Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Pedaqoji mühazirələrin dinlənilməsinə başlanılıb
Tarix: 08.04.2019 | Saat: 19:15:00
Bölmə:KİVDF | çapa göndər

Bu il dinləmələrə təkcə paytaxtın 12 inzibati rayonu üzrə 600-dən artıq pedaqoji mühazirə təqdim olunub

“Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində təşkil edilən pedaqoji mühazirələrin dinlənilməsinə start verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən keçirilən pedaqoji mühazirələrin rayon mərhələsi üçün paytaxtın 12 inzibati rayonu üzrə 600-dən artıq pedaqoji mühazirə təqdim olunub.

BŞTİ-dən hafta.az-a bildirilib ki, ümumtəhsil məktəblərinin pedaqoji heyəti ən çox “Məktəbəhazırlıq təhsili ibtidai təhsil sahəsində uğurların təminatçısıdır”, “Şagirdlərdə sağlam həyat tərzinin formalaşdırılması yolları”, “Vətənpərvərlik tərbiyəsi vətəndaş tərbiyəsinin əsasıdır”, “İstedadlı şagirdlərlə işin təşkili formaları” mövzularına müraciət edib. Pedaqoji mühazirələr dinlənildikdən sonra mövzunun uyğunluğu və aktuallığı, təcrübi əhəmiyyəti, orijinallığı baxımından uyğun gələnlər seçilərək şəhər mərhələsi üzrə işçi qrupuna təqdim ediləcək. Pedaqoji mühazirələrin şəhər mərhələsində isə ən uğurlu 15 mühazirə müəyyənləşdirilərək ölkə mərhələsinə təqdim olunacaq. Pedaqoji mühazirə iştirakçıları münsiflər heyəti tərəfindən müəyyən olunmuş meyarlar üzrə qiymətləndirilir.
Qeyd edək ki, pedaqoji mühazirələrin ölkə mərhələsinin qalibləri müvafiq qaydada mükafatlandırılacaq. Pedaqoji mühazirələrin keçirilməsinin əsas məqsədi ümumi təhsil sahəsində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübəni təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaqdan ibarətdir.

Xatırladaq ki, keçmiş təhsil naziri Mikayıl Cabbarovun əmri ilə 2017-2018-ci dərs ili "Ümumi təhsildə keyfiyyət ili" elan edilmişdi. Əmrə əsasən, "Təhsildə keyfiyyət ili" çərçivəsində həyata keçiriləcək tədbirləri əhatə edən nazirliyin Fəaliyyət planı təsdiqlənmişdi. Bununla əlaqədar Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələrinə tapşırılmışdı ki, şura iclaslarında və təhsil işçilərinin sentyabr konfranslarında 2017-2018-ci dərs ilinin "Təhsildə keyfiyyət ili" elan olunmasının əsas məqsədi və mahiyyəti, bununla əlaqədar qarşıda duran vəzifələr haqqında məktəb rəhbərlərinə ətraflı məlumat versinlər, eyni məzmunlu məlumatların məktəb pedaqoji kollektivlərinə çatdırılmasını təmin etsinlər, nazirliyin Fəaliyyət planında nəzərdə tutulan hədəflərin vaxtında yerinə yetirilməsi istiqamətində məqsədyönlü təşkilati-pedaqoji tədbirlər həyata keçirsinlər, pedaqoji mühazirələrin müəyyən olunmuş qayda üzrə təşkili üçün zəruri tədbirlər görsünlər. Ümumi və məktəbəqədər təhsil şöbəsi, həmçinin Təhsilin inkişafı proqramları şöbəsi nazirliyin fəaliyyət planının yerlərdə yerinə yetirilməsini müntəzəm nəzarətdə saxlamalı, nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı yerli təhsili idarəetmə orqanlarına təşkilati-metodik köməklik göstərməli, planın yerinə yetirilməsi vəziyyətini öyrənmək məqsədilə yerlərə ezamiyyələr təşkil etməli, dərs ili ərzində seçmə yolla təhsil şöbələrinin (idarələrinin) müdirlərinin nazirlikdə hesabatlarını dinləyib müvafiq təkliflər hazırlamalıdırlar.

Bütün bunlar nəzərə alınaraq aidiyyəti qurumlar tərəfindən pedaqoji mühazirələr təşkil olunmuşdu. Aparılan araşdırmalar zamanı məlum olmuşdu ki, pedaqoji mühazirələrin təşkili təhsilin keyfiyyətin yüksəldilməsinə əhəmiyyətli dərəcədə təsir göstərməkdədir. Elə bu məqsədlə də pedaqoji mühazirələrin davamlı olaraq keçirilməsi nəzərə alınmışdır. Belə ki, təhsil naziri Ceyhun Bayramov bu ilin fevralında pedaqoji mühazirələrin keçirilməsi haqqında əmr imzalayıb. Əmrdə qeyd olunub ki, sənədin imzalanmasında məqsəd ümumi təhsil sahəsində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübəni təbliğ etməkdir. Əmrə əsasən, 2019-cu ildə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə “Müasir dövrdə ümumi təhsilin aktual problemləri” mövzusunda pedaqoji mühazirələr təşkil olunacaq. Pedaqoji mühazirələrin ilk mərhələsi mart-aprel aylarında rayon və şəhərlərdə, ölkə mərhələsi isə iyun ayında Bakı şəhərində keçiriləcək.

