Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Lahıcın dünyada tanınan misgəri: “Prezident onun ailəsi üçün hazırladığım sərnici çox bəyəndi” – FOTO-VİDEO
Tarix: 22.04.2019 | Saat: 12:18:00
Bölmə:Reportaj | çapa göndər

Kərbəlayi Əliyev 52 yaşının içindədir. Amma dediyinə görə, 45 il iş təcrübəsi var. Misgərdir. 7 yaşından atasının yanında “çıraqlıq” edib. “Şəyird” olub. İndi onu nəinki Lahıcda, İsmayıllıda, ölkəmizin bir çox yerlərində, eləcə də Azərbaycandan kənarda tanıyırlar.

Həmsöhbətim hafta.az-ın obyektivinə gördüyü işlərdən elə ağızdolusu bəhs edir ki, danışdıqlarına diqqət kəsilməyə bilmirsən. İndi Lahıcın turistlər qaynaşan əsas küçələrindən birində onun atadanqalma bir emalatxanası var. İçərisi yarıqaranlıq olsa da, mis heykəldən qazana, sərnicə, güyümə, nimçəyə, siniyə qədər nəyi axtarmaq istəsən, tapa bilərsən. Hamısını özü hazırlayıb. Adı Kərbəlayi olsa da, kənddə-kəsəkdə hər kəs ona “Kəbleyi” deyir. İndi Kəbleyinin danışdıqlarına qulaq kəsilək.

“Günə ən azı 100 manat qazanıram...”

Kərbəlayi kişidən günə nə qədər qazandığını soruşuram. Hər gün evə bir “qızıl yüzlük” apardığını söyləyir. Özü də hər gün səhər tezdən gəlib emalatxananın qapısını açır. Yarım qalmış işlərini tamamlayır. Sonra yeni sifarişlər alır. Yarımçıq işi başa vurmamış sifariş götürmədiyini bildirir: “Şükür ki, ac qalmıram. Hər fəsildə pulum olur. Turistlər gəlməyəndə də kənd camaatına, yeni evlənənlərə mis qazanlar, sərniclər, səhənglər düzəldirəm. Hələ 7 yaşım olanda televiziyadan Lahıca çəkilişə gəlmişdilər. Film çəkirdilər. O zaman hələ bu sənətin sirlərini yeni-yeni öyrənirdim. Atamın emalatxanasına – yəni buraya da baş çəkdilər. Balaca qazanları da gördülər. Atam dedi ki, bunları oğlum hazırlayıb. Həmin sənədli filmdəki balaca uşaq mənəm. Mis qazan hazırlayan yerdə çəkiblər”.

Kəbleyi o vaxtdan bu vaxta qədər hər gün öz üzərində işlədiyini, bu sənətin sirlərini daha dərindən mənimsədiyini söyləyir. Onu da vurğulayır ki, günə 100 manat qazanmasa, demək ki, işləməyib: “Naşükür deyiləm, nə qazansam, qane oluram. Bu elə bir sənətdir ki, indiyə qədər heç kimi ac qoymayıb. Hər gün heç işləməyəndə evə bir “qızıl yüzlük” aparıram”.

“Lahıca qaz veriləndə milli naxışlı məşəli mən düzəltdim...”

Həmsöhbətim öz məharətlərindən, dövlət əhəmiyyətli sifarişlərdən də danışır: “Bir gün eşitdim ki, Lahıca mavi yanacaq veriləcək. Hamımız qaz həsrəti çəkirdik. Cənab prezidentin də açılışda iştirak edəcəyini söylədilər. Məşəl düzəltmək lazım idi. Elə bir məşəl olmalı idi ki, Lahıcın, eləcə də xalqımızın tarixi, milli adət-ənənələrimiz həmin məşəldə əks olunsun. Hamısı da milli naxışlar... Lahıcdakı sənətkarların hamısı məni məsləhət görmüşdülər. Üç aya o məşəli hazırladım. Üzərinə “SOCAR” sözlərini və emblemini həkk etdim. Cənab prezident və birinci xanım həmin məşəli çox bəyənmişdi. Amma mən o məşəldən bir qəpik də almadım. Bizə mavi yanacaq verilirdi. Bunun əvəzini məşəllə çıxmağa çalışdım. Ən yaxşı əl işlərimdən də biri o məşəl idi”.

“Prezidentin ailəsi üçün elə bir sərnic hazırladım ki...”

