Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Yeni dərslik layihələrinin müzakirəsinə başlanılır
Tarix: 15.04.2019 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Yaxın vaxtda bütün layihələr elektron formatda ictimai müzakirəyə çıxarılacaq

2019-2020-ci tədris ilinə ölkənin dövlət ümumtəhsil müəssisələrinin I sinifləri üçün yeni hazırlanmış, IV və VIII sinifləri üçün isə təkmilləşdirilmiş dərslik və müəllim üçün metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsi prosesinə başlanılıb.

Bu məqsədlə dərslik və müəllim üçün metodik vəsaitlərin layihələri www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində yerləşdirilib. Yaxın müddətdə bütün layihələrin sayta yerləşdirilməsi başa çatacaq.
Sayta daxil olaraq qeyd edilən bölmədə yerləşdirilmiş layihələrin məzmunu ilə tanış olmaq, eyni zamanda xüsusi ayrılmış sahədə irad və təklifləri yazmaq mümkündür. İrad və təkliflər [email protected] elektron poçtuna göndərilməklə də bildirilə bilər.
Təhsil Nazirliyi elm adamlarını, təhsil işçilərini, valideynləri, aidiyyəti dövlət qurumlarını, müxtəlif ictimai birlikləri və bütün maraqlı tərəfləri müzakirəyə çıxarılmış dərslik komplektlərinin layihələrinə dair rəy, irad və təkliflərini bildirməyə dəvət edir.
Məlumat üçün deyək ki, 2018/2019-cu tədris ilində XI siniflərin istifadəsi üçün hazırlanan 32 dərslik komplektinin qiymətləndirilməsi aparılıb. Hazırlanan dərslik layihələri Dərslikləri Qiymətləndirmə Şurası, Dövlət İmtahan Mərkəzi, AMEA-nın müvafiq institutları, ali təhsil müəssisələri, məktəblər tərəfindən qiymətləndirilməklə yanaşı, təkliflər təhlil edilərək nəşriyyatlara və müəlliflərə yönəldilib.

Eyni zamanda, Təhsil İnstitutu nəzdində yaradılan Tədris Resursları Mərkəzi tərəfindən dərslik hazırlığı üzrə mütəxəssislər cəlb etməklə ümumtəhsil məktəbləri üçün ehtiyat dərsliklərin yaradılması ilə bağlı beynəlxalq təcrübə öyrənilib. Bu ildən ibtidai siniflər üçün Azərbaycan dili və riyaziyyat üzrə ehtiyat dərsliklərin hazırlanmasına da başlanılıb. Bu proses Nazirlər Kabinetinin sərəncamına əsasən həyata keçirilir. Təhsil İnstitutu tərəfindən hazırlanan ehtiyat dərsliklər dilin və riyaziyyatın tədrisində beynəlxalq təcrübəyə və müasir təlim texnologiyalarına əsaslanır. Ehtiyat dərsliklərin yazılması işinin təşkili üçün Təhsil İnstitutunda Tədris Resursları Mərkəzi yaradılıb. Bu prosesin ilk mərhələsində Təhsil Nazirliyi tərəfindən verilmiş elan əsasında Azərbaycan dili üzrə 160, riyaziyyat fənni üzrə isə 145 müəllim arasında üçmərhələli müsabiqə keçirilib. Dərslik hazırlığına ali məktəb və universitetlərdə çalışan alim və pedaqoqlar cəlb edilib. Tədrisi xarici proqramlar əsasında qurulan bir çox beynəlxalq məktəblərdə görüşlər keçirilib, onların təcrübələri öyrənilib və bu məktəblərdə çalışan müəllimlər müsabiqəyə dəvət olunub. Daha sonra ehtiyat dərsliklərin konsepsiyası hazırlanıb və məzmunu təkmilləşdirilib. Dərslik komplektinə dərslik, müəllim üçün metodik vəsait, iş dəftəri və valideyn bələdçisi daxildir.

