Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Tarixi abidələrimiz yanğından necə mühafizə olunur?
Tarix: 16.04.2019 | Saat: 15:55:00
Bölmə:Gündəm | çapa göndər

Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

Yeri gəlmişkən, Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ərəfəsində dünyaca məşhur olan Fransanın "Notr-Dam-de-Pari" kilsəsində yanğın baş verib və kilsə üzərindəki uzun qüllənin bir hissəsi aşıb, həmçinin məbədin saatı yanaraq məhv olub. Fransa Daxili İşlər Nazirliyi yanğından sonra kilsənin bərpasının çətin olacağını açıqlayıb. Öz növbəsində Fransa Prezidenti Emmanuel Makron kilsənin bərpa edilərək yenidən əvvəlki vəziyyətə qaytaracaqlarına söz verib.10 saatdan çox davam edən yanğını isə gecə yarısından sonra söndürmək mümkün olub. İlkin məlumatlara görə, yanğına kilsənin yuxarı səviyyələrində aparılan təmir işləri səbəb olub.
Qeyd edək ki, Azərbaycan da dünyada bəşər sivilizasiyasının ilkin meydana gəldiyi ərazilərdən biri sayıldığından ölkəmizdə yaşamış insanların keçdikləri keşməkeşli və şərəfli yollar qədim yaşayış məskənlərində və çoxsaylı abidələrdə öz əksini tapıb. Yaşadığımız dövrə gəlib çatan bu abidələr hazırda çox qiymətli nümunələr kimi qorunur. Ölkəmizin hər yerində yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələr mövcuddur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli Qərarı ilə təsdiq edilmiş dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında Qobustan qoruğunda 1067 sayda dünya əhəmiyyətli, “İçərişəhər” Tarix-Memarlıq Qoruğunda 3 dünya, 93 ölkə, 2568 yerli əhəmiyyətli, “Qala” Tarix-Etnoqrafiya Qoruğunda 7 ölkə, 234 yerli, “Nardaran” Tarix-Mədəniyyət Qoruğunda 1 dünya, 5 ölkə, 7 yerli, “Atəşgah” Tarix-Memarlıq Qoruğunda 1 dünya əhəmiyyətli tarixi abidə qeydə alınıb. Son illər ərazidə 1700-dək yeni abidə aşkar olunub. Tariximizin təcəssümü olan bu abidələr turizm baxımından da böyük əhəmiyyət daşıyır.
Tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində dövlət başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkə daxilində və xaricində həyata keçirdikləri böyük işlər hər kəs üçün ən gözəl örnəkdir.
“İçərişəhər” memarlıq kompleksi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Qobustandakı muzey isə 2013-cü ildə Avropanın ən yaxşı muzeyləri sırasında olub. Hazırda digər tarixi yerlər və abidələrimizin də bu siyahıya daxil edilməsi istiqamətində iş aparılır.
Milli mədəni irsin qorunmasını təmin etmək, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” isə görüləcək işlərin istiqamətini dəqiq müəyyən edən qiymətli sənəddir. Bu sənədə daşınmaz tarix-mədəniyyət abidələrinin yeni siyahısının tərtibi, bərpa-konservasiya işlərinə dair normativ sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılması, qoruqların maddi-texniki bazasının gücləndirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafı kimi vacib məsələlər daxil edilib.
Bəs, görəsən, bu abidələrin yanğın və digər fors-major hallardan qorunması necə həyata keçirilir?

Mövzu ilə bağlı fikirlərini hafta.az-a açıqlayan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov deyib ki, təmsil etdiyi qurum tərəfindən qorunan tarixi abidələrdə yanğın təhlükəsizliyinin təmin olunması dövlət tərəfindən müəyyən olunmuş normalar əsasında həyata keçirilir:

“Hazırda mədəniyyət ocaqları kimi fəaliyyət göstərən bir sıra tarixi abidələrdə son illər Dövlət Xidməti tərəfindən təmir-bərpa işləri həyata keçirilib. Həmin abidələrdə də yanğın təhlükəsizliyi müasir tələblərə uyğun qurulub. Yanğınsöndürmə balonları ilə yanaşı, avtomatik su ilə yanğınsöndürmə, əl ilə yanğın söndürmə sistemləri quraşdırılıb. Əsaslı təmir işləri həyata keçirilmiş abidələrdə sadalanan yanğınsöndürmə sistemləri ilə yanaşı qazla yanğınsöndürmə sistemləri də quraşdırılıb. Bu sistemlər yanğın zamanı eksponatların, əşyaların qorumasını təmin etməyə hesablanıb. Belə ki, su ilə yanğın söndürmə muzey eksponatlarına daha çox ziyan verə bilər. Ancaq qaz ilə yanğınsöndürmə isə yanğın baş verdiyi zaman yüksək təzyiqlə F200 qazının istifadəsi nəticəsində ani olaraq yanğın söndürülür. Bütün bu təhlükəsizlik tədbirlərinin təmin olunması ilə yanaşı, orada çalışan işçilərin də yanğından mühafizə məsələlərini xüsusi diqqətdə saxlaması vacibdir”.
Sevinc



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.05.2019
19.05.2019