Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Doktorantura sahəsində plagiatlığın qarşısı alınacaq
Tarix: 17.04.2019 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Bu istiqamətdə şəffaflığın təmin olunması üçün doktorantların avtoreferatlarının yeni hazırlanmış portalda yerləşdirilməsi nəzərdə tutulub

Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil məkanının tələblərinə uyğun yenidən qurulması və inkişaf etdirilməsi layihəsinə yekun vurulub. Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyevin sözlərinə görə, təmsil etdiyi qurum, AMEA-nın və doqquz ali təhsil müəssisəsinin, eləcə də Avropanın beş aparıcı universitetinin iştirak etdiyi “Nizami” milli layihəsinin əsas məqsədi Azərbaycanda doktorantura təhsilinin təşkili qaydalarının yenidən hazırlanması, ixtisas təsnifatının Avropada mövcud olan təsnifata uyğunlaşdırılmasıdır.

O, Avropa və Azərbaycan universitetləri arasında təcrübə mübadiləsi ilə üç il yarım davam etmiş (2015-2019) layihə çərçivəsində Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil sahəsinin tələblərinə uyğun yenidən qurulması və inkişaf etdirilməsi istiqamətində tərəfdaş qurumların birgə iş apardığını və ölkəmizin Avropa təhsil sisteminə inteqrasiyasının təşkil olunduğunu söyləyib.
Y.Piriyev Azərbaycanda doktorantura təhsili sistemində aparılan məqsədyönlü islahatlardan danışaraq, bu sahədə müasir dövrün çağırışlarından irəli gələn vəzifələri diqqətə çatdırıb, görülmüş işlərin yüksəkixtisaslı gənc kadrların hazırlanmasına yönəldiyini bildirib.

Aparat rəhbərinin müavini qeyd edib ki, “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Prezident İlham Əliyevin Sərəncamı, eləcə də “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiqi ölkəmizdə elmi və elmi-pedaqoji kadrların hazırlanması işinin təkmilləşdirilməsi və elmi tədqiqatların səviyyəsinin yüksəldilməsi istiqamətində yeni mərhələnin əsasını qoyur.
"Nizami" layihəsinin uğurla başa çatdığını deyən Y.Piriyev layihəni Fransa ilə Azərbaycan arasında humanitar sahədə əməkdaşlığın inkişafına mühüm töhfə kimi dəyərləndirib.

Azərbaycanda Milli “Erasmus+” ofisinin rəhbəri Pərviz Bağırov isə qeyd edib ki, “Erasmus+” proqramı Azərbaycan üçün prioritet sahələrin kurikulum quruculuğunu, Avropa standartları çərçivəsində təhsil sahəsində birgə təcrübə mübadiləsinin aparılmasını, ali təhsil müəssisələrinin idarəedilməsi və fəaliyyətinin təkmilləşdirilməsini əhatə edir.
Sözügedən layihənin Azərbaycan doktorantura təhsil sisteminə töhfə verəcəyini söyləyən P.Bağırov Avropanın aparıcı universitetlərinin bu layihədə iştirakının birgə təcrübə mübadiləsi aparmaq üçün geniş imkanlar yaratdığını qeyd edib.
Yeri gəlmişkən, “Nizami” layihəsi çərçivəsində doktorantura təhsili üzrə milli idarəetmə portal da hazırlanıb. AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi Esmira Əlirzayeva bildirib ki, Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən portalın əsas məqsədi mövcud məlumatlara əlyetərliliyin artırılması istiqamətində dövlət siyasətinə dəstək verilməsi və Azərbaycanda təhsil alan bütün doktorantlar haqqında məlumatların bir bazada cəmləşdirilməsidir. Sistemin Fransanın Monpelye Universitetində mövcud olan portal əsasında yaradıldığını deyən E.Əlirzayeva doktorantların hər il keçdikləri attestasiyanın nəticələrinin də sistemdə əksini tapacağını və dissertasiya müdafiəsindən sonra belə onlar haqqında məlumatların portalda saxlanılacağını bildirib.
O həmçinin qeyd edib ki, portalda ölkəmizdə doktorantura təhsil sistemi ilə bağlı mövcud rəsmi sənədlər, doktoranturaya qəbul olmaq iddiasında olan şəxslərin hüquq və vəzifələri haqqında məlumatlar yer alıb.

