Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Semaşko”da rüşvət epidemiyası - Süpürgəçiyə 1, tibb bacısına 3, həkimə 10 manat
Tarix: 19.04.2019 | Saat: 12:09:00
Bölmə:Reportaj | çapa göndər

Qolumdakı saat 17:35-i göstərəndə artıq 1 saylı şəhər xəstəxanasının 4-cü korpusunun həyətində idim. Cərrahiyyə korpusu yazılmış plakatın önündə qayğılı, qəmgin, susqun halda dayanmış insanların yanında dayanmışdım. Öz aralarında söhbətləşib vaxt “öldürürdülər”. 25 dəqiqədən sonra onları içəri – reanimasiya şöbəsinə, burada yatan doğmalarının yanına buraxacaqdılar. Hafta.az-ın obyektivə yaxın durun ki, el arasında “Semaşko” adlanan bu səhiyyə ocağında alovlanan qiymət dəllallığından, sadə və kasıb insanlara həkimlər tərəfindən zorla “yoluxdurulan” bu rüşvət epidemiyasından siz də xəbər tutasınız.

“Rentgenin qiyməti 10 manat...”

Üz-üzə dayanmış və Neftçaladan xəstə yanına gələn orta yaşlı kişilərin söhbətinə qulaq asıram. Deyir ki, təxminən 20-25 gün əvvəl burada olub. Avtomobil qəzasına düşmüş bir dostunu neyrotravma şöbəsinə qəbul ediblərmiş. Müalicənin müəyyən hissəsində rentgen müayinəsi üçün 10 manat istəyiblər: “Dedi ki, 10 manat verməsən rentgenə salmayacağam. Dedim ki, Allahın olsun, bəlkə cibimizdə pul yoxdur, ölməlidir. Qayıdasan ki, “mənə nə”. Nə qədər çalışsam da, alınmadı. Dediyi pulu vermək məcburiyyətində qaldım. Özü də guya dövlət xəstəxanasıdır. Nəzarət edən, baxan yoxdur, yiyəsizlikdir”.

“Pəncərənin önündə yeməklər...”

Reanimasiya şöbəsinə xəstə yanına qalxacaq xanımlar oturacaqlarda əyləşiblər. Onlar da son 10 dəqiqəni gözləyirlər ki, 2 saat müddətində ağır durumda olan, həyatla ölüm-dirim mübarizəsi aparan yaxınlarının yanına qalxsınlar. Pəncərə önündə yeməklər düzülüb. Yaşlı bir ağsaqqaldan soruşuram ki, bu yeməkləri niyə gətirmisiniz? Cavab verir ki, buranın yeməkləri yeyiləsi gündə deyil. Ümumiyyətlə, keyfiyyətsizdir: “Özümüz evdə daha keyfiyyətli yemək gətirməyə məcburuq. “Semaşko” bərbad gündədir. Burada verilən yeməyi sağlam adam yesə, ölər. O da hələ versələr...”.

Yaxınlıqdakı cavan bir xanım, gənc bir oğlanı yanına çağırır. Cibindəki 10 manat pulu ona tərəf uzadıb xırda pula çevirməsini istəyir. Səbəbini soruşuram. Deyir ki, içəridəkilərə manatlıq pul vermək üçün belə edir: “Bunun süpürgəçisi var, tibb bacısı var, hələ həkimini demirəm. Hər gələndə 15-20 manat paylayırıq. Yoxsa, xəstəmizə baxmırlar. Canımızın dərdindən, xəstəmizin xatiri üçün edirik”.

 

“Süpürgəçiyə 1, tibb bacısına 3, həkimə 10...”

İçəri keçirik. Yuxarı, reanimasiya şöbəsinə qalxırıq. Səssizliyin hökm sürməli olduğu yerdə xəstə yaxınlarını görən “ağxalatlılar” onların üzərinə atılır. Yanımdakı cavan oğlan döş cibindən bir manat çıxarıb əlində hazır durur. Elə bu zaman xadimə yaxınlaşır:

-Qardaşının otağını iki dəfə silib-süpürmüşəm.

-Əcəb eləmisən. Al bu bir manatı, halal xoşun.

Xadimə qaşlarını çatıb “azdır” – deyir. Aldığı cavab isə qısa olur: “Olanım budur, şükür elə. İki universitet bitirmişəm, günü 20 manat işləyirəm. Sən isə günə 25-30 manat yığırsan, insafın olsun”.

