Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıda küçələrin fəthinə iki həftə qalır – “Formula 1”ə hazırlıq necə gedir?-FOTO
Tarix: 12.04.2019 | Saat: 16:32:00
Bölmə:Reportaj | çapa göndər

Artıq 2019-cu ilin “Formula 1” Azərbaycan qran-prisinə 2 həftə qalır. Bununla əlaqədar təşkilat komitəsi son hazırlıq işlərinə başlayıb. Son hazırlıq işləri ilə yerində tanış olmaq üçün paytaxtın “Azneft” meydanından “Ağ şəhər”ə qədər olan yolun əsas hissəsinə baş çəkdik. Aprelin 26-28 tarixlərində baş tutacaq və obrazlı olaraq “küçələrin fəthi” adlandırılan möhtəşəm yarışa hazırlıq ən son sürətlə aparılır. Hafta.az-ın obyektivinə tuş gələn görüntülər əsasında bunu deyə bilərik.

Bulvardakı hazırlıqlar...

Dənizkənarı Milli Parkda, bulvar ərazisində “Formula 1” Azərbaycan qran-prisinə bilet almış yerli və xarici qonaqlar üçün oturacaqlar quraşdırılıb. Demək olar ki, rahat və konfortlu oturacaqlar yarışın keçiriləcəyi tarixə tam hazırdır. Milli Park ərazisindəki məlumat lövhələri də artıq əraziyə gətirilib. Bu məlumat lövhələrində yarışı izləyəcəkləri yerlər, ictimai iaşə obyektlərinə aparılan yol işarələri qeyd olunub. Gələk əsas məsələyə, artıq milli park ərazisində yarışa bilet almış iştirakçıların təhlükəsizliyinin yüksək keyfiyyətli təminatı üçün giriş-çıxış sistemləri, bir sıra təhükəsizlik aparatları da quraşdırılmaqdadır. Yarış günlərində əyləncəli və musiqili proqramların, şənliklərin təşkili üçün böyük səhnə də quraşdırılıb. Doğrudur, həmin ərazilər hələlik şəhər sakinlərinin üzərinə tam olaraq qapadılmasa da, hazırda milli park ərazisi sanki “tikinti-quraşdırma” meydançasını xatırladır.

Park ərazisində nəzərimizə çarpan mənzərələrdən biri də səyyar tibb məntəqələrinin və tualetlərin inşasıdır. Artıq bu istiqamətdə də işlər tamamlanmaq üzrədir.

 

“İçərişəhər” metro stansiyasının önündən açılan mənzərə...

“İçərişəhər” metro stansiyasının yaxınlığında bizi “#AzerbaijanGP” lövhəli yazı salamlayır. Yarışın rəsmi haştaqıdır. “Formula 1” avtomobillərinin keçəcəyi yollar demək olar ki, tam hazır vəziyyətə gətirilib. Ərazi “setka” hasarlarla çərçivəyə alınıb. Yarış zamanı yarana biləcək hər hansı fors-major hallarından sığortalanmaq üçün yol boyu beton piltələr və hasarlar düzülüb. Yeraltı keçidlərdən başqa bütün yerüstü keçidlər demək olar ki, fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Yalnız müəyyən istiqamətlərdə yarış iştirakçılarının və qonaqların keçidi üçün hazırlanan xüsusi yerüstü keçidlərdən hələlik istifadəyə icazə verilir. O da ki, qismən...

 

Baş ofisdə...

2019-cu il “Formula 1” Azərbaycan qran-prisinin rəsmi baş ofisi “BEGOC”-da yerləşir. “Hilton” otelinin arxasında. Hələlik baş ofisdə elə bir canlanma yoxdur. Sadəcə könüllüləri və marşalları görmək mümkündür. Ofisin girişində gəlib-gedənləri yarış maşınının maketi salamlayır. Burada qeydiyyatdan keçmiş jurnalistlərin akkreditasiyası ilə maraqlanırıq. Yəni, qeydiyyatdan keçən jurnalistlərin press-vəsiqələri nə zaman və haradan əldə edəcəklərini soruşuruq. Bildirilir ki, üç gün ərzində küçələrin fəthini işıqlandıracaq jurnalistlər müvafiq vəsiqələri aprelin 24-də yəni, yarışlara iki gün qalmış “Park Bulvar”-dan əldə edə bilərlər.

 

Dünyaca məşhur DJ-lərin iştirakı ilə “Bakı Şəhərinin Sədaları”...