E.Əlirzayeva bildirib ki, AMEA-nın bütün elmi qurumlarında bu portala məsul şəxslər fəaliyyət göstərəcək. Sistemin xaricdə təhsil almaq istəyən şəxslər üçün də nəzərdə tutulduğunu deyən alim portalda doktorantların işlə təmin olunması üçün imkanların təqdim edildiyini vurğulayıb. Onun sözlərinə görə, plagiatlığın qarşısının alınması və şəffaflığın təmin olunması üçün doktorantların avtoreferatlarının elektron variantlarının portalda yerləşdirilməsi də nəzərdə tutulub.
Xatırladaq ki, statistik məlumatlara əsasən, ötən il ölkəmizdə elmi kadr potensialının artırılmasında böyük rola malik 110 ali təhsil müəssisəsi və elmi təşkilatda fəaliyyət göstərən doktoranturalarda 53,1 faizi qadın olmaqla 2723 nəfər təhsil alıb. Onların 80 faizi fəlsəfə, 20 faizi isə elmlər doktoru proqramları üzrə təhsil alanlardır. Bununla yanaşı, onların 38,5 faizi elmi təşkilatlarda, 61,5 faizi isə ali məktəblərdə yaradılan doktoranturalarda təhsil alıb. Fəlsəfə doktoru proqramı üzrə bu göstərici müvafiq olaraq 36,3 və 63,7 faiz, elmlər doktoru proqramı üzrə isə 47,5 və 52,5 faiz təşkil edib.
Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,3 faizi 30 yaşadək gənclər, elmlər doktoru proqramı üzrə təhsil alanların 34,2 faizi 40 yaşadək olan şəxslərdir.
Fəlsəfə doktoru proqramı üzrə 2182 doktorantın 349-u filologiya, 294-ü iqtisad, 245-i texnika, 144-ü tarix, 128-i kimya, 117-si aqrar, 102-si pedaqogika, 101-i biologiya, 108-i siyasi elmlər, qalanları isə elmin digər sahələri üzrə təhsil alır. Doktorantlardan 118-i biologiya, 80-i aqrar, 53-ü iqtisad, 48-i texnika, 29-u biologiya, 24-ü tarix, 23-ü pedaqogika, 26-sı yer elmləri, 140-ı isə digər sahələrdə elmlər doktoru proqramı üzrə təhsil alır. Digər tərəfdən, ötən il fəlsəfə doktoru proqramı üzrə 704 dissertant təhkim olunub ki, onların da 62,1 faizini qadınlar təşkil edib.

Elmlər doktoru proqramı üzrə təhkim olunan dissertantların sayı isə 86-sı qadın olmaqla 198 nəfərə bərabərdir. Dissertantların əsas hissəsi tibb, iqtisad, filologiya, tarix, texnika və yer elmləri sahəsində təhkim olunub.
Məlumat üçün onu da vurğulayaq ki, Azərbaycanda tədqiqat və işləmələrlə məşğul olanların sayı 2000-ci ildə 15809-dan 2014-cü ildə 23329-a çatıb. Eyni zamanda, 2000-2014-cü illər arasında ali təhsil müəssisələrində tədqiqat və işləmələrlə məşğul olanların sayı 5,75 dəfə artdığı halda, elmi-tədqiqat təşkilatlarında bu göstərici cəmi 1,26 dəfə çoxalıb. Beləliklə, ali təhsil müəssisələrində tədqiqat və işləmələrin həcmi daha sürətlə böyüyür ki, bu da ali təhsilin elm tutumunu gücləndirir. Digər tərəfdən alimlik dərəcəsi olan tədqiqatçıların sayı 2005-2014-cü illərdə ölkə üzrə cəmi iki dəfə artığı halda, ali təhsil sektorunda bu indikator 5,8 dəfə atrıb. Bu mənada ekspertlər ali təhsil sektorunda elmin rolunun sürətlə böyüdüyü qənaətindədirlər. Onların fikrincə, Azərbaycanda da universitetlərdə elmin iqtisadi inkişafın əsas təmayüllərinə uyğunlaşdırılması və kommersiyalaşdırılması istiqamətində mühüm addımlar atıla bilər. Universitetlərimizdə aparılan elmi araşdırmaların bir hissəsi bilavasitə biznesin sifarişinə uyğun həyata keçirilə bilər ki, bu da elmin və təhsilin inkişafı üçün əlavə stimul olmaqla ümumilikdə iqtisadi səmərəliliyin yüksəldilməsinə xidmət edər.

Yeri gəlmişkən, bu ildən həm də Azərbaycan vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alması üçün yeni mexanizminin tətbiqinə başlanacaq. Bununl bağlı məsələ, Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiq edilən “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda əksini tapıb.
Sənədə əsasən Nazirlər Kabineti, Təhsil Nazirliyi, Dövlət Neft Fondu 2019-cu ildə ödəniş formaları və mənbələri nəzərə alınmaqla, Azərbaycan vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi qaydalarının hazırlanmasını təmin etməlidir. Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Neft Fondu, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasına Dövlət Proqramı çərçivəsində doktorantura səviyyəsi üzrə təhsil alacaq şəxslərin təhsilinin işəgötürənlərin iştirakı ilə müştərək maliyyələşdirmə mexanizmlərinin hazırlanması tapşırılıb. Nazirlər Kabineti, Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət İmtahan Mərkəzi isə bu il doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan vətəndaşlarının seçimi meyarları və prosedurlarını müəyyən etməlidir.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.05.2019
25.05.2019
24.05.2019