Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Tələbə yataqxanaları ilə bağlı yeni təklif
Tarix: 15.03.2019 | Saat: 18:30:00
Bölmə:KİVDF | çapa göndər

Bu problemin aradan qaldırılması məqsədilə kampuslarının tikilməsi ilə bağlı qanunvericilik bazası yaradıla bilər

Azərbaycanda tələbə yataqxanalarının tikilməsi ilə bağlı təklif irəli sürülüb. Belə ki, Milli Məclisin plenar iclasında parlamentin vitse-spikeri Valeh Ələsgərov bununla "Tik-idarə et-təhvil ver" (TİT) modelindən istifadəni məqsədəuyğun hesab edib.

V.Ələsgərov bildirib ki, bu modellə bağlı 2016-cı ildə Milli Məclis tərəfindən qanun qəbul olunub. Vitse-spiker bildirib ki, dünyanın bir çox ölkələrində bu modeldən səmərəli istifadə olunur, körpülər, tunellər hava limanları tikilir.
V.Ələsgərov deyib ki, Milli Məclis bu qanuna əlavə edərək tələbə kampuslarının tikilməsi üçün qanunvericilik bazası yarada bilər. Onun sözlərinə görə, tələbə yataqxanaları ilə bağlı məsələ bu yolla daha tez həll oluna bilər.
Qeyd edək ki, Milli Məclis 2016-ci il martın 4-də keçirilən iclasında “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” yeni qanun layihəsini təsdiq edib. Qanun layihəsində körpü və tunellərin, su anbarlarının, suvarma sistemlərinin, təhsil, səhiyyə, mədəniyyət obyektlərinin, kommersiya məqsədli binaların, sənaye, texnologiya, aqroparkların, xüsusi iqtisadi zonaların və digər infrastrukturların “Tik, idarə et, təhvil ver” (TİT) modelinə uyğun maliyyələşmə əsasında tikintisinə, idarə edilməsinə və təhvil verilməsinə investisiyanın cəlb olunmasının hüquqi əsaslarını müəyyən edir.

Qanuna görə, bu tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrini TİT modelinə uyğun həyata keçirən investor həyata keçirdiyi fəaliyyətlə bağlı dövlət rüsumlarından və yığımlardan azaddır.
Yeri gəlmişkən, Azərbaycanda ali təhsil müəssisələri üçün yataqxana kompleksinin və kampusların tikilməsi məsələsi isə uzun illərdir ki, aktual olaraq qalmaqdadır. Bu məsələ "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında da yer alıb. Sənədə əsasən, 2017- 2018-ci illər ərzində Nazirlər Kabineti, Təhsil və İqtisadiyyat nazirlikləri, eləcə də ali təhsil müəssisələri birgə iş aparmalı idilər.

Bundan başqa, 2013-cü ilin oktyabrında ölkə Prezidenti “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı təsdiq edib ki, həmin strategiyanın dördüncü istiqaməti məhz müasir tələblərə cavab verən, təhsil prosesində fasiləsizliyi təmin edən müvafiq infrastrukturun yaradılmasını nəzərdə tutur. Burada söhbət tədris müəssisələri şəbəkəsinin rasionallaşdırılması və digər konsepsiyaların tətbiqi - məsafədən tədris, regional mərkəzlər və s. ilə yanaşı, həm də kampusların yaradılmasından gedir.
Qeyd edək ki, ölkəmizdə fəaliyyət göstərən ali məktəblərdə kampusların yaradılması məsələsi dəfələrlə müzakirəyə çıxarılıb. Hətta paytaxtın mərkəzində yerləşən universitetlərin şəhərdən kənara köçürülməsi də gündəmə gətirilib. Çünki 2013-cü ilin oktyabrında təsdiq edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın dördüncü istiqaməti məhz müasir tələblərə cavab verən, təhsil prosesində fasiləsizliyi təmin edən müvafiq infrastrukturun yaradılmasını nəzərdə tutur. Bundan başqa, "Təhsil haqqında" qanuna görə kampus müvafiq maddi-texniki bazaya və infrastruktura malik təhsil kompleksi, başqa sözlə, şəhərciyidir. Sənədə əsasən, ölkədə müxtəlif tipli təhsil müəssisələri təhsil kompleksi və kampus formasında fəaliyyət göstərə bilər. Eyni zamanda, "Azərbaycan 2020: gələcəyə baxış" Konsepsiyasında da ali təhsil müəssisələri üçün kampuslar və müvafiq texnoparkların yaradılması tövsiyyə olunur. Yeri gəlmişkən, Nazirlər Kabinetinin Torpaq Məcəlləsi ilə əlaqəli bəzi normativ hüquqi aktları haqqında qərarının 4.6-cı maddəsi akademik şəhərciklərə, elmi-tədqiqat mərkəzlərinə, konstruktor bürolarına aiddir.

