Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Təmiz paltarda dilənmək günahdır” – Qaraçı uşaqlarla söhbət...
Tarix: 10.04.2019 | Saat: 18:23:00
Bölmə:Reportaj | çapa göndər

-Niyə üst-başınız bu gündədir? Təzə paltarınız yoxdur?

-Var e – xorla deyirlər – amma onu rayona gedəndə geyinirik. Küçəyə çıxanda bacılarımız bu paltarımızı verir.

-Hava soyuqdur. Əyniniz isə nazikdir. Üşümürsünüz?

-Biz heç vaxt üşümürük (gülürlər)...

Onlarla Xırdalanın mərkəzi küçələrinin birində, parka yaxın ərazidə qarşılaşıram. Diqqətimi cəlb edir, yaxınlaşıb söhbətə tuturam. 4-5 nəfər uşaqdır. 7-8 yaşları ancaq olar. Hafta.az-ın obyektivinə bu dəfə qaraçı uşaqları, azyaşlı diləncilər tuş gəldi. Söhbətə tutub danışdırmaq, daha doğrusu, danışmağa şirnikləndirmək üçün hərəsinə 20 qəpik uzadıram. Götürürlər. Hətta içlərindəki böyük olan uşaq balacanı itələyir, hərbə-zorba gəlib pulu almağa çalışır. İmkan vermirəm. Deyir ki, əlinə pul düşən kimi “xoruzlu şirinquş” alır. Evə gedəndə isə anaları və böyük bacıları onları danlayır. Artıq söhbətimiz baş tutana oxşayır. Aşağı əyilib otururam. Söhbətə - sorğu-suala başlayıram:

-Anan, bacın nə deyir ki?

-Deyirlər ki, pulu al, axşam bizə gətir.

-Hər gün nə qədər pul aparırsınız evə?

Uşaqlardan böyük olan dillənir:

-Mən 7 manat, bu (yanındakı saçları qıvırcıq, kirli bir qızcığazı göstərir) 3-4 manat, Rauf isə -bir az əvvəl əlindən pulunu almağa çalışdığı uşağı göstərir- 2-3 manat.

-Bəs pulları kimə verirsiniz?

-Bizim əlimizdən pulu bacı alır. Sonra o yığıb anamıza verir.

-Zorla alır pulu?

-Yox, biz veririk. Amma hər gün qapının kandarında şalvarımızı soyundurur. Ciblərini töküşdürür. Bacıdan pul gizlədəndə əsəbləşir. Döyür. Danlayır. Elə olur ki, axşam yemək də vermir. Ona görə də pulumuzun hamısını veririk.

“Göyçayda pul yox idi...”

Mənimlə danışan oğlanın adı Rukodur. Dediyinə görə ləqəbidir. Adını isə demir. İl yarımdır ki, Göyçaydan gəldiklərini deyirlər. Ailədə 7 nəfərdirlər. Evin böyük uşağı qızdır. Ərə gedib. Onun da bir qızı var. Analarından başqa hamısı dilənir. Xırdalanda, Koroğlu küçəsində ikiotaqlı evdə kirayədə qaldıqlarını söyləyirlər: “Göyçaydan üç (barmağı ilə göstərir) ailə gəlmişik. Orada pul yox idi. Pul, qəpik yığa bilmirdik. Çayçılara gedirdik. Oradan da döyüb qovurdular. Sonra Bakıya gəldik. Ev tutduq. Ana evdə olur. Yemək birişir. Paltarımızı yuyur”.

“Bayramda evimizə gedirik...”

Ruko Tato adlı balaca qızcığaza anlaya bilmədiyim dildə nə isə deyir. Bakıda pul olmayanda, daha doğrusu, evə pulsuz gedəndə nə etdiklərini soruşuram. Deyirlər ki, başqa qaraçı ailələrindən pul alırlar. Ruko deyir ki, hər il üç dəfə rayona gedirlər: “Bayramda rayona gedirik. Özü də üç dəfə. Bütün bayramlarımızda. Təzə paltarlarımızı geyinirik. Həmin gün dilənmirik. Təzə paltarda dilənmək olmaz. Günahdır”.

“Evimizə qonaq gələndə noğul veririk...”

Tato adlı qızcığaz da çətin anlaşılan bir dildə danışmağa başlayır. Ondan evlərinə gələn qonağı necə qarşıladıqlarını soruşuram. “Noğul veririk” – deyir. Ruko əlavə edir ki, əgər evə gələn qonağın corabları cırıqdırsa, evdən gedəndə ona corab da verirlər: “Qonağı yaxşı yola salmasaq bir də bizə gəlməz. Az pul yığarıq. Gözünü bizdə qoyub gedər (açığı, bu ifadəni başa düşmədim, yəqin ki, evimizdə gözü qalar – şəklində ifadə etməyə çalışır), o da çox pisdir”.

Ruko deyir ki, üç yaşından dilənir. İlk dəfə bacısı ilə pul yığmağa çıxıb. Belə başa düşürəm ki, həmsöhbət olduğum qaraçı uşaqları “dilənmək” sözünü pis qəbul edirlər. Onlar bunu “pul yığmaq” kimi başa düşürlər.

“Bir aydan sonra gül satacağıq...”

Bir az aralıda, işıq dirəyinin kənarında altına qurumuş bir qoyun dərisi salıb yuxulamış qaraçı qızcığazı diqqətimi cəlb edir. Ruko uşaqlara göz-qaş edib onun yanına gedirlər. Oyadırlar. Niyə oyatdıqlarını soruşuram – pulunu apararlar, axşam evdə döyülər – cavablarını verirlər. Adını soruşub cavab ala bilmədiyim qızcığazın önündəki şirəli qabda cəmi 50 qəpik pul var. Görünür, yaz günəşinin baş bulandıran yuxusu onun “saqqızını oğurlayıb”. Yuxuya gedib.

Ruko deyir ki, bir aydan sonra onların canı əl dəsmallarından və qələmlərdən qurtulacaq. Gül satacaqlar. Yoldaşlarına nisbətən diribaş olan Rukonun sözlərinə görə, gül satmaqdan yaxşı pul yığmaq olur. Çoxlu pul verirlər – deyə cavab verir. Ruko onu da bildirir ki, əgər bir yerdən pul yığa bilmirlərsə, bir də o yerə getmirlər.

Birdən dayanacağın yaxınlığında üst-başı səliqəli olan cütlüklər görünür. Söhbət etdiyim bu qaraçı uşaqları sağollaşmadan gözdən itirlər. Hərəsi bir cütlüyə yaxınlaşır. Ruko pul qopara bilsə də, o biriləri əliboş üzü yuxarıya doğru qaçmağa başlayırlar...



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.04.2019
19.04.2019