Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Diqlas” ticarət mərkəzi bazar ertəsi söküləcək – FOTO-VİDEO
Tarix: 05.04.2019 | Saat: 16:57:00
Bölmə:Reportaj | çapa göndər

Bizi niyə içəri buraxmırsınız?

Nə vaxt içəri keçəcəyik?

Pullarımız nə vaxt hesablanacaq?

Niyə bir cavab vermirsiniz?

Biz hadisə yerinə çatanda “Diqlas” Ticarət Mərkəzində mal-mülkləri yanan kiçik sahibkarlar, satıcılar iki-iki, üç-üç kənarı hasarlanmış və “giriş qadağandır” zolağından yapışıb içəridəki mühafizəçi və səlahiyyətli şəxslərlə dialoqa girməyə çalışırdılar. Yerdən ünvanlanan suallar isə cavabsız qalırdı. Hafta.az obyektivinə köçürdüyü olayları olduğu kimi sizə təqdim edir.

“İçəri buraxmağa ixtiyarımız yoxdur...”

Əmlakları, satdığı malları yanan zərərçəkənlərin təkidi ilə sıravi mühafizəçilər polis əməkdaşlarından beş-on addım o tərəfdə dayanmış mülki geyimli bir şəxsə yaxınlaşıb nəsə dedi. O da, bayaqdan suallar ünvanlayan xanımlara doğru yaxınlaşdı. Buyurun – dedi. Xanımları tanıdığından hal-əhval tutdu. Təbəssüm elədi. Xanımların – bizi niyə içəri buraxmırsınız? – sualına təmkinlə cavab verməyə çalışdı: “Xanımlar, hələ istintaq gedir. Hesablama aparılır. Kimə nə qədər ziyanın dəydiyi aydınlaşdırılır. İstintaq başa çatandan sonra hər bir zərərçəkən içəri buraxılacaq. Narahat olmayın. Bizə də göstəriş verilib. Sizi içəri buraxa bilmərik. Mən icazə versəm də polislər geri qaytaracaq”.

Elə bu dəm mən sual verirəm ki, kimə nə qədər ziyanın dəydiyi necə müəyyənləşdirilir? Axı zərərçəkənlər buradadır? İstintaq necə müəyyənləşdirir ki, bu kimin satış nöqtəsidir, köşküdür, dükanıdır? Xanımlar bir mənə, bir də qara kostyumlu səlahiyyətli şəxsə baxdılar. Çiyinlərini çəkdilər. Özü də sual dolu nəzərlərə. Adını demək istəməyən həmin şəxs də bizə bildirdi ki, narahat olmayın, hər şey haqqında məlumat veriləcək.

“Bu gün “Diqlas”ın ətrafı təmizlənəcək...”

Bir az da yanan ticarət mərkəzinin ətrafından danışaq. Ərazinin dörd bir tərəfi Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən çevrələnib. İki boldozer isə müxtəlif istiqamətlərdə dayanaraq əmr gözləyir. Hətta bütün bədbəxt hadisə ehtimalları da nəzərə alınıb. Fövqəladə Hallar Nazirliyinin iki yanğınsöndürmə briqadası əraziyə göndərilib. Özü də tam təchizatla. İçəridə isə sıravi mühafizəçilərlə yanaşı polislər də gözdə-qulaqdadır. Üstəlik, mülki geyimli səlahiyyətli şəxslər də ara-sıra gözə dəyir. Kömür qarasına bürünmüş “Diqlas” isə obrazlı desək tör-töküntü içində öz qara gününə “ağlayır”. İçəridə - yuxarı mərtəbələrdə isə prokurorluq əməkdaşları gözə dəyir. Hiss olunur ki, bayaqkı nəzarətçinin dediyi kimi, hesablama aparırlar. İçəridəki polisə yaxınlaşıb ərazinin nə zaman təmizlənəcəyini soruşuram: - Bu gün günortadan sonra təmizlənəcək – cavabını verir. Ərazidəki satıcılar da artıq sabahdan başlayaraq satıcılara, yəni zərərçəkənlərə içəri keçməyə icazə veriləcəyini deyir.

“Söküntüyə birinci gün başlanacaq...”

Ərazidəki polislə söhbətləşirik. İstintaq başa çatmamış zərərçəkənlərin niyə gəlib burada narahat halda gözlədiyini soruşuram. Cavab verir ki, “Diqlas”ın sökülməsi ilə bağlı xəbərlər yayılıb. Ona görə də hamı söküntülər başlamadan gəlib mallarına baxmaq istəyirlər. Ticarət mərkəzinin nə zaman söküləcəyi ilə bağlı sual verirəm. Söyləyir ki, ayın 8-i söküntülərə başlanılmalıdır. O, da kimdənsə eşidib. Amma dəqiq xəbər olduğunu bildirir. Başqa bir satıcı da kənardan təsdiqləyir ki, üzümüzə gələn birinci gün, yəni bazar ertəsi “Diqlas” yıxılacaq.

Zərərçəkənlər niyə içəri keçmək istəyir?

