Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Peşə təhsili pilləsində keçid
Tarix: 19.04.2019 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Peşə təhsili müəssisələrinin məzunları hansı halda peşə təhsili pilləsində keçid edə bilərlər?

Nazirlər Kabineti tərəfindən “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası” təsdiq edilib. Bu qayda tabeliyindən, mülkiyyət növündən və təşkilatihüquqi formasından asılı olmayaraq, bütün peşə təhsili müəssisələrinə şamil edilir.

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid peşə təhsili pilləsinin bir səviyyəsində təhsili bitirməklə növbəti səviyyəsinə keçid deməkdir. Peşə təhsili pilləsində keçid bir peşə təhsili müəssisəsi daxilində və ya tələbələrin bir peşə təhsili müəssisəsindən digər peşə təhsili müəssisəsinə keçməsi vasitəsilə həyata keçirilir. Peşə təhsili səviyyələri üzrə keçid tələbələrin qəbul olunduqları təhsil bazasına (ümumi orta və ya tam orta təhsil bazası) müvafiq olaraq aparılır.

Peşə təhsili pilləsində keçid dedikdə, ümumi orta təhsil bazasından qəbul olunmuş və ilk peşə təhsili almış məzunların texniki peşə təhsili səviyyəsində və ya yüksək texniki peşə təhsili səviyyəsində ikinci tədris ilindən etibarən təhsilinin davam etdirilməsi; tam orta təhsil bazasından qəbul olunmuş və ilk peşə təhsili almış məzunların texniki peşə təhsili səviyyəsində və ya yüksək texniki 3 peşə təhsili səviyyəsində birinci tədris ilinin ikinci yarımilindən etibarən təhsilinin davam etdirilməsi; ümumi orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili almış məzunların yüksək texniki peşə təhsili səviyyəsində üçüncü tədris ilindən etibarən təhsilinin davam etdirilməsi; ümumi orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil almış məzunlar yüksək texniki peşə təhsili səviyyəsində dördüncü tədris ilindən etibarən təhsilinin davam etdirilməsi; tam orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili almış məzunların yüksək texniki peşə təhsili səviyyəsində ikinci tədris ilində təhsilinin davam etdirilməsi halları nəzərdə tutulur.
Peşə təhsili pilləsində keçid peşə təhsili üzrə ixtisasların peşə istiqamətlərinin uyğunluğu təmin edildikdə mümkündür. Peşə təhsili müəssisələrinin məzunları peşə təhsilini başa vurduğu ildən etibarən 2 il müddətində peşə təhsili pilləsində keçid edə bilərlər. Peşə təhsili müəssisələrinin məzunlarının peşə təhsili pilləsində keçidi yalnız peşə təhsili müəssisəsində vakant (boş) yerlər olduqda mümkündür.

Peşə təhsili müəssisələrinin məzunları peşə təhsili pilləsində keçid üçün Təhsil Nazirliyinin Milli Təhsil Məlumat Bazasının Elektron sənəd qəbulu sistemində “Elektron ərizə”ni dolduraraq təsdiq etməlidirlər. Peşə təhsili pilləsində keçid üçün ixtisas seçimi elektron ərizə doldurulan zaman həyata keçirilir. Ərizəçilər sərbəst seçim əsasında müvafiq peşə təhsili səviyyəsini, peşə təhsili müəssisələrini və ixtisaslar üzrə vakant yerləri müəyyənləşdirir və istədikləri ardıcıllıqla ixtisas seçimini edirlər.
Peşə təhsili pilləsində keçid üçün müraciət etmiş şəxslər maksimum 5 ixtisas seçmək hüququna malikdirlər. Elektron ərizə qəbulu prosesi yekunlaşdıqdan sonra ərizəçilərin elektron sistem tərəfindən ixtisas seçimlərinin düzgün olub-olmadığı müəyyən edilir. İmtina üçün əsas olmadıqda, məzunun peşə təhsilinin növbəti səviyyəsinə qəbul edilməsinə dair qərar qəbul edilir. Keçid üçün ərizələrin sayı vakant yerlərin sayından çox olduqda, müraciət edənlər arasında müsabiqə seçimi aparılır.
Müsabiqə seçimində aşağıdakı göstəricilərdən istifadə edilir:
ixtisas fənləri və istehsalat təlimi dərsləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;
ixtisas üzrə iş stajı;
işəgötürənlər tərəfindən göndəriş.
Peşə təhsilinin növbəti səviyyəsinə keçidlə bağlı məlumat ərizəçinin elektron şəxsi kabinetində yerləşdirilir, eləcə də ərizəsində göstərdiyi elektron poçt ünvanına və ya əlaqə telefonuna bu barədə mesaj göndərilir, əvvəl təhsil aldığı peşə təhsili müəssisəsinə isə şəxsi işin müvafiq peşə təhsili müəssisəsinə göndərilməsi ilə bağlı müraciət olunur.