Öyrənirik ki, yarışın keçiriləcəyi günlərdə, yəni 26-28 aprel tarixlərinə təsadüf edən yarış həftəsonunun hər bir gecəsində keçiriləcək əyləncə proqramı gec saatlaradək davam edəcək. Proqramı isə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) gerçəkləşdirəcək. 2019 Formula 1 Azərbaycan Qran Prisinin keçiriləcəyi yarış həftəsonunda dünyaca məşhur DJ-lərin çıxış edəcəyi və gec saatlaradək davam edəcəyi vurğulanır. Bundan başqa “Bakı Şəhərinin Sədaları” (Baku City Sounds) adlı gecə əyləncə proqramını elan edir.

26-28 aprel tarixlərində “Elektra Events Hall”-da baş tutacaq gecə əyləncə proqramında Ciqan, Mahmut Orhan, Robin Şultz və “Lost Frequencies” kimi məşhur DJ-lər iştirak edəcəklər. Bundan başqa, DJ Mendoza məkanın daimi sakini kimi yarış həftəsonu ərzində hər gecə öz çıxışı ilə dinləyicilərə unudulmaz anlar yaşadacaq. Yarış həftəsonu ərzində Azərbaycan Qran Prisi çərçivəsində Kristal Zalda keçiriləcək axşam konsertlərindən dərhal sonra baş tutacaq DJ performansları üçün “Elektra Events Hall”-a giriş saat 23:00-da başlayacaq. Gecə əyləncə proqramı üçün biletlərin gündəlik qiyməti 55 AZN təşkil edir. Lakin burada qeyd olunması bir nüansı da vurğulamaq yerinə düşər. Belə ki, 2019 Formula 1 Azərbaycan Qran Prisinə bileti olan şəxslər də sözügedən gecə əyləncə proqramı üçün ayrılıqda bilet satın almalıdırlar.

Artıq izləyicilərin rahatlığını təmin edəcək xüsusi marşrut xətləri də bəllidir...

26-28 aprel tarixlərində Bakının mərkəzi küçələrində baş tutacaq 2019 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində tamaşaçıların trekə, dənizkənarı bulvarda yerləşən F1 Şəhərciyinə və bilet aldıqları tribunalara asan şəkildə yaxınlaşmasını təmin edəcək ictimai nəqliyyat vasitələrinin adları da artıq bəllidir. Yarış ərəfəsində Bakının mərkəzi küçələrində nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək məqsədilə hazırlanan Nəqliyyatın İdarə Olunması Planına əsasən, 27-28 aprel tarixlərində trekin yaxınlığından keçən 65, 5 və 53 nömrəli avtobuslar, 26-27-28 aprel tarixlərində isə “28 May”, “Sahil” və “İçərişəhər” metro stansiyaları səhər saat 06:00-dan gecə saat 02:00-dək xidmət göstərəcək. Digər metro stansiyaları normal iş rejimindən əlavə saatlarda yalnız çıxış üçün açıq olacaq. Trekə gəlmək üçün 65 nömrəli avtobusun xidmətindən yararlanmaq istəyən tamaşaçılar Azərbaycan prospektində Mərkəzi Univermağın yaxınlığında yerləşən dayanacaqda enərək bilet aldığı tribunaya qədər piyada hərəkət etməlidirlər. Bu avtobus 5 dəqiqəlik intervalla hərəkət edəcək.

Qeyd edək ki, aprelin 24-dən 29-a qədər dənizkənarı bulvarın Dəniz vağzalından Azneft dairəsinədək olan hissəsinə giriş bağlı olacaq. Aprelin 25-i, saat 12:00-dan etibarən yarış günlərində yalnız 4 günlük bilet sahiblərinin bu zonaya giriş-çıxışına icazə veriləcək. Digər bilet sahibləri üçün həmin zona 26-27-28 aprel tarixlərində, saat 10:00-dan etibarən açıq olacaq. Şəhər sakinləri və qonaqlar yuxarıda qeyd olunan günlər ərzində Park Bulvar mərkəzindən istifadə edə biləcəklər. Ofisdən əldə etdiyimizə görə, həmin günlər ərzində xəritədə rənglərlə verilmiş bütün küçələrdə nəqliyyatın hərəkətinə nəzarət Dövlət Yol Polisi tərəfindən həyata keçiriləcək.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.05.2019
19.05.2019