İki-iki, üç-üç “Diqlasın həndəvərinə gələn satıcılara yaxınlaşıb içəri niyə keçmək istədiklərinin səbəbini soruşuram. Cavab verirlər ki, bəlkə salamat əşyalar qalar, heç olmaya zərərin cüzi hissəsini kompensasiya etmiş olarlar. Bir xanım gözləri dolmuş şəkildə danışır: “Mənim malım birinci mərtəbədədir. Yanğının əks tərəfindədir “polka”m. Ümid edirəm ki, nəsə salamat qala bilər. Heç olmasa, aparıb pərakəndə aldığım yerə qaytarardım. Nə qədər pul götürsəm, qənimətdir”.

Başqa bir nəfər isə dillənir ki, onsuz da dövlət kompensasiyanı ödəyəcək, niyə dərd edirsiniz ki?! Aqil adlı oğlan isə pıçhapıçla qulağıma deyir ki, istintaqdan sonra onlar zərər görməmiş məhsulları ona görə axtarır ki, həm kompensasiyadan faydalansın, həm də yanğının “gözündən uzaq düşmüş” pal-paltardan. Aqildən sənin də salamat malın qala bilərmi deyə soruşuram, inanmıram – deyir...

Satıcılara nə qədər ziyan dəyib...?

Satıcılara ünsiyyətə girib yanğın zamanı nə qədər mal-mülklərinin yandığını soruşuram. Bir cavan oğlan əsəbi halda dillənir ki, 100 min manatlıq mal-mülkü ələ gəlməz hala düşüb. Satdığı malın əksərinin elə yarıdan çoxunun gözünün önündəcə külə döndüyünü söyləyir. İki əlini başının arasında sıxmış orta yaşlı bir kişi isə dillənir ki, 80 minlik malı yararsız vəziyyətə düşüb. Üstəlik də 40 minlik hissəsinin pulunu da verməyib. Nisyə götürübmüş. Başqa bir xanım isə 250 min manatlıq malının zay olduğunu dilə gətirir. Amma kənarda xırdavat satan bir kişi dillənir ki, əksəriyyəti bir az çox deyir. Səbəbini soruşuram. Dövlətdən “pul qoparmaq” üçün belə etdiklərini söyləyirlər. Nə deyək, babalı öz boyunlarına. Niyə sığorta etdirməmisiniz? – sualına isə əsaslı cavab verən olmadı. Əksəriyyəti isə sualımıza sualla cavab verdilər: “Bu ölkədə düz əməlli sığorta şirkəti var?”... Bizə ünvanlanan bu sualın mühakiməsini isə oxucunun ixtiyarına buraxıram.

Başqa ticarət mərkəzlərində sahibkarlar mallarını sığortalayırmı?

Qəfil və amansız yanğının haqqında ölüm – söküm qərarı çıxardığı “Diqlas” ticarət mərkəzinin yaxınlığındakı ticarət mərkəzlərinə daxil olub satıcılarla söhbətləşirik. Kiçik sahibkarlardan satdıqları məhsulları sığortalayıb-sığortalamadıqlarını soruşuram. Cavab birmənalıdır: “Yox!”. Səbəbini soruşuram. Əli adlı satıcı deyir ki, sığorta şirkətlərinə inamı, etibarı qalmayıb: “Çox süründürürlər. Bir dəfə oğlum maşını vurdurmuşdu. Sığortalı idi. Üç min manat ziyan dəymişdi. Gətirib 500 manat verdilər. Halbuki baka qədər zədələnmişdi. Arxası yox idi maşının. Hara müraciət etdimsə, cavabsız qaldı. Ona görə də güvənmirəm. O 500 manatı da 3 ay sonra verdilər”.

Gəlinlik donları satan bir xanım cavab verir ki, hər şey Allahın əlindədir. O istəsə yanmaz: “Qismətdir. Sevinc də, kədər də Tanrının payıdır. Qədərdə varsa, yanacaq”.

Sevinc adlı bir xanım isə bildirir ki, onun sığortası var. Amma 20 minlik malını sığorta etdirib. Təzəlikcə mağazasını böyüdüb. İndi içəridə 70 minlik malın olduğunu söyləyir. Hər zaman mağazadakı malın hamısını deyil, yarısını sığortalatdığını deyiryir. Yəni, iki yanaşı mağazadan birini... Səbəbini isə tam sığorta üçün maddi imkanın olmaması ilə əsaslandırır.

Sonda isə bir sözüm olacaq. Yanğın qəzavü qədər də olsa, qəzanın da sığortası var. Dövlət bu dəfə dəymiş zərəri kompensasiya edə bilər. Amma hökumətin sahibkar qarşısında həmişəlik belə bir öhdəliyi yoxdur. Siz işinizi düzgün tutun, sığortadan qaçmayın ki, mağazanızı od götürəndə körüklənən alovu ürəyinizə keçməsin. Qapısını döyməyə ünvan tapıb davasını döyməyə ümid yeriniz – sığorta şirkətiniz olsun. Hər halda dərəbəylik deyil. Məhkəmə var, hüquq sistemi var. Mütləq yeyilmiş haqqınızı bərpa edən kimsə tapılacaq...

Bir sözlə, tanrı ürəyinizi yanğından qorusun!

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.05.2019