Peşə təhsilinin növbəti səviyyəsinə keçmiş şəxsə onun müraciəti əsasında məzun olduğu peşə təhsili müəssisəsi tərəfindən 3 iş günü müddətində akademik arayış (akademik transkript) verilir.
Peşə təhsilinin növbəti səviyyəsinə qəbul edilmiş şəxs 10 iş günü müddətində qəbul olunduğu peşə təhsili müəssisəsinə aşağıdakı sənədləri şəxsən təqdim edir:
peşə təhsili haqqında dövlət sənədinin əsli;
akademik arayış (akademik transkript);
şəxsiyyət vəsiqəsinin surəti;
sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;
hərbi bilet və ya çağırışçı şəhadətnaməsi.
Tələbənin şəxsi işi alındıqdan sonra onun keçdiyi peşə təhsili müəssisəsində tələbələr sırasına daxil olması barədə müvafiq tədbirlər həyata keçirilir.
Müsabiqənin nəticələri ilə bağlı ərizəçilər Təhsil Nazirliyinə şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə, şəxsən müraciət edə bilərlər və ya bununla bağlı inzibati qaydada və ya məhkəməyə şikayət verə bilərlər.
Xatırladaq ki, ötən il ölkəmizdə "Peşə təhsili haqqında" qanun qəbul olunub. Sənəd Azərbaycanda peşə təhsili sisteminin quruluşunu müəyyən edir. Qanuna əsasən, peşə təhsili müəssisələrinin növləri peşə məktəbi; peşə liseyi və peşə təhsil mərkəzidir.

Qaydaya görə, ümumtəhsil müəssisələrində təhsil alan şəxslərə ilk peşə təhsili almaq hüququ verilir. Peşə məktəbinə qəbul olunan şəxslər yalnız texniki peşə təhsili almaq hüququna malikdirlər. Peşə liseyinə ümumi orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili ilə yanaşı tam orta təhsil, tam orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili almaq hüququ verilir. Peşə təhsil mərkəzinə ümumi orta təhsil bazasından qəbul olunan şəxslər texniki peşə təhsili ilə yanaşı tam orta təhsil və orta peşə təhsili, tam orta təhsil bazasından qəbul olunan şəxslər texniki peşə təhsili və ya orta peşə təhsili almaq hüququna malikdirlər.

Qanun Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin də peşə təhsili müəssisəsinin təsisçisi ola bilməsinə şərait yaradır. Qanun layihəsinin 12-ci (Peşə təhsili müəssisəsinin təsisçisi) maddəsində qeyd edilib ki, peşə təhsili müəssisəsinin təsisçisi (təsisçiləri) dövlət, bələdiyyə, yerli və xarici hüquqi şəxslər, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ola bilərlər.
Peşə təhsili müəssisəsi öz nizamnaməsi ilə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə müxtəlif ödənişli təhsil və digər xidmətləri göstərə, hüquqi və fiziki şəxslərdən ianələr və könüllü yardımlar ala bilər. Bələdiyyə və özəl peşə təhsili müəssisəsində təhsilalanlar üçün nəzərdə tutulan ödəniş haqqı əmək bazarının tələbatına uyğun olaraq tələb-təklif prinsipi əsasında tənzimlənir.

Məsələyə münasibət açıqlayan təhsil eksperti Etibar Əliyev bildirib ki, peşə təhsilinin bu cür təsnifatlanması müsbət qiymətləndirilməlidir: "Təhsilin bu pilləsində nə qədər dünya təcrübəsinə istinad edib, yeniliklər aparsaq, ali məktəbə qəbul ola bilməyən gəncləri peşə təhsilin bir o qədər çox cəlb edə bilərik. Bu, çox mühüm məsələdir. Mən hesab edirəm ki, təhsil sahəsində aparılan ciddi və əhəmiyyətli islahatlardan biridir. Bu gün orta məktəb məzunlarının bu sahəyə cəlb olunması üçün bütün müasir metodlar istifadə edilməlidir. Hazırda şagirdlərin 30 faizinin ali təhsil almaq imkanı olur. Hesab edirəm ki, yerdə qalan 70 faiz gənc kolleclərdən daha çox, peşə təhsilinə yönəldilməlidir. Peşə təhsilinin belə təsnifatlandırılması orta məktəb məzunlarının təhsilin bu pilləsinə cəlb olunmasına şərait yaradacaq. Yəqin ki, gələcəkdə bu pillələr üzrə hazırlanan kurikulum müasir tələblərə cavab verəcək”.

Ekspert vurğulayıb ki, bəzi ölkələrin inkişafında peşə təhsilinin rolu ali təhsilin rolundan dah yüksəkdir: “Məsələn, bu gün Yaponiyanın, Koreyanın inkişafında ali təhsilin rolu peşə təhsilinin rolu qədər deyil. Həmin ölkələrdə olan texniki peşə məktəbləri elektronika və maşınqayırma sahələrinin inkişafına birbaşa təsir edib və bu sahələrdə uğur qazanmalarına səbəb olub. Deyərdim ki, müasir cəmiyyətdə peşə təhsilinin rolu get-gedə artır. Bu da gəncləri bu sahəyə yönəlməyə motivasiya edəcək. Nəticədə ali məktəblərdən kənarda qalan gənclər peşə məktəblərinə yönələcəklər”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.05.2019
25.05.2019
24.05.2019