Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanda məktəbəqədər təhsilə cəlb olunanların sayı artıb
Tarix: 12.04.2019 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Bu istiqamətdə ölkəmizdə atılan addımları beynəlxalq qurumlar da yüksək qiymətləndirirlər

BMT-nin Uşaq Fondunun (UNICEF-in) açıqladığı son hesabatda dünyada 175 milyondan çox uşağın – məktəb yaşına çatmamış uşaqların təxminən yarısının məktəbəqədər təhsilə cəlb edilməməsi səbəbindən bu cür vacib təhsil imkanlarından kənarda qalaraq ümumi təhsil prosesinin başlanğıcından dərin bərabərsizliyə məruz qalması barədə xəbərdar etdiyi bir vaxtda, Azərbaycanda məktəbəqədər təhsil sahəsində çox müsbət irəliləyişlər müşahidə olunur.

"Report"un xəbərinə görə, bununla əlaqədar olaraq UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin deyib ki, son üç il ərzində Azərbaycanda məkətəbə hazırlıq proqramları ilə əhatə olunan 5 yaşlı uşaqların sayında nəzərəçarpan artım qeydə alınıb. Belə ki, 2015-ci ildə 15 təşkil etmiş göstərici ötən il 75 faizə bərabər idi. Bununla yanaşı, son iki il ərzində 3-4 yaşlı uşaqları hədəfə götürmüş erkən yaş təhsili üzrə yeni təşəbbüs sayəsində ölkənin 100 icma əsaslı mərkəzində ümumilikdə 3.000 nəfərə yaxın uşaq məktəbəqədər təhsilə cəlb edilib.
UNICEF-in dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində məktəb yaşına çatmamış uşaqları əhatə etmək məqsədilə yeni kurikulum və tədris materialları işlənib hazırlanmışdır, habelə əlaqədar pedaqoji heyətin uşaq yönümlü tədrisi daha çox təşviq edən yeni metodologiyalar üzrə təlimləndirilməsi həyata keçirilib.
UNICEF-in “Təhsilə hazır dünya: keyfiyyətli erkən təhsilin prioritetləşdirilməsi” adlı ilk qlobal hesabatında bildirilir ki, ən azı birillik məktəbəqədər təhsilə cəlb edilmiş uşaqların ümumtəhsil məktəblərində müvəffəqiyyətlə oxuması üçün tələb olunan vacib bacarıqlarının inkişaf etdirilməsi daha çox, sinifdə qalması və təhsildən yayınması isə nisbətən az ehtimal olunduğundan bu cür uşaqlar böyüdükdən sonra yaşadıqları çəmiyyətin və ölkə iqtisadiyyatının stabilliyi və inkişafı üçün daha çox töhfə vermək iqtidarındadırlar.

Məktəbəqədər təhsilə cəlb edilməyən uşaqlarla müqayisədə bu cür təhsil müəssisələrinə gedən uşaqlarda oxumaq və saymaq bacarıqlarının erkən mərhələdə təxminən iki dəfə tez formalaşması ehtimal olunur. Məktəbəqədər təhsil proqramlarında daha çox uşağın iştirak etdiyi ölkələrdə ibtidai təhsili uğurla başa vuran, habelə bu cür təhsilin sonunda oxumaq və saymaq kimi zəruri vərdişləri hərtərəfli qavrayan uşaqların sayı əhəmiyyətli dərəcədə çoxdur.
Sözügedən qlobal hesabatda qeyd olunduğu kimi ev təsərrüfatlarının rifahı, anaların savadlılıq səviyyəsi və coğrafi aspektlər uşaqların məktəbəqədər təhsildə iştirak səviyyəsini müəyyən edən əsas amillər sırasında yer alır. Bununla belə, bu kontekstdə ən vacib və həlledici amil qismində yoxsulluq göstərilir.
Cənab Karvardin bildirib ki, oynamaq, düşünmək, yaratmaq, sosiallaşmaq və təhsilin əsaslarına yiyələnmək imkanı verən keyfiyyətli məktəbəqədər təhsilə cəlb edilmiş uşaqlarda ibtidai təhsili uğurla başa vurmağa, ümumtəhsil məktəblərində müvəffəqiyyətlə oxumağa, növbəti mərhələlərə keçməyə və fəal vətəndaş kimi formalaşmağa kömək göstərən bacarıqların hərtərəfli inkişaf etməsi və böyüdükdən sonra yaşadıqları çəmiyyətin və ölkə iqtisadiyyatının stabilliyi və inkişafı üçün töhfə vermək qabiliyyətinin güclü olması daha çox ehtimal edilir.
2017-ci ildə müvafiq məlumatların mövcud olduğu dünya ölkələrində təhsilə ayrılmış büdcə vəsaitlərinin orta hesabla 6,6%-i məktəbəqədər təhsil üçün nəzərdə tutulub, bu ölkələrin təxminən 40 faizində isə ümumi təhsil büdcəsindən məktəbəqədər təhsil sektoru üçün 2 faizdən də az vəsait ayrılıb. Bundan fərqli olaraq Azərbaycanda dövlət büdcəsindən təhsil üçün ayrılmış vəsaitlərin 10 faizini məktəbəqədər təhsil üçün nəzərdə tutulub.

