyyətinin kibertəhlükəsizliyə gələn il daha çox pul xərcləyəcəklərini planlaşdırmaqlarına baxmayaraq, xərclər, gözlənildiyi kimi, büdcə çərçivəsinə uyğun olaraq qalmaqdadır. Britaniyanın “Comparitech” tədqiqat şirkəti isə kibertəhlükəsizlik səviyyəsi üzrə ölkələrin reytinqini tərtib edib. Yaponiya reytinqin birinci pilləsində qərarlaşıb, Əlcəzair isə sonuncu yeri tutub. Reytinqdə ölkələrin mövqeyi zərərli proqram təminatı ilə yoluxmuş mobil qurğu və fərdi kompüterlərin payı, pul oğurlamaq məqsədi daşıyan haker hücumlarının sayı, həmçinin bu və ya digər ölkənin haker hücumlarına hazırlığı, müvafiq qanunvericiliyin olması daxil olmaqla 7 meyar üzrə tərtib edilib. Hər ölkə 0-100 aralığında bal toplaya bilərdi və toplanmış balın az olması həmin ölkələrin kibertəhlükələrdən daha yaxşı qorunması deməkdir.
Yaponiya reytinqdə 8,8 bal toplayıb. Müvafiq olaraq 10,6 və 11,2 bal toplamış Fransa və Kanada reytinqdə 2-ci və 3-cü olub. İlk onluğa, həmçinin Danimarka, ABŞ, İrlandiya, İsveç, Böyük Britaniya, Niderland və Sinqapur daxil edilib. Reytinqdə sonuncu yeri tutmuş Əlcəzair isə 55,8 bal toplayıb.

Ekspertlər Sinqapuru kiberhücumlara qarşı ən hazır ölkə, Vyetnamı isə ən zəif ölkə elan edib. Fransa, Çin, Rusiya və Almaniyanın qanunvericiliyi isə kibertəhlükəsizlik sahəsində müasir tələblərə cavab verir.
Bir çox dövlətlər bu sahə ilə bağlı maraqlı layihələr də həyata keçirir. Məsələn, Malayziya hökuməti virtual məkanda cinayətlərlə mübarizə aparacaq kiberpolis yaratmağı planlaşdırır. Müvafiq təklif kommunikasiya və media texnologiyası naziri Qobind Sinqh Deo tərəfindən irəli sürülüb. “Ölkənin rəqəmsal iqtisadiyyatının sürətli inkişafı risk və təhlükələri də artır. Məlumatların oğurlanması, sabotaj, şəxsi şəbəkələrə qanunsuz müdaxilə, kibercasusluq kimi təhlükələr təşkilatlara mənfi təsir göstərməklə yanaşı, milli təhlükəsizliyə də təhdid yaradır”, - deyə nazir bildirib.

Nazirin sözlərinə görə, internet-polislər milli kibertəhlükəsizlik agentliyinin, kommunikasiya və texnologiya məsələləri üzrə komissiyanın, həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları hesabına formalaşdırılacaq. Eyni zamanda, hökumət belə cinayətlərə görə cəzaların sərtləşdirilməsi məsələsini də nəzərdən keçirir.
Pakistanda isə Kəraçi, Heydərabad və Sukkur kimi böyük şəhərlərdə sosial mediada ekstremizm və nifrət təbliğatının qarşısını almaq məqsədilə kibertəhlükəsizlik mərkəzləri yaradılır. Bu qərar Pakistan Federal Təhqiqat Agentliyinin son illər sosial şəbəkələrdə apardığı monitorinqlərin nəticələrinə əsasən verilib. Kibercinayətkarlıqla mübarizənin gücləndirilməsi Pakistan hökumətinin iclasında da müzakirə olunub. Pakistan Federal Təhqiqat Agentliyinin direktoru Yunus Çandio bildirib ki, yaradılan mərkəzlərin rəhbərlərinin qarşısında konkret vəzifələr qoyulub, onlar ən müasir texnoloji avadanlıqlarla təchiz edilib. Onun sözlərinə görə, hökumətin bu qərarından sonra virtual cinayətkarlıqla məşğul olan ünsürlərə qarşı mübarizə yeni vüsət alacaq.

Pakistanın federal informasiya naziri Fəvad Çodhri də bəyan edib ki, bu mərkəzlərin əsas vəzifəsi ekstremistlərə, gəncləri terror təşkilatlarına cəlb etmək istəyənlərə qarşı mübarizə aparmaqdır. İnsan haqları müdafiəçilərinin pessimist bəyanatlarına baxmayaraq, nazir əlavə edib ki, yeni mərkəzlər kibercinayətkarlıq haqqında qanuna rəğmən bu cür halların qarşısını alacaqlar. Federal Təhqiqat Agentliyinin direktoru qeyd edib ki, yeni təşəbbüs çərçivəsində sosial mediada ekstremistlərin yaydıqları feyk xəbərlər, şayiələr və təbliğata qarşı adekvat tədbirlər görüləcək.
Qeyd olunanları nəzərə alsaq kibertəhlükəsizliyinin təminin nə dərəcədə mühüm əməsələ olduğu anlaşılır. Bu səbəbdən, hər birimiz yeni texnologiyalardn rahatçılığımız üçün istifadə etsək də, bizi təhdid edən təhlükələrdən qorunmağın yollarını da fikirləşməliyik.

Azad Əliyev,

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.05.2019
20.05.2019
Kiyev universitetində alban-udi xristian icmasının rəhbərləri ilə görüş keçirilib
Mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim olunub - FOTO
Üç rayon üzrə səyyar qəbul keçiriləcək
Həcc ziyarətinə getmək istəyənlərin sayı artır
İdman və həvəskar balıq ovu üçün balıqovlama biletinin alınması tələb olunmur - ETSN
Ermənistan və Azərbaycan substantiv danışıqlara başlamalıdır - Məmmədyarov
Ceyranbatanda su kəmərində axıntı olub, təmir bu gün başa çatacaq - Azərsu
“Üç-beş nəfər qaragüruhçunun törətdiyi əməllərin heç bir nəticəsi ola bilməz” – Nəsib Məhəməliyev
Leyla Əliyeva "Pekin Ekspo 2019" Botanika Sərgisində Azərbaycan pavilyonunun rəsmi açılışında - FOTO
“Keçirilən kampaniyalar dövlətimizə qarşı çevrilib” – Azər Badamov