Qeyd edək ki, Təhsil Nazirliyinin qənaətinə görə, ümumtəhsil məktəb şagirdlərinə dərsliklərin pulsuz verilməsi, bölgələrdə təlim-tərbiyə şəraitinin yaxşılaşdırılması, növbəliliyin əsaslı şəkildə azaldılmasına xidmət edən yüzlərlə yeni məktəb binasının inşası, maddi və mənəvi cəhətdən köhnəlmiş məktəblərin əsaslı təmiri və onların müasir avadanlıqlarla, o cümlədən informasiya-kommunikasiya texnologiyaları ilə təchizi ümumi təhsilin keyfiyyətinə birbaşa təsir göstərən əhəmiyyətli tədbirlərdəndir. Bundan əlavə, pedaqoji və rəhbər pedaqoji kadrların seçilib yerləşdirilməsində ciddi qayda dəyişikliklərinin edilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsində sağlam rəqabətin yaranması və onların əməkhaqqının artırılması ilə nəticələnən diaqnostik qiymətləndirmələrin keçirilməsi, dərs ilinin müddətinin uzadılması, istedadlı şagirdlərin olimpiada hərəkatının gücləndirilməsi, dövlət ümumtəhsil məktəblərində uşaqların məktəbəhazırlıq təhsilinin təşkili, tam orta təhsil səviyyəsində təhsilin təmayülləşməsinin tətbiqi bu tədbirlər siyahısındadır.
Yerlərdə aparılmış monitorinq və araşdırmalar göstərir ki, son illər nazirlik tərəfindən ümumtəhsil məktəb şagirdlərinin təlim nailiyyətlərinə nəzarətin gücləndirilməsi sayəsində bölgələrdə ümumi təhsil üzrə keyfiyyət göstəricilərində, xüsusilə də buraxılış imtahanları və ali məktəblərə qəbulun nəticələrində əvvəlki illərlə müqayisədə nəzərəçarpan irəliləyişlər var. Bununla belə, etiraf olunmalıdır ki, ümumi təhsilin hazırkı keyfiyyət səviyyəsinin davamlı surətdə yaxşılaşdırılması üzrə təsirli tədbirlərin görülməsi ən zəruri vəzifə kimi meydana çıxır.

Mövzu ilə bağlı fikirlərini bildirən təhsil eksperti Nadir İsrafilov da hazırda aparılan islahatların təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət etdiyi qənaətindədir. Amma ekspert hesab edir ki, bu məsələyə yanaşma tərzində müəyyən dəyişiklik tələb olunur: “2017-2018-ci dərs ilinin “Təhsildə keyfiyyət ili” elan olunması “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan prioritetlərdən birinin həyata keçirilməsi deməkdir. Lakin hesab edirəm ki, təhsilin keyfiyyətinə yanaşma tərzimizi dəyişməliyik. İndiyədək təhsilin keyfiyyətinə bir neçə nəfərin olimpiadada, bir neçə nəfərin qəbul imtahanlarında uğuru kimi baxmışıq. Kurikulumun tətbiqi nəticəsində bu baxışa yenilik gətirildi. Belə qəbul olundu ki, ənənəvi tədris planları bilik yönümlü idi, kurikulum isə şəxsiyyət yönümlüdür. Amma biz yenə təhsilin keyfiyyət göstəricilərini medalların və ya ali məktəblərə qəbul olunanların sayı ilə müəyyənləşdiririk. Çünki şəxsiyyətyönümlülüyü ölçən kriteriyaları hazırlamamışıq. Bu baxımdan təhsilin keyfiyyətinə yanaşma tərzini mütləq dəyişməliyik”.

Yerigəlmişkən onu da xatırladaq ki, ötən il Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) nəzdindəki Təlimə Dəstək Mərkəzində paytaxtın 12 inzibati rayonu üzrə 1000-dən artıq pedaqoji mühazirə dinlənilib. Mövzunun aktuallığı, təcrübi əhəmiyyəti, orijinallığı baxımından uyğun gələn 100-ə yaxın pedaqoji mühazirə şəhər mərhələsi üzrə Təşkilat Komitəsinə təqdim edilmək üçün seçilib. Pedaqoji mühazirələr əsasən “Müəllim-şagird münasibətlərinin pedaqoji əməkdaşlıq əsasında qurulması”, “Fənnin tədrisində müasir təlim texnologiyalarının tətbiqi”, “İbtidai təhsil səviyyəsində şagird nailiyyətlərinin inkişafına məktəbəhazırlıq təhsilinin təsiri”, “İstedadlı şagirdlərlə işin təşkili formaları” mövzularını əhatə edib. Bundan başqa, Bakıda 2016-2017-ci dərs ilinin əvvəlində məktəblərdə təlim-tərbiyə prosesinin düzgün təşkili, keyfiyyətin daha da dayanıqlı olması, "keyfiyyətli təhsilvermə", "xoşbəxt şagird - keyfiyyətin ən vacib göstəricisi" kimi amilləri əsas götürərək səmərəli məktəb ideyasının bir dəyərə və ənənəyə çevrilməsini təmin etmək məqsədilə bütün məktəblərin iştirakı ilə 12 inzibati rayonda "Məktəb seminarları" təşkil olunub. Hər rayon üzrə keçirilmiş təcrübə mübadiləsində 12 istiqamət üzrə həmin rayonda fəaliyyət göstərən məktəblərin nümayəndələri iştirak edib.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.04.2019
19.04.2019