Təbii ki, tədris resurslarının istifadəsindən əvvəl onların sınaqdan keçirilməsi nəzərdə tutulur. Artıq 1-ci siniflər üzrə dərsliklər hazırdır. Respublika səviyyəsində 123 sinifdə dərsliklərin pilot layihə üzrə sınağı həyata keçirilir. 123 sinfin 48-i şəhər məktəbləri, qalanları isə rayon məktəblərindən seçilib. 2-ci sinif üçün dərsliklərin hazırlanması prosesi davam edir. Eyni zamanda bu il məktəbəqədər təhsil üçün yeni alternativ dərsliklər hazırlanır.

Sınaq müddətində müəllimlərlə sıx əməkdaşlıq ediləcək və nəticələr xüsusi blanklarda təqdim ediləcək. Bu müddətdə ekspertlərin iştirakı ilə dərsliklərin müzakirəsi təşkil olunacaq və ictimai rəy öyrəniləcək. Sınaqda iştirak edən müəllim, ekspert, rəyçilərin irad və təklifləri ümumiləşdiriləcək və dərslik komplektlərinin kütləvi istifadəsi üçün müvafiq düzəlişlər ediləcək.
Yeri gəlmişkən, artıq neçə ildir ki, ölkənin ümumi təhsil məktəbləri üçün yeni təhsil proqramları əsasında tərtib edilmiş dərsliklər istifadəyə verilir. Amma dərsliklər istifadəyə verildikdən sonra onların məzmununda müəyyən problemlər aşkarlanır ki, bu zaman dərsliklər artıq tam tirajla çap olunduğundan nöqsanların aradann qaldırılması müəyyən çətinliklərlə müşayiət olunur. Bunu nəzərə alan Təhsil Nazirliyi 2016-2017-ci tədris ilində ölkənin ümumi təhsil məktəblərində ilk dəfə olaraq yeni təhsil proqramları əsasında hazırlanmış 9-cu sinif, eyni zamada, əsaslı şəkildə təkmilləşdirilmiş I və V sinif dərsliklərini ictimai müzakirəyə çıxarıb. Dərslik layihələrinə dair rəy və təkliflər Təhsil Nazirliyinin e-resurs.edu.az saytı və [email protected] elektron poçtu vasitəsilə qəbul edilib. Ümumilikdə I, V və IX siniflər üzrə 77 dərslik layihəsi sayta yüklənib. Həmin dərslik layihələrinə dair 1544 rəy və təklif daxil olub. Daxil olan rəylərin 91 faizi IX sinif, 6 faizi V sinif, 3 faizi isə I sinif dərslik layihələrini əhatə edib.

IX sinif dərslik layihələri içərisində ən çox rəy və təklifin daxil olduğu layihə Azərbaycan dili (tədris dili) dərslik layihəsi (13,3 faiz), ən az rəy və təklifin daxil olduğu layihə isə Fransız dili dərslik layihəsi (0,1 faiz) olub.
Daxil olan rəy və təkliflərdə irad, tövsiyə, müsbət və tənqidi xarakterli fikirlərə rast gəlinib. Bütün rəy və təkliflər operativ şəkildə dərslik layihəsini hazırlamış müvafiq nəşriyyat-poliqrafiya müəssisələrinə çatdırılıb. Həmin fikirlərin əsasında nəşriyyatlar və müəlliflər tərəfindən dərslik layihələri üzərində müvafiq təkmilləşdirmələr aparılıb.
Mövzu ilə bağlı fikirlərini açıqlayan təhsil üzrə ekspert Kamran Əsədov deyib ki, dərslərin keyfiyyətli olmasında dərsliklərin rolu əvəzolunmazdır: "Əgər hər hansı fənn üzrə keyfiyyətli dərslik olarsa, şagirdlər üçün həmin fənni mənimsəmək bir o qədər rahat olar. Artıq illərdir ki, Azərbaycanda ümumtəhsil məktəbləri üçün yeni kitablar nəşr olunur. Demək olar ki, bütün siniflər üzrə yeni kitablar nəşr olunub. Kitablar dizayn cəhətdən professional şəkildə olsa da, içində olan materiallar barəsində bunu deyə bilməyəcəm. Xüsusilə aşağı sinif kitablarında çoxsaylı nöqsanlar mövcuddur. Dərsliklərlə bərabər yeni test topluları, əlavə dərs materialları da çap olunur. Orta məktəb şagirdlərinə verilən test tapşırıqlarına nəzər yetirəndə şagirdlər üçün çətin olduğunu görmək olur. Bu onu göstərir ki, dərsliklər üzrə vahid strategiya müəyyən olunsa da, yekunda bu standartlar kağız üzərində qalır”.

