Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
21 yaşlı tələbə gitaraçı: “Oxumaqdan səsimi itirdim”
Tarix: 11.04.2019 | Saat: 13:33:00
Bölmə:Reportaj | çapa göndər

O, Turizm Universitetinin tələbəsidir. 21 yaşı var. Bu yay əsgərliyə gedəcək. Amma nə tələbəliyindən, nə də əsgərliyindən bəhs edəcəyəm. Səhər tezdən işə gələrkən onunla İncəsənət Gimnaziyası ilə übəüz yeraltı keçiddə qarşılaşırıq. Gitarada poppuri mahnılar oxuyur. Açığını desəm, gündə bir neçə dəfə yeraltı keçidlərdə “undergraund” gitaraçılarla qarşılaşıram. Saymazyana yanlarından ötüb keçirəm. Amma bu dəfə fərqli oldu. Gördüm ki, içdən oxuyur. Ayaq saxladım. Diqqət kəsildim. Səsi boğuq çıxırdı. Düşündüm ki, yəqin səhərdir, ona görə belədir. Əksər müğənnilərin, oxuyanların bu cür problemlər yaşadığını eşitmişdim. Amma sən demə, belə deyilmiş...

Gitaranın çantasına 1 manat atıb salamlaşıram. Söhbətləşirik. Adının Əli olduğunu deyir, Əli Zöhrabov. Əli Zöhrabov hafta.az-ın obyektivinə danışır. Deyir ki, haradasa 6-7-ci siniflərdən oxumağa başlayıb. Gitara sənətinin sirlərini öyrənib: “7-8 ildir ki, oxuyuram. Fikirləşdiyinizdən çox qazancım olur indi. Hər gün təxminən 45-50 manat qazanıram. Təkcə burada oxumuram. Hər gün bir yerdə oluram. Professional səhnədə olmamışam. Ancaq küçələrdə, camaat içində oxumuşam. Hazırda tələbəyəm. Turizm Universitetində təhsil alıram. Bu il bitirirəm. Yayda əsgər getməyi düşünürəm”.

“Səsim 6 aydan sonra açıldı...”

Həmsöhbətim bildirir ki, ilk başladığı dövrlərdə çox həvəsli olub. Zil səsli mahnılara üstünlük verib. Sonra səs tellərində problem yaranıb. Bu problem qısa müddət ərzində daha da kəskinləşib: “Ad günlərinə, kiçik məclislərə gedirdim. Zildən oxumağı sevirdim. Sonradan səsim batdı. Özü də tamamilə. Bir də 6 aydan sonra açıldı. O vaxtdan bu cür batıq səslə oxuyuram. Səsim batan müddətdə evdə narahat oldular. Qolumdan tutub həkimə aparmaq istədilər. Dedim ki, lazım deyil, istəmirəm. Belə yaxşıdır. Çünki bu səsdən heç kimdə oxudur. Fərqli səsdir. Bunu özüm də hiss edirəm. Xırıltılı çıxır. Xoşuma gəlir. Azərbaycanda səs bu tonda səs yoxdur”.

Əli onu da vurğulayır ki, səsində xəstəliyi yoxdur, sadəcə hər səhər yuxudan duranda boğazı ağrıyır. Yəni, polip var: “Başqaları oxuyanda ağciyərdən çıxan hava səs tellərindən düz çıxırsa, məndə boğazımdakı şişə sürtülür. Hava dağılır. Ona görə də səs bu cür çıxır”.

Əlidən yeraltı keçidlərdə oxuduğu üçün hansısa qurumlara, kimlərəsə pul ödəyib-ödəmədiyini soruşuram. Söyləyir ki, pul ödəmədən icazə vermirlər. Amma kiminlə danışıb, pulu hara ödəməyi haqqında bir söz demir. Heç məbləğ barəsində də dilinə bir söz gətirmir. Gülür və söhbəti dəyişir.

“Dinləyənlər səsimin batdığını bilmir...”

“Səs tonumda batıqlıq var deyə, dinləyənlər səsimin batdığını bilmir” – Əli belə deyir. “Mi”dən oxuyub aşağı tona salsa da oxucular bunu “tuta bilmir”. Söyləyir ki, səsinin boğuq olması, aydın olmaması hərdən işinə yarayır: “Məsələn, boğaz eləməliyəm, yaxşı edə bilmirəm. Amma buna heç kim əhəmiyyət vermir. Elə bilirlər ki, artıq gün ərzində oxumaqdan batıb”.

“Səhərdən axşama kimi oxuyuram...”

Gitaraçı həmsöhbətim qeyd edir ki, yenə də səhərdən axşama qədər oxuyur. Səhər tezdən oyanır. İnsanlar işə gedən vaxt artıq yeraltı keçidlərin gözəçarpan, diqqəti daha tez cəlb edən guşəsində yerini rahatlayır və oxumağa başlayır: “Qarışıq mahnılar oxuyuram. Türk, Azərbaycan mahnnıları. Repertuarımda, klassik, pop, estrada, xalq mahnıları və günün “hit”ləri də var. Səhərlər isə adətən həzin mahnılar oxuyuram. Daha çox Azərbaycan mahnılarına üstünlük verirəm. Aşağı tembrli mahnıları... Amma bəzən onları da ucadan oxuyuram ki, səs yayılsın. Hamı eşitsin. Oxuduqlarımın 70 faizi Azərbaycan mahnılarıdır. Səhər saat 6-dan axşam 8-in, 9-un yarısına kimi fərqli-fərqli yerlərdə səsimə güc verib pulumu qazanıram”.

Gəlib gedənlər, qəpik-qəpik, manat-manat Əlinin gitara çantasına pul atır. İnsanları gördükcə həmsöhbətim daha da içdən oxumağa başlayır. Deyirsən ki, bu saat ciyərləri partlayacaq. Amma o, səhərin gözü açılmamış təbəssümlə oxumağına davam edir. “Gəl, qaytar eşqimi” mahnısını isə daha çox bəyənirəm. Əli ilə sağollaşıram. Bu cür batıq səslə içdən oxumağına bir söz tapmıram. Bircə cümlə çıxır ağzımdan:

-Əli, tanrı səsini açsın!



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.04.2019
19.04.2019