Sənəddə göstərilib ki, akademik şəhərciklər ya şəhərdən kənarda xüsusi ayrılmış ərazilərdə, ya da iri şəhərlərin bunun üçün uyğun olan peyk-şəhərlərində yerləşməlidir. Şəhərlərdə akademik şəhərciklər kitabxanalar, tipoqrafiyalar, mühəndis-texniki infrastruktur, yollar və yaşıllıqlar daxil olmaqla, vahid planın strukturuna uyğun yerləşməlidir. Tələbə şəhərcikləri, ali və orta təhsil zonaları haqqında 4.7-ci maddə özündə liseyləri, texniki peşə məktəblərini, institutları birləşdirir. Tələbə şəhərcikləri də akademik şəhərciklər kimi, ya şəhərdən kənarda xüsusi ayrılmış yerlərdə, ya da iri şəhərlərin bunun üçün uyğun olan kənar qəsəbələrində yerləşməlidir. Bu halda sərnişin tutumu çox olan nəqliyyat vasitələri ilə təminat da nəzərdə tutulmalıdır. Şəhərciyin yataqxanaları kompleks çərçivəsində olmalıdır. Bu zona elmi-tədqiqat kompleksi, kitabxana, texniki və mədəni-məişət strukturu, idman kompleksi, istirahət zonası və piyadaların gəzintisi üçün zolaqlarla tam komplektləşdirilməlidir. Eyni zamanda, texniki peşə məktəbləri profilinə uyğun sənaye obyektlərinə yaxın ərazidə yerləşə bilər.
Məlumat üçün onu da bildirək ki, «kampus» sözünün yaranma tarixi təxminən XVIII əsrə gedib çıxır. Bu addan ABŞ-ın Prinston Universitetinin ərazisində istifadə olunub. «Kampus»un hərfi mənası «meydan», «açıq məkan» deməkdir. Universitet şəhərciklərinin, ali məktəb komplekslərinin yaradılması ideyası belə meydana çıxıb.Universitetlər, adətən, bütün infrastrukturu kiçik bir əraziyə yerləşdirməyə çalışır. Bu, təbələlərin yerdəyişməyə çox vaxt sərf etməməsi üçün edilir.

Mövzu ilə bağlı fikirlərini bildirən təhsil ekspert Nadir İsrafilov deyib ki, təhsildə yataqxana ən aktual problemlərdən biri olaraq qalmaqdadır: “Düzdür, təhsil siyasətimiz təhsilin hər kəs üçün əlçatan olmasına yönəlib. Bu istiqamətdə addımlar da atılır. Məsələn, ali məktəbə qəbulda iki dəfə şans verirlər, universitetlərin tərkibində hazırlıq kursları yaradılır. Bütün bunların hamısı təhsilin əlçatan olmasına xidmət edən addımlardır. Ancaq təhsilin əlçatan olması yalnız bilik verməklə deyil. Təbii ki, təhsil almaq üçün tələbəyə mühit də yaradılmalıdır. Sovet vaxtı tələbələrin böyük qismi yataqxana ilə təmin olunurdu. Bununla da kirayə haqqından azad olurdular. Amma hazırda yataqxanalarda hələ də qaçqın və məcburi köçkünlər məskunlaşıb. Ona görə də obyektiv səbəblərdən tələbə yataqxanası problemi özünü daha qabarıq şəkildə göstərir. Nəzərə alaq ki, dünyanın məşhur universitetlərinin reytinqlərdə ilk sırada olmalarının bir səbəbi də tələbələr üçün yaradılan mühitdir. Dünyanın aparıcı universitetləri kampus şəraitində fəaliyyət göstərir. Bu da ayrıca xüsusi şəhərcikdir. Hansı ki, orada tələbələr yataqxana, tıxac, kitab problemi ilə üzləşmirlər. Hətta tələbələr həmin şəhərcikdə işləyib pul da qazana bilərlər. Kampus şəraitində tələbənin heç bir problem ola bilməz. Dünya təcrübəsinə baxsaq, məsələn, Harvard, Oxford kimi universitetlər kampus formasında fəaliyyət göstərir. Onların tələbə şəhərciyi var.

Bu şəhərcikdə tələbələr üçün hər cür şərait yaradılıb. Kitabxana, yeməkxana, idman zalı, kafe, restoran və s. şəhərciyin daxilindədir. Bizdə də bu məsələ dəfələrlə qaldırılıb. Kampusların tikilməsi məqsədəuyğun sayılıb. Hətta şəhərin mərkəzində bəzi ali məktəblər üçün yataqxanaların tikilməsi nəzərdə tutulub. Sözsüz ki, təhsili əlçatan eləmək istəyiriksə, ödənişləri də, yataqxanaları da əlçatan etməliyik. Bizim minlərlə şagirdimiz ali məktəbə daxil olub, amma təhsil və kirayə haqqı kimi maddi sıxıntılar imkan verməyib ki, onlar təhsilini davam etdirsin. Tələbələr üçün mühitin yaradılması vacib məsələdir”.

Ekspertlər bu məsələ özəl yataqxana təcrübəsindən istifadə olunmasını da məqsədəuyğun hesab edir: “Özəl yataqxana dünyanın müxtəlif ölkələrində var. Belə ki, həmin yataqxanalar pullu olsa da, kirayə mənzillərə nisbətən çox ucuzdur. Nəzərə alaq ki, Harvard Universitenin kitabxanasını bir biznesmen yaradıb. Düzdür, vaxtı ilə Azərbaycanda da oxşar təcrübə olub. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev çoxsaylı tələbə oxudub, məktəblər açıblar. Ancaq sanki indi messanatlıq unudulub. Nəzərə alaq ki, təhsil dövlətlə yanaşı, həm də ümumxalq işidir. Ona görə də iş adamları yataqxana tikib tələbələrin ixtiyarına verə bilər. Dövlətin də bu işdə onlara yardımçı olması lazımdır. Məsələn, torpaq sahələrini pulsuz verə bilər. Tələbə qayğı ilə oxumamalıdır. Sosial problemlər təhsilin keyfiyyətinə təsir göstərən amildir. Təhsilin əlçatan olması üçün bu problemlər həllini tapmalıdır”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.06.2019
23.06.2019