Ekspertin sözlərinə görə, dərslikdən fərqli olaraq, standartın tələbləri mənimsənilmir, o tələblərə qeyd-şərtsiz əməl edilir. Digər tərəfdən, standart, şagirdin dərs ilinin sonuna mənimsəməli olduğu bilik və bacarıqları səviyyəsinin yalnız yol verilən aşağı həddini normalaşdıran tələblər sistemindən ibarət sənəd olub, bu bilik və bacarıqlara hansı üsullarla yiyələnməli olunduğunu təyin etmir: "Dərslik isə həm şagirdin dərs ilinin sonuna mənimsəməli olduğu bilik və bacarıqları səviyyəsinin yol verilən aşağı həddini, həm standartın tələblərinin nəzərdə tutmadığı daha yüksək səviyyəli bilik və bacarıqları, həm də şagirdin mənimsədiyi bilik və bacarıqları əyani olaraq, nümayiş etdirməsi üçün lazım gələn metodları, yanaşmaları, vasitələri və vəsaitləri özündə ehtiva edir. Əgər dərsliklər məzmun standartlarının tələbləri əsasında işlənib hazırlansaydı, o halda, şagirdin dərs ilinin sonuna mənimsədiyi bilik və bacarıqların səviyyəsi məzmun standartlarının normalaşdırdığı səviyyənin yol verilən aşağı həddi ilə məhdudlaşar, şagird daha yüksək səviyyəli bilik və bacarıqlara yiyələnmək imkanlarından məhrum edilmiş olardı. Deməli, dərsliklər məzmun standartlarının tələbləri əsasında deyil, əvvəlcədən işlənib hazırlanmış, daha əhatəli sənəd olan fənn proqramları əsasında işlənib hazırlanmalıdır. Fənn proqramları isə kurrikulum demək deyildir”.

K.Əsədovun fikrincə, keyfiyyətli dərsliklərin hazırlanması hər bir təhsil sistemi üçün prioritet məsələdir. Xüsusilə də, informasiya cəmiyyətində yaşadığımız indiki dövrdə biliklərin məzmunca köhnəlmə intensivliyi artdıqca, bütün keyfiyyət meyarlarına uyğun gələn dərslik nümunələrinin hazırlanması aktuallaşır: "Artıq təhsil alan 20-30 il bundan əvvəlki kimi ancaq dərslik vasitəsilə bilik əldə etmir. Bu gün bilik qazanmağın məkan və zaman ölçüləri dəyişdiyindən dərsliklər də bu rəqabətə dözümlü ola bilməlidirlər. Hesab edirəm ki, Azərbaycanda vahid dərslik mərkəzinin yaradılması da vacibdir. Daha dərsliklər nəşriyyatlar tərəfindən hazırlanıb təqdim edilməsin. Müstəqil olan dərslik idarəsi müxtəlif mütəxəssisləri cəlb edərək vahid standartlar əsasında dərsliklər yazsınlar. Belə olan təqdirdə rəqabət də yüksək olacaq və daha keyfiyyətli məhsul ortaya qoyulacaq”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.05.2019
19.05.2019