Karvardin qeyd edib ki, Azərbaycan sabahın iqtisadiyyatı üçün işçi qüvvəsinin rəqabət qabiliyyətli olmasını təmin etməyə çalışır və ən erkən yaşdan insan kapitalının inkişafına qoyulan hər bir sərmayə bu məqsədə nail olmaq üçün çox önəmlidir: "Əgər biz uşaqlarımızın qloballaşan iqtisadiyyatda uğur əldə etməsi üçün ən yaxşı imkanlar yaratmaq niyyətindəyiksə, əlaqədar vəzifəli şəxslər məktəbəqədər təhsilin prioritetləşdirilməsi və bunun üçün müvafiq resursların ayrılması istiqamətində işlərin davam etdirilməsini təmin etməlidirlər".
Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin “Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında” 271 nömrəli və ““Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə dəyişikliklər edilməsi barədə” 272 nömrəli qərarlarına və həmin qərarların icrası barədə təhsil nazirinin 548 və 549 nömrəli əmrlərinə əsasən, 2016-2017-ci tədris ilindən Bakının bir sıra məktəblərində ödənişsiz (dövlət büdcəsinin vəsaiti hesabına) məktəbəhazırlıq qrupları təşkil edilir. Məktəbəhazırlıq qruplarında təcrübəli, bacarıqlı, intellektual və peşəkar ibtidai sinif müəllimlərinə üstünlük verilib. Bundan başqa mәktәbә hazırlıq qruplarında uşaqların sıxlığı belə müәyyәnlәşdirilib: qәsәbә vә kәndlәrdә yerlәşәn ümumtәhsil mәktәblәri üçün - әn azı 10 uşaq; şәhәrlәrdә yerlәşәn ümumtәhsil mәktәblәri üçün - әn azı 15 uşaq. Dövlәt ümumtәhsil mәktәblәrindә yaradılan mәktәbәhazırlıq qrupunda uşaqların sayının 30 nәfәrdәn artıq olmasına yol verilmir.

Xatırladaq ki, 2016-cı ilin dekabrında ölkə prezidentinin təsdiqlədiyi “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə də məktəbəqədər təhsillə əhatəolunma səviyyəsinin yüksəldilməsi və təlim-tərbiyə texnologiyalarının təkmilləşdirilməsi məsələsi öz əksini tapıb. Sənəddə qeyd olunub ki, məktəbəqədər təhsil insan potensialının inkişafına və daha keyfiyyətli insan kapitalının formalaşmasına, uzunmüddətli perspektivdə əhalinin gəlirlərinə, iqtisadi artıma və davamlı inkişafa müsbət təsir göstərir: “Hazırda Azərbaycanda həmin yaşda uşaqların məktəbəqədər təhsillə əhatəolunma səviyyəsi aşağıdır. Belə ki, 1-5 yaşlı uşaqların cəmi 14 faizi məktəbəqədər təhsillə əhatə olunur. Rəsmi statistik məlumatlara görə, 2015-ci ildə Azərbaycanda 1722 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib ki, bunlardan 1079-u körpələr evi, 631-i uşaq bağçası, 4-ü məktəb-uşaq bağçası, 8-i isə xüsusi uşaq bağçasıdır. 85 məktəbəqədər təhsilin uzunmüddətli perspektivdə insan kapitalının keyfiyyətinin yüksəldilməsinə təsirini nəzərə alaraq, bu istiqamətdə stimullaşdırıcı tədbirlər həyata keçiriləcək, təlim-tərbiyə texnologiyaları təkmilləşdiriləcək. Dövlət və özəl məktəbəqədər təhsil müəssisələrinin yaradılması, bununla bağlı normativ hüquqi sənədlərin hazırlanması və qəbulu dəstəklənəcək, müasir təhsil və təlim texnologiyalarına əsaslanan yüksəkixtisaslı pedaqoqların hazırlanması ilə bağlı tədbirlər həyata keçiriləcək. Pedaqoji heyətin daha səmərəli fəaliyyət göstərməsi üçün onların sosial müdafiəsi ilə bağlı tədbirlər dəstəklənəcək”.

Ötən ilin əvvəlində isə Nazirlər Kabineti tərəfindən “Ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili Qaydası” təsdiqlənib. Qaydalara əsasən, məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərməyən ərazilərdə valideynlərin (digər qanuni nümayəndələrin) istəyi ilə ailə tipli və ya icma əsaslı, yaxud qısamüddətli təlim qrupları yaradıla bilər. Ailə tipli təlim qrupları 1,5 yaşdan 6 yaşadək 3 və daha çox uşağı olan ailələrdə təşkil olunur. Çoxuşaqlı ailədə 1 və ya 2 məktəbəqədər yaşlı uşaq olduğu halda, digər ailələrdən məktəbəqədər yaşlı uşaqları qəbul etməklə, ailə tipli təlim qrupunun təşkilinə yol verilir. Ailə tipli təlim qrupları 1, 5 yaşdan 6 yaşadək uşaqların təlimini, tərbiyəsini, sağlamlığını təmin edir, onlara qulluğu və nəzarəti həyata keçirir. Ailə tipli təlim qruplarında uşaqların sayı 7 nəfər müəyyənləşdirilir. Ailə tipli təlim qrupları 5 günlük iş həftəsi üzrə saat 9:00- dan 12:00-dək və ya 13:00-dan 16:00-dək rejim ilə fəaliyyət göstərir.

Qaydalarda həmçinin göstərilib ki, ailə tipli təlim qruplarında təhsilin məzmunu təhsil proqramları əsasında uşaqların yaş xüsusiyyətlərinə uyğun müəyyənləşdirilir. Ailə tipli təlim qruplarında tərbiyəçi-müəllimin vəzifəsinin yerinə yetirilməsinə nəzarəti və metodiki köməkliyi məktəbəqədər təhsil müəssisəsi təmin edir. Ailə tipli təlim qruplarında təhsil prosesinin təşkili uşaqların intellektual, fiziki, mənəvi inkişafına xidmət edən bilik, bacarıq və vərdişlərin aşılanması üçün şərait yaradılmasını nəzərdə tutur.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.06.2019
25.06.2019