Kərbəlayi Əliyev prezidentin ailəsi üçün sərnic hazırladığından da danışır. Söyləyir ki, beş aya elə bir sərnic hazırlayıb ki, gəl görəsən. Özü də gecə-gündüz üzərində işləyib: “Ağlıma maraqlı nə ideya gəlirdisə, üzərində işləyirdim. O əsl sənət əsəri idi. Üzərində bir çox kompozisiyalar vardı. Adətən o cür sifarişlərin qiyməti 5000 manatdan aşağı deyil. Amma mən sidq ürəklə prezidentimizə onu hədiyyə edəcəkdim. Bilirdim ki, nə vaxtsa Lahıca yenə gələcək. Sonuncu dəfə buraya gələndə səhər tezdən son naxışları vurub sərnici hazır elədim. Birdən qapını döydülər ki, prezident gəlir, buranı bağlayıb çıxın. Prezident gələndən sonra emalatxananı açarsınız. Lap qanım qaraldı. Cangüdənlər hər tərəfi nəzarətə götürmüşdü. Eşitdim ki, böyük qardaşım prezidentlə görüşən kənd ağsaqqalları arasındadır. Aparıb sərnici ona verdim. Prezidentə hədiyyə etdi. Mən özüm orada iştirak edə bilmədim. İlham müəllim də, Mehriban xanım da sərnici çox bəyəniblər. Qardaşım hamısını mənə danışdı. Sonra üzərində 5 il işlədiyim bir qəhvədanı Leyla xanım üçün hədiyyə etdim. O, da əl işimi çox bəyənib təşəkkür etmişdi. Bilirsiniz, gərək nə iş görsəniz üzərində həvəslə çalışasınız. Adi bir sifarişi də, başqa bir işi də həvəslə görürəm. Çünki onu düzəldən mənəm”.

“40 manata satdığım iş də olub 10 min manata da...”                                                                                        

Kərbəlayi kişi söyləyir ki, bahalı işlərini ya biznesmenlərə, ya da imkanlı turistlərə satıb. Yaxşı da pullar qazanıb. Dediyinə görə onun işlərini başqalarından fərqləndirən klassik üslubda hazırlamamasıdır. Yeri gəldikcə öz fantaziyalarını işə salır. Adi mis qazanın üzərində lirik, tarixi işləmələr, naxışlar vurur.

Kərbəlayi Əliyevdən sifariş verilərkən ölçünü necə müəyyənləşdirdiyini soruşuruq. Cavabı qısa olur: “Mis qazanların ölçü vahidi düyüdür. Bir kilo diri düyü tutan qazanda on nəfərlik ailənin yeməyi bişir. Yarım kiloluq düyü qazanda beş nəfərlik. Kənd camaatı üçün bir qazanı 30-40 manata hazırlayıram. Turistlərə isə 50 manatdan aşağı satmıram. Bahalı mis məmulatlarını daha çox xaricilər, ucuzlarını yerli turistlər alır. Hətta cehizlik mis qablar da hazırlayıram. 300-500 manata dəst işlər sifariş alıram. Üç-beş günə də təhvil verirəm. 40 manata satdığım iş də olub, 10 min manata da... Elə turist olub ki, dostunda əl işimi görüb, bəyənib. Azərbaycana, Lahıca məhz həmin qabdan eynisini almaq üçün gəlib.”

“5-6 nəfər götürüb bu sənətin sirlərini öyrədəcəyəm...”

Həmsöhbətim deyir ki, oğlanları da bu sənətin sirlərinə hakimdirlər. İndi özləri misgərlikdən pul qazanıb ailələrini dolandırırlar. Həm də dədə-babadan gələn bir el sənətini “ölməyə” qoymurlar. Kəbleyi bununla da misgərlik qarşısında işini bitmiş hesab etmir: “Beş-altı nəfər kənd cavanlarını götürüb bu sənətin sirlərini öyrədəcəyəm. Bu sənət “ölməməlidir”. Çörək verən sahədir. Yenə deyirəm, heç bir misgər ac qalmayıb indiyə kimi. Həm onlar da ömrlük çörək aparsın evlərinə, həm də bu sahə itib-batmasın. Mənim özümün imarət kimi evim var. O biri küçədədir. Hamısı bu sənətin hesabınadır. Zəhmətkeş adamı bu sənət də sevir. Təkcə qazan hazırlamıram, mis çıraq da düzəldirəm. Xarab olan mis məmulatları da bərpa edirəm. İşin böyüyü-kiçiyi olmur”.

“Kəbleyi” bizimlə söhbətini bitirib işinin başına keçir. Yarım qalmış işlərini tamamlayacağını söyləyir:

-Bir saata qonşu gəlib qazanını aparacaq. Üzərində bir-iki naxışlıq iş qalıb. Hazır edim ki, gələndə gözləməsin...

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.05.2019
19.05.2019