Ağ xalatlı qadın əlini ağzına tutub qəribə bir gülüşlə aradan çıxdı. O biri palatanın qarşısında dayanıb xəstə yaxınları ilə salamlaşmağa üz qoydu. 

Oğlunun yanına gəlmiş ağbirçək bir xanımla söhbətləşirik. Üç gündür ki, buraya ayaq döydüyünü deyir. Hər gün bütün xidmətlərin pulsuz olduğu dövlət xəstəxanasının reanimasiya şöbəsində önünə keçənə məcburiyyət qarşısında pul payladığını söyləyir: “Təki balam salamat olsun, sağalsın. Onun xatirinə veririk. Amma bunlar da insafsızlıq edirlər. Qapıda duran bir arvad var. Ona da bir manat verirəm, xadiməyə də bir manat. Hamısı bir manat olsa nə var ki, tibb bacısı üç manat alır. Bəzən növbə dəyişən vaxta düşür, altı manat qoparırlar. İynə vurmaqlarının haqlarını alırlar. Həkimə də 10 manat veririk. İmkanı olan 20 manat qoyur stolunun üstünə. Səbəbsiz, hörmət kimi. Xəstəmizə yaxşı baxsın deyə. Nə deyim a bala, Allah heç kimin yönünü buralara salmasın”.

Palataların önündən keçirəm. Yuxuya gedəni də var, gözləri açıq olub danışa bilməyəni də, süst dayananı da... Qırıq-qırıq, kəsik-kəsik sözlərlə cümlə qurmağa çalışanları da görürük. Bir nüans diqqətimizdən yayınmır, tibb bacılarının, xadimələrin görüş saatının elə ilk dəqiqələrindən üzləri gülür. Yəqin ki, səbəbini anlamaq o qədər də çətin deyil...

“Qoca həkimlər “iş sevdası”...

Başqa bir nəfərlə söhbətləşirik. Deyəsən adı Amildir. Məncə adı dedikləri qədər vacib deyil. Amil söyləyir ki, reanimasiya şöbəsindəki işçilərin bir çoxu pensiya yaşını keçib. Doğrudur, cavan həkimlər olsa da, onlar da qalırlar. Rüşvətin mayasını səpən də onlardır: “İşdə qalmaq üçün kimlərəsə pul verirlər. Əks halda pensiyaya çıxardırlar. Sonra da verdikləri pulların bir neçə qatını xəstələrdən çıxarırlar. Mənim adım olmasın, “Semaşko”da işləyən bir tanışım var. Ondan eşitmişəm...”.

Hər halda, gülərüzlü, enlikürək həmsöhbətim belə deyir. Onun yalançısıyam. Amma biz orada olarkən gənc həkimlərin, tibb bacılarının daha çox üstünlük təşkil etdiyini gördük...

“Dərman oyunu...”

Palatadan aşağı, birinci mərtəbəyə düşəndə bir nəfərin aptekə, dərman almağa getdiyini görürəm. Bir sıra dərmanları xəstəxana öz hesabına qarşılasa da, bəzilərini özümüz alırıq – söyləyir: “Bayaq, atama həkim resept yazdı. Sistem qoyulacaq. 38 manatlıq dərmandır. Həkim yolun qarşı tərəfindəki aptekə göndərdi ki, orada var. Başqasından alanda narazılıq edir. Amma mən axtarıb tapıram. Harada ucuz olsa, oradan alıram. Niyə artıq pul verməliyəm ki? Görünür, əlbir işləyirlər. Sistem qoymaq pulu isə 5 manatdır”.

Qeyd edək ki, söhbət etdiyimiz xəstə yaxınları adlarının çəkilməsini istəmədilər. Səbəb kimi isə yaxınlarının hələ də müalicə olunduqlarını, həkimlərin sonra onlara yaxşı baxmayacaqları ilə əsaslandırdılar.

Korpusun həyətindən çıxanda içimdən bir səs keçdi ki, Allah heç kimin yolunu 1 saylı rüşvət epidemiyasının hökm sürdüyü məkana salmasın. Heç üç-beş metr aralaşmamışdım ki, arxadan bir səs eşitdim. Kimsə əsəbi halda telefonla danışırdı:

-Xəstəxana deyil e, “xarabaxana”dı...



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.05.2019
18.05.2019